Hörümçəyin başımdan tapdığı balaca oğlan YUXULARIM-8

Hörümçəyin başımdan tapdığı balaca oğlan YUXULARIM-8
27 iyun 2014
# 11:46


Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

Xlorsatanın şairi ilandan xilas etməyi

Şəklimi çəkib feysbuka qoyacaqlar, biabır olacam

Xoruz kimi banlamağım, məni yeyən rəngli kirpilər

Atamın meyiti məndən su istədi

Gördüm, özümə də məlum olmayan çöllüklə gedirəm. Ayaqlarıma ilişən iri çayır otlarının əlindən addımlarımı güclə atıram. Hərdən çayırın iri bığcıqları ayaqlarıma dolanaraq ordan bədənimə qalxır və qollarımı tutur. Mən bu yaşıl kəndirləri qollarımdan birtəhər qırıb ataraq yoluma davam eləyirəm.

Birdən qarşıma, qolları mişara bənzəyən, demək olar ki, uşaq böyüklüyündə olan iri bir çəyirtkə çıxır. Çəyirtkə, məni nə vaxtsa televizorda gördüyünə görə tanıdığını deyir və hara getdiyimi soruşur. Gördüm, hara getdiyimi heç özüm də bilmirəm və birdən məni bir qəriblik hissi basdı. Bu zaman qarşımda ətrafı ağ, sıx torla bəzədilmiş dərin quyuya bənzər yuva göründü. Yuvadan iri bir hörümçək çıxıb qarşımı kəsdi və çəyirtkənin sualına dəstək olaraq ucadan dedi:

- Hara getdiyini, niyə getdiyini bilmirsənsə demək, beyninin içi təmizlənməlidi!

Mən nəhəng hörümçəyin səsindən diksinərək vahimələndim. Düşündüm ki, yəqin bunlar birləşib mənim beynimi yeyəcəklər.

Gördüm, qaçmaq istəyirəm, lakin çayırların üstümə atlandığı yaşıl bağları əl-ayağıma dolanıb məni getməyə qoymur. Nədənsə, bu an yaxın ekranda görünən adamlar kimi çox iri və nəhəngəm. Ancaq nə qədər çalışsam da yerimdən tərpənə bilmirəm ki, bilmirəm.

Gördüm, çəyirtkə “başlayaq!” deyib üstümə dırmaşdı və çiynimdə oturaraq beynimin qapağını dairəvi mişarlamağa başladı. Mişarın beynimdə səslənən ritmik xırıltısından qorxaraq qışqırıb yuxudan ayılmaq istədim, lakin bunun yuxu olmadığını bilib birtəhər dözməyə üstünlük verdim. Sonra gördüm, heç bir ağrı hiss eləmirəm. Çəyirtkə başımın üst tərəfini dairəvi mişarlayıb bitirdikdən sonra beyin qapağımı tank ağzı kimi yana açdı. Gördüm, üstündən qafa sümüyü götürülmüş əyri-üyrü beynim buxarlanır. Bir də baxdım ki, çəyirtkə elə mənim özüməm.

Nəhəng hörümçək çəyirtkənin işinin bitdiyini görüncə, üstümə dırmaşaraq qalxıb o biri çiynimdə əyləşdi. Əyləşən kimi kənarları qırmızı rəngdə olan ağzından çözdüyü dümağ ipək kəndirlə gözəl bir səbət hördü. Səbətin qulpuna isə uzun bir ip bağladı. Sonra çəyirtkədən özümə dönmüş məni səbətlə bərabər beynimin içinə salladı.

Gördüm, çiynimdə oturan hörümçəyin özü də yavaş-yavaş adama çevrilməyə başlayır. O, insana çevrildikcə öz əllərimi, üz-gözümü onda görürdüm. Hörümçək tam insana çevrildikdən sonra gördüm, bu da mən özüməm.

Gördüm, çəyirtkədən dönmüş mən aşağıda beynimin içini qazaraq səbətə doldurur. Hörümçəkdən dönmüş mən isə ipi yuxarı çəkərək səbəti quyudan çıxarıb içindəkini çölə boşaldır. Gördüm, hörümçək mən hər dəfə səbəti boşaltdıqca ətrafı üfunət bürüyür. Beynimin içindəki mən aşağıda eşələnərək səbəti tezcə doldurub aşağıdan qışqırır:

- Eyyy, səbəti tez çək, burda üfunətdən bağrım çatladı!

Hörümçək mən isə səbəti boşaltdıqdan sonra aşağı sallayıb yuxarıdan ona təskinlik verir:

Bilirəm, dostum, mən də burda boğuluram, ancaq dözmək lazımdı! Bir az duruş gətir! Narahat olma, beyin təmizləndikcə iy-qoxu da onunla keçib gedəcək!

Gördüm, beynimə enmiş mən hər dəfə səbəti dolduraraq aşağıdan qışqırır:

- Tez çək görüm, bu səbəti kinlə yükləyib doldurmuşam.

Hörümçək mən ağ kəndiri yuxarı dartıb səbəti boşaldır və yenidən aşağı sallayır. Səbətdən boşaldılan müxtəlif rəngli qatı mayelərdən hər dəfə bir cür üfunət qoxuyur. İçəridən göndərilən yükün iyi məni elə boğurdu, sanki hörümçək bu idbar maddəni burnumun ucuna boşaldırdı.

Gördüm, aşağıdakı yenə qışqırır:

- Dart görək, bu da bir səbət xəyanətdi!

Düzdü, hörümçək mən hər dəfə səbəti boşaltdıqca ətrafa yayılan üfunətdən boğulsam da qəlbimdə qəribə rahatlıq hiss eləyirdim.

Gördüm, aşağıdakı yenə qışqırır:

- Çək görüm, bu da bir səbət paxıllıqdı!

Yuxarıdakı dərhal ipi çəkib yükü boşaldır və bayaqkı kimi yenidən beynimə sallayırdı.

Aşağıdakının gur səsi növbəti dəfə qulaqlarımda əks-səda verdi:

Çək görək, bu dəfə riyakarlıq yükləmişəm!

Gördüm, hər dəfə səbəti quyudan dartdıqca hörümçək mənin üzündə bir məmnunluq yaranır. Onlar beynimi təmizlədikcə uzun çayır bığcıqları tədricən bədənimdən boşalıb aşağı çəkilirdi. Beynim hər dəfə murdar yüklərdən azad olduqca bədənimin də yüngülləşdiyini hiss edirdim.

Gördüm, aşağıdakı yenə qışqırır:

- Cəld ol görək, bu da qorxaqlıqdı!

Yuxarıdakı mən yükü boşaltdıqdan sonra başını quyuya əyib aşağıdakına səsləndi:

- Bu sonuncu yük idi, əzizim, bitdi hər şey! Daha orda uşaq saflığından başqa heç nə qalmamalıdı! İndi kəndiri sallayacam, belinə bağla, özün çıx bəri!

Gördüm, yuxarıdakı mən kəndiri uzun müddət dartsa da beynimdəki mən gəlib çıxmır ki, çıxmır. Hörümçək mən əllərini əvəzləyərək dartdıqca quyudan çıxan dümağ kəndir onun ətrafında qalaqlanırdı. Son anda ətrafında yığılan kəndir onu uddu və hörümçək mən yoxa çıxdı. Bu zaman beynimin quyusundan belinə kəndir bağlanmış bir uşaq çıxdı. Mən dərhal o uşağı tanıdım.

Gördüm, uzaq keçmişi xatırlayıram. Gördüm, Rusiyanın Murmansk vilayətində hərbi qulluqda olan böyük qardaşım əsgərlikdən gəlib. Bütün kənd camaatı həyətimizə yığılıb. Qardaşım əsgər paltarındadı, gəlib-gedənlə öpüşüb-görüşür. Gördüm, həyətimizin “əl damı” adlandırdığımız tərəfində odunla qalanmış ocaqların üstündə iri qazanlar asılıb. Arvadlar yuxa bişirmək üçün nəhəng bir teştdə xəmir qatıblar. Ortalıqda qalan böyük xəmiri yoğurmağa heç kimin həvəsi yoxdu. Gördüm, nənəm məni arvadlara göstərib deyir ki, bunun on iki yaşı var, bu yaşda uşaqlar mələk kimi saf olur. Ayaqlarını yuyun, qoyun, girib xəmiri ayaqları ilə yoğursun. Narahat olmayın, günaha yazılmır! Gördüm, anam şalvarımı çərməyib ayaqlarımı yuduqdan sonra məni qaldırıb teştin içinə qoydu. Mən teştdə gəzişib ayağımla xəmiri yoğururdum.

Gördüm, beynimin quyusundan çıxan belikəndirli bu uşaq xəmiri ayağı ilə yoğuran həmin uşaqdı. Gördüm, hamımız yuxudan yoxa çıxmışıq. Təkcə o uşaq, bir vaxtlar gördüyüm kimi ayaqyalın, şalvarı da dizə qədər çirməkli, yuxumun ortasında dayanıb gülümsəyir. Gördüm, külək hardansa bir parça nazik hörümçək torunu alıb xəfifcə onun üzünə vurdu. Gördüm, uşaq əlini yelləyə-yelləyə qıdıqlanan üzündən götürmək istəsə də bu zərif toru tapa bilmir.

Ayıldım ki, üzümdə balaca bir hörümçək gəzir.

# 2459 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #