“Üç bacı”nın dərin sirləri REPORTAJ

“Üç bacı”nın dərin sirləri  REPORTAJ
10 iyun 2014
# 08:00

Kulis.Az Sevda Sultanovanın “Üç bacı” teleserialının çəkilişindən yazdığı reportajı təqdim edir.

...Nəhayət, son fotonu Dilarə Əliyeva ilə çəkdirib, çəkiliş meydanından ayrılıram. Ayrılanda Dilarə xanıma:

- Saytda oxuyarsız, serialı kəskin tənqid edəcəyəm - deyirəm.

Söz altda qalmır:

- Bax da... Nömrən var bizdə.

...Küçəyə çıxıram. Gün təpəmə döyüb, məni haldan salsa da, beynimi işə salmağa çalışıram. Yolboyu düşünürəm ki, reportaja necə başlayım, hansı yanaşma daha cəlbedici ola bilər.

Bəlkə Səyavuşdan başlayım? “Üç bacı” serialının rejissoru Səyavuş Hüseynlini nəzərdə tuturam.

Səyavuşla milli teleməkanın ən böyük problemlərindən biri – televiziya rejissorluğu barədə söhbətləşmək planımda onsuz da vardı. Çünki Səyavuş - müstəqillik illərindən sonrakı dönəmdə televiziya məkanında azsaylı yaxşı rejissorlardan biridir.

Ölkənin ilk uğurlu prodakşnlarından biri olan SOY kompaniyasını Səyavuşsuz təsəvvür eləmirəm. Onun hazırladığı verilişlər (xüsusən də “Çal-Çağır”, “Yeni ulduz” layihəsi) yeni ifadə formaları, maraqlı improvizələri, dinamikliyi, dəyişikliyə cəhdləri ilə fərqlənib.

Ona görə də rejissoru olduğu “Üç bacı” bir neçə normal serialdan biri sayılır.

- Xanım, əyləşin. Orda yer var.

- Necə?

- Deyirəm, əyləşin. – gənc oğlan başı ilə avtobusun ön sırasını göstərir.

Məni fikrimdən ayırdığı üçün ona hirslənsəm də, təmkin və növbətçi təbəssümlə:

- Yox, sağ olun - deyirəm.

...Hə, harda qalmışdım.

“Üç bacı” serialının çəkimləri “Gənclik” metrosu həndəvərində, “Varlılar məhəlləsi” deyilən ərazidəki üçmərtəbəli imarətdə gedir.

Görüş yerinə təyin olunan vaxtdan tez gedirəm. Məni icraçı prodüser Mirzə Ağa Mirzəyev qarşılayır. Onunla dil boğaza qoymadan seriallardan danışıram.

Rejissor köməkçisi, kreativ prodüser Dilşad Baxşəliyeva məni çaya qonaq edir.

- Bir az dincəlin, Səyavuş müəllim də indi gələr.

Rejissor gələnədək Mirzə Ağa ilə çəkiliş prosesindən danışırıq.

Az sonra uzun müddətdir ki, görüşmədiyim rejissor da gəlir. Xoşbeş - on beşdən sonra diktofonu qoşub söhbətə başlamaq istəyirəm ki, arxadan öz adımı eşidirəm.

“Üç bacı” serialında Səadət rolunun ifaçısı Dilarə Əliyeva yaxınlaşır. Yarı ciddi, yarı yumorla:

- Qoy əvvəlcə mən çıxışımı eləyim. Deməli, saytda ilk axtardığım, oxuduğum imzalardan biri sizsiz. Bəzi məqamlarla razılaşıram, bəziləri ilə yox. Amma sonucda maraqlı, məntiqli yazılardır.

- Bilsəydim, diktofonu qoşardım. Ürəyimə yağ kimi yayıldı.

- Bayaq dedim axı. Mən çıxış eləyəcəm. Hər dəfə baxıram ki, bizim serialdan yazı nə məsələdirsə, ya yoxdu, ya da nə tənqid var, nə tərif.

- Aha. Növbəti yazımda serialı yıxıb sürüyəcəm.

- Axı mən dedim, razılaşmadığım məqamlar da var.

Dilara xanımın sözlərindən zövq alıram. Və Səyavuşla söhbətimizə qayıdıram.

- Məncə üç aktrisanın veriliş formatından seriala keçməsi uğurlu idi. Çünki veriliş tükənmişdi.

- Proqram uzun davam etdikcə təkrarçılıq olur. Serial ideyasından əvvəl bir neçə ay araşdırma apardım. Rus, türk, Avropa, Amerika sitkomlarına (situativ komediya – red.) baxdım. Xeyli material oxudum. Birinci bölümü bir ay montaj elədim. Ən müxtəlif variantlarda montaj elədim ki, hansı uğurludur.

- İndi dövlətin ayırdığı maliyyə yardımı ilə çəkirsiz. Amma ilk mövsümdə belə deyildi.

- Başlayanda bir neçə sponsor var idi. Baş sponsorumuz isə Bakcelldir. Sonra Vaqif Mustafayevin dəstəyi ilə Teleradio Şurası bizə maliyyə ayırdı. Serialın da auditoriyası formalaşıb.

- Aktyorlarla necə işləyirsən? Özün də yanılmıramsa, aktyorluğu bitirmisən.

- Əvvəlcə ssenarist (Vüqar Hüseynov) mətni aktyorlara oxuyur, müzakirə edirik. Çəkilişdən əvvəl bir gün tam məşq edirik. Çəkiliş günü də.

Dilşad yaxınlaşıb, çəkiliş vaxtının başlandığını deyir. Çəkiliş ikinci mərtəbədə bacıların evində olacaq.

Ümumiyyətlə, çox az hallarda natura çəkimləri olur. Əsasən çəkim prosesi interyerdə baş verir.

Serialda gördüyünüz bütün məkanlar – mətbəx, yataq otaqları, dükan, kafe, lift, blok, qonşu evi - bu villada yerləşir.

Eyni məkanda iş prosesi vaxta və pula qənaətdir.

Dekorasiyaya xeyli vəsait ayrılıb. Üçüncü mərtəbədəki blok, tualetdən lift düzəldilib. Qonşunun evi isə əslində kiçik, dar yerdir. Kamera elə qurulur ki, sanki, bu, ayrıca böyük evdir.

Otaqlarla tanış edən rejissora dönüb deyirəm:

- Axı niyə bizi aldadırsız?

O, gülümsünür:

- Bu, bizim işimizdir.

- Ev yiyəsinin villasını nə kökə qoymağınızdan xəbəri var?

- Yox. Görsə, heç tanımayacaq. Yerə sərilən xalıları, bacıların evindəki servantı, qab-qacaqları, çilçırağı, divar kağızlarını Oqtayla (baş prodüser Oqtay Əliyev) seçib almışıq.

Tamaşaçının dükanın vitrinində gördüyü şirniyyatlar hamısı rekvizitdir. Arxa rəflərdəki şirniyyatlar isə serialın ilk bölümündən – iki ilə yaxındır ki, ordadır. Təbii ki, xarab olub.

Sonra o, piştaxtanın yan tərəfinə biskvit qutularını göstərib “yemək olar” deyir.

Kleptomaniyaya (oğurlamaq xəstəliyi-Red.) meylli olduğumdan əl atıb təzə biskvit qutularından birini çantama atmaq istəyirəm. Amma özümü zor tuturam.

- Soyuducudakı şirə qutuları da boşdur yəqin.

- Hə, içmişik.

Kameralar, işıqlar üç bacının bacının evində qurulur. Mən monitor arxasında rejissorun yanında yerimi rahatlayıram.

Üç bacı - Xoşbəxt (Tünzalə Əliyeva) Sevinc (Ülviyyə Əliyeva) və Səadət (Dilarə Əliyeva) əvvəlcə bir neçə dəqiqə məşq edir, mətnlərini təkrarlayır, mizan qurulur, rejissor son göstərişlərini verir.

Və çəkiliş başlayır. Səhnələr adətən iki kamerayla, bəziləri isə üç kamerayla çəkilir. Bir səhnə təxminən 15-ə yaxın müxtəlif planda çəkilir.

Oxuculara daha aydın olsun deyə, prosesi sadə və qısa izah etməyə çalışacam.

Məsələn, əhvalatın üç personajını – Xoşbəxti, Sevinci, Səadəti əvvəlcə ümumi planda – yəni eyni zamanda üçünü də ekranda görürük. Sonra onlar yenə həmin mətni təkrar edir və bu dəfə ekranda tək-tək görüntülənirlər. Daha sonra yenə eyni mətni deyən aktyorlar yandan çəkilir və ya üçü yox, ikisi göstərilir. Yəni, bir kadr müxtəlif bucaqlardan çəkilir, aktyorlar hər dəfə eyni mətni yenidən təkrar edir. Vacib məqamların biri “stop” komandasından sonra aktyorun ritmdən çıxmamasıdır. Təbii ki, vərdiş, peşəkarlıq, ortama alışqanlıq köməyə gəlir.

Mən çoxplanlı səhnələri, detal planları sevirəm. Amma bu, çox zəhmətli, əmək tələb edən prosesdir. Ona görə də bir neçə saatdan sonra hamıda yorğunluq hiss olunur.

Rejissora “Səncə çox pedantçılıq, həddən artıq tələbkarlıq eləmirsən?” - deyirəm.

- Həmişə türk seriallarına baxanda adama elə gəlir ki, onlar 17 kamera ilə işləyir. Bütün səhnələri belə işləyirəm. Bu, montajda da uğurlu kadr seçiminə imkan verir.

- Operator deyəsən İrandandır.

- Əslində Aydın Şirinsifəti (rejissor Babək Şirinsifətin qardaşıdır) özümüzünkü sayıram. Azərbaycanlıdır. Onun fikirlərini nəzərə alıram. Bir-birimizlə dil tapmışıq. Montaj təcrübəm olduğu üçün əvvəlcədən səhnələri tam görə bilirəm. Çoxillik televiziya təcrübəm də xeyli köməyimə gəlir.

Əhvalata Selfi adlı qızcığaz da daxil edilib. Onu bacıların qardaşı Ağır (Rövşən Kərimduxt) küçədən tapır.

Səyavuş deyir ki, serialı dinamikləşdirmək üçün bu obrazı da daxil elədik. Tamaşaçını eyni əhvalat və personajlarla yormaq olmaz.

- Yeri gəlmişkən, bu gün yeni bölümümüz olacaq. Baxarsan, bəzi yeniliklər eləmişik.

- Saat neçədədir?

Rejissor məni məzəmmət edir:

- Çəkilişə gəlirsən, amma bilmirsən efir vaxtı necədədir?

- Seriallara internetdə baxıram.

Vaxtım olmadığından milli seriallarımızı çox vaxt internetdə izləyirəm. Məsələ həm də ondadır ki, cümə axşamı “Üç bacı” “Aramızda qalsın” türk serialı ilə eyni vaxta düşür. Evdəkilər də ona baxır.

Daha bunu rejissora demədim.

Çəkiliş prosesində aktyorlar çox improvizə edir. Rejissorun dediyinə görə, mən indi improvizələrin yalnız 30 faizini gördüm.

Aktyorlar Selfi obrazının ifaçısı Fatiməyə yardım edirlər. Elə ortam yaradırlar ki, Fatimə özünü komplekssiz, rahat hiss eləsin. Rejissor çox sadə dillə ona nəyi necə edəcəyini anladır.

Dilarə təklif edir ki, dinamiklik üçün Fatimə mətnini deyəndən sonra əlini atıb ağcaqanad tutsun. Bu təklif yerinə düşür. Çünki onun da obrazı dəxlisiz məqamlarda milçək, ağcaqanad tutur.

Fatimə ona verilən tapşırığı tez mənimsəyir. Belə xırda detallar seriala hərəkətlilik, kolorit gətirir, oyunu daha plastik edir.

Səhnənin bir yerində Ağır səhvən “yaş” əvəzinə “yas” deyir.

- Ağlayıb palazı yas eləmişəm!

Rejissor Tünzaləyə:

- Gərək burda onun səhvini düzəldəydin.

Tünzalə, “İstədim, amma düşündüm ki, ixtiyarım yoxdur” deyir. Kadr yenidən çəkilir.

Bu cür yanlışlıqlar yeni improvizələrə yol açır.

Diqqətimi Ağır obrazını oynayan Rövşən Kərimduxt çəkdi. Komik obrazına rəğmən onun üzündə nəsə faciəvilik var. Tragikomiklik bu olsun gərək! Bu, məni bir qədər sarsıdır. Hətta düşünürəm ki, onun oyununu görmək üçün Dram Teatrının tamaşalarına gedəcəm.

Aktrisalarla foto çəkdirsəm də, nəsə onunla cəsarət etmədim.

- Trierin filmlərindən sonra serial çəkilişinə baxmaq necə hissdir?

Qəfil sualı mənə operator assistenti Emin Pənahov

verir. Qısa fasilədən istifadə edib dünya kinosundan danışırq.

Az sonra yemək fasiləsi elan olunur. Rejissor məni yeməyə dəvət edir. Süfrə arxasında beynəlxalq festivallardan, İran kinosundan, Cəfər Pənahinin son filmindən danışırıq.

Sonra Səyavuşdan soruşuram ki, ümumiyyətlə, serialın mesajı nədir.

- Hər şeydən əvvəl xoş ovqat vermək! Gündəlik problemlərə də toxunuruq. Məsələn, tikililərin sökülməsi, yaşıllıqların qırılması, sosial şəbəkələrlə bağlı...

Ayrılanda yadıma düşür ki, gərək rejissordan məni kütləvi səhnədə çəkməyi xahiş edərdim.

Qalsın başqa vaxta...

# 6166 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #