Hüqo, ana olmamaq “zapadlo”du?

Hüqo, ana olmamaq “zapadlo”du?
25 aprel 2014
# 12:48

Şəhriyar del Gerani yazır...

İndiki kimi yadımdadı, güllü-çiçəkli, yorğanlı-döşəkli yaz havasıydı. Məktəbli yoldaşlarımla “1 May”dan qayıdırdıq. O zamanlar dəmiryol orta məktəbinin 7-ci sinfində oxuyurdum. Yolun o tərəfindəki çörək dükanının qənşərində atamla 5-6 iş yoldaşı möhkəmcə söhbət eləyirdilər. Əl-qol hərəkətlərindən başa düşmək olardı. Ki, bizim kişi bu adamları yamanca hərifləyir. Cəld özümü verdim atamın yanına. Qoltuğundakı isti “pekarnı” çörəklərini alıb əmilərlə salamlaşdım. Yoxsa, salamlaşdım, sonra çörəkləri aldım, dəqiq yadımda deyil. Hər halda çörəkləri alıb sonra salamlaşmışam, öz tərbiyəmə bələdəm. Dəqiq bildiyim bu. Ki, hələ də yavan çörək yeyə-yeyə yol getməkdən ötrü içim gedir. Elə o vaxtdan bəri başımda qalıb bu xasiyyət. Özü də isti çörək ola, bəh...
Atam məni təqdim elədi – oğlumdu, nökərinizdi. Mən də altdan yuxarı əmilərə baxıb gülümsədim. Yəni, nökəriniz-filan deyiləm, sözdü dənə deyir. Daha sonra çörəkdən bir dişlək alıb götürüldüm dostlarımın yanına. Bir də gördüm kişi məni haraylayır – ayə, adə, a bala, “Səfillər”i oxudunmu? Əlbəttə, atam bunu evdə də soruşa bilərdi. Sadəcə dağarlaşmaq istəyirdi adamların yanında. Mən də eləməyib tənbəllik sol əlimi ağzımın kənarına qoyub (sağ əlimdə çörək vardı, yoxsa hər iki əlimi ağzımın kənarında birləşdirib bağırmaqdan xoşum gəlir) yolun bu üzündən düz o biri üzünə taraz bir dənə anqırdım: “Yoo, hə-ə-ə-ələ Çeçeçeçevrilməməmədiyəm”. O vaxtlar kəkəc idim, ən yaxşı halda belə danışırdım. Hələ qışqıranda bu cür danışırdım ha. Kəkəc adamlar ucadan danışanda bir az normal danışırlar. Sözüm onda yox. Dediyim bu. Ki, hələ cım-cıqqılı vaxtlarımdan belə əsərlərlə böyümüşəm. Gör hardan hara gəlirəm. Mən ölüm fikir verin. Bunların hamısı zehin tələb eləyir e, allah haqqı. Elə bilirsiz lopağadı dənə, oturub ağzımıza gələni yazırıq. Dişlərim tökülüb e... bu mətnləri yazmaqdan. Deməli belə. Niyə danışdım bunları sizə? Yenə də - deməli, bu yaxınlarda əl atıb yerdən götürdüm. Ki, bu “Səfillər”i bir də vərəqləyim. Evdə kitab rəfim-filan yoxdu, eləcə yerdən düzmüşəm kitabları. Çox da kitab yoxdu heç, 7-8 dənədi. Onlar da ən yeni dünya ədəbiyyatı – Hüqo, Kafka, Talstoy-zad. Elə “Səfillər”i vərəqləyirdim, beqafıl ağızlı-burunlu bir cümlə kitabdan çıxıb hürə-hürə nə təhər cumdusa üstümə.... Pah atonnan yeri! Diqqət eləyin siz mənim ölmüşüm. Hüqo alıb sazı görək nə deyir: “Möhtərəm olmaq üçün qadınlara ancaq analıq haqq verə bilər”. Puah! Cin vurmadımı təpəmə. Nətər yəni ancaq analıq haqq verə bilər? Yəni, qadının bu artım mexanizminin tərkib hissəsi olmağından savayı öyünməli alayı bir zadı yoxdumu?

Ay yoldaşlar, analıq – qadının ən primitiv halı deyil mi? İlahi düsturdu də, məlum vaxta nütfə yetişir, müəyyən vaxtda doğuş olur, məqsədli şəkildə də, nə isə...

O günlərdə bir ziyalı-mütəfəkkirə dostumuz da bu konuda babat üzümə durdu. Ki, sən heç 9 ay qarnında siçovul saxlaya bilməzsən, o ki qaldı uşaq olsun! Mən də dedim, xub, nənəm-qardaşım, mən heç bircə gün qarnımda armud da saxlaya bilmərəm, Pətəşin ölmüşünə, keçən dəfə prob elədim, alınmadı, həzm sistemi aman vermədi. Day cavab vermədi. Nə bilim, bəlkə də verdi, mən eşitmədim. Eşit bir gör nə deyirəm, ay azar-bezarın, lap elə sənin qafanla deyim, o erməni kopəyuşağına gəlsin, doğuş da, kötü və bəsit desək, həzm sistemi kimi bir şeydi. Qaqaşlar demiş, duxun çatır mən o armudu 1 gün qarnımda saxlaya bilmədiyim kimi, sən də uşağı 9 ay saxlama. Axı sən burda əlahiddə bir iş görmürsən.

Deməli, timsah bala çıxartmaqdan ötəri 40 gün gözünü zilləyir yumurtalarına. O yumurtalardan gözünü bi cıqqan çəkindirsə heç nə, yumurtalar getdi işinə. Başlı-buşlu adamlar bardaş qurub hesablayırlar. Ki, həmin 40 gün ərzində timsahın itirdiyi enerjini elektrik enerjisinə çevirsək Yer kürəsin 5 il 7 ay işıqlandırmaq olar. Bax, bu da belə...

Qayıdaq söhbətimizin özəyinə. Əvvəlcə elə bildim Viktor zarafat eləyir. Sonra yenə be qafıl yadıma düşdü. Ki, ay qadan alım, “Doxsan üçüncü il”də də deyib axı: “Qadınlar zəif, fəqət analar qüvvətli olurlar”. Belə də iş olar? Bu analıq söhbətini nədən bunca önərmiş Hüqo babamız? Mövzu çox genişdi. Ol səbəb qəti uzatmadan mincə işarəlik də yazıb bitirirəm.


Ana olmaq qadının 8-9-cu dərəcəli görəcəyi işdi. Bax, (sağ əlimi sağ üzümə vurub deyirəm) bunun ölmüşünə, qadın ana olana qədər elə duru yerindən 5-6 kərə QADIN olmalıdı. Yəni, QADIN olmaq daha böyük ilahi göstəricidi, nəinki doğmaq. Qadın dediyin Tanrıya oxşamalı, quzum, sən ona ən xırda yalan belə danışa bilməməlisən. Qadın necə olmalı, bunu hamınız məndən yaxşı bilirsiz, vicdan haqqı. Ona görə əllaməlik eləmək istəmirəm. Heç eləyə də bilmirəm, məndə o baş hardan? Amma, düzünü deyim, mən QADIN görəndə ürpənirəm, tüklərim biz-biz olur. Hələ kövrəldiyim də olur. Adımızı ateistə çıxarıblar, amma, mən QADIN görəndə Peyğəmbəri düşünürəm. Vallahi və Billahi, irili-xırdalı bütün günahlarım gəlib dayanır gözümün önündə. Günlərlə özümə gələ bilmirəm. QADIN KİŞİNİN AXİRƏTİDİ. Kişi hər gün öz qadınından “keçib” cəmiyyət deyilən yerə çıxır. Hansı kişini ki, sözün bütün mənalarında, insan görürsüz, deməli, onun qadını həmin QADINdı. Kişi ancaq qadında durula bilər, saflaşa bilər. Kişi hər gün qadında özünü sorğu-sual etməli, hesabat verməli, quzum. Sən də durub mənə doğmaqdan danışırsan. Nə isə, Viktor, böyük ruh, sizinlə söhbətimiz qalsın sonraya, görək necə olur...

Amma, bir şey də deyim, deməsəm bağrım çatlar. “Doğuş” dediyin, “dünyaya gətirmək” dediyin həddindən ziyadə böyük anlayışdı. Məsələnin fiziki tərəfi çox bəsit, təxminən sayğacın qazın kubunu hesablamağı misali. “Dünyaya gətirmək” ruh məsələsidi. Qadın sümükdən qandan və bir yığın zir-zibildən ibarət bir topa zad gətirmir dünyaya, ruh gətirir. İçində insani dəyərlər, İlahi eşq olan ruh. Dediyim bu. İndi, heç kəs tənbəllik eləməsin, dayansın bir küçənin sakit bir guşəsindən baxsın ətrafa. İzləsin adamların hərəkətini, özlərini aparmağını. Görsün. Ki, yaşadığı şəhərin qadınları uşaq dünyaya gətirib yoxsa balalayıb...

P.S Fiziki uşağı olmayan bütün ana-bacıların əllərindən öpürəm. Uşaq evlərində bunca atılmış körpələr var. İstəyirəm onların hansısa birini götürüb yenidən “dünyaya gətirəsiz, təzədən doğasız”. İnanın, o uşaqlar hələ də doğulmayıblar. İnsan dediyimiz bədəndən deyil, ruhdan doğulur. Bədəndən uşaq çıxardanlar ən əvvəl doğmurlar, balalayırlar. Hələ çox sonralar məlum olacaq, O, xaric elədiyi ət parçasını doğub, dünyaya gətirib, yoxsa balalayıb...

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #