Yeməkdən iyrənən qadının ərindən qisası

Yeməkdən iyrənən qadının ərindən qisası
13 iyun 2014
# 10:39

Doris Dörri – tanınmış alman yazarı, kinorejissoru, prodüseri, kino tənqidçisi və ssenaristidir.

1955-ci ildə Almaniyada həkim ailəsində anadan olub. Humanitar gimnaziyanı bitirəndən sonra 1973-75-ci illərdə Kaliforniya ştatındakı Sakit Okean Universitetində aktyorluq, sonra isə Münhendəki Kino və Televiziya Məktəbində rejissorluq təhsili alıb. 1976-cı ildən etibarən kinorejissor kimi fəaliyyət göstərib, telekanallar üçün sənədli filmlər və ailə melodramları çəkib. 1983-cü ildə «Ürəkdən keçən» adlı filmi milli kino festivalında xüsusi ödülə layiq görülüb.

1985-ci ildə çəkdiyi ilk bədii film - «Kişilər» Almaniya kinoprokatına 10 milyon marka hasilat gətirdiyi üçün adətən D.Dörri ölkə kino sənətinin ən uğurlu rejissoru sayılır. Həmin vaxtdan üzü bəri sənətşünaslar onu gah «alman kinosunun vunderkindi», gah da «kinokomediyanın anası» adlandırırlar. 1989-cu ildə həyat yoldaşı, kinooperator Helqe Vayndler və Tomas Müllerlə birlikdə «Kobra Produktions GMbH» adlı özəl kino şirkətini yaradıb. «Mən gözələmmi?» (1999) filmi kino sahəsində ona ikinci uğurunu qazandırıb, 2008-ci ildə çəkdiyi «Sakura çiçəyi» filmi isə Beynəlxalq Sietl kinofestivalında (ABŞ) «Ən yaxşı film» tituluna layiq görülüb. 1976-2014-cü illər ərzində D.Dörri ümumilikdə 38 bədii film ərsəyə gətirib.

Teatr sahəsindəki ilk işi kimi Berlin Opera Teatrında A.Motsartın «Bütün qadınlar bunu edir» (2003) tamaşasını səhnəyə qoyub. Daha sonra o, C.Verdinin və təkrar Motsartın operalarına müraciət edib.

Doris Dörri bestsellerə çevrilən iki romanın («İndi neyləyək?» (2000) və «Göy paltar» (2002)), habelə yeddi hekayə kitabının müəllifidir.

Aşağıda oxuculara təqdim olunan hekayə D.Dörrinin dilimizə çevrilən ilk əsəridir.

Çəngəl, bıçaq, kəs-küs…

Hər şeyin belə olacağını anam lap əvvəldən təxmin edibmiş. Hələ kiçik qız ikən də mən beləymişəm – hər şeydən narazı və davakar. Ayda iki kərə yanıma gələn anam mənə "Nescafe", siqaret, jurnal və ara-sıra dodaq boyası gətirir. Bu gün özüylə yaşıl rəngli kirpik tuşu gətirib mənə. "İndi bu, o tərəfdə ən son dəb sayılır" deyib, almasından bir dişləm alır.

Özümdən asılı deyil bu. Anam hər dəfə almasını dişləyəndə elə qəribə səslər çıxarır ki, kürəyimdən üzüaşağı soyuq tərlər axır, bədənimi titrəmə bürüyür və onu öldürmək fikri keçir beynimdən. Bu hissi həmişə yaşamışam. Əvvəllər bu həddə çatanda durub otaqdan çıxırdım. Atamla bağlı içində yığılanları da dilə gətirəndə qəfil yerimdən qalxıb, onu tərk etmişdim, o da məni "soyuqqanlı və daşqəlbli" adlandırmışdı. Bəlkə o anda mən də qayıdıb, ona alma yeməyindən necə iyrəndiyimi söyləməliydim, hə?! Ancaq o, bu xislətindən əl çəkə bilməzdi ki.

Atam həmişə ayaqlarını bir-birinə sürtərdi. Axşamlar televizorun önündə oturarkən ayağındakı şəpşəplərini bir-birinə sürtərkən çıxartdığı səsdən yamanca qıcıqlanırdım, ancaq bunu eşitməyə məcbur idim. Bu səs məni ipsiz dəliyə çevirdiyindən bəzən əllərimlə qulaqlarımı qapamaqdan başqa əlimdən heç nə gəlmirdi.

Hə, onu deyirdim, axı… Bu cür hallar məndə çox əvvəllər başlamışdı. Həmişə düşünürdüm ki, yəqin həyatda birisini həqiqətən bəyənib bütün varlığımla sevəcəyim zaman bütün bu qıcıqlarım ortadan qalxacaq. Onda belə çıxır ki, doğma ailəmin məni dəli eləməsi yəqin çox təbiidir, elə deyilmi?

On altı yaşıma dolanda ilk dəfə aşiq oldum. O, on səkkiz yaşındaydı, qəhvəyi rəngli iri gözləri, uzun, çox zərif və bir körpəninki qədər yumşaq saçları vardı. Onları həmişə mən darayardım. Onun xətrinə hər şeyə hazır idim. Əsgərliyə çağırılıb, Haydeyə göndəriləndə ona yaxın olmaqdan ötrü evimizdən qaçdım, Lüneburqda bir otaq kirayələdim. Kirə haqqını ödəmək üçün isə bir çörək sexinə işə düzəldim. Gün ərzində təzə çörək qoxusu paltarlarıma və saçlarıma necə hopurdusa, nə qədər duş qəbul eləsəm də, həmin qoxudan heç cür qurtula bilmirdim və artıq çörəkdən də çiyrinməyə başlamışdım.

Mənə yamanca vurulmuşdu o. Sevişməmizin ilk ildönümü münasibəti ilə mənə həqiqətən də bahalı olan bir cüt sırğa bağışlamışdı. Aramızda umu-küsüyə də hər hansı səbəb yox idi.

Sonradan saçlarında tökülmələr oldu. Həm də vur-tut on doqquz yaşı olmasına baxmayaraq. Əvvəlcə durmadan seyrəkləşən saçları sonradan həm də yağlanmağa başladı. Hər gün öz əllərimlə yumama rəğmən, saçlarının yağı bitib-tükənmək bilmirdi.

Günlərin bir günü onun saçları mənə spagettini xatırlatdı. Başını hər dəfə sığallayandan sonra əllərimi mütləq sabunlamağa başlamışdım. Düzdür, bunu gizlicə edirdim, çünki könlünü qırmaqdan çəkinirdim. Onu saçlarını «a lya Brus» tərzində kəsdirməyə birtəhər razı saldım və ta bərbərə gedənədək jurnallarda nə qədər qısasaçlı kişi şəkli vardısa, hamısını kəsib, birbəbir ona göstərdim. Bunun da faydası çox az sürdü, yəni sadəcə o, əsgərliyini bitirənə qədər. Tərxis olunandan sonra isə qısa saç düzümü ona əsgərlik dövrünü xatırladacağı üçün bundan həmişəlik imtinaya and içdiyini bildirdi. Mənə evlənməyi təklif etdiyi gün də yağlı saçları yenə çiyinlərinə qədər tökülməkdəydi. Bəlkə də bu təklifini mənə səhərisi gün edəcəkdi. Yuyulanda saçları çox da pis görünmürdü. Həqiqətən də göz-könül oxşayan biriydi o.

Ondan ayrılandan sonra mən uzun müddət heç bir kişidən düz-əməlli xoşlanmadım. Bilirdim ki, ikinci, ya da üçüncü axşamdan sonra, yəni gec-tez, ona nifrət bəsləyəcəyəm, fərqi yoxdur, ağzından tüpürcək tökülə-tökülə danışdığına görə, bığlarını burmasına görə, köynəyini ən üst düyməsinə, yəni xirtdəyə qədər düymələməsinə görə, ya da şalvarını elə hey yuxarı dartmasına görə.

Mən hər şeyə tənqidi yanaşıram. Elə özümə də. Nə gizlədim, gözəllik timsalı-zad deyiləm, ayaqlarım yöndəmsiz olduğundan qısa ətək-zad geymirəm, ağzım əyridir deyə və bunu birtəhər ört-basdır etmək üçün uyğun makiyajı seçirəm, üzüm bir az girdə olduğuna görə saçlarımı heç vaxt qısa kəsdirmirəm. Mən biləni, başqalarını çiyrindirəcək xasiyyətlərim də yox dərəcəsindədir. Özümdə naqis bir şey kəşf eləyəndə (məsələn, özümdən əmin olmayanda qulağımı dartmaq kimi) ondan bir an öncə qurtulmağa can atıram. Heç vaxt kökəlmək istəməzdim. Sümüklərimin üstündəki ət qatı yarımca kilo artan kimi özümü xəstəhal hiss edirəm və ancaq bu kilolardan qurtulanda əhvalım təkrar yaxşılaşır. Hansı qadın gözəl olmağı arzulamaz ki?!

Yaraşıqlı kişilərə sən deyən də bayılmıram, çünki belələri gözəlüzlü doğulduqları üçün həyatda hər şeyə sahib olacaqlarına özlərini inandıranlardır, buna görə də onlara əsla bel bağlamaram.

Bertold ilə olan durum isə fərqliydi, çünki o, özünün nə qədər gözəl olduğundan tamam xəbərsiz idi. Məni cırnadacaq bir cəhətini tapmaqdan ötrü uzun müddət ona göz qoydum, diqqət yetirdim. Düz altı aydan sonra hər hansı qüsur tapmadığım üçün ona ərə getdim. Onu seyr eləməkdən heç doymurdum. Səhərlər necə yuyunub, təraş olduğuna tamaşa edirdim. Ondakı hər şeyə, hər bir özəlliyə heyran kəsilmişdim. Tamamilə səssizcə alma yeyə bilirdi o, saçlarının yağlandığı isə heç yadıma gəlmir, həmişə baxımlı görünürdü, hətta burnu axanda da cazibədar idi. O dərəcədə göz-könül oxşayırdı ki, ona yaraşmaqdan ötrü mən də özümə baxmağa məcbur idim. Onunla yanaşı durduğum anlardakı qədər gözəl göründüyümü heç xatırlamıram. O vaxtlar ana olmağa da razı idim, halbuki bəzən özümdən soruşurdum: "Görəsən mən övladlarımı yetərincə sevə, oxşaya biləcəyəmmi?" Onsuz da həyatda bizim övladları öz istəyimizə görə seçib, sifariş etmək imkanımız yoxdur. Halbuki Bertoldu seçib-seçməmək haqqı birbaşa məndən asılıydı.

Əgər vəzifə pillələrində yüksəlməsəydi və günorta fasiləsində yemək üçün evə gəlməyə gen-bol vaxtı olmasaydı, bəlkə bütün bu qəziyə də yaşanmazdı. Hər gün birgə səhər yeməyinə oturur, axşamlar isə soyutma ətlə çörək yeyirdik. Bazar günləri isə gündüz yeməyinə heç gərək duymurduq. Həftəarası günortalar, həm də hərdənbir təkadamlıq yemək bişirərdim, çünki o, həmişə axşama evə tox dönürdü və kökəlməkdən qorxduğu üçün isti xörəkləri yaxınına qoymurdu. Öz ortaqlarıyla vaxtaşırı və məcburən orda-burda eyni süfrəni paylaşdığından kafe-restoranlara getməyə də həvəs göstərməzdi.

Son vaxtlar isə nədənsə hər gün gündüz yeməyi üçün evə gəlirdi. Bunun fərqinə varmışdım. Boşqabına təpə kimi qalaqladığı cürbəcür yeməkləri o qədər qarışdırırdı ki, bunlar əsl həftəbecər halına gəlirdilər.

Yay günüydü, eyvanda oturmamıza rəğmən, qəfildən mən bədənimin buzladığını sezdim. Çəngəlini hər dəfə həmin həftəbecərə sancdığında qəribə bir şappıltı səsi çıxırdı. Məndən ac olub-olmadığımı soruşdu. Əlüstü yerimdən qalxıb, özümü vanna otağına yetişdirdim. Çünki… olacaqlardan qorxurdum.

Sonra yanına döndüm, üzümü yan tərəfə tutmaqla, o qarışımın boşqabdakı qalıqlarını mətbəxə apardım, ancaq bunun da bir faydası olmadı. O, bir az mürgüləməkdən ötrü çarpayıya uzanmışdı. Mən də onun böyründə uzanmaq, üç-beş dəqiqə mürgüləmək və bütün bu olub-bitəni unutmaq arzusundaydım. Ancaq bacarmadım. Çəngəllə götürdüyü o qarışımı ağzına necə atdığını, necə çeynəyib-udduğunu, indi həmin qarışımın qarnında hansı şəkil aldığını və necə həzmə getdiyini xəyalımda canlandırdım. İyrəndiyim üçün ödüm… ta ağzıma qədər gəldi.

O gündən etibarən, həm də sırf Bertoldun zəhləsini tökməkdən ötrü evdə ancaq və ancaq şorba bişirməyə başladım. Təcili arıqlamalı olduğumu bəhanə gətirərək, salat və bifştekslər hazırladım, hətta arıqlamaqda mənə kömək göstərməsini də ondan xahiş elədim. Evliliyimizi guya xilas etmək fikrinə düşmüşdüm.

Üç həftə belə davam edəndən sonra o, artıq salat yeməkdən qəti imtina elədi, özünün dovşan olmadığını, hətta mənim yetərincə arıqladığım üçün kifirləşdiyimi də dilinə gətirdi. Ardınca məndən kartof əzməsi ilə Köniqsberq üsulu kotlet bişirməmi rica elədi. Bununla məni ağlatmağı bacardı. Sonra məni kəskin tənqid atəşinə tutdu. Dedi ki, bütün fikrim-zikrim yalnız bədənimə, fiqurama köklənib, elə ona görə də bundan belə evdə yeməkləri özü bişirəcəkmiş.

Gündüzlər o, mətbəxə keçəndə yeməyini ta yeyib bitirənə qədər mən yataq otağında qaxılıb otururdum. Onunla eyni süfrədə sadəcə oturmam üçün məni dilə tutdu. Mən də özümü bir daha buna məcbur elədim. Yaşıl noxudu, kartofu və konserv tikələrini boşqabına tökmüşdü. Çəngəli əlinə alıb, bunları qarışdırmağa başlayanda, görməyim deyə, baxışlarımı yana tutdum. Ancaq yenə də çıxartdığı səslər qulağıma gəlib çatmaqdaydı.

Elə həmin andan etibarən onunla bağlı hər şey məndə qıcıq doğurmağa başladı. Yemək yemə tərzi də başqa cəhətlərindən zərrəcə fərqlənmirdi, çünki o, düşüncələrində də hər şeyi bir-birinə qarışdırırdı və adətən cümlələrini bitirə, tamamlaya bilmirdi. Mənə elə gəlirdi ki, bu an düşündüklərini də beynində beləcə bir-birinə qarışdırır və məni həmin fikir həftəbecəriylə bəsləməkdən ötrü çəngəliylə ondan bir tikəni götürüb, mənə uzadır. Artıq onu nə dinləyə, nə də hərəkətlərinə dözə bilirdim.

Günortalar evdən dışarı çıxırdım. Axşamlar o, evə dönməmiş yatağıma girirdim. Səhərlər isə o, işə gedincə yataqdan qalxırdım. Nələr baş verdiyini etiraf etməmdən ötrü hətta bir gün qarşıma keçib, mənə yalvardı da.

Bir dəfə yuxuda gördüm ki, onun böyründə uzanmışam, qəfildən bədənimin isti və nəm bir şeylə təmasını sezdim. Dönüb baxanda onun qarnının partladığını və oradan dışarıya qatı, sarımtıl-yaşıl qarışımın axdığını, yataq örtüyünün üstündən döşəməyə axdığını, otağı doldurandan sonra isə pəncərədən küçəyə daşdığını, səviyyəsi durmadan artdığından bu qarışımın gec-tez məni də boğacağını gördüm. Dəhşətdən bağırıbmışam. Gözlərimi açanda onun qolları arasında olduğumu gördüm. Onun mənə təması isə… gördüyüm yuxudan daha betər idi.

O gündən etibarən yataqlarımızı ayırdıq. Bunun hansımız üçün daha dözülməz olduğunu isə dəqiq deyə bilmərəm.

Bir gün evə erkən döndü. O ara mətbəxdə onun üçün çay dəmləyirdim. Qapını arxadan bağladı və mənimlə açıq danışmaq istədiyini dedi. Belə yaşamağa tabı-taqəti qalmayıbmış.

Sonra bir dəstə donmuş ispanağı əritməyə girişdi. Tavadakı qaynar yağa iki yumurta çırpdı. Ondan qaçmağa çalışdığımı düşünürmüş. Sonra qaynatdığı südün içinə kartof püresi tozunu əndərib, bunları qarışdırdı. Baxışlarımı pəncərəyə zilləyib, başqa şeylər barədə düşünməyi sınadım. Qolumdan yapışdı və məni zorla masa arxasında oturtdu. Sonra uzun müddət qabağındakı yeməyinə əl vurmadı.

Sevgidən-filan danışdı mənə. Mən səbrimi basmağa çalışırdım. Həm də canımı dişimə tutaraq buna cəhd göstərirdim. Onu sevdiyimi etiraf elədim. Susub, uzun-uzadı üzümə baxdı.

Sonra çəngəlini əlinə aldı. Kartof püresi, ispanaq və yağda bişmiş yumurtaya girişdi.

Sonra nə oldu? Heç xatırlamıram.

Məhkəmə zamanı mənə sellofan torbaya qoyulmuş uzun bir bıçaq göstərdilər.

https://www.facebook.com/azadyasharofficial

# 3994 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #