“Sovetski postum oldu, milsəner dostum oldu”

“Sovetski postum oldu, milsəner dostum oldu”
2 iyun 2014
# 11:20

Kulis.az-ın tanınmış şair Çingiz Əlioğlunun şeirlərini təqdim edir.

İmpressiv poema

I

Metro krateri

yenə də axın –axın

insan lavası püskürür.

Tutqundur şəhərin havası,

yanan avtobus ciyərləri

işlənmiş qaz borusundan

buğum-buğum

tüstü öskürür.

Səkilərdə maşınlar,

piyadalar çarəsiz

devikə-devikə

gedir küçədə

axın arası.

Əllərində təqaüd kartı,

bankomatlar önündə düzülən

insan sırası

gözləməkdən üzülüb,

pul keçib ya keçməyib...

Bu da şəhər həyatının

bir qəribə təşbehi:

badımcan taksilərin

yarımcan vərləri

xatırladır təsbehi.

“Nizami ”nin önündə

bir sürü polis

yolu yeraltı

keçiddən keçməyənləri

yaxalayır,

cərimə qaimələri yazır;

cavan qız-gəlinləri

daha həvəslə saxlayır.

Bu ara

hava da

qızır bala- bala.

Opera önündə

daş pilləkəndə

on yaşlı oğlan uşağı

tütək piləyir,

eyni bir notu, qammanı

dönə- dönə

təkrar eləyir.

Bir az aralıda

qaraçı ana

oturub kölgədə

özünü yelpikləyir.

Yoldan ötən birisi,

hissini his basmış

insan hirslənir.

Bir deyən də yoxdur

hirslənmə bala,

Əsəb dəm qazıdır

boğacaq səni.

Zamana söylənib,

vaxtı pisləmə,

qarsacaq içində

od- ocaq səni.

Bəyəm bir də anan

Təzədən doğacaq səni?!

Odur, bax

partlamış su kəmərinə,

axar su səsinə

soyut hirsini...

Uşaqlar bitirib

axır dərsini

məktəb qapısından

hay- küylə

eşiyə tökülüşür.

Səkinin üstündə

mer- meyvə satan

talış arvaddan

atışıb aldıqları

mandarinləri bölüşür.

Analar ikibir- üçbir

qiybətdədir hələ,

atalar maşınlı...

baba piyada

gombul nəvəsinə

çanta daşıyır.

Qoca qarılar var

elə səkidə,

ya da ki, küçədə

maşın arası

əl açıb il boyu

belə yaşayır.

Bağlarda rahatlıq,

parklar genişlik,

cavan qız- oğlanlar

kef- damaqdadır,

Şirincə öpüşür, qucaqlaşırlar.

Heç buna

bir məhəl qoyan hardadır!

Səni yanmayasan

a qoca Bakı,

gör şəhər necə bir

mədəni inkişafdadır...

“ Topaz ” dan hövlnak

çıxan birisi

özü öz başına

bir qapaz salır,

təpilib yandakı açıq dükana

son qəpik –quruşa

bir “ çubuş” alır...

Taxta taqqıltısı,

çəkic səsləri

Sayıqlığa çağırır

ötüb keçəni.

Üzü ağardılan

şəhərin tozu

zərif bir rübəndlə

sarır hər kəsi.

Axır, bax,

axşama doğru

axır vaxt.

Zirzəmi barların

kaha qapısı

gör necə gözəllər

udur ilahi!

Ora, gör nə qədər

cavan axışır,

önünə maşınlar,

taksi yığışır.

Qeyrətli oğullar

bu taksilərdə

axşamdan sübhəcən

saunalara

təmizkar gözəllər,

qızlar daşıyır.

Şəhər inkişafdadır,

şəhər yaşayır...

“Sovetski postum oldu,

milsəner dostum oldu”.

Qırmızı lentlərlə,

güllə- çiçəklə

bəzənmiş maşınlar

sürüsü axır.

Semiçka çırtlayan,

saqqız çeynəyən

səkidə mırt vuran

qızlar – oğlanlar

hay-küylü eskortun

ardınca baxır.

Yenə də axacaq

qan lap bu gecə...

İlahi, görəsən neçənci dəfə

səkidə bordyur

dəyişən usta,

Qarayev köşkündə

daş döşəməni

astaca- astaca

qaşıyan fəhlə

qranit daşlara

qazılmış notdan

ucalan sədaya

qulaq kəsilir.

O donmuş musiqi

indi bir ayrı

sehrlə səslənir,

avazla dinir...

Axşamın həniri

bağa- bağçaya

ehmalca sinir.

Bulvarda axışan

velosiped təkərlərində

fırlanıb alışan

günəş də sönür.

İdman geyimli,

sonradan- sonraya

kişi- qadınlı

idmançı izdiham

budur, yorğun- arğın

evinə dönür.

(Səhər

daha gurşaddır bulvar,

buranın

günəşi qarşılayan

bir başqa

kontingeti var !)

İndi, işıqları alışan

Bayraq meydanı,

üç Ləçək Alov qülləsi

Bakının hüsnünə

bir ayrı cür yaraşır!

Bakı inkişafdadır,

Şəhər yaşayır.

Çayxanalarda nərdtaxta,

domino taqqıltısı,

vaxt öldürən

insanların laqqırtısı

gecədən xeyli

keçənə çəkir...

Gözəlçə daşıyan

taksilərin də

fəal əmək növbəsi

indi başlayır.

Gecələr sübhədək

oyaq küçələr

avtoşlarındır.

Təkərlər yırtıcı canavarlar tək

diş qıcardıb qıjıldaşır,

əyləclər ulaşırlar.

Bərk gedən karlıların

azqın balaları

mərc qoşub

atışıb yarışırlar...

Axır ki, danüzü şəhər

balaca toxdayır.

Şəhəri tül kimi

sarıb- bürüyən

qaramtıl boz duman

pozuq yuxudur.

Məftili kəsilmiş,

relsi sökülmüş

tramvay xəttləri

asfalt altından

qəfil qabarır,

Bir sarı tramvayı

səssiz- səmirsiz

Sübh toranına

sarı aparır.

Qəfil xəbər tuturam,

bilmirəm nədən

yuxusuz gözlərim yaşarır.

Şükür,

şəhər davam edir,

şəhər yaşayır!...

II

Binaları gündən- günə

Göy üzünə ucalan,

şan-şöhrət yer tərkindən

qüvvət alan, güc alan,

nemətinə, sərvətinə

tamah salıb, diş qıcayan,

yağılara zaman- zaman

qan uddurub öc alan

bir şəhərin adını

ünvanımda daşıyıram,

Mən, Bakıda yaşayıram.

O, sabaha yelkən açır,

günəş kimi bütün şərqə

şölə saçır, işıq saçır.

Ürəkləri fəth eləyən

söz- söhbəti, səs- sədası

dörd bir yana yayılıbdır.

Əjdahadır, əsrlərin

yuxusundan ayılıbdır.

Ünvanımda bu şəhərin

mən adını daşıyıram!

Mən Bakıda yaşayıram.

İndi Bakım dünyanın

məşhur idman mərkəzi,

şan-şöhrəti yayılıb

Tutub kürreyi- ərzi!

Bakım həm də dünyanın

nəhəng güc qovşağıdır.

Ondan uzanan damarlar

Avropaya nur daşıyan

qüvvət, təpər qurşağıdır.

Bahadırlar beşiyi

qəhrəmanlar yetişdirir.

Bir, dünya çempionu da

bizim məhlə uşağıdır!..

Bax, belə bir şəhərin

ünvanını daşıyıram,

mən Bakıda yaşayıram.

İndi adı dünyanın

gözəl şəhərləriylə

bir sırada çəkilir.

On minlərlə kol, ağac

bağ-bağçada əkilir.

Gecələri qızıl şəhər!

Gur işıqda yanır şəhər!

Hüsnünə tamaşaya

Paris, London, Romadan...

Axın- axın turistlər,

neçə səyyahlar gəlir.

Əbədidir Bakım mənim!

Yaşa, yaşa pakım mənim!

Ünvanımda mən adını

Şan- şərəflə daşıyıram.

Sən əbədi yaşadıqca,

Demək mən də yaşayıram!..

Mart, 2014.

Demoqrafiya problemləri

Adam var heç bunun fərqinə varmır:

Gərək hər kəs öz soy kökünü ansın.

Kəndli olmaq bəyəm utancmı, armı,

Mümkünmü şəhərli əslini dansın?!

Dilimiz altına şəkər qoyaq ki,

Sınıq ürəkləri bal bitişdirir.

Burda nə xəta var, belə sayaq ki,

Şəhərçün insanı kənd yetişdirir.

Çiynindən kərənti, oraq, dəryazı

Tövlədə bir yana buraxıb gəlir.

Bəyəm doymaq bilir şəhər dəryası?!

Kəndlərdən şəhərə bir axın gəlir.

Nə qədər kəhrizdən belində səhəng

Su dartıb- daşıyar kənd adamları?

Şəhər füsnkardır, şəhər rəngarəng,

Eyləyir özünə bənd adamları.

Ayağı döyənək, əli qabardı,

Hər ağır iş-gücdə bişib gəlir o.

Qəlbini göynədən gizli qübardı,

O qəlbi dağlardan düşüb gəlir o.

Gəlir göy yamacdan, yaşıl vadidən,

Gəlir insanların bar- bəhərlisi.

Şəhərə gəldiyi vaxtdan- vədədən

Kənd üçün darıxır kənd şəhərlisi.

Bir az ot qoxuyur, bir az da təzək,

Üst- başı sementdir, əli əhəngdir.

Odur vuran bu gün şəhərə bəzək,

O yeni nəfəsdir, təzə ahəngdir.

İnsandır ölkənin başlıca varı,

İş bilən boş yerə əl- qol yelləmir.

Yorulmaq bilməyən kənd adamları

Təkcə yer şumlamır, torpaq belləmir...

...Bilmirəm, heç fikrim sizə çatdımı,

Bir sözdü deyirəm, anlayan gülmür.

Zərif şəhərlilər insan artımı

İşi öhdəsindən sonadək gəlmir.

Gözünə döndüyüm kəndli qoçaqlar

Turp kimi insanlar nəsli yetirir.

Gur yanır ulusda, yurdda ocaqlar,

Xalqım da artımla ili bitirir.

Şəhərlə kəndi bir möhkəm, sarsılmaz

Körpü birləşdirir, bənd bitişdirir.

Bu faktı hesaba almasaq olmaz,

Şəhərçün insanı kənd yetişdirir.

Şəhərlə yarışır hər kəndim, bölgəm,

Şöhrətim yerlə bir, göylərlə təndir!

Uçur, uçuşdadır bu qartal ölkəm,

Bir qanad şəhərdir, bir qanad kənddir!

Yanvar, 2014.

525.az

# 1995 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #