“Uşaqların ölümü” musiqisini yazandan sonra övladını itirən dahi

“Uşaqların ölümü” musiqisini yazandan sonra övladını itirən dahi
10 iyul 2014
# 11:18

Kulis.Az Avstriya bəstəkarı Qustav Maler haqqında məqaləni təqdim edir.

Qustav Mahler – Avstriya bəstəkarı. Romantik dövrlə modern dövr arasındakı zamanın ən böyük bəstəkarı kimi qəbul edilən sənətkar. Sonuncusunu tamamlaya bilmədiyi on simfoniyası və romantik dövrün müxtəlif növlərini bir araya gətirən orkestr musiqiləri bəstələyib. Arnold Şoenberq, Dmitri Şostakoviç və Benjamin Britten kimi bəstəkarlara təsir edib.

Bəstəkarın uşaqlığı

1860-cı ildə, Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində almanca danışan çoxuşaqlı yəhudi ailənin oğlu dünyaya gəldi. İçki düşkünü olan atanın ailəsinin ikinci övladı idi. Qorxu və sıxıntılarla keçən uşaqlığının izləri həyatı boyunca davam edir. Ailəsi o hələ uşaq olan zaman Cihlavaya köçdü. Bəstəkarın atası Bernard Maler, faytonçu və daha sonra mehmanxana sahibi olub. Anası isə Mari adlı qadın idi.

Ata Maler bir gün Cihlavada evlərinin yaxınlığında olan meşəyə gedərkən balaca Qustavı da özülə aparır. Amma vacib bir şeyi unutduğunu xatırlayıb oğlunu ağac kötüyünün üstündə oturdur, tez geri dönəcəyini deyib gedir. Evə gələndə çoxlu qonaqlarının gəldiyini görür. Evdə qonaqlara başı qarışan atası uşağı meşənin ortasında qoyduunu ancaq axşamüstü xatırlayr. Dərhal ora qaçır və Qustavı təbiətin gözəlliyinə heyran olmuş halda saatlardır eyni nöqtəyə baxan halda tapır.

Qustav Maler hələ uşaqlıqdan duruşu və danışıq tərziylə yaşıdlarından fərqlənməyi bacarırdı. O, Bohemiyada keçən uşaqlığı dövründə xalq və sənət musiqisinin zəngin mühitində böyüyüb. Küçə mahnıları, salon musiqiləri, kafelərdə çalınan adi mahnılara qədər bir çox musiqi növləri ilə tanış olur. Bütün bunlar onun simfoniyalarına da öz təsirini göstərib.

Musiqi dühası erkən yaşlarından diqqəti öz üzərinə çəkməyi bacardı. Altı yaşında piano çalmağı öyrəndi, 10 yaşında olanda isə ilk konsertini verdi. Ailənin on dörd uşağından səkkizi uşaq yaşlarında vəfat etdi. Bunlar içində Qustava ən pis təsir edəni 1874-cü ildə qardaşı Ernistin uzun xəstəlikdən sonra vəfatı oldu. Bu zaman o, duyğularını musiqi ilə ifadə etmək üçün bir dostunun köməkliyi ilə qardaşının xatirəsinə opera yazmağa başladı. Amma o əsərin nə musiqisi, nə də liberettosu günümüzə gəlib çata bildi.

Məktəb həyatında uğurlu olmayan Maleri atası Vyana Konservatoriyasının imtahanlarına göndərdi. 1875-76-cı illərdə konservatoriyaya qəbul olunan Qustav burada uğurlu oldu. 1878-ci ildə konservatoriyadan məzun olan Maler daha sonra Vyana Universitetinə qəbul oldu. Universitetdə ədəbiyyat və fəlsəfə dərslərinə çox diqqətlə yanaşırdı. Artur Şopenhauer və Fredrik Nitze kimi filosofların düşüncələri onun musiqisinə tələbəlik həyatından sonra da təsir göstərirdi.

1879-cu ildə universitetdən ayrılaraq piano dərsləri verməyə başladı. Müxtəlif piano və kompazisiya mükafatları qazandıqdan və konservatoriyanı bitirdikdən sonra bir tərəfdən özünü bəstəkar kimi qəbul etdirməyə çalışırdı, bir tərəfdən də musiqi dərsləri verərək yaşamağa çalışırdı.

Bu müddətdə o, ilk önəmli əsəri olan “Das Klagande Lied” kontatasını bəstələdi. Sonrakı il konservatoriyanın keçirdiyi yarışa bu əsərlə qatıldı, amma “Bethoven Kompazisiyası Mükafatı”nı qazana bilmədiyi zaman orkestrda drijorluğa başladı. Bu müddətdə o, əsər bəstələməyi uzun yay tətilinə saxladı. Ona görə Qustav “yay bəstəkarı” kimi tanınır.

Orkestrin bədii rəhbəri

Qustav Maler sonrakı 17 il müddətində orkestr rəhbərliyində addım-addım yüksəlməyə başladı. O, drijor olaraq “yazılan notların əməl edilməli olan müqəddəs mətinlər olmadığı” düşüncəsilə hərəkət edirdi. Leipziq, Praqa, Budapeşt kimi vacib opera mərkəzlərində çalışdı. 1891-1897-ci illərdə Hampurq opera mərkəzində vəzifəyə keçdi və drijor olaraq böyük şöhrət qazandı. Bu uğurları nəticəsində Qustav 37 yaşında olarkən Avropa üçün böyük əhəmiyyət kəsb edən Vyana Kral Operasında sənət rejissoru oldu. Maler Vyana Kral Operasının sənət rejissorluğuna 1897-ci ildə gətirildi. Daha əvvəl heç bir yəhudi bu vəzifəyə gətirilməmişdi. Maler də bu vəzifəni qəbul edə bilməsi üçün dinini dəyişdirərək katolik olmalı idi.

Məşhur drijor qurumun bədii rəhbəri olduğu 10 il müddətində Vyana Kral Operasına bu gün də davam edən bir sıra qaydalar gətirdi. Məsələn, gec gələn tamaşaçıların səhnənin sonuna qədər salona girməsinin qarşısını almaq tətbiqini gətirən ilk odur. Opera səhnələrini simvollar vasitəsilə sadələşdirməyə çalışdı. Bu mövzuda səhnə dizaynçısı olaraq işləyən rəssam Alfred Roller onun köməkçisi oldu. Vyana qəzetlərində Malerə qarşı aparılan antisemit kompaniya 1907-ci ildə onu ayrılmaq məcburiyyətində buraxana qədər vəzifəsini davam etdirdi. O, bundan sonra duyğularını bu cür ifadə edib: "Həyatda üç qat vətənsizəm – Avstriyada bohemiyalı kimi, Almaniyada avstriyalı,, dünyada isə yəhudi kimi tanındım”.

Bəstəkarlığın ilk dövrü

Maler Vyanada drijorluğa başladığı 1897-ci ilə qədər 3 simfoniya bəstələdi. “Titan” başlıqlı birinci simfoniya 1884-1888-ci illərdə bəstələndi. Əsər ilk dəfə 1899-cu il 20 noyabrda Budapeştdə səsləndirildi. 1897-1904-cü illərdə yazdığı ikinci simfoniyası “Ölümdən sonra diriliş simfoniyası” kimi tanınır. Əsər Bethovenin “Koral Simfoniyası”nın təsiri ilə yazılıb. 1893-1896-cı illərdə yazılan altı bölümdən ibarət, üçüncü simfoniyası isə bəlkə də bu günə qədər yazılan ən uzun simfoniyadır. Bəstəkar bu əsəri bəstələyərkən Bethovenin “Pastoral Simfoniyası” ilə Hektor Berliozun “Fantastik Simfoniya”sını örnək alıb.

Bəstəkarlığın ikinci dövrü

Maler Vyanada orkestrin bədii rəhbəri olduğu zaman ağır iş rejiminə baxmayaraq, 5 simfoniya bəstələdi. 1899-1901-ci illərdə yazdığı dördüncü simfoniya daha əvvəl bəstələdiyi “Das himmlische Leben” adlı mahnı əsasında yazıldı. Bu əsər onun ilk dövr bəstələrindən sayılır. 1901-1902-ci illərdə yazdığı beşinci simfoniyanın ilk səsləndirilməsi isə 1904-cü ildə Kölndə həyata keçdi. 1903-1904-cü illərdə, həyatının ən xoşbəxt dövründə yazdığı altıncı simfoniyasında “Həyatın zərbələri”ni ifadə etmək üçün səhnədə böyük çəkic saxladı. Bu əsər “Faciəvi Simfoniya” kimi tanınır. 1904-1905-ci illərdə bu ümidsizlikdən xilas olmaq üçün yazdığı yeddinci simfoniya “Gecənin mahnıları” kimi tanınır. Bu üç simfoniya instrumental əsərdir. Dini mövzuda yazılan səkkizinci simfoniyada isə çoxlu sayda instrumental və vokal səsə ehtiyac olduğu üçün “Minlər Simfoniyası” adlanır.

Evliliyi və uşaqları

Rəssam Emil Yakob Şindlerin gözəlliyi dillər əzbəri olan qızı Alma kiçik yaşlarından ədəbiyyat və teatrla maraqlanırdı, amma ən böyük bağlılığı musiqiyə idi. Gənc vaxtlarında qatıldığı tədbirlərdə duruşu, cazibədar görünüşü, hərəkətlərilə diqqətləri üzərinə çəkməyi bacarırdı. Almaya hətta “Vyananın ən gözəl qızı” deyirdilər. Onun bir rəssamla və sonra musiqi dərsləri aldığı bəstəkar Zemlinski ilə yaşadığı gənclik eşqləri uzun sürmədi. Alma Şindlerin ən böyük istəyi bəstəkar olmaq idi. Qustav Maler ona ilk baxışdan heyranlıq duydu və çox keçmədən evlənmə təklif etdi. Ailəsi evliliyə qarşı çıxdı, bundan əlavə Maler yazdığı bir məktubda "eyni dam altında iki bəstəkar ola bilməz” yazanda dəhşətə gəldi.

Hər şeyə rəğmən Maler Vyana orkestrində çalışdığı zaman, 1902-ci ildə özündən 20 yaş kiçik olan Alma Şindlerlə ailə həyatı qurdu. Cütlüyün dostları bu nikaha çox təəccüblənir və hətta bunun ağıllı bir hərəkət olmasına şübhə edirdi. Onu “başdan xarab əxlaqsız yəhudi” adlandıran Burçhard Malerin bu cür yaxşı ailənin gözəl qızına layiq olmadığını düşünürdü. Malerın ailəsi isə Almanı oynaq, etibarsız və kişilərin onun gözəlliyinə vurulduğunu görməyi sevən bir qadın hesab edirdilər. Alma tezliklə Malerin “ailədə bir bəstəkar olmalıdı” inadından bezir və musiqi təhsilini buraxır. Cütlüyün 1902-ci ilin noyabrında Mariya, 1904-cü ildə isə Anna adlı qızı dünyaya gəlir. Maler “Kindrtotenlieder” (“Uşaq ölümləri haqqında mahnı”) adlı əsərini həyat yoldaşı ilk uşağa hamilə olan zaman bəstələməyə başladı. Dostu şair Fredrik Rükertin vəfat edən övladlarına yazdığı şeirlərə mahnı bəstələyən musiqiçi böyük qızı Mariyanı 1907-ci ildə difteriya səbəbindən itirib. Kiçik qızı Anna isə bacısı ilə birlikdə bu xəstəliyə yaxalansa da xilas ola bilir və böyüyüb heykəltəraş olur. Acılarla dolu həyat yaşayan Maler xoşbəxt olmayan ailə problemlərinin üzərinə həm də qızını itirməyin acısını yaşayıb.

1907-ci ildə övladı vəfat etdikdən sonra həkim dostu sayəsində ürək xəstəsi olduğunu və həyatının az qaldığını bilən Maler həmin il Vyanadakı vəzifəsindən uzaqlaşmalı oldu. Bütün xatirələrini içində basdırıb göl kənarındankı evlərindən çıxır və drijorluq karyerasına ABŞ-da davam edir. Metropolitan Opera və Nyu-York Filarmoniyası Orkestrində konsertlər idarə edən sənətkar hər yay Avstriya çəmənliklərinə gedərək orada əsərlər bəstələməyə davam etdi. Qustav Malerin yaşadığı illərdə Vyana və ətrafı Siqmund Freyd, Frans Kafka, Arnold Skönberq kimi məşhurların yaşadığı mədəniyyət və sənət mərkəzi idi. Bu baxımdan bəstəkarın fikir və ruh dünyası bu zənginliklərlə bəslənib.

Alma Qustavla evləndikdən sonra, alışdığı ictimai mühitlərdən uzaqlaşmaq məcburiyyətində qaldı. Möhtərəmliyini itirdiyini düşünməyə başladı, həyat yoldaşı deyil, az qala ev xidmətçisi halına gəlmişdi. İçindəki boşluğu iki uşağı və Malerin 8-ci simfoniyasını ona ithaf etməsi də doldura bilmədi. Almaya daha sonra bəstələrini yayınlamaq da təsəlli olmadı, çünki ən qiymətli illəri əlindən uçub getmişdi. Memar Qropiusla yaxınlaşmasının ardında da elə bu səbəblər var idi.

Qustav həyat yoldaşı ilə Qropiusun eşqini təsadüf nəticəsində öyrənir. Almanın alkoqol içkilərə qarşı müalicə aldığı sanatoriyada tanış olduğu Qropius, sevgisini etiraf etdiyi məktubu yanlış ünvana göndərmişdi və bunun nəticəsində Qustavın bu məktubdan xəbəri olmuşdu. Bu hadisədən sonra onlar üçü görüşür, Maler həyat yoldaşına “ya o, ya mən” deyir. Alma həyat yoldaşını seçsə də Qropiusla olan münasibətini də gizli şəkildə davam etdirdi.

Amma yenə də son günlərində həyat yoldaşının yanında oldu. Malerin ölümündən bir il sonra gənc rəssam Kokoşka ilə eşq yaşadı. Ancaq bu əlaqədə də ziyan gördükdən sonra Qropiusla evləndi.

Sonuncu həyat yoldaşı isə tanınmış yazıçı Verfel oldu.

Bəstəkarlığının son dövrü

Qustav Malerin son dövrdə yazdığı əsərlərində həyat və ölüm mövzularına geniş yer verdi. Bu əsərlərdən "Das Lied von der Erde" (“Yer üzü mahnıları”) bəstəkarın doqquzuncu simfoniyasıdır. Amma Maler bu əsərin sonuncu simfoniyası olacağına inandığından ona “Yer üzü mahnısına doqquzuncu simfoniya” adını verib.

Bəstəkarın ölümü

Nyu-Yorka gedən Maler “Carnegie Hall”da 1911-ci ilin fevralında verdiyi konsertdən sonra vəziyyəti daha da ağırlaşdığı üçün ona vətəninə geri dönmək tövsiyə edildi. Həyat yoldaşıyla etdiyi gəmi səfərindən sonra Parisdə klinikaya, sonra isə Vyanada bir sanatoriyaya göndərildi. Təbiət, ölüm, eşq və xəyal qırıqlığının vuruşduğu bu mübarizənin qəhrəmanı 18 may gecəsi son nəfəsini verdi. Bəstəkarın ölərkən son sözü “Motsart, Motsart” olub...

Güclü yağışın altında Vyanada öz vəsiyyəti ilə Grinzinger qəbiristanlığında qızının yanında dəfn olunan Qustav Malerin cənazəsinə böyük kütlə qatılmışdı. Alma həkimlərin göstərişi ilə dəfndə iştirak etməsə də dəbdəbəli dəfn mərasimində iştirak edənlər arasında Arnol Şoenberg, Bruno Valter, Alfred Roller və separatçı rəssam Gustav Klimt və məşhur Avropa Opera Teatrlarının bir çox nümayəndələri var idi. Mərasimin sonunda üfüqdə meydana çıxan göy qurşağının gözəlliyi uzun müddət yaddaşlardan silinmədi. O, bu dünyaya və öz zamanına aid deyildi, əsərləri yaşadığı tarixlərdə anlaşılmırdı. Yüz il əvvəl kağıza yazdığı notlar, bu gün dinləyənlərin ruhunun ən sirli guşələrini işıqlandıran, gücünü heç itirməyən işıltı kimidir...

