ANS-də “Şey”lər və “Zad”lar...

ANS-də “Şey”lər və “Zad”lar...
10 iyul 2014
# 11:39


Əvvəlcə istədim telekanallarımızın günündən yazım. Deyim ki, “ədəbiyyat yenə bir az fərlidi, bir neçə imza üzümüzü ağ eləyir, Allah sağ olsun, bizi biyabırçılıqdan qurtarır. Şərif Ağayar demiş “paça ədəbiyyatı”, mən demiş “yataq ədəbiyyatı”, Folkner demiş “hamam ədəbiyyatı” nümayəndələri heç olmasa təyinatları üzrə fəaliyyət göstərib özlərini “təsdiq” eləyirlər. Nə dəxli var? Şeir-meir olmasın yorğan-döşək olsun. Bax sən öl, əsas odur özünü təsdiq eləyəsən, vəssalam-şüttamam! Bu televiziya yetim isə, ümumiyyətlə qalıb “mamlımatan”ların əlində”.

Sonra düşündüm ki, “əşşi, sən belə xırda adam deyilsən axı. Guya Qalağayında yaşayan Ələmşah dayı bilmirmi telekanallarımız nə gündədi?” Hamıya məlum olan həqiqətləri deməyin sarsaqlıq olduğunu yaxşı bilirəm. Daha sonra düşündüm ki, teleaparıcıların düşüklüyündən yazım. Yenə fikirləşdim ki, “ayə, yekə oğlansan, heç olmasa bığınnan utan. Guya Aşağı Ayıblıda ömür-gün sürən Xoşqədəm xala bilmirmi hal-qəziya nə yerdədi? Səyləmə, get işünnən məşğul ol!”


Düzünü deyim, son vaxtlar əcəb ölçülü-biçili olmuşam, özüm-ölüm. Məsələn, günorta cibimdə 200 manat olsa mütləq axşama 20 qəpik saxlayıram. Ki, bəlkə yorğun oldum, evə piyada gedə bilmədim, verim avtobusa, gedim, düşüm doqqazımın qənşərində. Çox praqmatikəm. Məncə bu ən əvvəl yaş məsələsidi. Qabaqlar belə deyildim, yaşlandıqca adam dəyişir, müdrikləşir axı. Ölürəm müdriklik üçün. Söz verirəm, gələn qonorardan özümə bir dəst qara kostyum, bir cüt də qırmızı qalstuk alacam. Çox güman qalstukun biri tünd qırmızı, o biri isə qırmızı, üstündə xırda ağ-mavi xalları olacaq. Bunu buraxaq həyatın axarına. Tale məsələsidir, nə bilmək olar? Nə isə. Deyəsən özümdən çox danışdım. Amma, bilirəm ki, maraqlı danışıram. Çox istedadlıyam, kaş ki, ölsəm. Həddindən artıq maraqlı danışıram. Əminəm ki, siz də həvəslə oxuyursuz. Hətta böyük həvəslə oxuyursuz. Bəziləriniz iş-gücünü atıb bir kənara məni oxuyur. İçinizdə elələri var, öz proqramı, canlı yayımı, yazısı, redaktəsi-filanı qalıb orda, zillənib bu köşəyə ki, görüm nə deyəcək axırda? Kefsiniz qardaş canı. Allah əcr versin. Mən ölüm başınıza iş qəhətdi? Ancaq, görürsüz ki, fikrim-zikrim sizə xidmət eləməkdi. Təki, 5-10 dəqiqəlik də olsa gündəlik qayğılardan uzaqlaşasız, bir az eyniniz açılsın, həqiqətləri daha aydın görəsiz. Əsl ziyalıyam! Çox ziyalıyam, fantastik dərəcədə. Məncə gələcəkdə xalq şairi-zad olacam. Ölü yerindən “əməkdar incəsənət xadimi” varımdı.

Yaxşı, onu deyirdim axı. Görün gəlib hardan-hara çıxdım. Yazıçı ki, yazıçı. Mümkün deyil də... Gəlin, sizə bir-iki teleaparıcı anekdotu danışım, söhbətə yekun vuraq. Bir dəfə ANS-ə baxıram. Gördüm, bir qız Ramiz Rövşənin şeirini deyir. Bilmirəm necə oldu, yəqin ekranın bu biri tərəfində mənim izlədiyimi hiss elədi. Məndə də sərt baxışlar var axı. İstənilən qadını çaşdıra bilirəm, Allah kəssin xasiyyətimi. Xarizmam dağıdır! Həyəcanından andıra qalmış “il” sözü yadından çıxdı. Bizdə də hər-hansı söz yaddan çıxanda yerinə “şey” və ya “zad” qoyub davam eləyirlər. Başladı şeiri deməyə:

Aradan nə qədər şey keçib görən,
Tanıya bilmədim məni bağışla...
Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla”


Uğunub getmişəm gülməkdən. Hələ yaxşı ki, “sənsiz” sözü yadından çıxmadı. Əmi qəbri, yoxsa tamam biabır olmuşduq.

Bir dəfə də yenə ANS-ə baxıram (mən həmişə bu kanala baxıram), aparıcı xanım o yandan qayıtdı ki, “Bakıdan Sumqayıta motoyürüş edən dəstəni yol polisləri zad eləyib”. Mən də düşünürəm ki, ay balam, bu nə deməkdi? Bir polis bir motosiklet sürəni nədən zad eləsin ki? Yaxşı, boynuma alıram, son dediyimi zarafat elədim. Belə şey olmayıb (bu şey o şeydən deyil). Həqiqətən, belə olmayıb, elə-belə dedim. Motosiklet ciddi məsələdir. Məncə Azərbaycana çoxlu sayda hərbi motosikletlər alınmalıdır. Qarabağı tanklar, BTR-lər yox, məhz motosikletlər fəth edəcək. Mən buna inanıram. Özü də səmimi qəlbdən. Zarafat eləmirəm...

# 4130 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #