Dünyanın sonuna bir dəqiqə qalmış... HEKAYƏ

Dünyanın sonuna bir dəqiqə qalmış... HEKAYƏ
14 mart 2014
# 15:19

Kulis.Az Varisin yeni “Apokalipsis” hekayəsini təqdim edir.

Saat 10.00

Məni çoxları sevmir. Deyirlər, başımdan böyük danışır, başımdan böyük hərəkətlər edirəm. Deyirlər, guya mənim obrazım on üç yaşıma sığışmır. Bəlkə də, düz deyirlər. Mən sinfin ən əlaçı şagirdiyəm, kəndin ən sonuncu dayanan evinin sakiniyəm, nənəsinin himayəsində olan yetim uşağam. Qoyun-quzunu otaran, ağır işlərə qatlaşıb odun doğrayan, su daşıyan zəhmətkeş də mənəm, tay-tuşlarıyla top qovan, bağa-bostana oğurluğa gedən avara da. Üstəlik, məndən bir sinif yuxarıda oxuyan qonşu qızı Aytəni sevən Məcnun da mənəm.

Eyni vaxtda bunların hamısı olmaqdan yorulmuşam. Hətta deyim ki, bezmişəm.

Mənim qəribəliklərim çoxdur. Bəzən ömrümdə ayağım dəyməyən yerlər gözümün önünə gəlir. Təsəvvür edirsiniz? Bir dəfə hündür binaları olan, küçəsindən qıjıltıyla avtomobillər keçən şəhəri görmüşdüm. Orada yerə daş döşənmiş bir meydan çıxmışdı xəyal rastıma. Meydanda fəvvarə var idi, əyri işıq dirəkləri var idi, bir də dəmirdən heykəlcik.

Bakıya tez-tez gedib-gələn Optovik Həsəndən soruşmuşdum ki, Bakıda belə bir yer var? Demişdi, niyə yoxdur ki, var. Fəvvarələr meydanını deyirsən...

- Hamı klubun qabağına yığışır, Kənan! Nə durmusan, sən də gəl.

- Saat on birdə deyiblər axı. Hələ ondur.

- Atam deyir, Barat müəllim deyib ki, belə şeylərin dəqiq vaxtı olmur. Yarım saat tez, yarım saat gec də ola bilər. On birin yarısından on ikinin yarısınadək – bax bu arada baş verəcək.

- Bəs nənəmi neynəyim, Turqut?

- Necə neynə, nənəni də apar da.

- Getmir axı. Dünyanın sonunun gəldiyinə inanmır. Mən ona Barat müəllim danışanları söyləyəndə də, deyir, ölsəm, evimin içində öləcəm.

- Bax da. Mən getdim. Uşaqlar hamısı ordadır.

Nənəm giriş pilləkəninin üstündə oturub. Qayğılıdır.

Qəfildən qara bulud topası kimi səmada qarğalar uçur. Nənəm dik atılır:

- Kənan?! Bala, yaradana and olsun, deyəsən, doğrudan qiyamət günü gəlir. Səksən iki yaşım var, hələ heç vaxt bu kəndin üstündən qara qarğanı uçan görməmişəm.

Gedib nənəmin qolundan yapışıram:

- Ay nə, hamı klubun qabağına yığışır. Gəl gedək, tərsliyindən əl çək! Nənəm yazıq-yazıq mənə baxır. Dünyanın sonunun gələcəyi ilə bağlı eşitdiklərinə ilk günlər verdiyi sərt reaksiyasından əsər-əlamət qalmayıb.

- A bala, bə niyə ora yığışırlar? Bəyəm orda nə olacaq ki? Qırılacayıqsa, elə orda da qırılacayıq da.

- Bilmirəm, ay nə. Barat müəllim deyib ki, hamı bir yerə toplaşsa, yaxşıdır. Deyib, ellə gələn dərd toy-bayram kimidir.

Nənəm içəri girib üç-beş dəqiqə yubandıqdan sonra çıxır, əlindəki dəsmal boxçasını qoynuna dürtür:

- Pensiyamdan qırx iki manat durur, onu götürdüm, pensiya kartımı, bir də bəxt üzüyümü.

Darvazanı kilidləyib yola düzəlirik. Klub kəndin tən ortasındadır. Daş-kəsəkli yolla irəliləyirik. Axşamkı yağışdan sonra yolun bəzi yerləri keçilməz palçıqdır...

... Bir dəfə də bir yuxu görmüşəm. Görmüşəm ki, yüzlərlə delfini iri tankerlərlə harayasa daşıyırlar. Onlar – o bəyaz nəhənglər xırda insanların əlində o qədər acizdirlər – hamısı boğulur... Əlimə bizim kənd klubunda bir səsgücləndirici var (seçki olanda icra nümayəndəsi əlinə alıb kənd boyu danışa-danışa gəzir), onu götürüb var səsimlə bağırmışam ki, ay insanlar, dayanın, əl saxlayın, onlar da canlıdırlar, onlar da yaşamaq istəyirlər axı!

Elə bu vaxt səsimdən dəniz dalğalanıb, tankerlər lövbər vurub. Delfinlər qəflət yuxusundan oyanıbmış kimi eyni anda sıçrayaraq özlərini dənizə atıblar...

Klubun qabağı qələbəlikdir. Gözümlə dostlarımı axtarıram, bir də Aytəni.

Klubun qənşərindəki taxta eyvanda Barat müəllimi görürəm. Kəndin klubunda internet işlədir, savadlı adamdır, qalstuk taxır. Qarşısında balaca noutbuk qoyub. Noutbukun ekranına baxaraq ucadan danışmaqdadır:

- Ay camaat, təxminən 1400 il əvvəl mayyalılar bir daş təqvim yaradıblar. Bu təqvim adam boyundadır. İki qulağı var, sol qulağı sınıqdır. Bax həmin təqvimdə yazılıb ki, 13-cü dördyüzillik Kankin ayının 3-də, 4-cü Ahava zamanında başa çatacaq və Bolon Yokte səmadan yerə enəcək. Təqvimin sağ qulağının yuxarı hissəsinə 13 və 4 dənə sıfır yazılıb. Bu, 13-cü dördyüzillik dövrünün başa çatması deməkdir. Bizim təqvimlə də bu, 2012-ci ilin 21 dekabrına, yəni bu günə düşür...

Camaat uğuldayır.

Nənəm üzünü göyə tutub qarğış yağdırır: - Allah o Balon Yoxdenin evini yıxsın. Necə ki, o bizim evimizi yıxır, isti ocağımızı kor qoyur...

Nənəmi qonşumuz Sayalı xalagilin yanında qoyub lap irəli, birinci cərgəyə soxuluram. Bir böyrümdə on birincidə oxuyan, məktəbin «şefi» sayılan Uzundraz Vüsalla dostlarını görürəm, o biri böyrümdə Çopur Kazımı görürəm, nəzir-niyazla on dörd ildən sonra dünyaya gəlmiş madar balasını sinəsinə çıxmış Feldşer Qoşqarı görürəm... Hamısı nəfəs dərmədən Barat müəllimi dinləyirlər.

Barat müəllim danışmaqdadır:

- ... Dalay Lama deyib ki, 2012-ci il, dekabrın 21-də, bizim vaxtla səhər saat 11-də tam qaranlıq və səssizlik çökəcək. İşıq, elektrik və səs bilmərrə kəsiləcək. Yer Planetlər paradının qalaktik sıfır qütbündən keçəcək. Qaranlıq, zülmət səma kosmik partlayışla, işıq alışmaları ilə müşayiət olunacaq. Heyvanlar öz yuvalarında gizlənəcəklər...

Yer-yerdən səslər gəlir: - Allah, uzaq elə!

- Allah, sən özün saxla!

Barat müəllim davam edir:

- Dalay Lama tapşırıb ki, odun yığın, şam, konserva alın, ehtiyatınız olsun. Onçün mən bir aydır ki, deyirəm də, ay camaat, şam alın, konserva alın.

Yaxınlığımdakılardan kimsə soruşur:

- Dalay Lama kimdir ki?

Kimsə cavab verir:

- Qıyıqgözlülərin Allahşükür Paşazadəsidir.

Təqaüdçü Paşa kişi Barat müəllimin ara verməsindən istifadə eləyərək ucadan deyir:

- Səhər xəbərlərdə öz gözümlə gördüm. Türkiyədə bir kənd var, Şirinli. Dünyanın dörd yerindən insanlar ora axışır. Orda dünyanın sonu olmayacaq deyirlər. Rusetdə də, deyirlər, böyük bir bunker tikiblər, içinə giriş otuz min dollaradır. Oranın, deyirlər, generatoru var, yüz illik benzin, yemək ehtiyatı var. Deyirlər, bütün böyüklər indi ordadır. Daje, Putinlə Medvedyev də ordadır.

Sürücü işləyən Abuzər kişi də söhbətə qoşulur:

- Bizim Şamaxıda bir kənd var, adı huşumdan çıxıb, deyirlər, orda da qiyamət günü olmayacaq. Axşam xəbərlərində özüm eşitdim. Dünən gecə icra nümayəndəsi, bələdiyyə, polis – hamısı külfətini yığıb kənddən çıxdı. Onlar da yəqin Şamaxıya gediblər. Yazıq Feldşer Qoşqar ha yalvardı ki, madar balasını da onlar özləriylə aparsınlar, polis razı olmadı...

Kimsə söz atır:

- Nə bilirsən? Bəlkə elə vəzifə əhlimiz Türkiyəyə qaçıb?

Abuzər kişi aramla cavab verir:

- Azərbaycanda yüz min kənd var. Hamısının başbiləni Türkiyənin bir kəndinə necə sığışar? Bunlar ancaq Şamaxıya qaça bilərlər. Türkiyə bunlarlıq deyil. Türkiyəyə də yəqin Bakıdakılar qaçıb.

Saat 10.30

Bir səhər də oyananda nənəmlə danışmaq istərkən görmüşdüm, sözlər yadımdan çıxıb. Hərflər hamısı yadımdaydı, A, B, C, D... Amma bircə söz belə yadımda qalmamışdı. Nənəm elə bilmişdi dilim tutulub. Dizinə çırpıb məni kənd həkiminə aparmışdı. Həkim də dilimin tutulduğunu, Bakıya, professorun yanına aparılmağımın gərəkliliyini təsdiqləmişdi.

Nənəm yazıq borc-xərc yolpulu düzəltmişdi ki, səhər məni Bakıya aparsın. Amma səhər yuxudan ayılanda görmüşdüm, sözlər qayıdıb gəlib hafizəmdə öz əvvəlki yerlərini tutublar.

Sözləri unutduğum gün çox fərqli bir gün idi, heç vaxt o gün xatirimdən silinməyəcək. Düzdür, mən sevgi, dostluq, yaxşılıq kimi əlvan sözləri də itirmişdim. Ancaq belələri barmaqla sayılacaq qədər azdır axı. Di gəl, şər, pislik, yalan, yaltaqlıq, saxtakarlıq, əclaflıq, alçaqlıq kimi yüzlərlə qara sözləri unutmağıma sevinirdim.

Sanki silkələnmiş, bit, birə kimi bunları üstümdən tökmüşdüm.

Həmin gün çox yüngül idim. Hərdən düşünürəm ki, mən bu dünyaya zamanında gəlməmişəm. Ya gecikmişəm, ya tələsmişəm.

Hərdən də düşünürəm ki, mən bir dəfə yaşayıb, uşaqlıq, gənclik, qocalığı keçirib, vəfat edib sonradan yenidən doğulmuşam. İndi yaşadığım ikinci həyatımdır. Ona görə də yaşımdan böyük və yorğun görünürəm. İkinci dövrəyə başlamış avtomobil kilometrajının günündəyəm...

- Kənan, sən nə planlaşdırmısan, neyniyəcəksən?

Nə planlaşdırmalıyam ki?! Turqutu anlamıram, nə demək istədiyini soruşuram.

Deyir, dünyanın sonudur da, onsuz da hər şey bitir. Hərə bundan bir cür istifadə edəcək. Sən neynəmək fikrindəsən?

Düzü, məsələnin bu cür qoyuluşu heç ağlıma gəlməyib. Əslində, mən dünyanın sonu söhbətinə elə də inanmıram. Məncə, dünyanın sonu ilk dəfə yalan danışılanda, haqsızlıq ediləndə, qan töküləndə gəlib. Sonun sonumu olar?

Barat müəllim səsini arıtlayır, «Bonaqua» şüşəsini başına çəkib yenə gözünü noutbuka zilləyərək davam edir:

- 10-cu planet hesab olunan Nibiru hər 3657 ildən bir Yer kürəsinin yaxınlığından keçir və dünyaya müxtəlif fəlakətlər gətirir. Növbəti keçid məhz bu günə təsadüf edir. Görürsüz, bu proqnoz da mayyalıların təqvimiylə necə üst-üstə düşür?! Bundan başqa, Nostradamusun, Vanqanın da proqnozlarına görə məhz bu gün dünyanın sonu olacaq.

Yer-yerdən ah-uf sədaları ətrafı bürüyür. Hər tərəfdən tanrıya doğru ucalan əllər görünür.

- ...Nostradamus bəşəriyyətin kometlə məhv olacağını söyləyib. O, deyib ki, çoxlu sayda dağıntılar olacaq, anarxiya yaranacaq, sunamilər, zəlzələ və vulkanlar baş alıb gedəcək, böyük dağıdıcı müharibələr başlayacaq...

- Yalandır!!! Boş-boş şeylərdir!!! Cəfəngiyyatdır hamısı!!!

Təəccüb və heyrət ifadələrinin uğultusu altında adamları yararaq irəli çıxan Dəli Mürvət düz Barat müəllimin qənşərində dayanır:

- Hamısı yalandır!

Barat müəllim gözünü noutbukdan çəkib Dəli Mürvətə tərs-tərs baxır:

- Bütün dünya əl-ayağa düşüb ki, dünyanın sonudur. Demək, hamı axmaqdır, sən ağıllı çıxmısan?!

Barat müəllimə kompüter zalını işlətməkdə kömək edən Zırpı Oqtay çəkib Dəli Mürvəti az qala sürüyə-sürüyə Barat müəllimin yanından uzaqlaşdırır.

Dəli Mürvət əvvəllər ağıllıymış, Bakıda universitet qurtarıbmış. Alimlik də oxuyubmuş. Eynək də taxır hələ.

Bir dəfə, adı necə idi onun, hə, «Gecə qəfil yandırılan projektor» adında bir nəzəriyyə yazıb. Nəzəriyyəyə görə, guya ki, bütün şər işlər gecə zülmətində baş verir. Bizim məktəbin direktoru var, Ərəstun müəllim, Dəli Mürvətlə universitetdə bir yerdə oxuyub, Ərəstun müəllim danışıb bizə. Deyir, Dəli Mürvət istəyirmiş ki, qəfildən gecəyarı küçələrə gur projektor işığı salınsın, hansı idarədə, hansı həyətdə hansı şər işlərin baş verdiyinə aydınlıq gəlsin. Guyam ki, bu yolla pozğunluq, oğurluq, ev yıxmaq kimi halların qarşısı alınacaq.

Ərəstun müəllim danışıb ki, Dəli Mürvət öz nəzəriyyəsini hər yerdə təbliğ edirmiş. Küçədə, dükan-bazarda, çayxanada, ictimai nəqliyyatda... Hamını bezdirirmiş bu cəfəng sözlərlə.

Axırda heç kim onu dinləmək istəməyib, hamı ondan qaçmağa başlayıb.

Bakıda bir iş aşıra bilmədiyini görən bu bədbəxt kəndə qayıdıb, çalışıb indi də kənddə sözünü yeritsin. Ancaq kənd camaatı da boş-boş danışdığını görüb ondan kənar gəzib. Adına da «Dəli» ayamasını qoşublar.

İndi Dəli Mürvət öz-özünə danışır bütün günü...

Əslində, dərindən düşünəndə, görürsən, Dəli Mürvət elə də boşuna demir sözlərini. Bir dəfə quzumuzun biri itmişdi, gecəyarıyadək onu gəzəsi oldum. Kəndi üç dəfə dolandım, dərəyə düşdüm, bağ-bostan yerlərinə baş çəkdim. Poçtun binasının yanından keçəndə gördüm içəridən iri-iri kabel bükmələrini çıxarıb yük maşınına yükləyirlər. Poçtun müdiri də maşının yanında durub oğrun-oğrun yan-yörəyə baxır...

Dul Hənifənin evini keçərkən isə gördüm ki, bizim direktor gizlincə oradan çıxır...

- Ay camaat mağaza açıldı!

- Dükançı Şəmşir mal gətirib!!!

- Görən kitayski şamdır yenə?

- Tuşonka da var, yoxsa balıqdır hamısı?

Yerbəyerdən qışqırtılar gəlir. Barat müəllimin qarşısı boşalır, izdiham üzbəüz mağazaya adlayır. Nənəm əilmdən tutaraq məni o səmtə dartır:

- A bala, gəl biz də şam alaq, qənserva alaq.

Növbəyə dururuq. Amma növbə əsla irəliləmir, hərə bir tərəfdən irəli soxulur.

Olduqca şişman olan, tövşüyərək nəfəs alan Dükançı Şəmşir bağırır:

- Belə eləməyin də, növbəylə gəlin! Sizə mal çatdırmaq olmur ki! Bəlkə də dünəndən bir trayler şam satmışam. Rayonla kəndin arasında qalmışam.

Alış-veriş başlayır. Növbə irəliləmir ki, irəliləmir.

Sol qulağımın lap dibində danışıq gedir:

- Bizim kürəkən Bakıdadır axı. İndicə onunla danışdım.

- Nə deyir?

- Deyir, Bakıda hərə öz işindədir, nə qiyamət günü?!

- O, yəqin Keqebenin qorxusundan elə deyir.

Sağ qulağımın dibində də danışmağa başlayırlar:

- Ayə, elə yaxşı oldu, dünyanın sonu gəldi. Hamımızın ayağında kreditimiz, lizinqimiz var...

Kimdirsə qışqırır:

- Ay Şəmşir, sən niyə on qəpiklik şamı iyirmi qəpiyə verirsən?

Kimdirsə ona dəstək verir:

- Qansızdır da. Xalqın ağır günündən istifadə edir.

Dükançı Şəmşirin qəzəbli səsi bütün bu şikayətçi səsləri batırır:

- On qəpiyin söhbətini eləyirsiz?! Ütüləyib yığdığınız pulları özünüzlə apara bilməyəcəksiz e, onsuz da, ay bədbəxtlər...

Saat 11.00

Elə bil qurbağa gölünə daş atıblar. Hamı susub, hərəkətsizdir.

Və hamı səmaya baxır. Fəlakətin oradan gələcəyini təxmin edirlər, yəqin ki.

Səma qaramtıl rəngdədir. Nəhəng qara buludlar göyün üzündə hökmranlıq etməkdədir.

Mənim bir xasiyyətimi bütün kənd bəyənmir. Burnumu hər yerə soxuram. Hər halda haqqımda bu cür deyirlər. Güzgüdə burnuma baxmışam, görmüşəm ki, yox, burnum əvvəlki burundur. Şişkinliyi, göyümtüllüyü, sızığı-filanı yoxdur. Demək, burnumu heç də hara gəldi soxan deyiləm. Bunlar nəyimə burunsoxan deyirlər?!

Üç il qabaq bələdiyyə əlavə pay torpaqları ayırırdı ailəbaşına. Xəbər yollamışdılar ki, hər evin başıpapaqlısı gəlsin. Nənəm xəstəydi, mən gedəsi olmuşdum. «Bura uşaq bağçası deyil, Azərbaycan Respublikasının inzibati qurumudur» - deyib qapıdan qovmuşdular...

Onda kənddə hamıya pay torpağı verildi, tək bizdən savayı. Turqutun atası da sözgəlişi dedi ki, sədrin bığının altından keçmədiniz deyə sizə torpaq verilmədi.

Sədrin doğrudan da ipiri bığları var. Bir gün sədri bələdiyyə binasının qarşısında dayanmış görcək yaxınlaşdım, ona sürtünə-sürtünə qabağından irəli-geri keçdim.

«Ay uşaq, neynirsən?!» - söyləyib sədr təəccüblə geriyə atılanda, dedim, bığının altından keçirəm ki, bizə də pay torpağı verəsən.

Əlbəttə, çoxusu mənim uşaqlığıma, avamlığıma güldü. Amma sədr ağıllı adamdır, nənəmə ismarış yolladı ki, uşağın gəlib idarənin qabağında müxalifətsayağı aksiya keçirib. Bir az tərbiyəsiylə məşğul ol. Tövbə, onu içəri basdıraram, mələr qalarsan.

Ondan sonra burun soxmaqla bağlı adım çıxdı...

Tam sükut beş-on dəqiqə davam edir.

Dükanda şam və konservanı silib-süpürən camaat susqunluqdan sonra yenidən pıçhapıçla Barat müəllimin qarşısında yığışır.

Barat müəllim bu dəfə bir qədər yorğun danışır:

- Qədim finikiyalılar və misirlilərin yazdıqlarına görə də dünyanın sonu bu günə təsadüf edir. Onlar yazır ki, Asiyada vulkanlar püskürəcək, Avropa ölkələri cılız adalara çevriləcək, Cənubi Amerika külə dönəcək. Yerin iki maqnit qütbü yerini dəyişəcəyi üçün maqma qatında çox böyük dəyişikliklər olacaq.

Barat müəllim üzünü səmaya tutur:

- Bir göyə baxın.

Hamı baxışlarını səmaya zilləyir.

- ...Görürsüz, Günəş artıq görünməzdir. Çox zülmətdir, qaranlıqdır, görürsüz?! Sanki gecədir!

Yerlərdən səslər gəlir:

- Doğrudan da elədir!

- Dəhşətdir!

- Allah, sən saxla!

Barat müəllim davam edir:

- Günəş artıq qocalıb, öz işığını itirmək üzrədir. Buna görə də bəşər tarixinin hazırkı – beşinci sivilizasiyasının sonu gəlir. Günəş, Ay, Yer, Yupiter və başqa ulduzlar bir sıraya düzüləcəklər, bununla da bəşəriyyətə vida söyləniləcək.

- Yalan danışıb camaatı xoflandırma. Sən söylədiklərinin hamısı mistikadır, cəhalətdir, fanatizmdir.

Dəli Mürvət yenidən irəli atılır, Barat müəllimin köməkçisi Zırpı Oqtay yenə onun xirtdəyindən yapışıb geri itələyir. Dəli Mürvətin eynəyi yerə düşür. O, əyilir ki, eynəyini götürsün, izdiham hərəkətə gəldiyindən eynəyi ayaqlar altında qalır.

- Ay camaat, nə olub?!

- Salam müəllimi döyürlər!

- Kim döyür, harda döyür?!

- Klubun arxasında!

Camaata qoşulub mən də klubun arxasına keçirəm. Uzundraz Vüsal sinif yoldaşları Hikmətlə, Azərlə məktəbin cəbr müəllimini yerə yıxıb təpikləməkdədirlər.

Bir müddət hamı key kimi bu mənzərəyə tamaşa edir, irəli gedib biçarə müəllimi qızmış şirə dönən uşaqlardan almaq istəyən tapılmır.

- Oğraş, indi bildin, qiymət kəsmək nədir?!

- ... Vurmayın, yalvarıram...

- Qızların qarşısında xoruzlanıb adam şillələməyin axırı görürsən nə olur?!

- ... Öldüm, ana öldüm...

Yaxşı ki, kənd ağsaqqalı Savalan baba ortaya çıxır, araya girib uşaqları dayandırır:

- Dəli köpəyin uşaqları! Neynirsiz siz?! Adam da müəllimə əl qaldırar?!

Savalan baba əyilib üz-gözü qanın içində olan Salam müəllimi yerdən qaldırmağa cəhd edir.

Böyrümdə Aytənin atasını görürəm, Müzəffər əmini. Onların da burada olmasına tam əminliyim yaranır. Gəliblərsə, Aytəni tapmam gərəkdir.

Adamların arasından çıxıb klubun qarşısına keçirəm. Ətrafıma göz qoyuram. Yolun kənarındakı qırmızı rəngli köhnə «Moskviç» sataşır gözümə.

Aytəngilinkidir.

Maşına yaxınlaşıram. İçəridə Aytənlə anasıdır. Şüşədən baxırlar.

Maşının üstündəki yük yerinə böyük yorğan-döşək dəsti yığılıb.

Ürəyim sürətlə vurmağa başlayır. Aytəni hər görəndə bu hala düşürəm.

Əslində, sevgi söhbətinə elə də inanmıram. Bu nədirsə, başqa şeydir, asılılıqdır, bağlılıqdır, bu sayaq bir başqa şeydir.

Sevgi ancaq filmlərdə, kitablarda olur.

Aytənə hisslərim iki ilə yaxındır ki, yaranıb. Çox gözəldir, sarışındır, mavi gözləri var. Su pərisinə oxşayır eynən.

Boyca məndən iki qarış hündürdür. Mobil telefonu var. Məktəb yolunda da, məktəbdə də qulaqlarında qulaqcıq telefon əlindən yerə düşmür.

Nənəmin bir sözü var - «Filankəsdə elə bil şeytan tükü var», bax bu sözlər sanki Aytənçün deyilib. Çox şirindir, cəzbedicidir. Ad günlərimiz də bəxtdən dalbadaldır. Aprelin 30-u onun ad günüdür, mayın 1-i mənim.

Neçə dəfə dalınca düşmüşəm ki, ürəyimi açım. Cürətim çatmayıb. Axırda ötən il ad gününə evdə bir zərli şəkil çərçivəsi var, sellofana büküb, üstünə də «Aytən, səni dünyalar qədər istəyirəm. İmza: Kənan» yazıb, məktəbdən çıxanda onun qoltuğuna dürtmüşəm.

Aramızdakı uçurum qədər fərq yaxşıdır ki, karıma gəlir. Ona meylimin olmasını heç kəs təxmin belə edə bilməz. Yoxsa ki, həmin gün ona yaxınlaşanda bütün kənd dalıma vedrə bağlayardı.

Aytən də ertəsi gün (hələ də dərk edə bilmirəm, ad günüm olmasını haradan bilib) eynən mənim jestimlə qoltuğuma bir bükülü dürtüb. Açıb görmüşəm ki, uşaq əmziyidir. Kağıza da yazıb ki, «Ay uşaq, mən sənin tayın deyiləm».

O məni bu hərəkətiylə çox qırıb. Ancaq ona olan istəyim, marağım nəinki azalıb, ikiqat artıb.

Bəzən onu qış vaxtı iri, yarıqırmızı - yarısarı, sulu, bal kimi olan şaftalını arzuladığım qədər arzulayıram. Belə hallarda heç rahatlaşa bilmir, onu görmək eşqiylə nənəmin gic toyuqları kimi ora-bura vurnuxuram.

Uşaqlar deyir, Aytən internetdə çata girir, orda bütün günü dostlarıyla yazışır.

Barat müəllim bizi komputer zalında qoymur çata-filana girməyə. Sadəcə, oyun oynaya bilirik. Yoxsa ki, çatda Aytəni tapardım...

Uşaqlar deyir, çata girməyimizə pozğunluq kimi baxan Barat müəllimin gecə saatlarında xüsusi müştəriləri gəlir, pornoya baxırlar. Ancaq babal yuya bilmərəm, gözümlə görməmişəm.

Aytən maşının şüşəsindən baxır-baxır, baxışları mənə toxunan kimi ədayla başını çevirib telefonuyla qurdalanmağa başlayır.

Müzəffər əminin maşına yaxınlaşdığını görcək aradan çıxıram.

Nənəmi axtarıb qoyduğum yerdə - Səyalı xalagilin yanında tapıram. Görürəm qoynundan çıxardıb əlində tutduğu boxçasını yenidən qoynuna dürtür. Deyirəm, ay nə, nə olub, pulu niyə çıxartmısan. Deyir, Oqtaydı, nədi, o gədə iki manatdan yığırdı ki, bəs Barat müəllim sizinçün internat işlədir, onun pulunu verin.

Sonra da nənəm soruşur ki, ay bala, internat nə olan şeydir? Bu internat keçmişdə baban rayonda oxumuşdu, o internatdandı? Ondandısa, Barat onu cəhənnəmə işlətsin, pulunu niyə biz verməliyik?!

Nənəmə nəyin nə olduğunu anlatmaq istəyəndə Turqut gəlir, soruşur, ağlına bir plan gəlmədi?

Deyirəm, nə plan axı? Deyir, biz istəyirik məktəbin pəncərəsinin şüşəsini çıxarıb oradan içəri girək, idman zalından topları aparaq.

«Olmaz, getməyin» söyləyirəm, əlini yelləyib gedir.

Saat 11.30

Şam, lampa və günəş – bunların hər biri başqa-başqa şeylərdir, tam fərqlidirlər, amma hər üçü işıq saçır.

Mənim bir qəribəliyim də budur ki, kölgələri tanıya bilirəm. İstər çöldə, - günəşin saldığı kölgəni, istərsə də içəridə lampanın, şamın saldığı kölgəni tanıya bilirəm.

Tanıdığım bütün adamların azacıq saf-çürükdən sonra kölgəsini də tanıyıram. Mənim gördüyüm kölgələr yerlə sürünən qaramtıl siluet deyil. Bunlarda bədən, geyim, üz cizgiləri belə seçilir.

Bu qabiliyyətimi eşidəndə öncə heç kəs inanmır. Məcbur oluram, bir-bir hamıya istedadımı sübut edim.

Hətta bir dəfə rayona Bakıdan müxtəlif qabiliyyətli uşaqları seçmək üçün çəkiliş gələndə bizim icra nümayəndəsi mənim də adımı yazdırmışdı. Demişdi, səni çəkilişə özüm aparacağam.

Bəxtimdən, biz gedəsi gün onun təzyiqi qalxdı, xəstəxanaya düşdü, gedə bilmədik.

Bir dəfə – təxminən dörd il öncə evdə oturmuşdum, içəri kölgə düşdü. Mən bu kölgəni indiyədək heç vaxt görməmişdim. Ancaq nədənsə onu dərhal tanıdım. Yəni, mənimlə bağlılığı olduğunu duydum.

Yanındakı da nənəmin kölgəsiydi. Qanrılıb baxdım, nənəmin yanında eynən mənə bənzəyən, mənim yaşlı və qadın variantım dayanmışdı.

- Kənan, anan sənə qurban, - deyib qadın mənə sarıldı. Öpüb oxşadı, ağladı.

İlk dəfə idi anamı görürdüm. Mənə bir çanta pal-paltar, albom, rəngli karandaşlar, şirniyyat gətirmişdi.

Paltarlar böyük oldu, albomla karandaşlar bir küncə atılıb qaldı. Şirniyyatı isə aparıb Turqutgilə payladım.

Anam mənə hamilə olanda atam bizi qoyub çıxıb Rusiyaya gedib. Mən olandan sonra da anam məni anasının – yəni nənəmin üstünə atıb bir dul kişiylə ailə qurub.

Düşünürəm, necə ki, anamın kölgəsini tanıdım, eləcə, atamın da kölgəsini tanıyaram.

Barat müəllim növbəti «Bonaqua» şuşəsini başına çəkib danışmaqdadır:

- ...Yox, ən qorxulusu bu dediklərim deyil. Ən qorxulusu odur ki, hətta Amerikanın NASA adlanan Milli Kosmik Agentliyi də bu gün dünyanın sonu gələcəyini iddia edib. Bu gün Günəş «Ağ yol»a daxil olacaq, dünya yenilənəcək. Buz dövrünə oxşar tam yenilənmə yaşanacaq. Günəşdə dəhşətli partlayış baş verəcək, yerdə elektrik enerjisi ilə işləyən hər şey sıradan çıxacaq. Kollaps milyonlarla insanın həyatına son qoyacaq.

- Alçaq, camaatı necə aldadır. Nadürüst.

Qulağımın dibindən pıçıltı eşidirəm. Dəli Mürvətdir. Gözündəki bir şüşəsi çatlamış eynəyini düzəldərək əvvəlkindən də yavaş pıçıltıyla davam edir:

- Dünyanın sonu öz-özünə gəlməz. Onu sizlər gətirirsiz, siz nadanlar...

Kimsə – «Barat müəllim, vaxt tamam oldu, deyəsən, gəlmədi axı dünyanın sonu» - söyləyir. Barat müəllim xeyli noutbuka baxıb «Yox, təhlükə hələ qalmaqdadır, hər şey ola bilər» - cavabını verir.

Qəfildən səs-küy qopur. Aşağı küçədən tüstü gəlir. Nə baş verdiyini camaatın danışığından duyuram.

- Haradır yanan?!

- Qəssab Mədədin evidir. Çopur Kazım od vurub!

- Görən niyə?!

- Necə yəni niyə?! Qəssab Mədəd Çopur Kazımın qızını oğluna alıb bircə ay gəlin saxlayanda, dalına vedrə bağlayıb qovanda bilmirdi belə olacaq?!

Camaat o istiqamətə axışanda bu tərəfdən də çığırtı eşidilir.

- Qoşqar hey! – səsindən adamın tükləri biz-biz durur.

Deməzsənmiş, Qoşqar dayının ürəyi partlayıb ölüb.

- Buna nə oldu birdən-birə? – kimsə soruşur.

- Balasının narahatçılığı apardı onu, yəqin – kimsə cavab verir.

Aləm bir-birinə qarışır. Onu görürəm, Qoşqar dayıya qohumluğu çatan Müzəffər dayı da, yoldaşı Dürrə xala da «Moskviç»dən düşüb izdihama qarışırlar, görünməz olurlar. Ətrafa boylanıb heç kəsin mən tərəfə baxmadığına əmin olduqdan sonra «Moskviç»in aralı qapısına yaxınlaşıram, gözünü telefonunun ekranına zilləmiş Aytənə tamaşa edirəm.

Gah qaşları düyünlənir, gah simasına gülüş qonur.

Kimsə, deyəsən, Balta Cəfərdir, qışqırır ki, indicə televizorda Yaponiyanı sunaminin dağıtdığını göstərdilər.

Başqa birisi, deyəsən, Rəzil Avdıdır, səsini qaldırır ki, Mərkəzi Amerikada zəlzələ baş verib.

Üçüncüsü, o da deyəsən, Mıkkı Rizvandır (hələ də anlaya bilmirəm ki, Mıkkı nə deməkdir), həyəcan içində bağırır ki, İsrail İranı bombalamağa hazırlaşır.

Bu an göyün üzü daha da qaralır, şimşək çaxır. Onu eşidirəm ki, qadınlar hönkürürlər, kişilər qışqırışırlar.

- Dünyanın sonu gəlir!!! – nidaları ətrafı götürür.

Bir daha yan-yörəsinə baxıb törədəcəyim əmələ heç bir təhlükə olmadığına əmin olduqdan sonra «Gəlir, qoy gəlsin də dünyanın sonu» nidasıyla «Moskviç»in içinə atılır, çaş-baş qalmış Aytəni qucaqlayır, dodağından öpürəm...

Onun əl-qol atmasına, qışqırmasına baxmadan bir az da özümə sıxıb bir də, bir də öpürəm. Sonra da onu buraxıb qaçıb gedirəm...

Saat 12.00

Qışda bacalardan çıxan ağımtıl tüstülər eyni trayektoriya cızaraq səmaya yüksəlirlər. Amma külək əsəndə onların yüksəlişi fərqli olur. Daha gur olanlar itki versələr belə, bir parçalarını buludlara çatdıra bilirlər. Zəiflər isə dağılır, it-bat olurlar, son mənzilə yetişəmmirlər...

Bizim damın tüstüsü kəndin ən gur tüstüsüdür, məncə. Nədənsə heç çoxkülfətlilərin də bacalarından bu cür gur tüstü çıxmaz.

Nənəmin ən sevdiyi qarğış «Görüm bacan tüstüsüz qalsın!»dır.

Cinayətkar cinayət törətdiyi yerdən daha çox aralanmalıdır axı, qırmızı «Moskviç»dən uzaqlaşıb dəmir pillələrlə klubun ikinci mərtəbəsinin eyvanına qalxıram, yüksəkdən ətrafa boylanıram. Heç bir bacadan tüstü çıxmır.

Baho, bu, burda nə gəzir?! Stulda əyləşmiş, sifətində məyus ifadə olan Dəli Mürvətə sataşır gözlərim. Dəli Mürvət Sovetin vaxtından qalan sınıq-salxaq stolun rəngi qalmayan süfrəsinin saçaqlarını sığallayır. Nəsə mızıldanır. Diqqət kəsəndə mızıltısını eşidə bilirəm:

- Dünyanın sonudur deyib biri qan tökür, biri oğurluq edir, biri ev odlayır... Görən, biri də basıb Qarabağa keçib, ora bayraq sancarmı?

Daha nə qədərsə vaxt keçir...

Bayaq evimizin üstündən uçan qarğalar yenidən gözümə dəyir. Dəstəylə gəlib camaatın başı üstdən keçirlər.

Bayaqdan səsləri gəlməyən kənd itləri ucadan hürüşməyə başlayır.

Qoyun-quzu mələşməsi, mal-qara böyürtüsü bu səsə qarışır.

Səmanın qaramtıl rəngi bir az işıqlaşır, buludlar bir az seyrəlir.

Daha bir qədər vaxt keçir.

- Ay camaat, gözünüz aydın, dünya dağılmayacaq!!!

Barat müəllimin bu çığırtısının ardınca ani sükut yaranır. Camaat key-key bu ütülü-sığallı kişinin zarafat edib-etmədiyini öyrənmək istəyir. Sözlər təkrarən səslənəndən sonra bir həngamə qopur, gəl görəsən. Qucaqlaşıb öpüşən kim, bir-birini təbrik edən kim, «ura» deyib qışqıran kim...

Barat müəllim danışmaqdadır: - İndicə gəldi bu xəbər. Mayya tarixi üzrə mütəxəssis Sven Qronomeyer deyib ki, 2012-ci ilin 21 dekabrı dünyanın sonu deyil, yalnız bir periodun sonudur...

Pillələri iki bir-üç bir düşüb izdihamın içində nənəmi axtarmağa başlayıram.

- ... Qronomeyer söyləyib ki, bu gün, sadəcə, qədim müharibə və bərəkət tanrısı Bolona Yokte zühur edəcək, vəssalam. Dünya isə öz yerində qalacaq.

Nənəmi Səyalı xaladan azacıq aralıda, əlləri göydə Allaha dua eliyən yerdə tapıram:

- Səni şadxəbər ol, ay Qaramayır! Allah balanı saxlasın!

Kimdirsə ov tüfəngindən göyə atəş açır.

Kimdirsə maşınının maqnitolasında var səslə musiqi oxutdurur.

Kimdirsə bu tezlikdə qurban kəsdirməyə macal tapır...

Nənəm məni bağrına basır, kövrək səslə: - Allah səni mənə çox görməsin, - deyir.

Dodaqlarımda Aytənin dodağının dadı qalıb. Hiss edirəm ki, qulaqlarımın dibinəcən qızarmışam.

Turqutu yanımda dayanan görürəm. Sifətində çaşqın ifadə var.

«Dünyanın sonu gəlməyəcək, ay camaat!!!» - deyə təkrarlayır Barat müəllim.

«Bu ola bilməz, ola bilməz», - pıçıldayır Turqut.

Yüz faiz əminəm ki, indi Turqutla top oğurluğuna gedən o biri uşaqlar da «bu ola bilməz» deyir. Ev odlayan Çopur Kazım da, müəllimi döyən Vüsalgil də belə deyirlər... Əminəm ki, Qoşqar dayının madar balasını özüylə Şamaxıya aparmayan polis də burda olsaydı, «bu ola bilməz» deyərdi...

Barat müəllim əlinin altındakı sellofon paketi rahatlayaraq (bayaq Oqtayın yığdığı manatlardır) şövqlə kompüterdən oxuyur:

- NASA təşkilatına yaxın olan şəxs - Kembric astrofiziki Albert Servinski 2014-cü ilin iyununda Günəş sistemində turşulu buludun dağılacağını bildirir. Bu dağıntı yerə doğru hərəkət edəcək və 2014-cü ilin iyununda Yerlə toqquşacaq. Nəticədə bütün canlılar həlak olacaq. Ancaq bu günsə heç nə baş verən deyil, dünyanın sonu gəlməyəcək bu gün. Rahatca evlərinizə dağılışın.

Yenə səslər uğultu qoparır:

- Haçan, haçan?

- Deyir 2014-in iyununda.

- Hələ il yarım var, Allaha şükür.

- Əlimizdə xeyir işimiz var, uşağı evləndirəcəyik. Nə yaxşı oldu, bu gün dağılmadı dünya...

Nənəm məni qabağına qatır ki, gedək evə, qoyun-quzunu, toyuq-cücəni yemləyək...

Sonra soruşur ki, ay bala, bu gün aldığımız şam, konserva 2014-cü ilin iyununa xarab olmaz ki?

Hərdən boş-bekar olanda bilirsiniz nə düşünürəm? Düşünürəm ki, böyüyəndə məmnuniyyətlə sehrbaz olardım. Koperfild kimi. Düzdür, onun sehri daha çox gözbağlayıcılıqdan ibarətdir. Nələrsə ağlasığmaz şeylər eləyir, hamını təəccübləndirə bilir, nəticəsə sabun köpüyüdür, heç kəsə bu möcüzələrdən fayda gəlmir.

Amma mən sehirli çubuğumla konkret olaraq işlər görərdim: Kiməsə torpaq sahəsi lazımdır, çubuğumu bələdiyyə sədrinə toxundurardım, rüşvətsiz torpaq sahəsi verərdi. Kiminsə inəyini oğurlayıblar, çubuq polisə toxunan kimi polis nəm-nümsüz inəyi tapardı. Kiməsə kredit lazımdır, çubuğumu görcək bank müdiri ona şapkasız kredit verərdi. Ya da ki, kimsə ölümlə əlləşəndə, əməliyyata ehtiyacı olanda sehirli çubuğumla baş həkimin təmənna istəyini yox edərdim...

Bəlkə də, çubuğumun adı heç sehirli çubuq da olmazdı, başqa cür adlandırardım onu. Məsəlçün, qayda-qanun çubuğu, yaxud haqq-ədalət çubuğu...

Yol boyu rastımıza çıxanlar nənəmlə təbrikləşirlər, «gözün aydın»lar yol boyu bizi müşayiət edir.

Bu nədi e?! İrəlilədikcə qabağımca iri bir çəyirtkə hoppanır. Hər addımımda onu narahat edirəm. Beyni yoxdur deyə ağlına gətirə bilmir ki, yolumdan kənara atılsa, orada rahatca dayana bilər.

Durub mən yolumu dəyişəsi deyiləm ki.

Susuzladım lap. Dodaqlarımı yalayıram. Of, Tanrım. Bu dad, bu qoxu, bu ətir məni öldürəcək...

Belə baxanda, 2014-ə də bir şey qalmayıb.

İçimdə bir istək oyanır: Kaş 2014-ün iyunu tez gələydi.

# 3568 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #