Atanın axırına çıxan oğul

Atanın axırına çıxan oğul
14 iyul 2014
# 08:00

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

“Mayak”

Çəkildiyi il: 2012

Xronometaj: 28 dəqiqə

Rejissor: Fariz Əhmədov

Ssenari müəllifi: Esmira Məmmədova

Operator: Nizami Abbas

Rollarda: Məmməd Səfa, Ər-toğrul Kərimov, Gülzar Qurbanova, Elşən Rüstəmov

İstehsalçı şirkət: “Orman prodakşn”

Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran-2011" müsabiqəsinin qalib kinolayihələrindən olan “Mayak” dramında mövzu ata-oğul münasibətidir.

Qadın (Gülzar Qurbanova) ikinci dəfə ərə gedib və ögey ata (Elşən Rüstəmov) ilə oğulun münasibətləri alınmayıb. Hərçənd, filmdə bu münasibətlər qabardılmır. Çünki Akifin (Ərtoğrul Kamalov) narkomaniyaya qurşanması hər şeyi deyir və bu fakt həm də ananın övladı ilə yetərincə maraqlana bilməməsindən xəbər verir.

Qadın oğlunu həyata qaytarmaq üçün keçmiş ərinə (Məmməd Səfa) müraciət edir və adaların birində mayak qülləsində çalışan general yeganə övladını xilas etmək istəyir. Onu xəstəxanadan götürüb özünün kimsəsiz adasına gətirir. Oğlunu xilas etmək istəyən ata onunla sərt davranır və metodunun işə yarayacağını düşünür. Amma yanılır...

Dosye: Fariz Əhmədov 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə və Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində təhsil alıb.

Professional Kinorejissorlar Gildiyasında, Beynəlxalq Audiovizual Festivalda koordinator, ANS TV-də rejissor kimi çalışıb. 2010-cu ildə Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinə daxil olub, 2012-ci ildə həmin ali təhsil ocağının magistr pilləsini bitirib.

2012-ci ildə "Azanfilm" animasiya filmləri studiyasının direktoru təyin edilib.

"Kiçik Əmanət", “Qocalar”, “Bir addım“, “Mayak” filmlərinin rejissorudur.

Filmlə bağlı rejissorla söhbətləşdik.

- “Mayak” filminə baxanda istər-istəməz Andrey Zvyagintsevin “Qayıdış” filmi yada düşür. Bu filmdən təsirlənmə olubmu?

- Nəzərə alaq ki, bu film mənim Rusiya Kinematoqrafiya Universitetində (VGIK) diplom işimdir və belə desək, Andrey Zvyagintsev müəllimlərimdən biri olub. Diplom filmləri adətən gənc kinorejissorun bir növ aldığı təhsilin nəticəsi, göstəricisi olur. Andrey Zvyagintsev müasir rus və dünya kinosunda sevdiyim kinorejissorlardan biridir. Onun “Qayıdış” filmi isə ən sevimli filmimdir desəm, yəqin, yanılmaram. İstənilən halda, bu müəllifdən təsirlənməmişəm desəm, yəqin ki, yalan olardı.

- Ata və oğul klassik mövzudur. Bu temaya müraciət etməyinizin xüsusi səbəbləri varmı? Və ya ötürmək istədiyiniz mesaj?

- Filmin ideyası əslində ruşeym kimi 2005-ci ildə yaranıb. O zaman hərbi xidmətdəydim və adaların birində xidmət edən kiçik zabitlə tanış oldum. Filmin mövzusu ilə təxminən oxşar həyatı yaşamış hərbçinin başına gələnlər uzun müddət beynimdə fırlanırdı. Üstəlik, uşaqlıq dostlarımdan birinin narkomaniya səbəbindən faciəvi ölümü bu mövzunu işləməyə təkan oldu. Əlbəttə, müəllif olaraq ilk növbədə məni narahat edən bir sual var idi: “Niyə axı insanlar narkotik vasitələrə üz tuturlar?” Narkotika aludəçiləri, onların yaxınları və onlarla ünsiyyətdə olan həkim və psixoloqlarla görüşdüm. Apardığım araşdırmalar nəticəsində belə bir nəticəyə gəldim ki, bu tip insanlar əslində ətrafında olan insanlardan - qohumlarından, yaxınlarından, dostlarından yetərincə sevgi və diqqət görmədikləri üçün narkotikdən istifadə edərək guya ki, öz aləmlərinə qapılırlar.

- Amma mənə elə gəldi ki, siz filmdə narkomaniyanın pis, zərərli olmasını vurğulamırsız. Bu, sadəcə ata-oğul münasibətini göstərmək üçün vasitədir? Yoxsa?

- Doğrudur. Biz narkomaniyanı fon olaraq saxlamaq şərti ilə, əslində ata və oğul münasibətlərini qabarıq şəkildə bu filmdə önə çəkmiş olduq. Bizim əsas vurğulamaq istədiyimiz, xüsusən də müasir cəmiyyətin bəlası olan ünsiyyətsizlik problemidir. Ünsiyyətsizliyin hansı fəsadlara yol açacağına bir növ eyham vurmuş olduq. “Tənha kütlə” və ya “Cəmiyyət içində yalnızlıq” deyilən məfhum var. Bir az öncə də söylədim, müasir cəmiyyətin əsas problemlərindən biri, ünsiyyətsizlik, yalnızlıqdır. Son zamanlar bu mövzuya geniş mənada bütün sənət sahələrində, xüsusən də kinematoqrafiyada tez-tez müraciət olunur.

Hər hansı bir qadağa insanı özünə cəlb edir. Məsələn, nağıllarımızda olduğu kimi, birinə desən ki, 39 otaq sənin ixtiyarındadır, istədiyin kimi istifadə et, ancaq nəbadə 40-cı otağa girəsən. Həmin insanı ilk növbədə o qadağan olunmuş otaq cəlb edəcək. Qadağalar bizə bir növ yön verir. Əslində kimin və yaxud nəyin pis və ya yaxşı olmasının, kimin müsbət və ya mənfi qəhrəman olmasının açıq şəkildə göstərilməsinin bir müəllif kimi əleyhinəyəm. Sovet kinosunun dövrü artıq keçib. İndi kiməsə nəyisə hökm eləmək olmaz. Kino vasitəsilə dərs vermək, didaktika göstərmək dövrü deyil. Mən öz filmlərimdə insanlara hadisəni, vəziyyəti göstərməyə çalışıram. Ondan nəticə çıxarmaq isə tamaşaçının, izləyicinin üzərinə düşür.

- Oğul bir növ bütləri sındırmaq, pis-yaxşı, öz həyatını yaşamaq istəyir. Bu münasibəti müasir Azərbaycan kinosuna da aid eləmək olar. Yəni ümumilikdə bizim kinoda, elə sizin filminizdə də rejissura baxımından ənənələri aşmaq, qaydaları pozmaq yoxdur. Məncə, bu film motivdə olduğu kimi kinematoqrafik baxımından da bütləri sındırsaydı, yeni milli kinonun manifesti ola bilərdi. Bu haqda nə deyə bilərsiz?

- Bir az əvvəl də qeyd etdiyim kimi, bu mənim diplom filmimdir. Diplom filmində qaydaları pozmaq anlayışı ola bilməzdi. Çünki bu film vasitəsi ilə təhsil müddətində nə öyrəndiyimizi, hansı qaydalarla yaxından tanış olduğumuzu bir növ göstərməliydik. Ustadımız – Aleksandr Anatoliyeviç Proşkin həmişə deyirdi ki, öncə qaydaları öyrənin, sonra (təhsildən sonra) onları necə pozacağınız sizin işinizdir. İnsan yerində saymır. İnsanın təfəkkürü, hər hansı bir hadisəni yozmaq qabiliyyəti gündən-günə dəyişir. O vaxt əgər belə düşünürdümsə, indi filmə baxanda onu tam başqa formada çəkmək arzusu yaranır məndə. Üstəlik, yaradıcı insan, rejissor və müəllif hər hansı bir məqsədlə, məsələn, klassik yolu pozmaq, sizin dediyiniz kimi bütləri sındırmaq məqsədi ilə layihəyə başlamamalıdır. Kino həm də sənət əsəri olduğu üçün, film rejissorun, müəllifin iç dünyasının, düşüncələrinin bir növ təzahürü, türklər demiş, dışavurumudur. Yəni, film sənət əsəridir. Bütün dəyərləndirmələr, istər ən bəsit mənada onun janrının təyini, texniki və yaradıcı potensialının dəyərləndirilməsi müəllif tərəfindən deyil, kino tənqidçiləri tərəfindən aparılmalıdır.

- Bu mübarizədə oğul qalib çıxır. Demək olar ki, müəllif gənc kimi onun tərəfindədir?

- Əslində bu filmdə qalib yoxdur. Hər bir qəhrəman uduzur. Bu, ailənin faciəsidir. Həm filmin əvvəlində gördüyümüz ananın, ögey atanın, həm də doğma atanın və oğulun faciəsi. Həyat təkyönlü deyil. Məşhur “kəpənək effekti” teoremində olduğu kimi, burada bir kəpənəyin qanadının təsiri dünyanın o başındakı bir qasırğanın səbəbi kimi göstərilirsə, ailənin bir üzvünün faciəsi mütləq şəkildə həm ailənin bütün üzvlərinin, həm də cəmiyyətin faciəsidir.

- Yeni film çəkirsiz? Və hansı mövzuları ekrana gətirmək istəyirsiz?

- Əslində təhsildən sonrakı 2 ilimi inzibati işlərə qurban verdiyimi düşünürəm. Hal-hazırda həmkarlarım və dostlarımla bir neçə mövzu ətrafında fikir mübadiləsi aparıram. Bu mövzular rüşeym şəklindədir və məni bir rejissor kimi, cəmiyyətin bir üzvü kimi narahat edir. Onların hansının kinoya çevriləcəyini önümüzdəki zaman inşallah.

# 8490 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #