Məzarlığa gedirik, siz də gəlin

İbrahim Nəbioğlu yazır...

 

Karlof körpüsünü keçib, piyada Vltavanın sağ sahilindəki  Stare Mesto kvartalına doğru gedirəm. Praqanın hər köşəsindən tarix boylanır, qədim şəhərin hər küçəsi öz əfsanəsini, hər evi öz damdabacasını yaşadır. Klementinum kitabxanasının  önündə dayanıb, onun tərifedilməz gözəllikdəki əsalətli binasına tamaşa edirəm. Kitabxana deyəndə ağlıma hər zaman ilk olaraq Borxes  gəlir. Praqada isə Borxes deyəndə “Sirli möcüzə” hekayəsi. 

 

Borxesin edama məhkum edilmiş qəhrəmanı Hladek romanını bitirmək üçün Allahdan bir il möhlət istəyir. Klementinumun yaşlı kitabxanaçısı ona Allahı harada tapa biləcəyini söyləyir. Bu ezoterik şəhər haqqında dahi mistifikator belə yazmışdı – “Praqada hər şey heyrətvericidir və ya bəlkə də heç deyil. Orada hər an hər şey ola bilər”.

 

Birdən arxamdan gələn “Məzarlığa gedirik, siz də gəlin” dəvəti ilə səksənirəm. Gənc bir çex qızı məhşur Yozefof kvartalının tarixi qəbiristanlığına turist qrupu toplayır. İki saat vaxtım vardı və bu ürküdücü  təklifi qəbul etdim…

 

Nekropol turizmi, yəni qəbiristanlıqları, toplu məzarları, toplu cinayətlərin olduğu yerləri görməyə olan maraq son dövrdə artmaqdadır. Luksordakı fironların dəfn edildikləri piramidalar, Pyer Laşez məzarlığı, Hollivuddakı kino ulduzlarının yatdıqları əbədi istrahətgahlar bu turizm trendinin əsas brendlərindəndir.    

 

20-ci əsrə qədər Praqanın əhalisi əsasən yəhudi, alman və çexlərdən ibarət idi. Günümüzdə isə şəhər o bənzərsiz kaloritini itirib, amma yəhudilərlə bağlı mədəni, tarixi abidələr, sinaqoq və ratuşalar hələ də Praqanın ən çox ziyarət edilən yerləridirlər. Bunların içində 100 min yəhudinin dəfn edildiyi Yozefof məzarlığının xüsusi yeri var. Çox sayda yəhudi əsilli elm və sənət xadiminin yatdığı bu yer konspiroloji ədəbiyyatda “Sion müdriklərinin” toplantı keçirtdikləri məkan olaraq bilnir. Umberto Eko heyranları buranı onun “Praqa məzarlığı” romanından xatırlayacaqlar. Bələdçilik edən çex qızı isə XVI əsrdə yaşamış görkəmli yəhudi alimi  və mütəfəkkiri Yequda Ben Betsalelin (1512-1609) buradakı məzarından, gördüyü işlərdən, haqqındakı əfsanələrdən və Qolemdən danışırdı…...

 

Dini sionizmin banisi sayılan, eləcə də ədəbiyyat, fəlsəfə, riyaziyyat kimi sahələrdə dərin bilgiyə sahib Ben Betsalel Praqanın Baş ravvini olub, haqqında müxtəlif rəvayətlər də dolaşmaqdadır. Bunlardan biri onun yapdığı Qolem heykəlidir. Müxtəlif əmrləri icra etmək, hətta yəhudiləri anti-semit qırğınlarından qorumaq kimi işləri görmək üçün gildən düzəldilmiş bir frankenştayndır. Beyinsiz və şüursuz bu biçimsiz və heyvərə heykəl ədəbiyyata, sinematoqrafa dəfələrlə mövzu olmuşdur. Ən bilinən örnək alman ədəbiyyatında Qustav Maynrikin eyniadlı romanıdır. Sosial satira janrındakı romanda Qolem kütlə ruhunun simvoludur, azadlığa susamış xalqı ehtirasa gətirən qüvvədir.

 

Borxes isə “Qolem” şerində bu köntöy heykəli insanın uğursuz kopiyası kimi göstərərək, onun kədərini təsvir edir. Lakin, buyruq qulu bu gil heykəl, zənnimcə, özünə ən çox psixologiyada yer tapıb, adına hətta elmi bir termin də var. “Qolem effekti”nə görə əgər, insan haqda nə qədər aşağı fikirdə olsan və bunu hər vəchlə nümayiş etdirsən, o insan özünü daha pis aparacaq, davranış və hərəkətləri daha pozğun hal alacaq. Başqa sözlə, söyə-söyə insan sırtılır. Tanınmış rus yazıçısı Boris Akunin bir yazısında

 

“Qolem effekti” nəticəsində rus xalqının uzun illərdir təhqir oluna-oluna, ləyaqəti və şərəfi alçadıla-alçaldıla mənəvi və əxlaqi yöndən deqradasiyaya uğradığını, bunda da Rusiya rəhbərliyini günahlandırır. Akunin Putinin ruslarıı “Qolem effektinə” tabe edərək, keyfiyyətini aşağı salmaqda ittiham edir…..

 

Bahar yağışı basdı anidən. Yağmur məzarlıq üzərindəki qara magiyaları, ezoterik buludları yuyaraq zərərsizləşməyə başladı. Turistlər əllərində gətirdikləri kiçik daşları yəhudi adətinə görə dilək tutub, Yequda Ben Betsalelin məzarının üzərinə düzməyə başladılar. Mənsə bunu eləmədim, oxumuşdum ki, Ben Betsalel diləkləri yerinə yetirir, amma əvəzində iki mislini alır. Bir də oxumuşdum ki, mutluluğu daha çox mutlu olanda yox, dalınca düşəndə hiss edirsən.

 

Qolemin Staranova sinaqoqunda dəfn edildiyi nağıl olunur. “Məzarlıq turistləri” ora tərəf istiqamət alanda mən Starıy Hrad tərəfə döndüm. Praqanı bəziləri Kafkaya görə sevir, mən Borxesə görə. Hladekin ayaq basdığı küçələrdən keçib Klementinumdan iki tin aralıdakı çex pabına – dostlarımın yanına qayıdıram. Pilsner, Budvar və Kruşevitsenin su kimi axdığı pabda bir qrup rus tursit ukraynalı qızlara sataşırdı. Şkaf yekəliyində bir rus söyüş qarışıq şovinist şüarlar deyir, qızları təhdid və taciz edirdi. Bir göz içəri girən 2 gənc pivə şüşəsini onlardan birinin başında partlatdı.  Asayiş bər-kəmal oldu.

 

Leninə, bolşevizmə və 1917-yə döşəməyin vaxtı gəlmişdi. Pabdakı müxtəlif millətlərin gözü önündə bunu elə məharətlə etdim ki, ilk badələri mənə qaldırdılar. Anşlyüz və ikrah oyandıran “Derjava” demaqojisindən uzaqlaşmaq üçün Qolemdən, sonra da onun tam tərsi olan Pigmaliondan açıldı söhbət. Bəlkə bir gün Sizə Hindistandan, Racastan əyalətində dolaşan  mistik bir əfsanədən bəhs edərəm. Çünki Borxessiz olmur…..

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017