Maler musiqisinin qadağan olunması və yenidən kəşfi

Malerin əsərləri 1920-ci illərdə Avropada geniş yayılsa da 1930-cu illərdə bəzi ölkələrdə qadağan olundu: 1933-cü ildə Almaniya, 1938-də Avstriya və 1940-cı ildə Hollandiya. Qadağanın əsas səbəbi Malerin yəhudi olması və musiqisinin narahat edici olması idi. Bu zaman onun davamçısı olan musiqiçilərin də karyerası məhv edildi, həyatları sürgün və müharibələr səbəbilə söndü. 1945-ci ildən Malerin musiqisinin nadir musiqi olduğu deyilirdi. Maler hər nə qədər həyatının ilk günündən etibarən həm bəstəkar, həm də srijor kimi ayaqda alqışlansa da “Mənim əsl dəyərim öləndən sonra bilinəcək” deyirdi.

Nasizmin ən qara günlərində Malerin də əsərləri qara siyahıya düşür. Müharibədən sonra əsərlərinin taleyi dəyişmir. Bu dəfə də hər keçən gün klassik musiqi dünyasında daha çox sözü keçən SSRİ-də Malerin əsərləri "eqoizmin tərənnümçüsü, fərdi, inqilabın ruhuna zidd və burjua" olmaqda ittiham edilərək qadağan edilib. 1960-cı illərin sonuna doğru isə Maler musiqisi dövrün musiqiçiləri tərəfindən yenidən kəşf edildi. Uzun illər ''çətin musiqi'' olaraq qəbul edilən Malerin bəstələri həmin dövrdən etibarən çox məşhur olub. Buna görə dünyanın ən əhəmiyyətli simfoniya orkestrləri tərəfindən proqramlarına alınıb.

Arnold Şöenberq Malerin 50 illiyində ona yazdığı məktubda belə deyir: “Sizi dərhal anlamadığım üçün indi utanıram. Sizi əsəbiləşdirdiyim üçün də çox peşmanam”.

Maler 19 yaşında sinif yoldaşı Cozef Steynerə yazdığı məktubda deyir: “Qəribə bir taledi bu. Həsrətim fırtınalı dalğalara, bəzən də başqa bir yerə sovrulur. Bəzən gülən günəş şüaları ilə keçib gedir. Çox sevincli həyatda həm gücün atəşi, həm də hər şeyi silib yox edən ölümün həsrəti ürəyimdə yer alır… Müasir ikiüzlülüyün və yalanın məni uğursuzluğa itələməsi, bunların həyatımız və sənətimizlə birbaşa əlaqəsi, sənətə, eşqə və dinə qarşı məni iyrəndirir.

Ümidsizliyin mənə verdiyi güclə ağrıya bağlanıram. Hər tərəfdə səssizlikdi. Uzaqlardan təkcə bir quşun hüznlü səsi gəlir… Artıq yalanı bilirəm. Heç bir görüntü məni aldada bilməz… Nə böyük ağrılar yığılıb torpağın altına. Bir gün o böyük intiqam sahibinin qarşısına çıxacaq insan görəsən bu məsuliyyəti necə yüklənib özünü müdafiə edə biləcək?"

Məşhur rus bəstəkar Dmitri Şostakoviç, Malerin bəstəkarlığını belə şərh edib: "Böyük ustad Qustav Maleri tək drijor kimi qiymətləndirmək, həqiqətən çox böyük haqsızlıqdır. Maler, qüsursuz drijor olmasından əlavə, həm də musiqi tarixinin yetişdirdiyi ən böyük simfoniya yazanlardan biridir. Musiqisində bizləri fəth edən şey, onun böyük insan sevgisi və dərin fəlsəfi fikirləridir".

# 2674 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #