Xəzinənin puluna sevgilimi də götürüb... YUXULARIM-9

Xəzinənin puluna sevgilimi də götürüb... YUXULARIM-9
7 iyul 2014
# 12:36

Yuxularım LAYİHƏ

Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

Xlorsatanın şairi ilandan xilas etməyi

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam

Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər

Atamın meyiti məndən su istədi

Hörümçəyin başımdan tapdığı balaca oğlan

Gördüm, dairəvi bir hovuzdu, ortasında da fontan vuran böyük fəvvarəsi var. Mən yanına çatan kimi fəvvarə fontan vurmağını dayandırdı. Baxdım ki, hovuzun dibində çoxlu gümüş qəpiklər var. Şalvarımı dizdən yuxarıya qədər çırmayıb suya girdim və pulları yığmağa başladım.

Ancaq köynəyimin qollarını nə qədər yuxarı çırmasam da yenə suya batıb islanırdı. Pul toplamaq məni o qədər şirnikdirmişdi, hərdən aşağı əyiləndə üzümün və saçımın islanmasını vecimə də almırdım. Qəpikləri yığdıqca şalvarımın hər iki cibi get-gedə ağırlaşırdı. Gördüm, suyun ortasına yaxınlaşdıqca fəvvarənin ətrafındakı qəpiklər qızıla çevrilir. Mən acgözlüklə qızıl qəpikləri suyun dibindən qaldırıb köynəyimin ətəyinə yığırdım.

Birdən ayağımın altında boşluq yarandı və mən aşağı yıxıldım. Ətrafımda fırlanan burulğanlı su məni dərin bir quyuya yuvarlayırdı. Özümü tarazlayıb yuxarı qalxmaq üçün əllərimi köynəyimin ətəyindən buraxaraq yuxarı, suyun üzünə qalxmağa çalışırdım. Qızıl pullar ətəyimdən tökülsə də ciblərimdəki gümüş qəpiklər ağırlıq edərək məni aşağıya dartırdı. Ürəyimdə pula tamahımı qınaya-qınaya, sularda boğularaq dərin quyunun dibinə enirdim.

Fikirləşdim, burda bir balaca səbir eləmək gərəkdi, yəni, quyunun lap dibinə enib, sonra ayağımı yerə vuraraq üzüb yuxarı qalxaram. Su getdikcə ağız-burnuma dolur, nəfəsimi kəsirdi. Mən başı aşağı endikcə enir, lakin quyunun dibinə çata bilmirdim. Bu zaman yanımda iri bir qızıl balıq peyda oldu və necə oldusa, məni öz belinə mindirdi. Sürətlə aşağı üzən qızıl balığın üzgəcindən bərk-bərk yapışıb düşünürdüm, balığa mindimsə, bu bir nağıldı, demək, məni yeraltı dünyada çoxlu nağıl qəhrəmanı gözləyir. Canıma qəribə qorxular doldu, demək, getdiyim yerdə tanımadığım qara qüvvələrlə döyüşməli olacam. Görəsən, məni hansı əcaib əjdahalar, necə ifritələr, nə gücdə olan sehrbazlar gözləyir?

Sürətlə aşağı üzən qızıl balıq, nəhayət, məni qədim bir şah sarayına gətirib çıxardı. Baxdım ki, başında daş-qaşla bəzədilmiş tacı olan bir padşah qızıl taxtında uzanaraq mürgüləyir. Qızıl balıq məni belindən düşürən kimi padşah gözlərini açaraq cərgəylə bardaş qurub sağ-solunda oturan əyanlarından soruşdu:

- Gətirdinizmi onu?

Vəzirə oxşatdığım əyanlardan biri padşahın qarşısında baş əyib:

- Bəli, padşah sağ olsun, dediyiniz kimi, qızıl balıq alıb gətirdi, - dedi.

Padşah dikələrək zəndlə üzümə baxıb xəbər aldı:

- Sənin bizim sərvətimizlə nə işin vardı, kişi? Bilmirsənmi, o pullar mənim səltənətimə aiddir?

Mən çaşıb qalmışdım, bilmirdim nə cavab verəm. Həm də ürəyimdə gülməyim tuturdu, iyirmi birinci əsr hara, padşah hara? Fikirləşdim, ola bilsin, gördüklərim yuxudu, yəqin tezliklə ayılacam, canım bunlardan qurtulacaq.

Tez irəli yeriyib dedim, padşah sağ olsun, o pulların sizə məxsus olduğunu bilmirdim, yol keçəndə təsadüfən gördüm və yığmağa başladım.

Padşah qəzəblə üstümə qışqırdı:

- Sən həm bizim pulları yığmısan, həm də cürət edib mənimlə baş əymədən danışırsan?

Padşah sağ olsun, mən padşahlara baş əymirəm! Ümumiyyətlə, bir insan başqasına nə üçün baş əyməlidi ki? – dedim.

Gördüm, padşah mənim bu yekəbaş sözlərimdən daha da qəzəblənərək:

- Nədəə, Səməd Vurğunun “Vaqif” dramını oxumusan? – dedi və dalısınca ağzını əyə-əyə - “Əymədim bəli, əyilməz vicdanın böyük heykəli!” – deyərək, məni lağa qoydu. - Bunu demək istəyirsən? Sən öl, sənin başını elə əydirəcəm, yüz qaldırıcı kran dikəldə bilməyəcək! – Sonra əlini əlinə vurub qışqırdı: - Cəllad!!!

Baxdım ki, yanımda əlibaltalı, bədəni nakolkalı, kirli maykada yekəpər bir kişi peyda oldu. Padşah qarnı atıla-atıla yenidən bağırdı:

- Vur əə, bunun boynunu!

Cəllad cəld əl-ayağımı kəndirlə bağlayıb boynumu iri, qanlı kötüyün üstünə qoydu və azca kənara çəkilib ağzı parıldayan qorxunc baltasını yuxarı qaldırdı. Canımı üşütmə bürüdü, bu arada fürsət tapıb yanpörtü nəzərlə padşaha baxdım. Gördüm, padşahın bir suyu bizim Məşdibada oxşayır. Gördüklərimin yuxu olduğunu bildiyim üçün məni gülmək apardı. Bu halımdan hirslənən padşah yenidən qəzəblənib sağ əlini yuxarı qaldıraraq:

- Dayan! – dedi.

Cəllad baltasını aşağı saldı. Fikirləşdim, onsuz da yuxudu, burda mənim boynumu vurdura bilməzlər. Qəribə səltənətin hökmdarı fikirlərimi göydə oxuyaraq yenidən dilləndi:

- Sənin öz başın üçün, bu, fikirləşdiyin yuxu-zad deyil! İndicə başını bədənindən üzdürəcəm, onda bilərsən! Bu kötüyün üstündə çox boyunlar vurdurmuşam! Çox “mənəm-mənəm!” deyən igidlər qarşımda qan-yaş töküb. İndi de görüm, nəyə gülürdün?

Çaşıb qalmışdım, görəsən, gördüklərim yuxu olmasa axırım necə olacaq? Bəs indi padşaha nə cavab verim? Məşdibad məsələsini desəm, özümü tora salmaram ki? Gördüm, burda zarafatın yeri yoxdu, yalnız nağıllardakı kimi hiylə işlətməliyəm. Yuxuda olsam belə, ayılana qədər vaxt qazanmaq gərəkdi.

Dedim, şah sağ olsun, gülüşümün səbəbini yalnız sabah deyə bilərəm. Boynumu bu gün vurdursanız, bu sirri heç vaxt öyrənə bilməyəcəksiniz.

Padşah əlini çənəsinə dayayıb xeyli fikrə getdi. Bir müddətdən sonra özünə gəlib belə dedi:

- Yaxşı, bunu hələlik zindana aparın! Sabah sirri söylədikdən sonra meydanda camaatın gözü qarşısında asdıraram.

Cəllad əl-ayağımı açdıqdan sonra məni his verən seyrək məşəllərlə işıqlandırılmış dar tunellə yarıqaranlıq bir otağa gətirdi. Burda ağaclardan hörülmüş bir neçə qəfəs vardı. Cəllad boş qəfəslərdən birini açıb məni içərisinə itələyərək qapısını qalın dəridən düzəldilmiş bağla bərkitdi.

Özümə gələndə gördüm, yanımdakı qəfəslərin birində cavan oğlan, o birində qoca kişi, digərində bəzəkli iri tutuquşu, başqa birisində isə böyük bir ilan var.

Cəllad otaqdan çıxıb qapını çöldən bağladıqdan sonra qəfəsdəki tutuquşu mən tərəfə çönərək:

- Sabah səni asmayacaqlar, sabah səni asmayacaqlar! – deyib, yerində qurcalandı.

Nəhəng quşun bu sözləri mənə xeyli təskinlik verdi. Bu zaman qoca kişi öz qəfəsində mən tərəfə yaxınlaşıb:

- Şair, deməyinə baxma, padşahın baş əyməyənlərdən xoşu gəlir, - dedi.

Qəfəs qonşularımın sözlərindən xeyli ürəkləndim. Özümə gələndən sonra dilləndim:

- Əmi, bil və agah ol, bu bir yuxudu. Bilirsən, oyanan kimi məndən yazı tələb eləyəcəklər. Mən də burda gördüklərimi yazıya düzüb sayta göndərməliyəm. Əsas odu, oyanana qədər başımı salamat saxlaya bilim.

Qoca sözlərimə xısın-xısın gülüb dedi:

- O qəfəsdəki cavan oğlanı görürsən? Bilirsənmi, onu nəyin üstündə bura gətiriblər? Bu cavan padşahın yeganə, gözəl qızını sevir. Onu bu sevgisinə görə qəfəsə salıblar.

Məni maraq bürüdü:

- Bəs, padşahın qızı necə, bu gənci sevirmi?

- Əlbəttə, qız da bunu dəli kimi sevir. Ancaq vəzir padşahın bu gözəl və ağıllı qızını hansı yolla olur-olsun, öz oğluna almaq istəyir. Ona görə bu gəncin üstünə şər ataraq, zindana saldırıb.

- Nə şər?

- Vəzir padşaha çatdırıb ki, guya bu oğlan onun qızı ilə evləndikdən sonra taxt-tacı ələ keçirib padşahın özünü də zindana salmaq istəyir. Guya, oğlan yatarkən sayıqlayanda bu fikrini dilə gətirib, vəzir də bunu təsadüfən oğlanın öz anasından eşidib.

Mən bu işlə maraqlanaraq qoca ilə yenidən söhbətə girişdim. Dedim:

- Burda eyibli nə var ki? Padşahın yeganə qızı bu gənci sevirsə onlar biri-birinə qovuşmalıdı, taxt-tac da elə onlara qismət olmalıdı. Padşah əbədi deyil ki? Əvvəl-axır kimsə onu əvəz etməlidi, ya yox?

Qoca əlini zindanda uzanıb səliqəsiz hala düşmüş saqqalına çəkib dilləndi:

- Oğul, sən o vəziri tanımırsan. Padşahı inandırıb ki, sən ölümsüzsən, heç vaxt ölməyəcəksən. Bax belə!

Bu söhbətdən sonra halına acıdığım gəncə üz tutub soruşdum:

- Sən doğrudanmı o qızı sevirsən, yoxsa var-dövlətinə aşiq olmusan?

Oğlan utancaq bir tərzdə:

- Əmican, var-dövlət nədi? Mən o qızın gözəlliyinə və qəlbinin saflığına aşiqəm, - dedi. – Qızın özü gecəyarı bura, məni görməyə gələcək, biri-birimizi necə sevdiyimizi onda görərsən.

- Bəs, təhsilin varmı? – deyə, ondan soruşdum.

- Bəli, Avropada Dövlət İdarəçilik Akademiyasını bitirmişəm.

Doğrusu, yuxu da olsa, gənclərin bu halına ürəkdən acıdım.

Üzümü yenə qoca kişiyə tutub:

- Bəs səni nə üçün bura salıblar, əmi? – deyə, soruşdum.

Qoca “mən bu gəncin əmisiyəm”, - dedi, məni də elə bu eşq söhbətinə görə tutublar.

- Bəs, tutuquşu ilə ilan niyə burdadı? – deyə təkrar sual elədim.

- Bu tutuquşu sarayda padşahın ən sevimli dostu olub. Bir gün ona deyib, ey padşah, özünü çox yorma, qızınla sevgilisi əvvəl-axır qovuşacaq. Padşah da qəzəblənərək onu zindana saldırıb.

- Bəs ilan? O da gənclərə yardımçı olub?

- Yox, bala, ilanın yatdığı yer xəzinənin qapısıdı, açarını da dilinin altında saxlayır. Bir sehirli söz var, onu deyən kimi açarı ağzından yerə atıb yeraltı qapının üstündən kənara çəkilir. Mən o sehrli sözü bilirəm.

Söz kişinin ağzından çıxar-çıxmaz otağın qapısı açıldı. Padşahın gözəl qızı içəri daxil olub oğlanın qəfəsinə tərəf yaxınlaşdı.

Sevgililər qəfəsin arasından biri-birinin əllərini tutub pıçıldaşarkən qoca mənə dedi:

- Sabah sən padşaha belə deyərsən: Şah sağ olsun, mən sənin ölümsüz olmağın haqda inancına gülmüşdüm. İnsan ölümsüz olmur! Sonra deyərsən, aqil adam olduğuma inanmırsansa, mənə bircə gün möhlət ver, gör bəbəyin kimi qoruduğun xəzinənin yarısını necə oğurlayıram. Onda padşah sənin bacarığını yoxlamaq üçün yenidən bura qaytaracaq. Sən qayıdan kimi xəzinəni özüm açacam, yarısını götürüb gedərsən. Qızıl balıq isə oradan səni xəzinə yükü ilə bərabər fontana çıxaracaq. Dediklərimi elə, gerisi ilə işin olmasın.

Qoca ilə söhbəti bitirəndən sonra gördüm, padşahın qızı yanımıza gələndə qəfəs otağının qapısını açıq qoyub. Buna görə sarayda söhbətləşənlərin səsi tuneldən eşidilir. Gördüm, padşah əyanları ilə mənim haqqımda söhbət eləyir. Əyanlardan biri təxminən belə deyir: “Padşah sağ olsun, bayaq “google”də axtarış elədim. Bu adam tanınmış yazardı. Onu asdırsaq, dünyadakı bütün insan haqlarını müdafiə təşkilatları ayağa qalxacaq, ölkəmizə iqtisadi və siyasi sanksiyalar başlayacaq. Qonşu ölkələr bizə taxıl verməyəcək, xalqı üstümüzə qaldıracaqlar. Yaxşısı budu, bir bəhanə ilə onu başımızdan rədd eləyək...”

Gördüm, padşah deyir, qoy, sabah gəlib gülməyinin səbəbini desin, sonrasına baxarıq.

Fikirləşdim, demək, məni asmayacaqlar, ancaq yuxu da olsa, sevən gənclərə kömək eləməliyəm.

Səhər açılan kimi məni yenə padşahın hüzuruna gətirdilər. Padşah dərhal gülüşümün səbəbini soruşdu. Mən qocanın dediklərini ona söylədim. Padşah əyanlarla məsləhətləşib qoyduğum şərtlə razılaşdı. Dedi, əgər sən xəzinəmin yarısını apara bilsən qocanı da, tutuquşunu da azad edəcəm, üstəlik qızımı o oğlana verəcəm.

Bu sözlərdən sonra məni yenidən zindana yolladılar.

Geri qayıtmağımı görən qoca, işlərimizin plan üzrə getməsinə çox sevindi. Gecə yarı padşahın qızı yenə görüşə gələndə qoca üzünü ilana tutub “qus açarı!” deyə əmr elədi. İlan dərhal iri bir qızıl açarı ağzından yerə ataraq qəfəsin küncünə yığıldı. Padşahın qızı tezcə qəfəsimin qapısını açdı. Mən qəfəsdən çıxan kimi qoca kişi, cavan oğlan və tutuquşu ilə vidalaşıb ilanın qəfəsinə girdim və açarla döşəmədəki qıfılı açıb zirzəmiyə endim. Baxdım ki, qızıl balıq zirzəminin dibindəki böyük xəzinə sandığının üstündə yatır.

Balıq məni görən kimi sandığı açıb, oradakı daş-qaşın yarısını ağzında daşıyaraq kiçik bir sandığa yığdı. Mən balaca sandığı qızıl balığa yüklədim və özüm də belinə mindim. Balıq sürətlə yuxarı üzürdü. Bu qədər sərvətə sahib olduğuma görə çox sevinirdim. Özümə ev almaq, pulsuz uşaq bağçaları tikdirmək, müasir məktəblər açdırmaq kimi çoxdankı arzularımı həyata keçirməyə tələsirdim. Sonra velosiped yolları çəkdirmək, sevdiyim xanımla böyük gəmilərdə dünya səyahətinə çıxmaq haqda xəyallar qururdum.

Həm də ona sevinirdim ki, bu hadisədən sonra padşah öz gözəl qızını qəfəsdəki ağıllı oğlana verəcək.

Beləcə, qızıl balığın belində yuxarı, fontana tərəf üzdüyüm yerdə yuxudan ayıldım. Ayılan kimi fikirləşdim, görəsən, yuxuda gördüklərimdən bir yazı düzəldib sayta göndərə biləcəmmi?..

# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #