Xlorsatanın şairi ilandan xilas etməyi

Xlorsatanın şairi ilandan xilas etməyi
12 may 2014
# 11:12

Bildiyimə görə, insanların nə üçün yuxu gördüyünü elm hələ də izah edə bilmir. Tarix boyu yuxuyozanlar da az olmayıb, lakin şəxsən mən yuxulara ciddi sistematik bir nəsnə kimi baxmamışam.

Dəfələrlə sübut olunub ki, bəzən insana yuxu vasitəsi ilə hansısa mesaj çatdırılır. Bu fikrin doğruluğuna inansaq, belə çıxır ki, insanların taleyi əvvəlcədən hazırlanır. Şəxsən mən gördüyüm yuxularda real həyatımda baş verən bəzi hadisələrin mesajlarını dəqiqliyi ilə almışam, amma bütün bunları təsadüflərə və simvolik aldanışlara yozmuşam.

Adətən yuxularım ayılandan sonra yadımdan çıxır. Lakin elə yuxular da var ki, hansısa əlamətdar elementinə, qeyri-adi süjetinə görə yadda qalır. “Yuxularım” layihəsində gördüyüm maraqlı, absurd yuxularımın yaddaşımda ilişib qalan yerlərini yuxu söyləyən adamın təhkiyəsi ilə təqdim edəcəm.

Yuxularım-4

Gördüm, mənə deyirlər, səni bir ilan axtarır. Ümumiyyətlə mən ilanlardan çox qorxuram. Qorxuram deyəndə ki, ilan görəndə ətim ürpəşir.

Gördüm, həqiqətən, bir ilan fısıldayaraq mənə tərəf gəlməkdədi, artıq çathaçatdı. Gördüm, mən qaçıram, ilan da arxamca şütüyür. Qaça-qaça fikirləşirəm ki, qarşıma bir daxma çıxsaydı başımı içəri soxub gizlənərdim.

Gördüm, ilan az qalır arxadan çatıb məni çalsın. Var gücümlə hara gəldi irəli qaçıram. İlanın fısıltısının vahiməsi iliyimə işləyir. Baxdım ki, qarşıdan bir avtobus gəlir. Mənim bu halımı görən sürücü canıyananlıqla avtobusu yanımda dayandırıb arxa qapını açır. Mən qaçıb cəld avtobusun qapısından içəri tullanıram. Gördüm, özünü arxadan mənə çatdıran ilan da avtobusa girməyə çalışıb, qapı tez bağlandığından başı içəridə, bədəni çöldə qalıb.

Gördüm, quyruğu asfaltla sürünən ilan adam səsi ilə sürücüyə, həm də mənə qışqırır:

- Ay oğraş, maşını saxla, qapını da aç, quyruğumu asfalt didir! Siz öləsiz, sizi zəhərimdə parçalayacam!

Gördüm, sürücü mənim tərəfimdədi, qapını açmır. İlanın fısıltısından içəridəki sərnişinlər də vahimələnir. İlanın başı qışqırdıqca ağzında iti kəsici dişlər görünür. Gördüm, dişinin altında gömgöy bir zəhər tuluğu da var. Gördüm, zəhər tuluğunun ağzı pulqabı kimi bağlanıb. Köhnə pulqabılar kimi, üstündə biri-birinə keçirilən başı yumru gümüşü rəngdə elastik dəmirlər görünür. Bir də baxdım ki, bu zəhər tuluğu yox, pulqabıdı.

Gördüm, sürücü məni qabağa çağırdı. Mən onun yanına yaxınlaşan kimi qabaqdakı qapını açıb belə dedi:

- Qaç, canını qurtar! Bu ilandan məndə də vardı, qaçıb canımı qurtarmışam! Qaç, qaç!

Mən avtobusdan düşüb qaçırdım, ancaq hara qaçdığımı bilmirdim, yalnız qaçırdım. Bir də baxdım, ilan qışqıra-qışqıra arxamca gəlir. Mən artıq taqətdən düşmüşdüm, ayaqlarım getmirdi. Bir neçə dəfə yıxıldım. Sonuncu dəfə yıxılanda ayağa dura bilmədim, eləcə körpə uşaqlar kimi iməkləyə-iməkləyə qaçırdım. Artıq mən dördayaqla, heyvanlar kimi qaçırdım. Həm də nədənsə belə qaçmaq mənə daha rahat idi. Qışqırıb kimisə yardıma çağırmaq istəyirdim, ancaq nə qədər qışqırsam da səsim çıxmırdı. Beləcə dördayaq qaçaraq hündürmərtəbəli bir binanın qarşısına çatdım. Əvvəlcə istədim binanın arxasına keçib gizlənim. Sonra vahimələndim, fikirləşdim ki, ilan gəlib məni yenə tapacaq, yaxşısı budu girim bloka, qapıları döyə-döyə yuxarı qalxım, bəlkə təsadüfən kimsə açdı, birinin mənzilində gizlənə bildim.

Gördüm, ayağa dura bilmirəm, pilləkənlərlə yuxarı iməkləyirəm, qapıları döyməyə vaxtım yoxdu. Arada arxaya boylanıram.

Gördüm, ilan quyruğu qan içində arxamca sürətlə sürünür. Mən mərtəbədən-mərtəbəyə dırmaşıram. Gördüm, mərtəbələr qurtarmır, elə qalxdıqca qalxıram. İlan da fısıldayıb arxamca gəlir. Mən fikirləşirəm ki, lifti çağıra bilərəm, ancaq gözləmək olmaz, ilan arxamca özünü çatdıracaq. Həm də fikirləşirəm ki, onsuz da bizim binalarda lift işləmir. Həm də liftin düyməsini basmaq üçün dikəlmək lazımdı, mən də ayağa dura bilmirəm. Yaxşısı budu, beləcə irəliləyim, axırı nə olar-olar.

Gördüm, artıq sonuncu mərtəbəyə çatıram, ilan da arxamca gəlir. Sonuncu mərtəbədə bir nərdivan vardı. Nərdivanla yuxarı qalxdım, yuxarıda dəmir lyuk var, üstündə də qıfıl. Ay dad, bəs mən necə eləyim? Qıfılı aça bilməyəcəm. Gördüm, mənə dedilər, bir yaxşı əməlini, bir də bir pis əməlini yada sal. Mən qışda bir pişik balasını gödəkcəmə büküb evə gətirməyimi yada saldım. Sonra sabah onu isti qaz peçinin qırağında birəyə qarşı şampunla necə çimizdirdiyimi yadıma gətirdim.

Pis əməl kimi isə, piyan olub sevdiyim xanıma əl qaldırdığımı yada saldım. Sabah isə ondan üzr istəməyimi, onun məni bağışlamasını yadıma saldım. Həyatımda onun məni bağışlaması qədər biabırçı bir gün yaşamamışdım.

Gördüm bunları fikirləşən kimi qıfıl öz-özünə açıldı və mən lyuku qaldırıb binanın üstünə qalxdım.

Gördüm, lyuk açılan vaxt ilan özünü mənə yetirdi və mən yuxarı qalxarkən o bir qadına çevrildi. Mən yuxarı qalxıb lyuku üstdən bağladım. İlan-qadın sonuncu mərtəbədə barbar bağırırdı.

Gördüm, binanın üstündən şəhərə baxıram, gecədi, bulvar çıraqbandı, lakin heç nə mənə xoş gəlmir. Sanki, bura mənim vətənim deyil.

Gördüm, ilan-qadının səsinə tərəf qayıtmamaq üçün özümü binanın üstündən yerə atıb bir az uçmaq istəyirəm.

Nə yaxşı, xlorsatan kişinin səsi məni oyatdı. “Xlor var, xloooor!”

Düşündüm ki, Azərbaycanda bir şairi yalnız xlorsatan insanın qəlbi xilas edə bilər.

Əvvəlki yuxular:

Niyə hamı bizimlə maraqlanır?

Skeletdən gözlər sallanırdı

Naxışlar, alqışlar, beşillik plan

# 3181 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
#
#
# # #