Mirşahinlə razılaşmalı, amma...

Mirşahinlə razılaşmalı, amma...
18 mart 2014
# 10:29

Vaxtilə gənc yazarları televiziyaya çağırıb yazdıqlarına görə, cəmiyyətin içindəki eybəcərlikləri açıq-açığına, çılpaq şəkildə ifadə elədiklərinə görə ittiham eləyən birinci kanal ANS oldu. Yazıçını ittiham eləyirdilər ki, sənin qəhrəmanın niyə söyüş söyür? Sən söyüşcül qəhrəmanını tərbiyə eləməli, oxucunun qabağına ütülü, mərifətli şəkildə çıxartmalısan. Oxucu ona baxıb ibrət götürməlidi. "Ədəbiyyat - ədəb sözündəndi, mənası ədəb-ərkan, adamlara necə oturub qalxmağı öyrətməkdir" - fikrini də bıçaq kimi soxuşdururdular böyrümüzə. Halbuki, bu fikrin özündə həqiqətlər var. Amma o adamlar ki, yazıçını ədəb verməyə çağırırdı. Onların təsəvvüründəki ədəbin özü çox bayağı idi. Ədəb - söyüş söyməmək, aşiqlə məşuqu çılpaq təsəvvür etməməkdən ibarət idi bunların nəzərində. Vəssalam. Ədəbiyyatın məqsədi ilk növbədə oxucuya humanizm hisslərini aşılamaqdı. Adam kobud ola bilər, söyüşcül də ola bilər, amma əvəzində yaxşı insandırsa, dəyər yüz tərbiyəli, yeməyi çəngəl-bıçaqla yeyən vicdansız adama.

3-cü sinif “Ana dili” kitabına Hüqonun "Səfillər "romanından Qavroşla bağlı balaca bir hissəni salıblar. Qızımın ədəbiyyat biliklərini müəllimlərinin ixtiyarına buraxmıram. Özüm bilavasitə məşğul oluram. Ona bir qələm, bir kağız verdim, dedim ki, Qavroş haqqında düşündüklərini kağıza köçür. Qızım yazdı: "Qavroş kobuddu, tez-tez fit çalır, acıqlı uşağa oxşayır. Küçədə tapdığı uşaqlara "cücələr" deyir. Kimsə mənə cücə desə, acığıma gələr. Amma o, çox yaxşı oğlandı. O, getməyə yeri olmayan uşaqlara çörək verir, onlara qalmağa yer düzəldir, öz yatağını onlarla paylaşır. Qavroş mənim ən sevimli qəhrəmanımdı".

Qavroş küçə uşağıdı. Əlbəəttə, küçədə yaşayan uşaq kobud olmalı, yeri gələndə söyüş də söyməli, fit də çalmalıdı. Amma o, yaxşı insandı, gözəl ürəyə malikdi. Uşaq bu kobud uşağı xeyirxahlığına görə sevib. Ondan kobudluğu yox, xeyirxahlığı öyrənib. Uşaq uşaq ağlıyla yaxşını pisdən ayıra bilir. Böyük adamlar ayıra bilməyəcək?! Bu mənasız və absurd ittihamların qabağında yazıçıların bəziləri danışmaqla, izahat verməklə, bəziləri də susub əhəmiyyət verməməklə dayandı.

Televiziyalar cəmiyyətdəki eybəcərlikləri çəkib ekranlara gətirəndə ürəyimdə sevinmişdim. Proqnozum düz çıxdı. "Bizim ölkədə belə şeylər ola bilməz. Bizim xalqımızın içində bircə dənə də yolunu azmış, ağlını itirmiş tapa bilməzsən. Siz bu xalqa şər atırsınız" - deyən televiziyalar reytinq və şou xatirinə eybəcərlikləri çəkib göstərməkdə yarışa girdilər. Və doğrudan da biz yazıçıları tamamilə unutdular. Bu verilişlərə kimlər gəlmədilər? Aman Allah! Arvadının bacısına gözü düşənlər, ərinin qardaşına qaçanlar, iki-üç-beş arvad alanlar, evli kişiyə qoşulub gedənlər, uşağını atanlar, nəvəsini satanlar və s. Efirdə söyüşün biri bir qəpik. İki doğma bacı bir-birinə yazdığı küçə söyüşləri ilə dolu sms-lərdən danışdılar. Nə olsun ki, bu söyüşləri "dud-dud-dud"-la efirə verirdilər. İndi uşaq da bilir "dud" nə deməkdi. O məlum təhqiramiz kəlmənin adı indi məhz "dud"dur. Televiziyaların sayəsində leksikonumuz zənginləşib bu "dud" kəlməsiylə.

Bu verilişlərin qınaq hədəfi olmasını, bağlanmasını mən də istəməzdim. Mirşahin müəllimin bazar günü “Hesabat”da dediyi fikirlərlə də razıyam. Aşkarlıq lazımdı. Yoxsa, bizim televiziyalar 70-ci illərdəki Az TV-nin dövrünə qayıdacaq və s. Onsuz da internet var, xarici televiziyalar var, baxan hər yerdə baxmaq istədiyi şeylərə baxacaq. Sadəcə bu müdrik atalar sözünün öz təsdiqini tapmağına sevinirəm: "Nə tökərsən aşına, o da çıxar qaşığına", yaxud "İttiham eləmə ki, ittiham olunmayasan". Belə.

Elgizin verilişi bağlansa, Azərbaycan heç nə itirməyəcək, bunu da dəqiq bilirəm! Heç “Ümid var”da da ümid yox idi. Amma heç olmasa, ordakı eybəcərliklərə baxıb diksinən, öz həyatına çəki-düzən verməyə çalışan, yaxud da o ümidsizlərə, kimsəsizlərə baxıb kömək əlini uzatmasa da, təsəlli tapanlar var idi.

Yazıçılarla fərqiniz nədir, bilirsinizmi? Yazıçılar həyatın dibində olan qəhrəmanını qabağına qoyub tənbeh verəndə, nəsihət eləyəndə onun istedadsızlığı üzə çıxır. O, hər vəchlə didaktikadan qaçmağa çalışmalıdı. Yazıçı mühakimə eləmir. Sizin isə adamları ora çağırıb bircə xaça çəkməyiniz qalmışdı. Vallah, Elgiz hər dəfə kimsəsiz, ərsiz, dədəsiz, qardaşsız, başsız, pulsuz, evsiz o bədbəxt qadınların üstünə cumub, əxlaq, namus tələb eləyəndə, mən elə bilirdim ki, indi ilk daşı özü atacaq, proqramındakı qonaqları da daş atmağa çağıracaq. Aləm dəyəcək bir-birinə. Elə bilirdim, hamı ciblərini daşla doldurub oturub o salonda. Ən yekəsi də Elgizin cibindədi.

# 2606 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #