Cırtdanın dalına bir təpik

Cırtdanın dalına bir təpik
22 aprel 2014
# 10:23

Mirmehdi Ağaoğlunun yazısı

Uşaq vaxtı nağıl oxumayan, nağıl dinləməyən adamların böyüyəndə həyatları çox yeknəsəq, xəyal dünyaları kasad olur. Fantaziyaları olmur. Belələri çox quru təsir bağışlayır. Onların xəyal yoxsulluqları işlərinə də yansıyır. Bir çox ixtiraçıların, yazarların, elm adamların həyatlarını araşdıranda görürük ki, ən birinci üstünlükləri xəyal qurmaq bacarıqları olub. Bu bacarıq həm də insanda məqsədə çatmaq istəyi, cəsarət yaradır.

Sözüm ona, qərar aldım ki, bütün bu məişət və yaradıcılıq problemlərindən bir az vaxt tapıb oğluma həftədə heç olmaya bircə dəfə nağıl oxuyum. Oğluma gözəl günlər qura biləcəm-bilməyəcəm, buna heç özüm də dəqiq cavab verə bilmərəm. Heç olmaya bundan əminəm, oğlumun gələcəyinə qoyduğum bu sərmayə itməz. Həm də deyilənə görə uşaqlara ataları nağıl oxuyanda onların fantaziyası daha hüdudsuz olur. Çün, atalar adətən heç bir nağıllı axıracan bilmədiklərinə görə özlərindən uydurmağa başlayırlar. Elə özümdən misal çəkim. Atam uşaq vaxtı bir nağıl danışardı. Hər dəfə də sonluğunu bir cür uydurub danışırdı. Mənimlə zarafat etmək istəyən adam bu yerdə deyərdi, heç hiss olunmur.

Baxma, uşağa nağıl oxumaqla aram olmasa da bir neçə nağıl kitabı almışam. Elə dostlar da az bağışlamayıblar. Deməli, ənənəvi olaraq “Cırtdan”dan başlamaq qərarına gəldim.

Cırtdanın dostları meşəyə odun yığmağa gedir. Cırtdanın nənəsi də uşaqlara yağlı əppək verib nəvəsini bərk-bərk onlara tapşırır. Gəlin elə burda da dayanaq. Hamımızın bildiyi şeylərdi zatən.

Yolda Cırtdan deyir, nənəm məni sizə tapşırıb, dalınızda aparın. Uşaqlar növbə ilə onu dallarında daşıyırlar. Gəlib meşəyə çatırlar. Hamı odun yığır, Cırtdan yığmır. Deyir, nənəm məni sizə tapşırıb, siz yığın. Uşaqlar onun əvəzinə də odun yığırlar. Şələni aparmaq lazımdır, Cırtdan aparmır. Deyir, nənəm məni sizə tapşırıb, siz aparın. Axırda da yolu azırlar...

Sonra da guya Cırtdan fərasətli çıxıb uşaqları xilas edir. Şəxsən mənim belə təkəbbürlü, lovğa, tənbəl, yekəxana, dostlarına buyruq verən yoldaşım olsaydı, onun odununu şəlləyərdim dalına, özünə də bir təpik.

Uşaqlar bu hekayədən hansı əxlaqi nəticəni çıxartmalıdırlar?

Səni xilas edən dalına minməlidir, nökər kimi qulluğunda durmalısan? Belə eqoist, yaramaz adamla dostluq etməlisən?

Yaxşı biz uşaqlarımıza nə deyək? Deyək ki, ay bala, bax bu Cırtdan kimi, tənbəl, özündənrazı, fürsətcil ol? Belə adamlar həmişə Cırtdan kimi ağıllı olurlar, darda olanları xilas edirlər? Yoxsa bax, Cırtdanın dostları kimi əvvəl, ona-buna qulluğa gedən ol, onda bir tikə çörəyin də olacaq?

Yeri gəlmişkən bizdə kollektiv təfəkkürün olmamağının sirri məhz bu nağılda gizlənib. Həmişə kollektivdə birini ağıllı, qoçaq göstəririk, o birilərini əfəl, korəfəhim, gic-gicə. Xilası kollektivin əziyyətində görmürük, xilaskar bir nəfəri-Cırtdanı görürük.

Yox, qardaş, mənə belə cırtdan təfəkkürlü nağıl lazım deyil.

Qəhrəmanı Cırtdan olan xalqın, atası da elə mənim kimi olar. Ayda-ildə bir dəfə oğluma nağıl oxuyacaqdım, onda da bir qənbərqulu çıxartdım.

# 3011 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #