Qaçqınam deyə...

Qaçqınam deyə...
14 aprel 2014
# 11:18

İlk dəfə Bakıya 6 yaşımda gəlmişəm. Bacımın mənə paytaxtın əsrarəngiz gözəlliyini göstərmək istəyi ilə əlimdən tutub gətirdiyi bu şəhərin küçələrini yarıkönül gəzdiyim az-çox yadımdadı.

Neçə gün qaldığımı xatırlamıram, amma ilk dəfə evimizdən, anamdan-atamdan uzaq düşdüyüm üçün xiffət etdim. Bacıma “tez elə, məni evimizə qaytar” deyib ağlamağımı unutmamışam.

Nə isə. Uşaq təxəyyülümün sehrli-sirli Bakısının izdihamından çəkinib, dağlar qoynundakı sakit şəhərimi istəmişdim. O şəhərimi ki, illər sonra yenə ailəmlə birlikdə, erməniyə əsir düşməmək üçün min bir əziyyətlə tərk etmişdim.

Yenə yolumuz Bakıyaydı və yenə xiffət edəcəkdim, amma geriyə dönəcək şəhərim yox idi. Əvəzində sığına biləcəyimiz, güvəndə ola biləcəyimiz izdihamlı paytaxtımız var idi. Çox təəssüf ki, müharibənin sərt qanunları bizdən asılı olmayaraq ən ləyaqətli insanları məğlub, evini isə darmadağın edir, düşmənə əsir düşürür və ya yurdundan didərgin salır.

Biz də müharibə adamlarıydıq və nə yazıq ki, bu taleyi biz də yaşamağa məhkum olmuşuq.

Ağlım kəsəndən valideynlərimin, qohumlarımın dilindən həmişə insanları sevməyi, onlara şəhərə, rayona, kəndə görə yox, özünə görə hörmət etməyi öyrənmişəm.

Gələn qonağa ən gözəl şəkildə qulluq göstərməyi, ən yaxşı yeməkləri bişirib, təmtəraqla yola salmağı böyüklərimdən görmüşəm. Belə də olmalı idi. Bu, hər şeydən əvvəl insanlıq borcumuz idi.

Paytaxta gəldiyimiz ilk günlərdə insanların bizə qarşı aqressivliyini, az qala yoluxucu xəstəliyimiz varmış kimi davranışlarını uşaq ağlımla dərk edə bilmirdim. Mənə atam-anam, müəllimlərim Azərbaycanın hər tərəfini, paytaxtımı sevməyi aşılamışdı.

Və bizim üçün hər yer Vətənin bir parçası idi. Ona görə də böyüklərimdən fərqli olaraq, çox zaman qınaq dolu nəzərlərlə baxanları başa düşməkdə acizlik çəkirdim.

Bəziləri halımızdan anlasalar da, amma əksəriyyət insanın nəzərində torpaqlarını erməniyə qoyub gələn insanlardan başqa birisi deyildik.

Bir çoxlarının gözündə, dağdan enən, ayağı qaloşlu palçıq içindən çıxıb şəhərin tər-təmiz küçələrini kirlədən, qalmağa yerləri olub da keflərindən kibrit qutusu boyda otaqları olan yataqxanalara, pansionatlara, ən nəhayət özgə evlərinə yığılan məcburi köçkünlərdik.

Bəzən içimdən gücüm gəldikcə qışqırıb, o insanlara demək istədiyim o qədər çox sözüm var idi ki. İllərlə ürəyimdə daşlaşan və yük olan sözləri son vaxtlar yenə eşitdiyim tənələrə görə yazmaq istədim.

İstədim ki, biləsiniz ki, bizə dağdan enənlər deyirlər, amma o dağları yarıb, qoynunda gözəl evlər tikib yaşayan da biz idik.

Ac-yalavaclar deyirlər, amma, bu gün şəhərin mağaza vitrinlərində bəh-bəhlə axtarılan kəndin, rayonun ən təmiz nemətləri bizim süfrəmizdən heç vaxt əskik olmayıb.

Ayağı qaloşlu, əli qabarlı kənd qadınlarının, kişilərin böyütdüyü oğlanlar, qızlar paytaxtın ən yaxşı universitetlərində təhsil alıb, bu gün böyük auditoriyalarda yüzlərlə tələbəyə bilik öyrədir, maarifləndirir.

Biz həmişə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşıb, Azərbaycan mədəniyyətini folklorundan tutmuş, müasir dövrədək ən yaxşı şəkildə yaşatmışıq.

Zaman bəzən hər şeyə dərman olmasa da, çox şeyə dərman olur. Mən və yaşıdlarım illərlə bu tənənin ağırlığını çəkə-çəkə, özümüzü şəhər ab-havasına öyrəşdirərək böyüdük. Bu torpaqda atasını, dayısını, əzizlərini dəfn edənlər çox oldu. Sığındığımız paytaxt və digər rayonlarda qəbiristanlıqlarımız yarandı. Dərdimizi anlayanlar halımıza acıdılar, nisgilimizə şərik oldular. Bizi qəbul etməyənlər də yaxşı pis öyrəşdilər məcburi köçkünlərə...

Bəzilərinin dilində “qaçqınam deyə, tank sürməliyəm, və ya “ay Allah, sən bu qaçqınların corablarını laykadan elə” kimi şit, bayağı ifadələr yaratdılar, lətifəyə çevirdilər....

Özlərinə gün-güzaran düzəldib, evi-eşiyi olmayanları da qınaq obyektinə çevirən məcburi köçkünlər də oldu, elsizliyə, evsizliyə heç bir il dözməyib, bu dünyadan köçənlər də...

Bəlkə yenə bu mövzudan yazmağım, xoşunuza gəlməyəcək. Amma mən bu Vətəni qaçqınına, köçkününə yerlisinə bölənləri qınayıram. Çünki bölündükcə cılızlaşırıq, cılızlaşdıqca nə Vətən sevgimiz qalır, nə də insanlıq.

Qaçqın da, məcburi köçkün də öz istəklərinin yox, müharibənin qurbanlarıdır. Ona görə də ürəyində yurd-yuva yarası gəzdirən yaşlı insanlara, ağbirçəklərə, ağsaqqallara söz yarası vurmadan, sevgi göstərmək də bir təsəllidir.

Dövlətimizin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı bütöv bir Azərbaycan sevgisinin təzahürüdür. Bizi də sındırmayan, gələcəyə inamlı edən də budur. İnanıram ki, bir gün bütün işğal olunmuş ərazilərimiz azad olacaq və biz də o torpaqlara qayıdacağıq. Tikanlı sözlər deyib, könül bulandıranlara isə tək bir sözüm var...

Bizə qucaq açan və açmayan hər kəsi əzəmətli dağlarımızın, yaşıl meşələrimizin və evimizin qonağı edəcəyik. Çünki Azərbaycan hamımızın Vətənidir və bu torpaq üzərində gəzmək, havasında nəfəs almaq onu layiqincə sevən hər kəsin haqqıdır.

# 3131 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #