Qeyri-ənənəvi…

Qeyri-ənənəvi…
10 iyul 2014
# 09:25

2002-ci ildə Azərbaycanda ilk dəfə Yenisi Sənət Təzahürləri Mərkəzinin təşəbbüsü ilə “Proza N” internet-müsabiqəsi keçirildi. İmzasız təqdim olunan əsərləri həm oxucular, həm də münsiflər seçirdilər. Nəticələr heyrətamiz oldu: bu məmləkətin milli-mentalitetinin, dini və mənəvi dəyərlərinin əleyhinə olaraq qalib gələnlərin üçü də gənc idi –Seymur Baycan, Mehman Musabəyov və mən!

Hamını heyrət içində buraxan nəticələrin sirri çox keçmədən açıldı – münsiflər heyətində Sabir Əhmədli vardı! O, nə Elçin kimi ünyetməz, nə Afaq Məsud kimi “dahi”, nə də Kamal Abdulla kimi “hər şeyi dərindən bilən” birisi idi. O, sadəcə Sabir Əhmədli idi (İnsafən Kamal Abdulla bütün yazıları oxumuş, hətta maraqlı bir məqalə də yazmışdı).

Nəticələr Beynəlxalq Mətbuat Mərkəzində elan olunurdu. Sabir müəllim bir-bir qaliblərin əlini sıxır, tanış olur, kimin hansı əsərin müəllifi olduğunu soruşurdu.

Seymur Baycan təqdimata qalxanda Sabir müəllim onunla da tanış oldu, əlini sıxdı, “Sənin əsərin hansı idi?” – deyə sual etdi, Seymur qıpqırmızı oldu. Çünki hekayəsinin adı bir az biədəb idi: “Qeyri-ənənəvi cinsi əlaqə”. Əsərin adını dedi və daha da qızardı. Hamının eşidib qımışdığı bu kəlmələri Sabir müəllim eşitmədi. “Nə?” – deyib başını Seymura bir az da yaxınlaşdırdı. Gənc yazarın üzünün qızartısı daz başına da yayıldı və bayaqkı sözləri bir də təkrarladı: “Qeyri-ənənəvi cinsi əlaqə!”

Zal uğunmağında olsun, siz mənə qulaq asın. Sabir müəllim yenə eşitmədi və bir də sual etdi: “Necə?” Artıq Seymurun başı çəhrayı rəngə çalırdı. Amma özünü itirmədi, əlini ağzına qahmar tutub Sabir müəllimin qulağına yaxınlaşdırdı və az qala qışqırdı: “Qeyri-ənənəvi cinsi əlaqə!!!” Bu dəfə Sabir müəllim güldü, ardınca da Seymur Baycan. Zal isə fərəhlə uğuldadı və onları alqışladı.

Sabir Əhmədli ilə şəxsi tanışlığım belə başladı. Sonra bir dəfə evində də oldum. Gənc yazar Mövlud Mövludla... Onda dınqılı uşaq idi Mövlud. Amma Sabir müəllimi məndən yaxşı oxumuşdu. Üstəlik insan kimi kifayət qədər tanıyırdı və necə bir tale yaşadığının fərqində idi. Uşaq olsa da...

Sabir müəllimgildən düşüb gələndə birdən baxdım ki, Mövlud yoxdur. Ora-bura boylandım, gördüm binaların arasında qolunu divara, alnını qoluna söykəyib, çiyinləri atıla-atıla ağlayır.

Sabir müəllimlə söhbət onu darmadağın eləmişdi!

Sizə deyim, Sabir Əhmədli əyilib kamali-ədəblə əlini öpmək istədiyim yeganə ədəbiyyat adamı olub. Ona görə ki, Sabir Əhmədli ilə Azərbaycan sözü az qala sinonimdir: torpağı düşmən əlində, oğlu Qarabağ şəhidi… Özü də hamıdan istedadlı ola-ola bir az talesiz, bir az unudulmuş, bir az döyülmüş, əzilmiş, haqsızlığa urcah olmuş birisi…

Sizcə şəhid atası ilə xalq yazıçısı adını bir yerdə daşıya bilən neçə kişi tapılar bu məmləkətdə?

# 3634 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #