Fuad Poladov: “O məktubu indi də saxlayıram...” - MÜSAHİBƏ

Kulis.az bu gün dünyasını dəyişən Xalq artisti Fuad Poladovun vaxtıyla Kulis.aza verdiyi müsahibəni təqdim edir. 

 

Şəxsiyyət olaraq bütöv qalmağı, aşınıb xammal olmaqdan özünü qorumağı bacaran, azadlığının sərhədlərini cəngavər kimi qoruyan neçə sənətkar saya bilərik? Sənətinə, tamaşaçısına ciddi və hörmətlə yanaşan, hər kəsdən hörmət tələb edən neçə aktyor tanıyırıq?

 

Bunlar müsahibi təqdim etmək xətrinə yazılmış ritorik cümlələr, vərdiş olunan teatrşünas “tost”ları deyil. Bəlkə də sadalanan keyfiyyətlər olmasaydı, aktyor Fuad Poladovun  səhnədəki dolğun pauzalarının, fəlsəfi sözlərinin, fikirli gəzişmələrinin, ironik intonasiyalarının heç bir dəyəri qalmazdı.

 

- Fuad müəllim, jurnalistlərdən qaçırsınız...

 

-  Standart suallara eyni cavab verməkdən bezmişəm. Ona görə də müsahibə xahiş edəndə belə “çevir tatı, vur tatı” məqamları xatırlayıb imtina edirəm. Çalışıram o vaxt müsahibə verim ki, nə isə barədə deməyə bir sözüm olsun. Gündəmdə olmaq, mətbuatda görünmək naminə müsahibə verməyi sevmirəm.  Olur ki zəng edirlər, amma hansı teatrda işlədiyimi bilmirlər. Ya da sual verirlər, filankəslə münasibətiniz necədir? Ayə, sənə nə var?

 

- Necə düşünürsünüz, sənətkarın, yaradıcı adamın ictimai mövqeyi olmalıdırmı? Həmkarlarınızın çoxu deyir ki, sənətkar yalnız sənəti ilə məşğul olmalıdır...

 

- Sənətkarın ilk növbədə mövqeyi olmalıdır ki, sonra ictimai mövqeyi də olsun. Xüsusən də yaradıcı adamın. Sadəcə bizdə buna düzgün yanaşmırlar, o saat bunu siyasətə, müxalifətə bağlayırlar. Əgər ölkədə fərqli düşünən, başqa cür danışan adamlar varsa, bunun nəyi pisdir? Yeri gəlmişkən, Gənc Tamaşaçılar Teatrında bir aktyor vardı, İlqar Cahangir, bir müsahibəyə görə çıxardılar işdən. Çox da istedadlı aktyordur. Belə insanların qol-qanadını sındırıb, inkişafdan saxlayırlar. Yaradıcı adamın fikrini sıxmaq, qolunu-qanadını sındırıb ondan necə sənət tələb edə bilərsən? Rusların bir maraqlı ifadəsi var: “Palyot mısli” – fikir uçuşu. Bunun qabağını almaq günahdı sadəcə. Bir yaxşı atalar misalı da var “Ətrafda hamı hinduşkadırsa, qartallarla cütləşmək çətindir”.  Özü də bu qadağaları kim qoyur? Onu başqa yerlərə kim yozur? O adamlar ki, yerinə, mənsəbinə, kreslosuna görə qorxurlar.

 

Rəngarənglik, zənginlik, fikir müxtəlifliyi yalnız sözdə olmamalıdır. Yoxsa  tamaşa, əsər və ya film cəmiyyətə necə toxuna, əks-səda doğura bilər? Senzura ləğv olunur, amma adamların daxilində bir senzura yaradırlar.

 

- Bəs sizdə yarada bilməyiblər?

 

- Mənim təbiətim gəncliyimdən belə formalaşıb: desəm öldürərlər, deməsəm ölləm. Ölkədə çoxlu ölüm hadisələri olur. Bilirsiniz niyə? Deyə bilmədiklərinə görə ölürlər. Onsuz da ölürsən, elə deyib ölmək daha yaxşı deyilmi? Deni Didronun bir sözü var, deyir biri var, böyrək daşından, öd çatışmazlığından, lap elə ürək çatışmazlığından öləsən, bir də var, ideya uğrunda öləsən. Öləndə də biləsən nəyə görə ölürsən.

 

- Fuad müəllim, ölmək demişkən, dindarsınızmı?

 

- O qədər də yox.

 

- O biri dünyanın olduğuna inanırsınız?

 

- İnanmıram. Amma bilirsiniz necədir? Deyəsən Volterin sözüdür, deyir, Allah olmasaydı belə onu uydurmaq lazım gələrdi. İnsan nəyəsə inanmalıdır. Şüurum görmədiyim şeyə inanmamağımı tələb edir. Amma elə bu tələbi edən şüuru da bizə Allah verib.

 

- Tarixi şəxsiyyətlərin obrazını yaradırsınız. Heç yuxunuza gəlibmi onlar və ya hansısa mistik məqam yaşamısınızmı?

 

- Əlbəttə. Qacar, Əmir Teymur, Napoleon... Onların dövrünə aid materiallar oxuyanda yatanda da, duranda da, yemək yeyəndə də onları düşünmüşəm.

 

Elə “Şah Qacar” tamaşası ərəfəsində Qacarı yuxuda gördüm. Onun axtalanmağı ilə bağlı müxtəlif versiyalar var. Yuxuda hansının həqiqət olduğunu soruşdum, amma demədi...

 

- Qacar obrazı sanki qəddarlığa bəraət qazandırır: qəddarlıq hakimiyyətin tələbidir. Deməli kimisə qınamağa dəyməz?

 

- Düzdü, Qacar elə deyir. Amma hökmən dövrü, ictimai-siyasi vəziyyəti nəzərə almalısan. Hansısa bir qəddarlığı etməkdə bir bəraət olmalıdı. Ciddi bir bəraət. İddia yox. Əmir Teymur ölkələri fəth edərkən tanrılıq iddiasına düşmüşdü.  Makedoniyalı İsgəndərin atası Filipp isə zənci quluna tapşırıbmış ki, daim onun dalınca gəzsin və eyni sözü təkrarlasın: Sən insansan. Sən insansan... Məncə imperatorların əksəriyyətinin süqutu özünü yerin-göyün sahibi hiss edəndə başlayır. Mən belə düşünürəm.

 

- Xarakterinizin cizgilərini yaratdığınız obraza gətirə bilən aktyorlardansınız. Məsələn, kəskin ironik intonasiya demək olar ki, əksər teatr rollarınızda var. Bəs oynadığınız obrazdan nə isə vərdişiniz qalırmı?

 

- İnsan öz fərdiyyətini yaradandan sonra heç nə ona mane ola bilmir. Nə isə götürüb öz xarakterinə qatmaq düz deyil. Məşhur xalçaçı rəssamımız Eldar Mikayılov müsahibələrindən birində deyir ki, bir dəfə uşaq olanda Səttar Bəhlulzadə ilə təbiətə seyrə çıxmışdıq. Səttar başladı işləməyə. Mən də başladım onun baxdığı mənzərəyə baxmağa. Onda Səttar mənə baxdı və dedi: “Nə baxırsan? Öz “toçka”nı tap da...”

 

Yəqin məni anladınız... Bizdə aktyor var, baxırsan ki, Marlon Brandonu təqlid edir və ya Deniro kimi çənəsini oynadır. O, niyə belə edir, bilmir, amma edir. Gərək aktyor da öz “tocka”sını tapa...

 

- Ola bilərmi ki, hansısa hərəkətə görə obrazdan imtina edəsiniz? Eşitmişəm ki, guya Turabov rolda mayallaq aşmaqdan imtina edib.

 

- Əgər rola görə mayallaq aşmağa ehtiyac varsa niyə etməyim?

 

- Şəxsiyyətinə yaraşdırmaq məsələsi ola bilərmi?

 

- Yox, nə danışırsınız? Rus Dram Teatrında “Pozğun” adlı tamaşam var ki, orada qəhrəmanım iki qadınla divanda uzanıb, onlara toxunub deyir: “Mən bilmirəm hansınızı seçim? Siz ikiniz də ayrı-ayrısınız...” Həyatda bunu heç vaxt edə bilmərəm, amma obraz tələb edirsə səhnədə edirəm.

 

- Oynadığınız “Hamlet” tamaşası haqqında teatr tənqidçilərindən biri yazmışdı ki, bizim teatrda Şekspiri oynaya biləcək aktyorlar yoxdur, ona görə Fuad təkbaşına Hamletizmi oynamağa məhkumdur...

 

- Bunu oxumamışam. Bu tənqidçi ilə də heç cür razılaşa bilmərəm. Hamlet lap cavanlığımdan oynamaq istədiyim obrazlardan biri olub. Ona görə yox ki, dünya dramaturgiyasının şah əsəridir. Ona görə ki, Hamletin fikirlərində mənim cəmiyyətə verə biləcəyim mesajlar var idi. Hamleti 54 yaşımda oynamışam. Amma imkan vardı 40 yaşımda da oynayım. Hətta əmrini də vermişdilər. Bəzi məsələlərə görə baş tutmadı. O zaman oynamaq istədiyim Hamletlə 54 yaşımda oynadığım tamam başqa-başqa obrazlardır. Demək istədiyim mesajların yükü dəyişib. Çünki 21-ci əsrdir. Tamaşaçının tələbi başqadır. Bəxtiyar Vahabzadə 40 yaşında düşündüyüm o Hamleti bəyənərdi, amma 54 yaşımdakını bəyənməmişdi. Amma onun xaricdə oxuyan nəvələri gəlib tamaşaya dəfələrə baxdılar. Mən onlar üçün oynamağa çalışmışam. Bir də mən heç vaxt obrazlarıma nöqtə qoymuram. Tamaşa özü də mənim üçün prosesdir.

 

- Tələblərin dəyişdiyini dediniz. Amma nəsillərin dəyişməsi ilə aktyor sənətinin özündə də estetik meyarlar dəyişir. Bəlkə də səhnədə xarizmatiklik,  səs, yeriş, pauzalarla işləyən son aktyor nəslini təmsil edirsiniz.

 

 

- Bunlar dəyişə bilən şeylər deyil. Sadaladıqlarınız özüldür. İpin üstündə müxtəlif hərəkətlər etmək üçün ilk növbədə onun üstündə gəzməyi bacarmaq lazımdır. Qoy hələ gəzməyi öyrənsinlər, sonra başlasınlar onun üstündə fokuslar göstərməyə...

 

Xarizma da olmalıdır, uzun pauzalar da... Çünki onlarsız səhnə sənəti yoxdur. Amma əlbəttə sənət  təkmilləşir, daha da çevik olur. Pauzanı da yerində vermək lazımdır. Filmdə pauza xüsusən çətindir... “Aktrisa”  filmində bir yer var: xəncəri mənə verirlər. Orada böyük bir pauza var. Ramiz Fətəliyev rejissorla birgə filmi montaj edirmiş. Mümkün qədər qayçılamalı imişlər. Mənə sonradan özü dedi ki, nə illah etdimsə o pauzanı qayçılaya bilmədim. O qədər dolğun idi ki... Bu, təcrübədən irəli gəlir (Gülür).

 

Ruslar demişkən pauza nə qədər böyükdürsə, aktyor o qədər böyükdür.

 

- Bəs ştamp barədə ciddi düşünmüsünüznü?

 

- Ştamplar olur və ondan bacardıqca qaçmaq lazımdır. Bir nəfər yazmışdı ki, “Hamlet”də eşitdiyimiz hıçqırıqlar “Afinalı Timon”dan gəldi. Aktyor ağlayırsa, ondan çıxan səs öz səsi olmalıdır. “Filan tamaşadakı hıçqırtılar Hamletdəki hıçqırtını xatırlatdı” demək, tənqid xətrinə zərrəbinlə ştamp axtarmaqdır.

 

- Bəlkə o adam obrazların oxşadığını görüb?

 

- Yox, onlar oxşaya bilməz...

 

- Fuad müəllim, kinoya çəkilişlərində şərtləriniz olduğunu eşitmişəm.

 

- Müəyyən məbləğdə qonorar tələblərim olur. Baxır rola. Obraz çox xoşuma gəlirsə güzəştə gedirəm.

 

- Deyirlər, “Dolu” filmində yarım saatlıq çəkilişə görə 10 min manat qonorar almısınız?

 

- Yox, o qədər deyildi. Baxdım ki, iki-üç səhnədir, yəni iki-üç çəkiliş günüdür. Amma bunun məsələyə heç dəxli yoxdu. “Dolu”da da qəhrəman ölür, “Dərvişin qeydləri”ndə də. Bir də... (düşünür) İndi xatırlamıram. Dalbadal bir neçə film oldu ki, qəhrəmanım ekranda öldü. Yəni dediyim odur ki, sən onsuz da o psixoloji vəziyyəti aktyordan tələb edirsən. Nə olsun ki, iki epizod çəkildi, ya bir...

 

“Dolu”da qəhrəmanım başına güllə sıxır, ya da Xanın (“Dərvişin qeydləri”) ürəyi partlayır, ölür. Mən bu dramatik anı yetişdirməliyəm, obrazı tamamlamalıyam. Tamaşaçını buna inandırmalıyam. Bunun qabağında pul söhbəti etmək düz deyil...

 

- “Dolu”dakı Katibin intiharına tamaşaçı inandımı sizcə?

 

- Bayaq dediyim məsələdir. İdeya uğrunda ölmək... Katib telefonla danışanda deyir ki, biz bir dəfə, amma kişi kimi öləcəyik. Sizsə nakişi kimi yüz dəfə. Olub belə adamlar... İndi sadəcə inanmağımız gəlmir ki, hansısa məmur belə edər...

 

- Müasir yazıçıları oxuyursunuzmu?

 

- Son iki ildə işdən vaxtım olmur. İşlə bağlı oxuduğum ədəbiyyatı da işə daxil edirəm. Qacarla bağlı, Deni Didro lə bağlı kitablar oxudum. Onların dövrünə aid materiallar idi. Yəni mütaliəm işimlə bağlı oldu. Amma belə son oxuduğum Kamal Abdullanın “Unutmağa kimsə yox” kitabıdır.

 

- Bəs daha gənc nəsil yazıçı, şairlərdən?

 

- Aqşinin, Seymurun kitabları var. Oxuyacağam... Mənim oğlum onlarla maraqlanır. Hətta şəxsi tanışlığı da var o yazıçı-şairlərlə. Vaxt tapmıram ki, oxuyam.

 

- Oğlunuzun ixtisası nədir?

 

- Sosioloqdur. Amma incəsənətə marağı var idi. Kinorejissor olmaq istəyirdi.

 

- Siz qoymadınız?

 

- Yox. Mən sadəcə onunla söhbət edim, bəzi məsələləri anlatdım. Mənim bu işdən getmək istədiyim vaxtlar olub. Amma hara? Ona dedim ki, sən o haranı tap. Sonra bu işlərlə məşğul ol. İkinci bir sənətin mütləq olsun.

 

- Fuad müəllim, pərəstiş məktubları almısınız yəqin ki...

 

- Gəncliyimdən bəri aldığım məktubların maraqlılarını qoruyub saxlamışam.  Bu yaxınlarda bir nəfər şer yazıb göndərmişdi... Məsələn şair Vaqif Bəhmənli rayonda yaşadığı zamanlarda orada oynadığım rola görə mənə məktub yazmışdı. O məktubu indi də saxlayıram...

 

- Sizdən dövrünüzün ən böyük mifi kimi nə qalacaq?

 

- Vallah bilmirəm. Nodar Dumbadzenin “Darıxma, ana” tamaşasında bir söz var: “Necə yaşayırsan yaşa, hansı çətinliklərə düşürsən düş, çalış adamlığını itirmə”. İnsanlığını itirməmək vacibdir. Bir də... ...ANS də bir veriliş var, “Keçmişə salam” ilk buraxılışlarında mənə müraciət etdilər. Onlara dedim ki, mən keçmişə yox, gələcəyə salam vermək istəyirəm. Mənim yaşımda belə danışmaq bəlkə kiməsə gülməli görünər, amma mən ruhən özümü gənc hiss edirəm. İşimdən hədsiz zövq alıram. Mən icraçı olmamışam, işimdə həmişə özümdən nələrsə olub, ona görə sənətimə marağım tükənməzdir. Eləmədiklərim də etdiklərimdən çoxdur. Hiss edirəm ki, çox iş görə bilərəm...

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018