Zəhləmgetmiş Şəhriyar

Zəhləmgetmiş Şəhriyar
12 iyun 2014
# 10:48

Anam şəkil konusunda çox həssasdır. Xüsusən o şəkildə mən varamsa... Hər bizə gələndə fotoları tökür ortalığa. İmkan versən hamısını yığışdırıb aparar. Nədən ki, mən bir az uzaqda qalıram, gec-gec görüşürük.

Günlərin birində yenə gözlərini qıyaraq fotoşəkilləri vərəvürd edirdi. Gördüm, ikisini özü ilə kəndə aparmaq üçün kənara qoydu. Maraqlanıb baxdım ki, bu, Əsəd Cahangir və Şəhriyar del Gerani ilə çəkdirdiyim şəkillərdir.

Tənbəllik etmədən anamdan soruşdum:

- Niyə bu şəkilləri seçdin?

Anam qısa cavab verdi:

- Bu uşaqlar sizə oxşuyur (məni və qardaşlarımı nəzərdə tutur).

Amma məni başqa bir hiss bürümüşdü. Hər iki dostum anasını vaxtsız itirib və hər iki dostumun ana sevgisi heç kiminkinə bənzəmir.

Bunu anama deyincə göz yaşlarına boğuldu.

Əminəm ki, əgər hər iki dostumun anası sağ olsaydı analoji situasiyada onlar da bu fotoları seçərdi.

...Şəhriyarın “Azadlıq” radiosunun keçirdiyi müsabiqədə birinci yerə çıxan hekayəsi (“Bizim olan heç nə”) əslində öz anası haqqındadır. Doğrudur, hekayə bir qızın dilindən nəql olunur və qızın anası xərçəngdən deyil, cüzamdan ölür.

Amma heç bir fərqi yoxdur. İtki itkidir. İllah da o halda ki, həmin itki səni bu cür ağrıdacaq və günlərin birində, Şəhriyar demiş, o ağrı sadəcə bədəninin bir üzvünə çevrilməklə sakitləşəcək.

Bu barədə az-çox söz demək haqqı olan biri kimi deyirəm: Şəhriyarın hekayəsi doğrudan gözəl idi. Dili də, intonasiyası da, üslubu da, müşahidələri də, iki daşın arasına ustalıqla yerləşdirilmiş yumoru da! Nəğmə kimi oxudum bu hekayəni.

Əşşi... aləmdi Şəhriyar! Açığı, birinci dəfə görəndə zəhləm getmişdi. Yekəbaş, özündənrazı, ağıldan qürrey gənc təsiri bağışlamışdı mənə. Sonra gördüm yox, yanılmışam! Özü də kökündən! Bu qıvırcıq elə-belə adam deyil.

Ardınca tale Şəhriyarı qarşısına qoyub üstündə, türkün sözü, rəssam kimi işləməyə başladı. Onun alın yazısı başdangetdi yox, xəttat dəst-xəttilə yazılıb. Düzdür, bu, bir insan üçün ağır ola bilər, amma bir yazıçı üçün lütfdür, inayətdir.

Tanrı hər kəsə ağrılarını sözə çevirə bilmək imkanı vermir. Əgər bu imkanın varsa bütün ağrılara eyvallah!

Bu qabiliyyətinə görə elə bilirəm ki, Şəhriyar mənimçün hər şeydi: oğul, ata, bacıoğlu, dayı, qardaş, əmi, qonşu, əsgər yoldaşı, rumka yoldaşı, türmə dostu, meyxana partnyoru, hətta, bacanaq! Nə olsun ki, hələ də “del Gerani” təxəllüsünün mənasını bilmirəm. Heç bilmək istəmirəm də! Onsuz, mən ona Şəhriyar Goranboylu deyirəm. Amma “Gerani” bir yana, bu “del” yaman maraqlı sözdür. İmkan ola apastrofla yazasan.

Şəhriyarla düşmən də olmaq istəyərəm arada. Bığlarını söyərəm! Çoban papağına oxşayan qıvırcıq saçlarından tutub sürüyərəm! Bu qədər yəni...

Şəhriyar bütün dünyaya anasının sevgi pəncərəsindən baxır. Hətta qız sevəndə də bu pəncərədən sevir. Ayrıldığı və bağlandığı qadınlar bir yana, başqa insanlara, məmləkətə, hətta Allaha münasibətində də bir az anası var. Bu sevgi o qədər böyükdür ki, Tanrı qısqanmır, əksinə onun xoşuna gəlir.

Şəhriyarın ağrıya bələnmiş sevgisinin mükafatı həmişə veriləcək. “Azadlıq” radiosunun şəffaf suveniri bunların ən balacasıdır!

# 4484 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #