Dünyanın ən yaxşı uşağı

Dünyanın ən yaxşı uşağı
11 iyun 2014
# 13:54

İlqar Rəsul yazır...

Özünü saxlaya bilməyib velosipedini ofisin qarşısında dayanmış maşınlardan birinə çırpdı. Elə o dəqiqə də velosipeddən düşüb birnəfəsə adını, soyadını və atasının adını maşının yanında durmuş sürücüyə söylədi. Sonra ağladı. Qıp qırmızı olmuşdu qorxudan. Altı, yeddi yaşlarında toppuş bir oğlan uşağı idi.

Maşına təxminən heç nə olmamışdı. Yan tərəfdən balaca bir batıq yəni. Sürücü və yanındakılar nə qədər onu sakitləşdirmək istəsələr də alınmadı. Elə ağlayırdı. Sonra qaçıb binanın arxasında davam elədi ağlamağa. Aralıdan baxırdım. Ağlamağı da adama maraqlı, bir az da şirin gəlirdi bu qəşəng oğlanın. Yaxınlaşıb onu sakitləşdirməyə cəhd elədim:


- Narahat olma. Maşın o qədər də əzilməyib. Hətta çox əzilsəydi belə buna görə sənə kimsə nəsə deyib narahat etməzdi.

Gözünün yaşını kəsmədən üzümə baxırdı. Davam elədim:


- Bəs sən istəyərsən o adamlar narahat olsun?

Burnunu çəkərək əlinin dalı ilə gözlərini silib-yox -dedi-istəmərəm.

- Bax, amma sən indi burda ağlayırsan, onlar narahat olurlar. Elə mən də.

Gözlərini silərək “Bəs mən nə edim, pis olmuşam axı”-deyib cavab gözlədi.

Dedim sən daha ağlama. Uşaqlara qoşul futbol oyna. Əgər yaxşı oynasan, biz də rahat olarıq. Maşını əzdiyin də hamının yadından çıxar.

- Düz deyirsiniz?- gözləri parıldadı.

- Əlbəttə düz deyirəm. Heç mən yalançıya oxşayıram?

- Yox, oxşamırsınız.

- Onda başla.

Qaçdı qoşuldu binanın həyətində bayaqdan futbol oynayan həmyaşıdlarına, başladı top qovmağa. Daha ağlamırdı. O qədər həvəslə oynayırdı ki...

Bir az dayanıb baxdım və düşündüm ki, bir uşaq öz olmayan günahını yumaq, bilərəkdən etmədiyi yanlışını düzəltmək üçün gör nə qədər canfəşanlıq edir. Özü də həvəslə...

Həmin an o oğlan dünyanın ən yaxşı uşağıydı mənimçün....

Arxayınlaşıb ordan aralananda içimdə bir sual yarandı:

- Bəs biz, böyüklər? Günahlar bir yana, hansısa ciddi yanlışlığımızı düzəltmək üçün nə qədər həvəslə çalışırıq? Ümumiyyətlə çalışırıqmı?

Düşündüm və gördün ki, hər halda o uşaq qədər deyil...

Amma o uşaq...

Yeddi yaşlı o toppuş oğlan adını, soyadını və atasının adını - yəni kimliyini tam olaraq demişdi ki, sürücü onun barəsində qərar verməkdə, valideynini tapıb müraciət etməkdə çətinlik çəkməsin...

# 4031 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #