Oyun-oyuncaq

Oyun-oyuncaq
24 aprel 2014
# 12:05

Kulis.Az Mübariz Cəfərlinin “Oyun-oyuncaq” hekayəsini təqdim edir.

Qələbə bir addımlıqda idi. Valeh bazardakı bütün daşları götürdüyündən şıdırğı məşğuldu. Gah əlindəki xalları sayırdı, gah yerdəki daşları... Mənimsə bir daşım qalmışdı, razılıqla ətrafa boylanıb demək istəyirdim ki, dominonun ustasıyam, bazardakı iki daşa baxandasa nitqim tutuldu; bazarda iki ikilik qalmışdı, dörd ikiliksə yerdəydi, əlimdəki daşsa ikiliyin qoşasıydı, bir sözlə, mənim daşım “ ölmüşdü”. İndi ümid onun səhvinə qalırdı ki, qəflətən oyun bağlı gəlsin, əlbəttə, buna ehtimal azdı, lap Paskal xortlayıb yerimdə otursaydı da qoşa ikini ovcunda bərk-bərk sıxmaqdan vaz keçib təslim olardı, bir azdan Valehin hər şeyi anlayacağına şəkk-şübhə yoxdu, ən əsası, ürəklənib bir-iki daşı mizin üstünə düzənəcəndi. Deməli, hələ vaxtım vardı, daha doğrusu, vaxt vardı və həmin vaxt doğrudan-doğruya mənim deyildi, təbiətindi, kənar təsirindi. Yəni qəfilcə ildırım çaxıb oturduğumuz çayxananı külə döndərərdi, hərdənbir armudu stəkandakı çayla dodağını isladanda damcı nəfəs yoluna gedib Valehi o dünyalıq eləyərdi – hərçənd onun stəkanı boşalmışdı – və s. və i.a.

Mən yenə yan-yörəmə baxdım. Bu dəfə narahatlıqla... Və sövq-təbii çayçını səslədim:

- Əli, maqnitofonu nöşün söndürmüsən? – hər halda, musiqini də fikri qarışdıran kənar amillərə aid eləmək olar. Deyirlər, qədim misirlilər xəstələri musiqi ilə sağaldırmış. Valehi misirli xəstələrə oxşatmaq həzrəti Yusifi Ezopla eyniləşdirməkdi. Tərs kimi gör nədən mərcləşmişik.

Bağa girdim üzümə,
Tikan batdı dizimə.
Əyildim çıxarmağa,

Yar sataşdı gözümə.

Əslində dünyanın səkkizinci möcüzəsi baş verməsəydi, mən nə maqnitofondan ətrafa yayılan musiqini düz-əməlli eşidərdim, nə də ahəstəcə oxunan bayatını. Möcüzəsə bundan ibarətdi ki, Valeh mütiliklə əlindəki daşları yerə qoyub pıçıldadı:

- Eşitdin?

- Nəyi? – çiyinlərimi çəkdim.

- Bayatını...

Deyəsən, təngə gəlib məğlubiyyətlə barışmışdı, araya söz atırdı ki, izi azdırsın. Mənim də işim yaş olduğundan tez təsdiqlədim:

- Hə, gözəl bayatıdı.

Gülümsünüb gözlərini ovuşdurdu:

- Gopa basma, söhbət bayatının çirkinliyində, gözəlliyində deyil. Mən bu bayatını çoxdan gozaltı eləmişəm. Bayatılar kitabına da salmayıblar bunu. Dərin fəlsəfi güc-filan da yoxdu içində. Üzdən baxanda bütün misralar adama aydın görünür. Az-maz rəssamlıq duyulur dəst-xəttində, vəssalam. Əsas başqa çalarlardı. Belə incə notları sezmək ariflərin işidi, - Valeh çayniki götürüb boşalmış stəkanlarımızı doldurdu və yerin altından-üstündən agahkar təbəssümlə bic-bic üzümə baxdı. – Belə-belə işlər, əzizim. Məsələ müəllif bicliyindədi, öz istəyini dərində gizlədib. Danışmamağa, sirrini faş eləməməyə gücü yoxdu, İsgəndərin buynuzunu görən dəllək kimi sirr ürəyini deşir, amma dəlləkdən fərqli müəllif gizlini elə deyir ki, nə ətrafındakı bir şey anlayır, nə aqillər düzünə yoza bilir. Dinmə, dinmə, bilirəm, deyəcəksən ki, bayatıya nə müəllif? Bəs Sarı Aşıq kimdi? O dəfə də dedim sənə: nağılın da, bayatının da, rəvayətin də, dastanın da konkret müəllifi var...

Nuh əyyamındakı söhbətimizi unutsam da onu qızışdırmaq xatirinə armudu stəkandakı çaydan bir qurtum alıb itaətlə başımı tərpətdim:

- Yadımdadı...

- Ay sağ ol. Yadındadısa, o vaxt mən demişdim ki, müəllifini tapa bilməyib adına xalq yaradıcılığı dediyimiz əsərlər əslində xalqın deyil, ayrı-ayrı seçilmiş şəxslərindi. Çünki dünya yaranandan xalq bir yerə yığışıb ağıllı işlə məşğul ola bilməyib. Birlikdə qan tökmək, inqilablar, müharibələr eləmək mümkündü. Şedevrləri tənhalar yaradır. Nə isə... Keçək qulaq asdığımız bayatıya. Əslində məsələ sadədən-sadə, adidən-adidi. Müəllif əclafın məqsədi bizləri barmağına dolayıb yolumuzu çaşdırmaqdı. Yəni, bağa girən kələkbazın məqsədi üzüm yığmaq yox, elə cananını görməkmiş...
Sövq-təbii məndən dəli qəhqəhə qopanda Valeh qımışınb susdu, mən toxtayıb yan-yörəmə nəzər saldım. Elə bir qəbahət yox idi, hava isti olsa da çayxanada adam azdı, çünki buralarda, bulvarda çayxanaların sayı-hesabı itmişdi.

Valeh özündən razılıqla davam elədi:

- Belə, yoldaş filosof, yəqin azı yüz dəfə bu bayatını eşitmisən. Bəs çıxardığın nəticə nə olub, hə? Bu barədə düşünməmisən də. İstəyirsən bir az da dərinə gedək?

- Day sözünü dedin də...

- Yox, bu birinci misradı, jurnaldı hələ...

Dominodan söz oyununa keçsək də, fikrim ovcumdakı daşda idi, Valehin ipinin üstünə odun yığmaq çətindi. Bəlkə bir az da özündən çıxsaydı, kələfin ucunu itirərdi.

- Onda de gəlsin...

- Məlum məsələdi ki, üzümlüyə girənin dizinə tikan batmağı absurddu. Necə ki, sonrakı misralarda müəllif bunu dolayısıyla etiraf eləyir. Yəni, mənim dizimə tikan-zad batmamışdı, ay başıboşlar, ay dilbilməzlər, sadəcə, mən əyilib, gizlənib sevgilimi güdürdüm, yaxud istəmirdim ki, yar bağçasında məni özgəsi görsün. Sirrimiz aləmə yayılsın. Həm də yaxşı fikirləş, bu zalım oğlu bağa şalvarsız getməmişdi ki, durduğu yerdə dizinə tikan bataydı, o vaxtlar şortik-zad dəb deyildi axı...İntəhası, tikanın əyilməyə bəhanə olmağı uşağa da aydındı. Bəlkə də “dizimə tikan batıb” bəhanəsilə çöməlib cananın gözəgəlimli yerlərinə baxırmış...

- Əstəğfürüllah, - boğazımdakı çayı güclə uddum, çeçəsəydim ağız-burnumun suyu bir-birinə qarışacaqdı.

- Əşi, rədd elə e, bunları, - Valeh domino daşlarını kənara itələdi, daşlar dəm çaynikinə dəyib cingildədi. – Dur bir az gəzişək...

- Demək uduzdun, hə? – mən fürsəti fövtə vermədim.

O, vecsiz-vecsiz əlini yellədi:

- Yavaş ye, boğazında qalar. Əlindəki qoşa ikini də bərk saxla...

- Hardan bildin? – daşı çevirib qoydum masaya.

Yerində qurcalanıb tənbəl-tənbəl əsnədi:

- Boş şeydi... Ancaq hər nədisə, sən oynamağı öyrən. Rəhmətlik qaynatam deyərdi ki, həyat oyundu...

- Mənim rəhmətlik atam da yeri düşəndə buna oxşar bir söz deyərdi.

- Nə deyərdi?

- Deyərdi ki, həyat oyuncaqdı...

Valeh cibindən pul çıxardib nəlbəkinin altına qoydu və çayçıya işarə elədi ki, gəlib haqqını götürsün, dominonu da yığışdırsın...

1998

# 1835 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #