AYB vəsiqəsinə 500 dollar verən adam

AYB vəsiqəsinə 500 dollar verən adam
17 mart 2014
# 13:30

LAYIHƏ: ƏDƏBİYYATIN KULİSİ

- Hazırlaş, yaxşı bir “söküntü” var! İndi “Qara Qarayev”ə gedəcəyik... – Murad Köhnəqalanın bu qol-qanadlı təklifi ürəyimi açdı.

Öz aramızda “söküntü” müftə qonaqlıqlara deyirdik!

Az keçməmiş hər şeyi dəqiq öyrəndim: yazıçı Vaqif Nəsib, şair Mübariz Məsimoğu, Murad və mən “Qarayev”də yaşlı bir şairin görüşünə gedəcəkdik. Bələdçimiz isə, məşhur naşir Əlimirzə Mayılov idi. Biz onu 8-ci kilometrdən – yaşadığı evdən götürməli idik...

Əlimirzə müəllimin yaşadığı binaya çatdıq. Bilənlər bilir, Əlimirzə bədəncə bir az yekəpər adamdı. Odur ki, Murad zivəsində yekə kişi şalvarı asılan bir mənzilin qarşısında saxladı bizi... Dedi, bu boyda şalvar yalnız Əlimirzə kişinin ola bilər. Xeyli gözlədik. Sonra məlum oldu ki, bu eyvan həqiqətən də Əlimirzə müəllimindir. Şalvar da həmçinin. Sadəcə biz zivənin yanında dayandığımızdan sənətkar şalvarı götürməkdən utanır. Onunçün gecikir. Muradın təklifi ilə aralandıq...

Az sonra Əlimirzə kişi, həmin şalvar əynində binanın tinində göründü. Gülmək tutdu bizi... Və qəribədir ki, Murad heç nədən çəkinməyərək bu gülüşümüzün səbəbini və şalvar söhbətini Əlimirzə müəllimə danışdı. Mən pərt oldum. Düşündüm ki, bu saat inciyəcək bizdən. Amma o qarnı atıla-atıla şaqqanaq çəkib gülüncə qonaqlıq dəqiqləşdi!

Yaxşı bir kafedə oturduq. Əlimirzə müəllim dedi ki, yaşlı şair çox mərifətli adamdır, zəng vurub dedi ki, siz yeyib-içməyə başlayın, mən gəlirəm.

Biz boğazımızı yaşlaya-yaşlaya yaşlı şair - Həmişəçallı təxəllüslü bu qəribə adam barədə Əlimirzə müəllimdən nələrsə öyrəndik. Universitetlərin birində müəllim işləyir, yaxşı pul-para qazanır. Ədəbi mühitin az-çox tanınmış imzaları ilə oturub-durmaq istəyir. Bunun üçün pul-para da xərcləyir... Gördüyünüz kimi...

Hardasa 1 saat sonra, yəni bir boz atın belinə qalxanda Həmişəçallı gəlib çıxdı. Onun özü də təxəllüsü kimi maraqlı idi. Burnu xeyli uzun olsa da sifətindəki nuraniliyə xələl gətirmirdi. Güləş çöhrəsi vardı. Yazıq ha çalışdı özündən şeir-zad oxusun, Vaqif Nəsib imkan vermədi. Şairin deyəcəkləri təxminən hamıya aydın idi...

Söhbətin-lətifənin ən şirin, gülüşlərin ən şaqraq yerində Həmişaçallıdan şok açıqlama gəldi: “Kim məni AYB-yə üzv eləsə, o qırmızı üzlü vəsiqəni mənimçün alıb gətirsə 500 dollar pul verəcəm!”

Məclisə sükut çökdü...

Dolların yaxşı vaxtları idi və 500 dollar heç cür keçiləsi rəqəm deyildi. Vaqif Nəsib boğazını arıtlayıb bəyan elədi ki, problem deyil, onun əlində bu iş su içimi kimi asandır.

Murad Köhnəqala təsdiqlədi. Mübariz Məsimoğlu, lazım gəlsə, rəsmi şəkildə zamin duracaq qədər “arxeyin” olduğunu dedi. Mən də, “əvət-əvət”lədim arada. Yəni, iş düzələn başı məni də unutmayın...

Əlimirzə müəllim isə Vaqif Nəsibi tərif çələnginə bürüdü, ölkədə onun bir sözünü iki edən qələm adamının olmadığını söylədi.

Amma həm də gülmək tutdu məni. Arada gördüm Murad da qımışır. Çünki burda, içi mən qarışıq, AYB rəhbərliyi ilə normal münasibəti olan adam yox idi. Ən dəhşətli “düşmən” isə Vaqif Nəsib özü idi... Olsun ki, Həmişəçallının xətrinə dəymək istəmirdilər. Şair öncədən avans verməyə hazır olduğunu söyləyəndə bizimkilər razılaşmadılar. Dedilər, iş düzəlsin, ona sonra baxarıq...

Təbii, kefli idik...

Məclisin axırında Muradla Həmişəçallının qucaqlaşıb öpüşməsinə də xeyli güləndən sonra yön aldıq ev-eşiyimizə.

Səhərisi hər şeyi nankorcasına unutduq: “Qarayev” qonaqlığını da, Həmişəçallını da, onun AYB üzvü olmaq arzularını da.

Amma bir neçə ay sonra şahidi olduğum hadisə gözümü kəlləmə çıxartdı: AYB üzvlərinin qurultay iştirakçılarının siyahısında Həmişəçallının da adını gördüm. Barmağımı dişləyib fikrə getdim...

# 2677 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #