Əri sinəsi iri qadınlardan xoşlanırmış...

Əri sinəsi iri qadınlardan xoşlanırmış...
1 may 2014
# 08:00

Odla su arasında

hekayə

Qohum toylarında iştirak eləməkdən zəhləsi gedirdi. Amma ərinin iş yoldaşlarının, dostlarının toylarına, ad günlərinə getməkdən ötrü ürəyi atırdı. Səbəbi də o idi ki, uzaqdan tanıdığı adamların toyunda sərbəst olurdu. Ürəyi istədiyi qədər yeyir, içir, oynayırdı. Toy sahibi bir az müasir görünmək istəyən adam idisə, stolun üstündəki çaxır, şampan həm də qadınlar üçün nəzərdə tutulurdu, bir-iki badə içirdi də. Toydan çıxanda ərinin qoluna girib axşamın sərin qoxusunu ciyərlərinə çəkə-çəkə, ayaqqabısının hündür dabanını taqqıldadaraq küçələrin yuxusuna haram qatır, deyə-gülə, ucadan danışa-danışa evə qayıdırdı. Əri də başını çiyninə qoymuş, arabir pişik gözlərindən seçilməyən mavi, xumar gözlərini gözlərinə zilləyən, küçənin ortasında "istək suyu gələn" qadınının bu halını sevirdi.

Qohum toylarında şəhərin hər tərəfinə səpələnmiş qohum-əqrəbayla bir araya gələndə gəlinin canı sıxılırdı. Hər necə paltar alıb geyinsə - uzun, qısa, dar, enli fərqi yoxdu - qaynanası bəyənməzdi. Birinin sinəsi çox açıq olurdu, o birinin ətəyi qısa. Bir başqasının ətəyindəki "kəsik" qədərindən artıq görünürdü arvadın gözünə. Onun düşdüyü ailəyə qohum olmaması sınaq müddətini artırmışdı.

Əri ilə universitetdə oxuyanda tanış olmuşdular. Oğlu evlənmək, sevdiyi qıza elçi göndərmək istədiyini söyləyəndə, anası ənənəvi sualını vermişdi: "Əvvəlcə de görüm, kimlərdəndi, biz tanıyan, bilən adamdımı?"... Məlum olanda ki, oğlu heç tanımadıqları ailədən, tanımadıqları eldən gəlin gətirmək fikrindədir, uzun müddət mücadilə aparmış, onu fikrindən daşındıra bilməmişdi. İndi də hər addımda gəlinə nöqsan tutmaqla, istəyirdi ki, oğlunun içində peşmançılıq hissləri oyatsın. Heç olmasa, bircə dəfə anasına qayıdıb desin ki, sən haqlıydın! Tanımadan, bilmədən arvad almazlarmış! Böyüyün sözünə baxmayan yanını çimdikləyə-çimdikləyə qalarmış!

Ana ha əlləşirdi, oğul bu sözləri demirdi... Qadın bunun acığını gəlinindən çıxırdı.

Qohum toylarında oynamaq da saynan idi. Çox oynayanda deyirdilər çox oynadı, az oynamaqsa başaq cür qəbahət idi! Yeməyi də qədərincə yeməliydin - ətrafdan min dənə göz baxır. Hamı bir-birini güdür, baxışları toqquşanda yalandan gülümsəyirdilər. Toqquşmasa, güdməyə davam edirdilər.

İki uşağı vardı. Biri qız, biri oğlan. Oğlan doğulandan sonra çox arıqlamışdı. Əziyyət çəkir, gecələri yuxusuz qalırdı. Uşaq ağlayanda əl-ayağı bir-birinə dolaşırdı, bilmirdi neyləsin. Həyəcanlanırdı həmişə. Əsəb keçirməkdən artmırdı. Artıq hamı töhmət eləyirdi. Anası, bacısı, qonşular, qaynana, baldız, qayın arvadı düşmüşdü üstünə ki, kökəl, bir az ətə-qana gəl. Baxan deyəcək, buna çörək verən yoxdu! Bir dəfə məhəllənin içində Bəsti xalanın açdığı dükanda yığışan qızlar, gəlinlər onu lap məsxərəyə qoymuşdular. Gözündən cin yağan Fəxrəndə adlı qadın hətta əlini onun sinəsinə atmış, "Ay qız adam bilmir, sən kişisən, ya qadın... Sən Allah, ərin nə ləzzət anlayır bunlardan" - demişdi. Gülüşmüşdülər. Sona başqa biri qayıtmışdı: "Aazz, Fəxrəndə, gör gül qabını boş taxıb, yoxsa əlinə bir şey dəydi?"...

Gündən-günə enlənən bu qadınların heç biriylə onun işi yox idi. Öz-özünə də təəccüb eləyirdi: necə olur ki, kökəlməkdə yarışa girən qadınların məmləkətində arıqlamaq üçün vasitələr, dərmanlar, çaylar, idman alətləri reklam olunur?

Amma o, həmişə incə beli ilə öyünürdü. Mahnılardakı gözəllərin beli kimi incəydi beli. Rəfiqələri ilə, qaynı arvadları ilə yığışıb paltar almağa gedəndə ona paxıllıq eləyirdilər. Çünki əlini hansı paltara atsa, əyninə gəlirdi. İncə əndamı sayəsində satıcıların da tərifə basdığı kimi manekenə oxşayırdı lap. Belə olanda, fərəhlənir, onu paxıllıqla süzən baxışlar altında ləngidirdi paltarın ora-burasını ölçməyi.

Güzgünün qabağında özündən narazı deyildi. Amma başqalarını razı salmaq istəyi də vardı. Əri bir söz demirdi. Soruşurdu: "Çox arığammı? Kim görür, deyir, kökəl. Səncə kökəlməyim yaxşı olar?" "Belə qəşəngsən. Mən səni belə sevirəm" - deyirdi əri. Hətta arvadının yanında qardaşı arvadlarını, bacılarını gonbul adlandıraraq, deyirdi: "Onlar özləri gonbuldurlar, qızışdırırlar ki, sən də kökələsən "...

Dəfələrlə şifoneri açıb təzə ərə gəldikləri vaxtlarda aldıqları paltarlara həsrətlə baxdıqlarını görmüşdü onların. Çoxunu ona hədiyyə eləmişdilər. Özü də verəndə gözləri dalınca qalırdı: "Mən arıqlayası olmadım, eybi yox, apar sən geyin... Əyninə gəlir də. Qız uşağına oxşayırsan"...

Amma bir gün hiss etdi ki, kökəlməyə başlayıb. Yaman çox yeyirdi: şirniyyat bilmirdi, yağlı-yavan bilmirdi! Kökəlməyə başlayanda hamı sevindi. Qaynanası, qaynı arvadları, baldızlar, qonşular, uzaq qohumlar... Kim görürdü, deyirdi: "Bax, indi babatlaşmısan, sifətin bir damcı ətə-qana gəlib. Sənə belə yaraşır. Üzün də yumrulaşıb"

Bekarçılıqdan günortadan sonra Bəsti xalanın dükanına yığışan qız-gəlinlər də onu görəndə heyrətlərini gizlədə bilmədilər: "Ay qız, əməlli-başlı adama oxşayırsan indi... Uşaq incidirmiş e səni?"

Sinəsi də böyümüşdü, gül qabına sığmırdı. Daha əvvəlki paltarlarını geyinəndə sinəsi açıq qalırdı. Ona görə geyinə bilmirdi. Əri də gedib-gəlib məmələrini əzizləyir, sevincini gizlətmirdi. Əvvəllər heç vaxt ərinin iri məmələri sevdiyini bilmirdi.

Güzgünün qabağında duranda həqiqətən də yumrulaşmış sifətindən, əndamından, sinəsindən xoşu gəlirdi. Di gəl, qarnı da çıxmağa başlamışdı. Xatırladı ki, elə qaynı arvadları, baldızları da kökəlməyə belə başlamışdılar. Bunu düşünəndə əsəbləri korlanırdı. Getdikcə güzgülərin qabağında durmağı sevmirdi. Gecələr qarnı daha da böyüyürdü. Daha heç kimin toyuna getmək həvəsi yox idi. Nə qohumun, nə yadın! Özündən xoşu gəlmirdi. Bir ara yaşıl çay alıb içməyə başladı ki, arıqlasın. Baxdı ki, məmələri də arıqlayır. Məmələrinin arıqlamasını istəmirdi. Əri onları belə sevirdi.

Yaşıl çay içməyi buraxdı. Odla su arasında qalmışdı. Qarnına görə arıqlamağı çox istəyirdi, amma sinəsinə görə yox...

O günləri eşitdim ki, kişinin qızı televizordan baxıb öyrənərək, idman eləyirmiş. Əyilib qalxanda necə olubsa, belindən bərk ağrı qopub. Ah-naləsi göyə çıxıbmış! Təcili xəstəxanaya çatdırıblar. Həkim belində “qrija” tapıb. İndi xəstəxanadadır. Qaynanası der-der deyinir: "O qədər dedi kökəlmişəm, qarnım çıxıb... özü-özünü gözə gətirdi. İndi arıqlayacaqsan, ağzın tökülsün!"

Yanına getmişdim, çox oturmadım. Mer-meyvə alıb aparmışdım. Qaynanasıyla söhbətləşdikcə altdan-altdan baxıb gördüm ki, əlindəki bananı dırnağıyla didir. Banana göz-qaş çəkmişdi... Ağız-burun, məmələr. Mən ayağa duranda bananın arxasını çevirmişdi, dırnağıyla didirdi hələ də. Gülmək məni tutdu. Özümü güclə saxladım ki, arvad gəlinin dırnaqlarıyla yaratdığı qadını görməsin.

# 12476 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #