Zombi musiqisinin sədaları altında...

Zombi musiqisinin sədaları altında...
11 aprel 2014
# 10:45

Sözlər nə üçündür? Sözlər nəyisə demək üçündür, amma həm də nəyisə deməmək üçündür…

Necə ki qırmızı alma yemək üçündür, amma həm də yeməmək üçünmüş. Bu almanı yeməklə Həvva seçim etdi; biz bu dünyaya gəldik-yemək üçün olan dünyaya... Niyə bu almanı Həvvaya göstərdilər, adına «alma» dedilər, amma «dilinə alma» dedilər, bu, yəqin başqa söhbətdir.

Mifə inansaq ilk insanlar seçimi ediblər, bizə bu seçimlə hesablaşmaq qalıb. Hesablaşmaqsa asan deyil: dünyanın bir tərəfində insanlar köklükdən, şopinqomaniyadan (Şopinqamaniya geyim, ayaqqabı, aksesuar, parfüm, hətta ərzaq mağazaların yanından biganə keçə bilməmək xəstəliyidir. Belə xəstələr gərək oldu-olmadı gözləri tutanı almaqdan özlərini saxlaya bilmirlər) əziyyət çəkir, buna xeyli pul sərf edirlər, bir tərəfində sadəcə olaraq acından qırılırlar. Bu gün dünya kontingetinin əsas tərkibini kredit alanlar, kredit verənlər və tamamən aclar müəyyənləşdirir. Bizsə o ölkələrdənik ki, sosializm nostaljisi canımızdan çıxmayıb və o gözəl bərabərlik illərini kapitalizm cəmiyyəti ilə tutuşdurub hər an əsəb keçiririk. Çünki bu gün cəmiyyət sözündəki “cəm”i ifadə etmir. Hər kəs iqtisadi, sosial cəhətdən təklənib. Hətta ən varlı oliqarx da maliyyə psixozu yaşayır. XXI əsrin insanını təsvir edən tablolardan biri yəqin ki, belə olmalıdır: Banklarda öz kredit faizlərini ödəmək üçün oturub növbə gözləyənlər...

Məhsullar daha təkmil şəkildə təqdim olunur. Adamlara yaşamaq üçün çox şey gərək olur... Adamlar komfortlu yaşamaq, həzz almaq, mükəmməl olmaq istəyirlər. İlk baxışda normaldı bu. Amma düşkünlük həddində deyilsə. Bəs həddi necə bilirlər?

Hələ antik dövrdə yaşamış Sokrat bazara baxıb demişdi: “Gör bazarda nə qədər mal var ki, onsuz da keçinmək olardı”. İndiki supermarketləri görsə yəqin Sokratın ürəyi partlayardı. Hər cür irili-xırdalı məhsullarla dolu supermarket arabaları…

İnsanların nəfsinə xitab edən parıltılı reklamlı məhsullar… Fərqliliyi ilə ayrıntılar yaratmış, həyatımıza vacib əşyalar kimi daxil olmuş mallar get-gedə artır. İşə baxın, qab şampunu olmadan keçinmək olmazmış… Yuyucu tozlar avtomat, ya da əllə yumaq üçün, hətta rəngli və ağ paltarlar üçün deyə bir ayrıntıyla təqdim olunur. Bir telefon özündə ən azı üç funksiya birləşdirir. Məhsullar daha təkmil şəkildə təqdim olunur. Adamlara yaşamaq üçün çox şey gərək olur...

Hər şey, hətta geyim dükanlarında adətən uca səslə təqdim olunan “zombi” musiqisi belə bu cür xəstələrinin ciblərinə girmək üçün mükəmməl işləyən bir mexanizmdir. Daha doğrusu idarəetmə pultudur. Pultun düyməsi basılır, insan və mal dövriyyəsi başlayır. Bu mexanizmin istehsalından həm də şopinqomaniya kimi xəstəliklər də çıxır.

Psixoloqların fikrincə şopoqoliklər psixoloji və şəxsiyyət problemi olan insanlardır. Belə xəstəliyin yaranma səbəblərindən biri cəmiyyətdən, insanlardan izolyasiyadır. Amma qəribədir ki, qadın jurnallarında yüngül depressiyaya düşmüş qadınları qarderobu təzələməyə, şoppinqə çağırırlar. Əlbəttə pultun bir düyməsidir.

Böyük toxluq

“Böyük toxluq” Marko Ferrerinin filmidir. Kann festivalında mükafat qazanıb.

Filmin qəhrəmanları Mişel, Uqo, Marçello və Filipp üzdə olan elitanın nümayəndələridir, istehlak cəmiyyətinin ulduzlarıdır. Təyyarəçi, aşpaz, telejurnalist və hakim. Pulu, karyerası, işi olan bu dörd kişi istirahət etmək üçün miras qalmış malikanəyə yığışır çoxlu ərzaq və ət sifariş verirlər. Tam bir həftə xirtdəyəcən cürbəcür yeməklər yeyirlər, amma gözləri doymur. Hətta bədən belə imtina edir, fiziki reaksiya göstərir: qusurlar, batırırlar, amma şüurlarının diktəsindən qopa bilmirlər.

Toxluqdan qızaran, qarın ağrısına düşən bu adamlar bədənlərini yeməklərlə zorlayıb təhqir edəcəklər. Filmdə obrazlardan birini yaradan Marçellonun qəhrəmanının təklifi ilə dəvət olunan fahişələr belə - o fahişələr ki bədənlərindən pul qazanmaq üçün istifadə edirlər- bir-bir ürəkbulanması içində malikanəni tərk edirlər. Çünki kişilər durmadan bişirir, yeyir, yenə də bişirir, yeyir və yenə də yemək barədə düşünürlər. Rejissor ən naturalist səhnələrlə bu prosesin iyrəncliyini göstərir, bu insanların simasında ruhsuz cəmiyyətin anti-estetikliyini vurğulayır.

Bu tıxma prosesinin bir muzası-mələyi (ifriti) var: ədəbiyyat müəlliməsi mülk sakinləri ilə tanış olur və sona qədər orada qalır. Totuq, hətta bir qədər gözəl qadının bütün ətli ağ əndamına, bu köklüyə baxmayaraq zərif sifətinə rəğmən ac bir işıqla parıldayan gözləri var.

Tıxmağa sona qədər bu QADIN davam gətirəcək. Sonda ölən ən iradəsiz qəhrəmandan sonra o hələ də ərzaq sifariş edəcək. Sanki bu iyrənc «tıxma əməliyyatı»nın həvəskarı, təhrikçisi, ilham pərisi odur. O qadın.

Bu dörd kişi də tədricən çox yeməyə, sonra daha çox yeməyə sonra, yalnızca yemək haqda düşünməyə, sonra bu toxluqdan yatmış hissiyyatı ilə yeganə qadınla bir-birinə qısqanmadan yatmağa, sonra yeməkdən qarın ağrısına düşməyə, gəyirməyə, altını batırmağa, kişilikdən düşməyə və ölməyə qədər gəlib çıxacaqlar.

Rejissor qadını burjua cəmiyyətinin stimullaşdırıcısı kimi görür. Bəlkə də haqlıdır. Statistikaya görə, şopoqoliklər arasında qadınlar çoxluq təşkil edir, qlamur jurnallar onlara ünvanlanır. Mifi xatırlasaq, o almanı da Həvva dişləmişdi deyərik. Amma bəs prosesləri idarə edən bayaqkı o pult kimdədir? Qadınlar da kişilərin qurduğu dünyada yaşamırlarmı?

«Qırıntı»

İdarə edən hansısa qüvvəni suçlamaqla bütün istehlak cəmiyyətinin problemlərinə nöqtə qoyub söhbəti bağlamaq olar. Xüsusən bizimki kimi ölkələrdə istehlak mədəniyyətinin olmamağından danışmaq mümkündür. Amma insana, onun gücünə, qüvvəsinə sizi inandırmaq üçün qısametrajlı bir filmin süjetini danışmaq istəyirəm:

Çox kasıb, sadəcə küləkdən yağışdan daldalanmaq üçün bir daxmanı göstərirlər. Saqqallı bir kişi və uşaqdan başqa kimsə yoxdur. Qışdır. Daxmada soba yanır. Kişi palçıqla daxmanın dəlmə-deşiyini tutmada. Pəncərəyə sellofan örtük çəkilib. Otaqda yeganə texniki tərəqqi nümunəsi balaca, ağ-qara televizordur. Ekranda acları göstərirlər. Sümükləri çıxmış adamları. Qocaları, uşaqları. Tasdakı yeməyə, vertolyotdan gələn humanitar yardıma cumanları. Qılınca çapan acları… Uşaq qəflətən qalxır. Bayaq yedikləri, süfrədə qalan yavan çörəyi ovub televizor arxasına, qutunun məsamələrinə tökür. İçindəki adamlar ac qalmasın deyə, elə hey balaca ovucları ilə ora qırıntı tökür. Ekrandasa adamların başına humanitar yardım yağır. Televizorda əlləri çörəkli uşaqlar gülümsəyir…

Bu qısa bir türk filmindədir. Bir uşağın qırıntıladığı çörək “bir televizor adam”ı doyura bilir bu filmdə.

Rejissor insanlığın gücünü göstərmək istəyir.

Biri var kasıblıqdan utanmaq, biri də var kasıbın yanında utanmaq, bir də var maddi zənginliyini böyük bir dəyər, əlçatmazlıq kimi təqdim etmək (televiziyalar, dərgilər, jurnallar, reklamlar, nümunə göstərmək və başqa vasitələrlə). Sonuncunu təqdim olunan kimi qəbul etməyə tələsməyək, qızıl qablı xüsusi telefonlar, brend geyimlər görüb “biz də əldə etsək” deməyə dəyməz. Qlamur çürük ideologiyadır.

# 2703 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #