Azərbaycanlıların tualeti niyə çirkli olur?

Azərbaycanlıların tualeti niyə çirkli olur?
20 may 2018
# 12:40

Kulis.az fəlsəfə elmləri doktoru Həsən Quliyevin “Arxetipik azəri: mentalitetin simaları” kitabından bir hissəni təqdim edir.

Ayaqyolu

Ənənəvi azərbaycanlıların həyat tərzinin özünəməxsusluğunun mühüm cəhətlərini xarakterizə edən mühüm arxetiplər sırasında onların ocağın harmoniyasına və ətraf yaşayış mühitinə münasibətləri ilə sıx bağlı olan «ayaqyolu fenomeni»ni də qeyd etmək lazımdır. Ənənəvi mədəniyyət nöqteyi-nəzərindən özünün qeyri-adi çirkli görünüşü ilə evin təmizliyinin sabitləşmiş kanonlarına açıq-aydın meydan oxuyan «ayaqyolu ekologiyası» son dərəcə qəribə görünür. Ola bilsin ki, bu arxetip arxaik keçmişdən miras qalmışdır və onun spesifikasında (qalıq şəklində) ənənəvi həyat tərzinin bizə məlum olmayan bəzi mexanizmləri qeydə alınmışlar. Belə bir ehtimal yalnız əsaslandırılmağa ehtiyacı olan işçi fərziyyəsi qismində qəbul oluna bilər.

Tipik azərbaycanlıda ayaqyoluna sabit münasibət formalaşmışdır. O son dərəcə varlı olub müasir estetik zövqdən çıxış edərək ekzotik atributikaya malik dəbdəbəli saray tikə bilər. Lakin bununla yanaşı onun ayaqyolusu son dərəcə miskin, həddindən artıq çirkli və narahat olur. Azərbaycanlı say-seçmə qonaqları özünün dəbdəbəli sarayında qəbul edir və eyni zamanda qonaqların onun ayaqyolunu görməsindən çox da utanmır.

Ayaqyolu hər gün onun yolunun üstündədir və məhz özünün miskin görünüşü ilə daha vacib və dəyər baxımından daha əhəmiyyətli nəyi isə onun yadına salır. Mədəni dildə bu «ayaq yolu»dur və buna görə də onun təmiz olması heç də vacib deyildir; bu hətta müəyyən mənada qeyri-təbiidir.

Azərbaycanlılar (yad adamların yanında) son dərəcə utanaraq soruşurlar: «ayaqyolu haradadır?» və elə o şəkildə də utana-utana ora yollanırlar. Yaşayış məkanında ayaqyolu bir qayda olaraq diqqətə layiq olmayan yer kimi evdən uzaqda yerləşir. Əgər ayaqyolu özünün gündəlik zəruriyyət qismində son dərəcə əhəmiyyətli obyekt olmasaydı və bu səbəbdən də hər hansı bir vasitə ilə diqqətdən kənara sıxışdırmaq mümkün olsaydı, onun gizlədilməsi bəlkə də ən pis seçim olmazdı. Digər mədəniyyətlərin nümayəndəsi kimi azərbaycanlı üçün də ayaqyolu funksional baxımdan zəruridir.

Lakin niyə görə isə ayaqyolu onun üçün nümayişkaranə şəkildə özünün məhz «çirkli və müvəqqəti» statusunda vacibdir və görünür bu səbəbdən sıxıla-sıxıla gizlədilir. Ənənə sanki bilərəkdən özünün kiçik «aləmi»nin hüdudlarında ümumi həyat konsepsiyasında ayaqyoluna belə bir münasibət formalaşdırır. Praktik olaraq hər bir azərbaycanlı öz aləmini (ailənin yaşayış məkanını) zaman və memarlıq baxımından ayaqyoluna ən sonuncu yer ayrılmış, sərt şəkildə kanonlaşdırılmış texnologiyaya uyğun olaraq qurur.

Hər şeydən əvvəl gələcək evin və yaxud ofisin bütün perimetri boyu dəfolunmaz hündür hasar tikilir. Sonra puldan və zövqdən asılı olaraq villa və yaxud saray tikilir. Bütün bu dövr ərzində fəhlələr və ev sahibləri necə gəldi və harada gəldi «müvəqqəti ayaqyolu»ndan istifadə edirlər. Dəbdəbəli saray yaradılarkən belə güman etmək olar ki, bir qədər sonra elə binanın özü kimi qəşəng ayaqyolu tikiləcək. Ayaqyolu «murdarlığı»nı tipik həyatla heç bir əlaqəsi olmayan müvəqqəti hal kimi dərk edən yad mədəniyyətin nümayəndəsi olan müşahidəçidə belə bir yanlış təsəvvür yarana bilər.

Lakin zaman keçir və heç bir şey dəyişmir. Öz görünüşü ilə ayaqyolu daim sanki ev sahibinə «deyir» (xatırladır) ki, evə layiq ayaqyolu tikmək üçün vaxt və pul tapmaq pis olmaz. Fəqət iş illüziyadan və sehrli özünətəlqindən o yana getmir; azərbaycanlı ayaqyoluna diqqət vermir, onun üçün nə vaxt, nə də pul tapır. Görünür ki, onun «müvəqqəti murdarlığ»ı belə bir ənənənin əsası qoyulan zamanın arxaik həyatın xüsusiyyətlərini əks etdirir.

Ayaqyoluna belə bir qəribə münasibət təəccüb doğurur və hansı isə izahat tələb edir. Kifayət qədər dəbdəbəli «bağın və sarayın» sahibi bəzən ayaqyolunun anormallığını dəqiq şəkildə görür və bu işin yola qoyulmağının zəruriliyini etiraf edir. Lakin bununla belə «ayaqyolunun həyatı»nda heç bir şey dəyişmir, çünki mentallıq (təhtəlşüur) ayaqyoluna tipik münasibətin dəyişdirilməsi niyyətinə müqavimət göstərir. Çox güman ki, tipik həyat tərzində buna müqavimət göstərən xüsusi uyğunlaşma mexanizmi möhkəm yerləşmişdir və buna görə də onun ayaqyolu konsepsiyası ənənənin tərkib hissəsi qismində yaşayır və ahəngdar şəkildə mədəniyyətin dəyişən sahəsinə daxil olur.

Azərbaycanlı rahat şəkildə modern ofisdə işi nümayişkaranə şəkildə «çirkli» olan ayaqyoluna gedib-gəlməklə birləşdirə bilər. O, ayaqyolundan başqa hər bir şeyə ətək-ətək pul xərcləyə bilər. Məsələ ayaqyolunun Qərb mədəniyyətində qəbul olunmuş normalara uyğunlaşdırılması zəruriyyətinə qalanda həmişə bu problemin həllini təxirə salmaq üçün bəhanə tapılır. Belə bir təəssürat yaranır ki, tipik ayaqyolunun əleyhinə atılmış belə bir addım nə isə son dərəcə müqəddəs bir şeyə qəsddir. Məhz buna görə də heç bir şey dəyişmir.

Azərbaycanlının ayaqyoluna münasibətində uzaq arxaik həyatın – «necə gəldi və harada gəldi bayıra çıxmağ»ın izi nəzərə çarpır. Belə bir hərəkət müəyyən mənada köçəri həyat tərzi üçün təbiidir, lakin bu, oturaq və xüsusilə şəhər mədəniyyəti baxımından anormaldır. Çox güman ki, mentallıqda ayaqyolu bağlı sabit komplekslər işə düşür; azərbaycanlı öz ayaqyolu ilə və öz ayaqyolunda «köçəri» qismində qalır. Heç də təsadüfi deyildir ki, dilimizdə tualetə «ayaq yolu» deməklə biz köçəri semantikasına işarə vururuq, ayaqyoluna tez-tez baş çəkmək istəyini (məsələn ishal olanda) «ayağım işləyir» sözləri ilə ifadə edirik.

Dilin semantikası ayaqyolunun harada isə evdən uzaqda yerləşməsini nəzərdə tutur və oraya getmək cığır ekzotikası ilə assosiasiyaya girir. Ola bilsin ki, ayaqyolunun «daimi çirkliliyi» «köçəri» təsəvvürlər və assosiasiyalar kompleksinin gerçəkləşməsinə xidmət edir, çətinliklərin, pis havanın, palçığın içindən keçib getməyi təqlid edir. Adam heç olmasa gündə bir dəfə özünün ekzotik və ecazkar keçmişinə dalır.

Tualetin qeyri-rahatlığında, çirkliliyində və üfunətində nostalji xatirələrin və emosiyaların oyanması üçün impuls mövcuddur. Evdən aralı yerləşən ayaqyolu ev sahibini hər gün müəyyən məsafəni dəf etməyə vadar edir; o sanki uzaq və çətin, lakin təbii və məcburi səyahətə yollanır və sonra özünün təmiz və rahat evinə qayıdır. Hər dəfə belə bir səyahətdən sonra ev ona yüz dəfədən də çox xoşagələn görünür.

Beləliklə özünün «məkan-zaman» özümlülüyü ilə tipik ayaqyolu köçəri həyat tərzinin bir növ oxşarlığını yaradır; axı məhz müxtəlif çətinlikləri və fəlakətləri dəf etmək köçəri həyat tərzinə xüsusi kolor verir. Bununla yanaşı ayaqyoluna hər gün gedib-gəlmək bir növ belə bir həyatın ekzotik özünəməxsusluğunu canlandırdığına görə böyük əhəmiyyət kəsb edir ... və romantik nostalgiya gətirir.

Və budur, azərbaycanlı hər gün, hər il yoluna qoyulmamış, natəmiz və narahat ayaqyoluna gedir. Yalnız nadir hallarda, başqa mədəniyyətlə təmasa girəndə bunun çox da təbii olmadığı fikri ağlına gəlir. Lakin ənənəvi həyatın kolliziyaları belə düşüncələri silib kənara atır. O, çox asanlıqla ayaqyolunun narahatlığını unudur; yeri gəlmişkən, bununla bağlı onun özü çox da narahat olmur. Onun üçün bu, keçmişin ən yaxşı nümunələrini uzun-uzadı təqlid prosesində təşəkkül tapmış adət etdiyi həyatdır; belə olub və yəqin ki, hələ uzun müddət belə olacaq. Bu, ekzotik ayaqyoluna romantik gediş-gəlişdir.

Müəyyən fizioloji proseslərin səbəbindən hər hansı bir ayaqyolunun atmosferi bir qayda olaraq adamı fəlsəfi (metafiziki) düşüncələrə təhrik edir; görünür ki, bu proseslər nə cürsə beynin müəyyən sahələrinin təxəyyülün, yaddaşın və s. fəaliyyətini sürətləndirirlər. Ayaqyolunda «lazım olmayan şlaklardan yüngülləşmiş» orqanizm ali, sürreal nəsnələr haqqında asanlıqla düşünə bilir; bədənin fizioloji dəyişiklikləri spesifik əqli gərginlik doğururlar və şüuru düşüncənin özünəməxsus vektoruna yönəldirlər. Lakin ənənəvi azərbaycanlıların ayaqyolunda ağıl əsasən belə bir qəribə ənənənin davamlılığını başa düşmək niyyəti ilə yüklənir: nə üçün «natəmiz-narahat» ayaqyolu yeniliklərə immunitetini qoruyub saxlayır və yeni sivilizasiya meyllərinə uyğunlaşmır?

Ayaqyolumuz bizdə özünün «çirkli mahiyyət»ini dərk etmək istəyi doğurmaq xüsusiyyətinə malikdir. Bizim çoxumuz bu sirri dərk etməyə cəhd etmiş və «Nə üçün biz xoşbəxt gələcəyə inadla çirkli ayaqyolunun cığırı ilə gedirik və bununla da hansı keçmişi inadla qoruyuruq?» sualı üzərində əbəs yerə baş sındırırıq.

Biz müasir sivilizasiyanın normalarını nə qədər intensiv şəkildə mənimsəyiriksə, bir o qədər kəskinliklə ayaqyolumuzun yöndəmsizliyi nəzərə çarpır və bizi onun arxaik sirrini dərk etməyə məcbur edir. Bəzən bizə elə gəlir ki, onun yozumuna yaxınlaşırıq və tezliklə onun mental mənasını başa düşə biləcəyik. Hal-hazırda biz ənənəvi həyatın bir sıra tərəflərinin köklü şəkildə dəyişdirilməsi ilə müşayiət olunan növbəti işıqlı gələcəyə can atırıq. Çox güman ki, biz ayaqyoluna ənənəvi münasibəti bir qədər dəyişdirməli olacağıq. Yeniliklər axınında hərdənbir beynimizə belə bir fikir gəlir ki, işıqlı gələcəyə belə bir ayaqyolu ilə getmək bizə yaraşmaz; heç olmasa onun «murdar» missiyasından imtina etməyin qeyri-mümkünlüyünü başa düşməliyik. Biz seçim qarşısındayıq: ya ayaqyolunun mənasını və təyinatını başa düşməli, ya da labüd yeniliklərə uyğunlaşmaq məqsədi ilə ayaqyolu ənənəsini dəyişdirməliyik. Ayaqyolunun mental missiyasını dərk etmək kontekstində ona münasibətimizi sərf-nəzər etmək yaxşı olardı.

Ayaqyolunun öz arxetipik özünəməxsusluğunu hifz etdiyi gələcəyi təsəvvür etmək çətindir. Bizim üçün əsas çətinlik ayaqyolunun başqa bir perspektivə uyğunlaşdırılması imkanının axtarışı ilə bağlıdır. Çox ola bilsin ki, ənənəni qoruyub saxlamaq üçün ayaqyolu bizə məhz bu şəkildə lazım olduğuna görə onun arxetipik ruhunu qayğı ilə mühafizə edirik. Sövqi-təbii ilə hiss edirik ki, onun «murdar mahiyyət»i bizim mental sistemimizə həkk olunmuşdur və onun vəhdətini qoruyub saxlamaqda mühüm funksiyanı həyata keçirir. Ayaqyolunun arxetipikliyində özünəməxsus şəkildə müxtəlif dövrlərin – indiki zamanın uzaq mifoloji keçmişlə əlaqəsi təmin olunur; bizim ayaqyolunun mövcud olmadığı gələcəyi və xüsusilə də ona ayaq basmağımızı təsəvvür etmirik..., çünki «steril» ayaqyolu mühitində cərəyan edən həyat bizim üçün anlaşılmazdır. Belə bir steril həyatı «özünkü» kimi qəbul etməyin qeyri-mümkünlüyündən doğan inam bizdə instinktiv tərəddüd hissi yaradır, çünki belə bir həyatda tipik murdar ayaqyoluna xüsusi yol olmayacaq.

Biz bütün intellektual potensialımızı səfərbər etsək belə, bunu təsəvvür etmək çətindir. Ayaqyolu mədəniyyətinin mental özünəməxsusluğunu qoruyub saxlamaq istəyinin cilovladığı təxəyyülümüz belə bir şeyə cəsarət edə bilməz. Təxəyyülün həyatı belə bir ayaqyolusuz təsəvvür edə bilməməsindən aşağıdakı nəticə hasil olur: görünür ayaqyolu mentallığın elə mühüm bir komponentidir ki, onu itirmək olmaz. Əgər biz ənənəmizi qoruyub saxlamaq istəyiriksə, uzaq keçmişin bu yadigarını bütün sınaqlardan uğurla çıxarmalıyıq. Bu halda belə çıxır ki, mentallığın bu mühüm komponentini biz qoruyub saxlamırıq, «arxetipik ayaqyolu» bizə ənənənin məcrasından çıxmağa imkan vermir. Hər gün ayaqyolunun arxaik koloriti bizi əmin edir ki, biz mental energetika (atmosfer) sahəsində, ənənəvi həyat tərzi zonasındayıq. Hər dəfə biz ayaqyolunda güzgüdə olduğu kimi özümlüyümüzün təzahürünü görürük, mentallığın əlahiddə simasını üzə çıxarırıq, başqalardan fərqimizi qeydə alırıq.

Biz ayaqyoluna demokrat yaxud liberal, islamçı, yaxud solçu qismində daxil ola bilərik, lakin oradan mental baxımdan özümüzə gələrək çıxırıq və ənənənin ağuşuna qayıdırıq. Ayaqyolu bizi inandırır ki, bütün bu «izm»lər bizim mental birliyimizi dağıda bilməz; biz hamımız tariximizin muzeyi olan, həyat tərzimizin özünəməxsusluğunu nümayiş etdirən, mifoloji keçmişimizə səyahət etməyə imkan yaradan, «öz» gələcəyimizə yol açan eyni ayaqyolundan «çıxmışıq»... Bu yol mütləq arxaik keçmişdən bizə miras qalmış «öz» ayaqyolumuzdan keçməlidir. Hər bir nəslin vəzifəsi müxtəlif dövrlər arasındakı əlaqəsini, belə bir həyat təcrübəsindəki varisliyi itirməməklə bağlıdır. Bu missiyanı müəyyən mənada ayaqyolu yerinə yetirir.

Ola bilsin ki, bizim mental əmin-amanlığımız beynimizdə hətta təsadüfi olaraq ayaqyoluna münasibətimizi sərf-nəzər etmək haqqında fikrin doğulmaması ilə təmin olunur. Biz sövqi-təbii hiss edirik ki, bu fəlakətlə nəticələnə bilər. Təxəyyülə adət halını almış həyat tərzinin hüdudlarından kənara çıxmağa imkan vermək sərfəli deyil: bu bizi özümlüyümüzü seyr etmək, ənənəyə mənsubiyyət (aidiyyət) hissini əldə etməyə imkan verməyən başqa bir ayaqyoluna apara bilər.

Ənənəvi azərbaycanlılar ayaqyoluna fikir verməməyi üstün tuturlar. Bu mövzuda söhbətlər onları möhkəm əsəbiləşdirir. Yetərsizlik kompleksindən əzab çəkən bəzi adamlar «başqa xalqlar da demək olar ki, elə bu cür relikt ayaqyolu tətbiq edirlər» ideyasını suda batan adam saman çöpündən yapışdığı kimi bəhanə gətirə bilərlər. Belə bir dəlil ilə razılaşmaq olar. Lakin məgər belə bir arqument bizə kifayət qədər təskinlik verə bilərmi? Əgər kim isə mədəniyyətimizin «ayaqyolu çatışmazlığı» fikrinin özünü mümkün hesab edirsə, çox güman ki, utancaqlıq hissini özgələrinin nöqsanlarına istinad edərək ört-basdır etmək yersizdir. «Başqaları da buna oxşar ayaqyolu koduna malikdirlər» kimi bəhanələrlə şəxsi nöqsanı aradan qaldırmaq, utancaqlıq hissindən – yetərsizlik kompleksindən xilas olmaq olmaz. Əgər biz ayaqyolumuzun anormallığını qəbul ediriksə, onda bu çatışmazlıqdan azad olmaq haqqında fikirləşmək, yaxud bu anormallığı sezməmək və ayaqyolunun bu xüsusi koloritini islaha, deməli, dəf olunmağa ehtiyacı olmayan mühüm təzahürü qismində qəbul etmək, özünün hər hansı bir özünəməxsusluğunu relikt məziyyət kimi qavramağı bacarmaq lazımdır.

Tərəddüd edənləri və əsəbiləşənləri onunla sakitləşdirmək olar ki, «bu» ayaqyolundan yüzlərlə nəsillər keçərək mentalitetimizi bu günlərə gətirib çıxara bilmişlər. Onları heç bir şey qorxutmurdu. Onlar başqa mədəniyyətlərdən utanıb çəkinmirdlər. Bəs onda nə üçün biz demokratiyaya girişin astanasında ayaqyolumuzdan utanıb özümüzü onda narahat hiss etməliyik? Demokratiyanı ayaqyolumuzun atmosferinə uyğunlaşdırmaq, ona ayaqyolunda hökm sürən mental kolorit vermək daha düzgün olmazmı? Demokratiyanı bizim mental zəminimizdə becərmək zəruriyyətinə romantik şəkildə əmin olan siyasətçilərimizi başa düşmək çoxmu çətindir?

Ayaqyolumuza kənar müşahidəçinin (yaxud son dərəcə uzaq keçmişdən) gözləri ilə baxanda adam onu dağıtmaq və yerində təzəsini tikmək istəyir. Lakin ayaqyoluna hələ axıra kimi dərk olunmamış mentalitetimiz nöqteyi-nəzərindən yanaşanda adam belə riskli addım atmaq istəmir. Axı, intuitiv şəkildə başa düşmək olar ki, əgər ayaqyolu başqa mədəniyyətlərin sellərinin bütün təzyiq və təsirlərinə tab gətirib bizim günlərə qədər özünün əzəli təyinatını qoruyub saxlaya bilmişsə, deməli o, mentalitetimizin fəaliyyətinin bütövlüyündə bizə məlum olmayan bir rol oynayır.

Köhnəlmiş mədəniyyətin istənilən obyekti kimi onu sökmək çox asandır və sonradan onu xatirələrdən silmək də çətin deyil. Nəhayət yeni ayaqyolu mədəniyyətini də tez bir zaman ərzində mənimsəmək mümkündür. Lakin əgər mədəniyyət inadla tipik ayaqyolundan qətiyyətlə imtina etmək istəmirsə, deməli o, mentalitetin qoruyub saxlanılması üçün mühüm əhəmiyyət kəsb edən səbəbləri rəhbər tutur.

Təmiz ayaqyolunun üstünlükləri hamıya aydındır. Burada dahi Vitgenşteynin aforizmi yada düşür: buzun üstündə gəzişmək ona görə çətindir ki, onun səthi bizim üçün həddindən artıq təmizdir. Görünür ki, bizim arxetipik həyat tərzimizə çirkli ayaqyolunun yolu üzərində gəzişmək daha yaxşıdır; ənənə onun yeniləşməsinə ona görə müqavimət göstərir ki, təmiz ayaqyolunda bizim mental yıxılmamızın ehtimalı artır.

Digər yazılar:

Qızın gəlinə çevrilməsində iştirak edənlər

Kişilər niyə evdən qaçır?

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #