Müşfiq Şahverdiyev: “Fərdaya, Elməddinə gülə bilmirəm”

Müşfiq Şahverdiyev: “Fərdaya, Elməddinə gülə bilmirəm”
15 may 2014
# 12:19

Kulis.az “Bu da bu” yumorostik layihənin aparıcı aktyoru Müşviq Şahverdiyevlə müsahibəni təqdim edir.

- “Bu da bu”da ssenariləriniz zəifləyir sanki...

- Biz 4 mövsüm o obrazları dartıb uzatdıq. Yavaş-yavaş hamısı bir-birinə oxşamağa başlayır. Ona görə də uzatmamağa qərar verdik. Molla, Gopçu Mübi, həkimlər… Obrazları fərqli-fərqli oynamaq aktyorun üstünlüyüdür. Gərək həkim mollaya, Gopçu Mübi polisə oxşamasın. Amma aktyor eynidir, obrazları dəyişəndə istər-istəməz oxşarlıq qalır. Amma biz bir az da olsa fərqli yaratmağı bacarmışıq. Bunu bizə kənardan çox deyirlər. Tükənmə ssenaridə baş verir. Tipajlar qalır, macəralar davam edir. Artıq molla obrazını açmaq üçün hər sahədən adam “öldürmüşük”- rejissor, malyar, biznesmen, dəmirçi… Daha bilmirik mərhum kimi kimin şəklini qoyaq. Eləcə də həkimlər üçün xəstələr seçməkdə. Ona görə də qərara aldıq ki, artıq bitirmək lazımdır.

- Bəlkə sizin gülüşdəki tənqid yalnız tipajın üstündə qurulmuşdu? Sistemli deyildi?

- Məsələ başqa cürdür. Bir ara şikayətlənirdilər ki, dinlə işiniz olmasın. Deyirdik ki, bizim dinlə işimiz yoxdur, sadəcə olaraq, Mirzə Ələkbər Sabirin dövründən mollalar tənqid olunub. Təhqir yox, tənqid. Tənqid normaldır və bunu normal qəbul etmək lazımdır. Yaxşı həkimlərimiz də var, amma elələri də var ki, doğrudan əməliyyat zamanı qayçını xəstənin qarnında unudur. Biz sadəcə yumorla o tənqidi qəbul edə bilməyən adamlara özlərinə kənardan baxmağı təklif etmişik. Qoy ayılıb özlərini görsünlər.

- Hansısa mövzu ilə bağlı qadağanız, çərçivəniz varmı? Senzura olaraq…

- Olur. Bizim layihənin rəhbəri Murad Dadaşovdur. Ona irad tuturlar, o da bizə irad tutur. Söz yox ki, müəyyən şeyləri gözləmək lazımdır. Amma müəyyən şeylər də var ona irad tutanda adam deyir ki, burada nə var axı…

- Məsələn, nə mövzuda olan səhnələrinizə irad tuturlar?

- İrad deməzdim, sadəcə deyirlər ki, bunu eləməsəz daha yaxşı olar. Yəni, mollalar demişkən, günah deyil, amma məkruhdur. Məsələn, polislərlə bağlı səhnəciyimiz var idi, müəyyən səbəblərdən onu saxladılar. Halbuki, biz heç kimi təhqir etmirik. Mənim polis dostlarım da var, hacı, məşədi, kərbalayı dostlarım da. Bunun məsələyə aidiyyatı yoxdur. Mən aktyoram, yazılan, verilən rolu oynayıram- bu mənim borcumdur.

- Oynadığınız səhnələrə görə problem yaşamısınız?

- Yox. Əvvəllər dindar qardaşlarımız bizdən inciyirdilər ki, siz düz eləmirsiz- palatka məsələlərini ekrana çıxarırsınız. Həyat elə gətirdi ki, mollalarla bağlı problemlər bizsiz də efirə çıxdı. Yadınızdasa, mollalar qəbiristanlıqda dava etmişdi filan. Biz onda dedik ki, bax, bunları deyirik...

- Yəni biz düz etmirik, amma siz də düz etmirsiz...

- (gülür) Hə də... Həkimə getmişəm, həkim qayıdıb deyib ki, səhər-axşam həkimləri lağa qoyurdun, indi özünün də həkimə işin düşüb... Axı mən yaxşı həkimləri nəzərdə tutmuram?!

- "Bu da bu"dakı obrazlarınızın həyatda prototipi var?

- Orada Gopçu Mübi var, o... Həyatda belə bir adam var. Bizim dostumuzdur, Əhmədlidə yaşayır, adı Mübarəkdi, metroda işləyir. Özü belə söhbətlər edirdi; Ay nə bilim mən qatar gedərkən vaqonlar bir-birindən aralananda onlardan yapışıb birləşdirmişəm, filan... Onun söhbətlərini dinləyə-dinləyə Mübi obrazını düşündüm. Bizi efirdə görəndən sonra dedi ki, düz eləmirsiz, mənim söhbətlərimi edirsiniz, mən gop eləmirəm filan. Dostuq da keçir bizə.

- Hər səhnəciyinizdə bir zonanın ləhcəsi olur...

- Bir dəfə Salyan tərəfdə idik. İlkin Salyandandır. Orada nədənsə zəhərləndim, özümü yaxşı hiss etmirdim. Həkimə getdim. Həkim başladı da: “Mıa baax, səər-axşam ağzımızı əgir, indi də qəlib ki, zəhərrənmişəəm? Helə səə yaxşı olıb...” gördüm bunlar məndən yanıqlıdı, heç mənə yanaşıb yardım etmək istəmirlər. Dedim Allah evinizi tiksin, daha o söhbət orada qaldı da. Axırda dərman zad verdilər. Həmişə deyirəm, ləhcə ilə danışmaq lağ deyil.

- Amma ləhcə obrazı sevdirmək üçün, gülüş yaratmaq üçün işin asanına qaçmaqdı...

- Bir tərəfdən sizinlə razıyam. Amma ləhcə gülüş deyil, şirinlik qatır. Ləhcə gülməli olsaydı, hamı bir-birinə gülərdi. Hərçənd, bunun da payı var: obraza bir yekə pencək geyindirdin, əlinə təsbeh verdin, bığ-saqqal düzəltdin, bir-iki də məzəli söz desə güləcəklər ona. bir də, bizdə cəmi bir-iki ləhcə var, qalanları ləhcəsiz danışırlar. .

- İlkinlə haradan tanış oldunuz?

- Tələbə yoldaşım olub İlkin. Murad Dadaşova onu təqdim edəndə dedi ki, epizodlarda oynasın, baxarıq. İndi deyir ki, İlkin səndən də yaxşı aktyordur.

- Bir vaxtlar Tumurcuq ləqəbiniz var idi. Bunu hardan götürmüşdünüz?

- (gülür) İncəsənət Universitetinin kino və dram aktyorluğu fakültəsini bitirmişəm. Fərhad İsrafilovun kursunu. “Tək səbir” adlı telelayihəmiz efirdə gedirdi. Yavaş-yavaş tanınırdım, hamı baxıb deyirdi: “A “Tək səbir”dəki oğlan...” gördüm ki, camaat tanıyır. Fikirləşdim ki, yadda qalmaq üçün bir ləqəb götürüm. On doqquz yaşım var idi də... Elə ləqəblər fikirləşmişdim ki... Hələ tumurcuq ən yaxşısıdır. Müşfiq Badə, Müşfiq Çuğundur, Müşfiq Ağac kimi ləqəblər fikirləşmişdim (gülür). İndiyə qədər yadımdadır. “Ikarus”da rayona gedirdim, yolboyu düşündüm ki, hansı ləqəbi götürüm? Axırda Tumurcuq ləqəbini seçdim. Tumurcuğun da mənası var idi, təzəcə açmağa başlamış gül. Mən də təzə-təzə bu yola başlamışdım, dedim mənə uyğun gəlir. Getdim Həsənə dedim, dedi yaxşıdı. Elə o axşam da məni Tumurcuq kimi təqdim etdi. Hamı gülməkdən keçirdi. Mən gördüm ki, Tumurcuq yaxşıdır, hamı məni tanıyır. Amma artıq 25-26 yaşım vardı, “Tam sərbəst” verilişimiz də var idi.

- Daha Tumurcuq deyilsiniz.

- Hə (gülür). Baxdım ki, qeyri-ciddi səslənir. Bu ləqəbə görə tamaşaçılara aqressiyam yarandı. Deyirdilər incimə e, səni Tumurcuq kimi tanımışıq, elə bil mənə dağ çəkirdilər. Yəni, böyüdüm də, sonra hara gedirdimsə xahiş edirdim ki, məni Müşfiq Şahverdiyev kimi tanısınlar.

- “Tək səbir”də hamınız bir yerdə idiniz, sonra dağılışdınız...

- Bir meyxanada da demişdim bunu: mənim tələbələrim var idi, əli çörəyə çatandan sonra hamısı dağılışdı. İndi “Tək səbir”də də elə. Nə qədər quyuda su var idi, hamı onun ətrafında idi, hamı ondan bəhrələnirdi. Quyu quruyan kimi hərə getdi özünə quyu qazmağa. Biz o vaxt Həsənin başına yığışmışdıq. Bir bulkanı ikiyə bölürdük, bir siqareti bölürdük. Quyu quruyan kimi hamı dağıldı. Bəlkə də bu yaxşıdı...

- Münasibətləriniz necədi?

- Soyuqdu. Salam-sağ ol. Hələ şükür ki, bizdə yumorist azdı. Türkiyədəki kimi 20-30 nəfər olsa gecə ikən bir-birini öldürərdilər. Ya da bir-birinin qıçın sındırardılar ki, səhnəyə çıxa bilməsin. İnanın ki, bir film çəkib bu yumoristlərin - Rafaelin Coşqunu, Fərdanı, Elməddini bir yerə yığmaq istəsələr onları razı salmaq üçün illər lazım olar.

- Bu kinin səbəbi nədir?

- Bilmirəm. Heç kimin gözü bir-birini götürmür. Kimsə kimin yanından çıxıb o birinin yanına gedirsə, qəbul etmirlər ki, sən onun adamısan. Özümü təmizə çıxarmıram, yəqin hər birimizdə bir pis cəhət var.

- Siz, Fərda, Elməddin, Rafael, Coşğun... Bir-birinizin yumoristik səhnələrinə gülə bilirsiniz?

- Yox. Mən bilirəm ki, onlar bizim səhnələrimizə gülmür, biz də onların.

- Niyə, gülməli deyil sizə?

- Maraqlı deyil. Mən məsələn, bizim yumoristlərin işi ilə maraqlanmıram. Bəlkə də içimizdə bir prinsip var, o qoymur gülməyə... Yəni demirəm ki, onları gözüm götürmür. Bilirəm ki, mən onlara maraqlı deyiləm, onlar da mənə. Hərə öz işi ilə məşğul olur.

- Hədəfiniz nədir?

- Film çəkmək. SSRİ dağılandan sonra kinostudiya tənəzzül etdi. Biz keçmişdəki qədər də çəkə bilmirik. Texnika da var, amma hələ də o keçmişə çata bilmirik. İndi yavaş-yavaş kinoteatrlar işləyir. Mən təəssüf edirəm ki, orada əksər filmlər xarici filmlərdir, türk filmləridir. Bizdə kinoya ciddi yanaşmırlar. Peşəkar olmayanları filmə çəkirlər. Hədəfim super kinokomediyalar işləməkdir. Artıq layihəmiz də var. Bu həftə içində layihə təsdiqlənəcək. Elə indi də filmlə bağlı görüşmədən gəlirəm. Yayda çəkilişlər olacaq. İlkinlə mən baş rolda olacağıq.

- Şansınız daha çoxdur. Sponsor sarıdan deyirəm...

- Sponsor məsələsini təbii ki, həll etmişik. İstərdim ki, sponsor daha böyük olsun, daha çox olsun. Biz daha böyük film çəkərdik. Amma o hələ yoxdur. Biz bu filmi çəkib özümüzü sübut etməliyik. Sonrakı layihələrdə qazanc barədə düşünəcəyik.

- Qazanc demişkən, toylara gedirsiniz?

- Toylardan, reklamdan filandan qazanırıq. Arada xaricə dəvət edirlər. Belə...

- “Bu da bu” bağlandı artıq, eləmi?

- Hə. bağlandı, əvəzində “M qrup” prodakşndan yumoristik şou veriliş formatında yeni tele-layihə olacaq.

- Parodiyalar necə, olacaqmı?

- Son zamanlar parodiya ilə məşğul olmuram. Vaxtilə çox müğənniləri parodiya edirdim. Amma parodist kimi tanınmaq istəmirəm, mən aktyoram. Ola bilər, məclisə rəngarənglik qatmaq üçün hardasa parodiya etmək olar. Amma əsas olan filmdi.

- Heç Musiqili Komediya Teatrına tamaşaya filana getmisiniz?

- Yox. Onlar gənc nəsli bəyənmirlər. Mənə maraqlıdır ki, görəsən onlar da gənc olanda əvvəlki nəsillər onları bəyənməyib? “Muzkomediya”ya getməmişəm, amma iki il Lənkəran teatrında aktyor işləmişəm. Bilirsiniz, teatrda işləyib dolanmaq mümkün deyil. İndi biri durub deyəcək ki, sənət hər şeydən irəlidir. Yox, axı. Mən ac oturub barmağımı gəmirim ki, sənət irəlidir? Axı insan yemək içmək, yaşamaq istəyir. Hamı istəyir yaxşı yaşasın.

- Yaşlı nəsildən olan yumorist aktyorlarımızın çoxu artıq səhnədə deyil. Məsələn, Arif Quliyev kimi yumoristə artıq tələbat yoxdur. Sizcə sizinlə də eyni şey baş verə bilər?

- Ola bilər. Üzərində işləməsən ola bilər. Arif Quliyev öz dövrünün yaxşı yumoristi olub. 90-cı illərdə, efirdən görəndə mənim arzum onun əlindən tutmaq idi. Qismət oldu ki, görüşdük. Onlar sadəcə çox pis zamana düşdülər. Kino, teatr zəiflədi. SSRİ dağıldı, müharibə başladı və kinoda, teatrda səssizlik oldu. İndi-indi dirçəlir.

- Sonda aydınlıq gətirin, kütümün pulu necə oldu?

- (gülür) Çalışırıq bölək.....

# 4794 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #