Kapitanın darıxan arvadı Parisdə nə edir?

Kapitanın darıxan arvadı Parisdə nə edir?
7 iyun 2014
# 07:45

Kulis.az “Baxılası 50 film” layihəsində bir çox kinematoqrafçının yaradıcılığına, fransız “Yeni dalğa”sına təsir edən, fransız rejissoru Jan Viqonun (1905-1934) “Atalanta” filmini təqdim edir.

Jan Viqo həyatla erkən vidalaşsa da, kinoda poetik realizmin inkişafında mühüm rol oynayıb. O, Parisdə anarxist Ejen Bonaventuranın ailəsində doğulub. Onun atası “Qırmızı papaq” başlıqlı satirik qəzet buraxırdı.

Sonralar isə həbs olunaraq həbsxanada naməlum şəraitdə öldürülüb.

Uşaqlıqdan səhhəti zəif olan Viqo uzun müddət xəstəxanalarda müalicə olunub. Valideynləri siyasətlə məşğul olduğundan ona diqqət ayırmayıb.

İnternatda oxuyan Viqonu qohumları tərbiyə edib.

Sorbonna Universitetində təhsil alan rejissor məşhur kinooperator Leon Anri Byurelin köməkçisi işləyib. Qohumlarından ona miras qalan 100 min franka Viqo kinokamera alaraq, 1930-cu ildə ilk filmini çəkib.

Onun “Nitsa haqda” adlı ilk filmi səssiz, qısametrajlı sənədli lentdir.

Bu filmdə o, adi, banal səhnələrə üslublaşdırılmış poetiklik verir.

Üzgüçü Jan Tarisə həsr elədiyi “Taris və ya üzgüçülük” sürrealist sənədli lenti isə onun ikinci işidir.

1933-cü ildə o, uşaqlıq xatirələrinə əsaslanan

“Davranış-sıfır” adlı ilk tammetrajlı bədii filmini ekranlaşdırır.

Bu filmdə şagirdlərin internatdakı həyatı, davranışı, məktəbin sərt qaydalarına qarşı üsyanı təsvir olunur. Rejissor müəllimlərin karikaturasını yaradır və onların hər biri mənfi xüsusiyyəti simvolizə edir.

Bu üsyanda amansızlıq yox, anarxizm və ironiya var: məsələn, balışlarla dava səhnəsi, müəllimlərdən birinin çarpayıda çarmıxa çəkilməsi və s.

Amma fransız tənqidçiləri filmi amansızlıq kimi qiymətləndirdi. Katoliklər də onun əleyhinə getdi və nəticədə film yasaq edildi.

Yalnız 1945-ci ildə “Davranış-sıfır”ın nümayişinə icazə verildi.

Bir il sonra rejissor sonuncu - tammetrajlı “Atalanta” ekran əsərini çəkir.

Bu gün “Baxılası 50 film” layihəsində rejissorun dünya kinosunun ən yaxşı filmlərindən sayılan “Atalanta”nı (1934) təqdim edirik.

Filmin süjeti sadədir: Gənc kəndli qız Cülyetta və gəmi kapitanı Jan evlənir. Sonra onlar Janın “Atalanta” adlanan gəmisinə daşınırlar.

Cülyetta tezliklə gəmi həyatından bezir, onu Parisin parıltısı cəzb edir və ərinin icazəsi olmadan şəhəri gəzməyə gedir. Qadın şəhərdə qarət olunur və kişilərdən ədəbsiz təkliflər alır.

Əri isə arvadını gözləmədən üzür. Amma bu ayrılıq hər ikisinə əzab gətirir. Janın ekssentrik qoca dostu Cülyettanı taparaq onları barışdırır.

Poetik film sayılan “Atalanta”da poeziya və qrotesk birləşir.

“Atalanta” gəmisi romantik dünyanın modelidir.

Əyalətdən şəhərə can atan Cülyetta anlayır ki, romantika gerçək dünyada yox, “Atalanta”da mövcuddur.

Reallığın yalnız gözəl poetik görüntüsü var. Gənc qadının arzuları reallıqla toqquşur.

Sonda cütlüyün yenidən bir araya gəlməsi ilə rejissor arzunu gerçəkləşdirməyin mümkün olduğunu göstərib.

Filmin maraqlı səhnələrindən biri Janın dənizdə suyun altında sevdiyi qadının xəyalını görməsidir.

Su altındakı səhnəni “Andegraund” filmində sitat gətirən Emir Kusturitsa deyir: “Bu filmlə Viqo mənim ümumən kinoya baxışımı dəyişib. Kinonu poeziya yaradır. Siz kino çəkmək üçün şair olmalısız, əgər siz şair deyilsizsə onda çəkdiyiniz film sadəcə adi

əksetmə olacaq. Şair üçün müasir kinonun cəngəlliyində sağ qalmaq çətindir. Mən əminəm ki, “Atalanta”da siz dialoq və hərəkət arasında ideal balans taparsız”.

“Atalanta”nın premyerasından sonra rejissor vərəmdən ölüb.

1951-ci ildə Fransada Jan Viqo mükafatı təsis edilib. Onun laureatları arasında Klod Şabrol, Jan Lyuk Qodar, Kris Marker və başqaları var.

Maraqlı faktlar


***

Viqonun bütün filmlərinin operatoru böyük rus rejissoru Dziqa Vertovun qardaşı Boris Kaufman olub.


***

Viqo xəstəlikdən əziyyət çəkdiyinə görə filmin son kadrlarını Kafuman təklikdə çəkib.

***

“Atalanta” filmini kinoteatr sahibləri, prokatçılar soyuq qarşılayıb. Viqo deyirdi ki, bu film onu əldən salıb. O, isə yaşamaq və çəkmək istəyir.

***

Rejissor öləndə arvadı Elizabet özünü pəncərədən atmağa cəhd edib.

***

Viqonun heç bir filminin normal prokatı olmayıb, sağlığında tamaşaçıya göstərilməyib.

***

“Atalanta” Cim Carmuşun ən sevdiyi filmdir.

http://www.tfilm.tv/16721-atalanta.html

# 2535 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #