Kişini hamama qısqanmaq...

Kişini hamama qısqanmaq...
18 iyun 2014
# 10:09

Qədim zamanlarda bir xanım dostum vardı. Qarlı dağlar aşıb, palçıqlı dərələr keçib, buzlu döngələrdən adlayıb tapmışdıq bir-birimizi. Həddən ziyadə kəşməkəşli yollardan yürümüşdük. Hələ də üstümün palçığı qurumayıb. Mənim sizə andım yoxdu, özüm ölüm deyirəm, tobalar-tobası bu dəqiqə təkcə şalvarımın palçığından 2 dənə babat təndir çıxar. Düzü, bir-birimizə vurğunluğumuz da vardı. Zaman keçdikcə sevgiyə çevriləcəyini təxmin etmişdim. Oğlan-qız dostluğu bir gün mütləq sevgiyə çevrilir, başqa bir gün də mütləq ayrılığa. Ayrılığın səbəbi də çox sadə. Dost olan müddətdə o qədər səmimi olurlar ki, münasibət sevgiyə çevriləndən sonra başlayırlar həmin səmimiyyəti bir-birlərinin burunlarından gətirməyə.

Yeri gəlmişkən, o vaxtı Adəmlə Həvva da əvvəlcə dost olublar. Sonra sevgili. Sonra da ailə həyatına qədəm qoyublar. Bir dəfə Adəm özünü Həvvaya göstərməkdən ötrü bir xanımla gəzdiyini nəql eləyibmiş. Sevgili olandan sonra bu söhbət Həvvanı narahat eləməyə başlayır. Və qısqanclıqlar, dava-dalaş filan-peşməkan! Axırı Adəm canından bezib deyir, ey Həvva, sən məgər bilmirsənmi yer üzündə ilk qadın sənsən, bu nə boşboğazlıqdı eləyirsən? Həvva da cavab verir ki, bilirəm, sadəcə məni ağrıdan odur ki, sən mənə fikrində xəyanət eləmisən! Belə bir hadisə uydurmusansa, deməli, bunun əsası sənin beyninin dərinliklərində var, xəyanət ən əvvəl şüuraltı baş verir.

Adəm hirslənir deyir: “Tüpürüm belə yaşayışa, sən ki Dostoyevskini, Freydi məndən üstün tutub onların dediklərinə inanırsan, sənə sözüm yoxdu!” Cin vurur təpəsinə, gedib hirsindən almanı yeyib, cənnəti tərk eləyir.

Elə bizim də ayrılığımız təxminən belə oldu. Sadəcə mən alma tapmadım, turp yedim.

Bir gün kafedə bunun kapuççino fincanına üzük atdım. Ki, içib qurtaranda üzüyü görüb niyyətmi başa düşsün. Zəhrimara qalsın, heç bilmirəm hardan ağlıma gəlmişdi bunu eləmək. Yazıq qız az qala boğulmuşdu. Elə hirsləndi, elə hirsləndi! Sağolmuş yaman əsəbiydi. Elə bildi ofisiantın fırıldağıdı. Götürüb fincanı çırpdı gədənin təpəsinə. Nə isə, kafeni qan-qaraçılıqla tərk elədik...

Zaman ötdü, birtəhər bir-birimizə müqəddəs hisslərimizi izhar elədik. Başlandı sevgi həyatımız. Bəh. Romantikanın dizə qədər çıxan dönəmlərində əntiqə statuslar guppuldadırdım. Lovğalıq olmasın, məndə də var axı. Məsələn, bir dəfə yazmışdım: “Pəncərəni döyən yağış damlaları mənim darıxmış və sarsılmış ruhumun sevgi zümzüməsi deyilmi?” Və ya “Dənizin sahilə çırpılan 52-ci dalğasının yuduğu qumlar üstünə yazdım adını, nə vaxtsa tapıb oxusan qağayılara baxıb gülümsə, əmin ol ki, küləklər mənə gətirəcək təbəssümünü”...

Day dəhşət e, dəhşət!

Fantastik şeylər yazırdım. Dostlar da başlayırdı “like” eləməyə, rəy yazmağa. Bu da hər dəfə bir qənbərqulu çıxarırdı. Deyirdi, nə üçün sənin statusunu bəyənən 134 vətəndaşdan 96-sı qızdır? Özü də savadlı xanım idi, dır-dir dur-dürlə danışırdı. Başladı statusları qısqanmağa. Profilimi dondurdum. Sonra keçdi telejurnalistləri qısqanmağa. Telefonla danışanda bir dəfə səs dəydi qulağına: “Yerkökü, mayonez, yumurtanı unutma!” Nə qədər elədim inandıra bilmədim ki, səhər proqramıdı, bir dəstə arvad yığışıb yemək bişirirlər, onların səsidi televizorda. Dedi, “yox e, sənin yanında qız vardır, ərzaq dükanına göndərir səni”.

Televizoru da ləğv elədim. Texnologiyadan o qədər uzaqlaşdım ki, hiss eləyirdim artıq Tunc dövrünə qayıtmışam. Hətta qəbilə yaratmaq, tayfa başçısı olmaq haqqında ciddi cəhdlə düşünməyə başlamışdım. Bir dəfə telefonla danışanda dedim, əzizim, çimməyə hazırlaşıram, heç 1 ay deyil, çimdiyim, inanmazsan, başıma elə qaşınır ki! O da dedi, əqli çatışmazlığınmı var? Keçən ay çimmədinmi? Suquşusan? Dedim, xahiş eləyirəm, icazə ver çimim. Dedi, belə görürəm, sən vanna otağını məndən üstün tutursan, get çim, gecən xeyirə! Dedim, yox-yox, nə danışırsan, əzizim, hamam sənin dırnağına da dəyməz! Dedi, yaxşı, bu dəfə keçirəm, amma, çılpaq çimmə! Dedim, baş üstə, təzə aldığım kostyumu geyinib çiməcəm, istəsən lap üstündən layka plaşımı da geyinərəm. Razılaşdı, dedi, işığı söndür, şərfini də vur! Dedim baş üstə, qəti nigaran qalma.

İlahi, belə də iş olar? Elə səhərisi gün rədd elədim getdi işinin dalınca. Üzr istəyirəm! Bir az etik alınmadı. Belə deyək, ayrıldıq. Həyat amansız oldu. İki sevən gənci, iki ürəyi qovuşdurmadı fələk. Dünya bizə həsrətimizin göz yaşlarıyla yuduğumuz məhəbbəti çox gördü. Amma, allahtərəfi o, daha təmiz yuyurdu. Çantasında həmişə kisəsi, vanişi, sürtgəci olardı. Nə deyim, allah qəni-qəni şəfa versin, başqa heç nə...

# 3330 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #