Türk, yoxsa rus mədəniyyəti?

Türk, yoxsa rus mədəniyyəti?
16 iyun 2011
# 11:16
Seymur Baycan yazılarını müntəzəm oxuduğum tək-tük yazarlardandır. Onun çox fikirlərini bölüşürəm. “Çadra altında Türkiyə” məqaləsindəki fikirlərilə də razılaşıram. Amma hamısı ilə yox.

****

Öncə başqa bir məsələdən – bir qrup insanda formalaşmış “Ruslar türklərdən daha intellektualdır və biz Rusiyadan örnək götürməliyik” fikirinə münasibət bildirim.

İntellektual olmaq çox yaxşıdır. Amma di gəl ki, indi bizim bəzi intellektualların dilində “intellekt” sözü o qədər ifrat işlənir ki, zavallı, biçarə anlayış artıq öz mahiyyətini dəyişərək glamurlaşıb.

Artıq “intellekt” sözü məndə qıcıq yaradır.

****

....Əgər intellektual şəxsiyyətsizdirsə, onda necə?

Axı bu halda cəmiyyətdə intellektualın funksionallığı itir. Şəxsiyyəti olmayan, yaltaq, qorxaq intellektualdan topluma nə fayda?

Üstəlik, Azərbaycanda şəxsiyyət və intellektual arasında əksər hallarda böyük uçurumlar olub. İndi isə xüsusən.

****

Rusiyanın intellektual potensialı çox güclüdür. Amma bu gün Rusiya intellektualları Putinin siyasəti altında əzilir.

Rusiyanın intellektual gücü onun dünyadakı mənfi imicini dəyişdirmək gücündə deyil.

Rus xalqının intellektdən çox iqtisadi vəziyyətini normallaşdırmağa, demoktratik dəyərlərə sahib olmaq ehtiyacı var.

Dostoyevski, Tolstoy, Turgenev onlara kömək etməkdə acizdir.

İntellektual rus cəmiyyətində məşhur rus aktyorları yoxsulluq və səfalət içərisində ölür.

Sağlam cəmiyyət intellektin üzərində yox, insan amilinin önə çəkilməsi, sosial ədalətin, güclü iqtisadiyyatın, yüksək təhsilin, fikir azadlığının üzərində qurulur.

Rus cəmiyyətində isə bunlar yoxdur.

Hakimiyyət rus intellektualını küncə elə sıxışdırıb ki, musiqiçi Yuri Şevçukun höküməti tənqid etməsi ölkədə şok yaradır. Az qaldı onu qəhrəman elan etsinlər.

Amma bəyənmədiyiniz Türkiyənin ortabab aktyorlarından biri Kadır İnanır Ərdoğanı “iqnor” edir, onun dəvətini qəbul etmir. Və bu Türkiyədə adi haldır.

Çünki ölkədə Ərdoğana etiraz edən onlarla tanınmış sənətçi, ziyalı var.

****

...Mən heç şübhəsiz ki, sənət baxımından rus kanallarının proqramlarını seçərdim. Amma ictimai-sosial-siyasi proqramlar, xəbərlər türk kanallarında daha peşəkar, daha obyektiv və cəsarətlidir.

****

Sorbonna Universitetinin filologiya fakültəsinin birinci kurs tələbələrinin böyük bir qismi zəngin fransız ədəbiyyatından ancaq Stendal və Bodleri tanıyır.

Amerikalıların çoxu hansı ölkələrlə sərhəd olduqlarını, öz klassiklərini tanımır. Hərçənd normal, təminatlı toplumda yaşayır.

İntellektual olmayan amerikalı, fransız öz hüququnu bilir, həlledici anda etiraz səsini qaldırır.

Qısası, mənim üçün başqalarının fikrinə tolerant, demokratik şüuru olan intellektsiz, sıradan savadı olan insan kölə intellektualdan qat-qat qiymətlidir.

****

Seymurun yazısına gəlincə, yazır: “Səksən milyonluq Türkiyə dövlətinin Bakı şəhərində bir kitab mağazası yoxdur. Əhalisinin iyirmi faizi yazıb-oxumağı bilməyən Türkiyədən kitab mağazası ummaq bəlkə də bir az haqsızlıqdır. Türklərin özü üçün kitab mağazası açan lazımdır”.

Türklərin savad və demokratiya ilə bağlı ciddi problemləri var. Elə bizim də.

Buna rəğmən Türkiyənin müəyyən inkişafını kölgə altına salmaq olmaz.

Türkiyənin ticarət, alış-veriş mərkəzlərində mütləq kitab dükanları var.

Hələ mən kino zallarını demirəm.

Proqressiv iş adamları kinoteatra gedib ona görə pul xərcləyirlər ki, kinematoqrafiya inkişaf etsin.

İri ticarət mərkəzlərindəki kitab dükanları həmişə adamla qaynaşır.

Qaldığım yerdə ölkənin orta təbəqəsi yaşayır.
Yaxınlıqda o qədər də böyük olmayan “Adese” alış-veriş mərkəzindən tez-tez bazarlıq edirəm. Mərkəzin ikinci qatında kitab dükanı var.

Alıcıya dünya klassiklərindən tutmus müasir bestsellerə, uşaq ədəbiyyatına qədər geniş seçim imkanı verilir.

İş saatlarında belə orda mütləq kitabla maraqlanan, kitab alan adam görə bilərsən.

Türkiyədə əksər bankların kitabxanaları var. Bu banklar kitabların, jurnalların çapına dəstək verir. Təmənnasız. Şagirdlərin qiymət cədvəllərini banklara təqdim etməsi kifayətdir ki, onlara pulsuz kitab hədiyyə verilsin.

****

Əgər azərbaycanlılar türklərin aydın hissəsinə yox, cəhalət qisminə meyl edirsə, demək ki, problem bizdədir. Bizim genetik kodlarımız cahilliyə daha çox bağlıdır.

Sovet dönəmində biz yaxşı təhsil almışdıq. Amma o təhsili alan adamların, əksəriyyətinin bu gün kitab, təhsil vecinə də deyil.

“Türkiyə, yoxsa Rusiya” dilemması isə Mirzə Cəlilin “Anamın kitabı” əsərindəki situasiyanı xatırladır.

Bizə hər şeydən vacib özümüzü, öz yolumuzu tapmaq və nə istədyimiz bilməkdir.

...Yadıma düşmüşkən, almanların 3 milyonu yazıb-oxumağı bilmir.
# 5985 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #