Sevdiyim iki yazar

Sevdiyim iki yazar
21 may 2011
# 11:03
İki yazarı çox sevirəm. Şükürlər olsun, ikisi də yaşayır.
Birinin 83 yaşı var. Qocalıb, xəstədir.

Digərinin 59 yaşı. Bildiyim qədəriylə xəstə filan deyil.

Biri lap yaxındadır, qonşu ölkədə.

O biri uzaqda, okenın o biri tayında.

Biri Qabriel Qarsiya Markes.

O bir Orhan Pamuk.

Markesi orta məktəbdə oxuyanda tanımışdım. Onu oxumağı əmim tövsiyə etmişdi. Kəndə növbəti gedişimdə onun rayonda qoyub getdiyi yiyəsiz qalmış kitabxanasından 1980-cı illərin “Azərbaycan” jurnallarını tapıb gətirdim.

O jurnaldan “İzabel Makondada yağışa baxır”, “Baltasarın həyatında unudulmaz gün”, “Dünyanın ən gözəl ölüsü” hekayələrini oxudum. Xarüqüladə, möhtəşəm hekaylər.
Qız qalası yanındakı kitabxanadan məktəbdə oxuyarkən ilk maaşıma aldığım kitabların içində “Gözlənilən bir qətlin qısa tarixçəsi” də vardı.

Rəvan dillə yazılmış, hamının əvvəldən bildiyi bir cinayəti bitdə-bitdə anladan axıcı bir hekayə. Can verən Santyaqo Nasarın bağırsaqlarını əllərilə qarnına sıxaraq Venefrida xalaya dediyi tükürpədici sözlər:

- Vene xala, məni öldürdülər.

“Ölürəm”, “vurdular”, yox məhz öldürdülər. Ölməkdə olan Santyaqo Nasarın halını başqa cümləylə təsvir etmək olmazdı.

***

Bizdə təssüf ki, Pamukun adı tərəddütlə çəkilir. Bəlkə qazaxlar və ya digər türk millətləri Pamukla bizdən daha çox öyünürlər. Onların erməni problemi yox əlbəttə.

Pamukun məlum bəyanatını alqışlamadığım kimi bir yazarın düşündüklərini ifadə etmək kimi haqqının olduğunu da düşünürəm.
Orhan Pamuk böyük yazardır. Unutmamaq lazım ki, Nobel mükafatı almış ilk türk yazardır.

Öncə “Qar” ını oxudum, ardınca “Bəyaz qala” , daha sonra “Qara kitab”, “Mənim adım qırmızı” “İstanbul; xatirələr və şəhər” . Ən son isə esselərinin və müsahibələrinin də yer aldığı “Mənzərədən parçalar” kitabını.

Pamukun əsərlərini zəif və güclü deyə ikiyə ayırmaq mümkün deyil.
Onun bu qədər usta bir yazar olmasında, mətni bir konsturksiya kimi görə bilməsində, heç bir əskik bıraxmadan qura bilməsində memarlıqda oxumasının da rolu olub. O mətni çoxmərtəbəli bina kimi tikir.

Əgər bir yazara yazarlığı öyrənmək üçün bir usta gərəkdirsə o da Orhan Pamukdur.

Pamuk “Qar” romanın yazarkən “Sabah” qəzetinin vəsiqəsini alaraq Qarsa gedir. Qarsda onun jurnaslit olduğunu zənn edən yerli əhali dərdin danıb Pamukun yazacağı reportajda problemlərinin yer alacağını zənn edərlərmiş.

Amma bir səfərlə Pamuk Qarsda lazımı material toplaya bilmir. Onun Qarsa gəliş gedişi iki-üç il çəkir.

Növbəti səfərində yenə də artıq tez-tez ziyarət elədiyi qəhvəxanada oturub qeydlərini edirmiş. Bu zaman yan stoldakılardan biri yoldaşına deyir:

- Bu bir repeortajçın nə qədər gəlb getdi Qarsa, bu müddətə roman yazmaq olardı.

Qarsda heç kim bilmirdi ki, özünü jurnalist kimi qələmə verən bu adam Orhan Pamukdur.

Hər bir adamın həyatda olan bir-iki sevimli yazarı olmalıdı.
# 3086 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #