Biz hansı Əkrəmə inanaq?

Biz hansı Əkrəmə inanaq?
13 mart 2014
# 16:34

Fərid MİRZƏYEV

2013 – cü ildə “Daş yuxular” romanı ilə qalmaqal yaradan Əkrəm Əylisli 2014 – cü il üçün Nobel Sülh mükafatına namizəd göstərilib. Bir il zaman kəsiyi üçün olduqca maraqlı gedişdir. Nobeli həsrətlə Ədəbiyyatdan gözlədiyimiz halda, bizi Sülhlə təltif etmək istəyirlər. Həsrətində olduğumuz Sülhlə...

Artıq 21 ildir ki, müharibə şəraitində yaşayan iki ölkəni, iki xalqı – Azərbaycan və Ermənistanı, azərbaycanlılar və erməniləri Sülhə dəvət edən beynəlxalq təşkilat, ölkə başçısı qalmayıb. Nəticə? Azərbaycanın 20 faizdən çox torpağı işğal altındadır, bir milyondan çox qaçqın sülh sözünü çoxdan unudub. İki tərəf cəbhədə durmadan itkilər verir. Bakılı ermənilər Bakı (Moskvada yaşayan erməni müğənni Boka – Boris Davidyan hələ də Azərbaycan dilində, yanıqlı səslə “Bakılı balasıyam” oxuyur), ermənistanlı azərbaycanlılar isə dədə - baba torpaqlarının həsrətindədirlər. Sülh və Savaş burulğanında çabalayan iki xalqın çıxış yolu zatən Sülhdədir.

Qəfil (bəlkə də heç bir gözlənilməzlik yoxdur) Əkrəm Əylisli Nobel Sülh mükafatına namizəd göstərilir. “Daş yuxular”ın şokundan yeni – yeni ayılan ölkə və yazıçı növbəti sürprizlə qarşılaşır. Çətin və ağır sınaqdır. Bu artıq dünya qarşısında imtahan deməkdir. Azərbaycan bu imtahandan neçə alacaq? Bunu gələcək göstərəcək.

Ölkədə Əkrəm Əylisliyə daima dəstək verən azlıq Cənubi Afrika Respublikasının ilk qaradərəli prezidenti Nelson Mandelanın, Amerika Birləşmiş Ştatlarının hazırkı prezidenti Barak Obamanın da layiq görüldüyü Nobel Sülh mükafatının həmyerlimizə veriləcəyi təqdirdə bunu Azərbaycanın uğuru, yazıçını yazdığı əsərə görə bağışlamayan çoxluq isə bunu Əkrəm Əylislinin “vətənə xəyanət”inə görə mükafatı kimi qiymətləndirəcək.

Mükafatın qalibləri arasında ən maraqlı an 1994 – cü ildə yaşanıb. Yaxın Şərq regionunda (İsrail – Fələstin münaqişəsi) sülhün bərqərar olmasına çalışdıqlarına görə Fələstin Muxtariyyətinin lideri Yasər Ərəfat, İsrailin Baş naziri İsak Rabin və Xarici İşlər naziri Şimon Peres Nobel Sülh mükafatına layiq görülüblər. Yaxın 2007 – ci ildə, mükafatın verilməsindən 13 il sonra Şimon Peres İsrail prezidenti postunda əliyalın fələstinlilərin başına bombalar yağdırmaq üçün komanda verirdi. Bəli, Nobel Sülh mükafatı laueratı Şimon Peres...

Əkrəm Əylisli yazıçıdır və yazıçı olduğu üçün də münasibətlərin yumşaldılmasına xidmət etmək istədi. Heç bir məqsəd filan güdmədən. Lakin hər iki tərəf onu səhv anladı. Ermənilər tez – tələsik yazıçını onların “ağrılarını” dilə gətirməkdə, azərbaycanlılar isə düşmən əlinə oynamaqda ittiham etdilər. Bəs Əkrəm Əylisli gerçəkdən nə istəyirdi və nə qazandı? O illərdir alovlanan odun üzərinə su çiləmək istədi. Lakin bu daha çox yanacaq təsiri bağışladı. Göründüyü kimi “Daş yuxular” bumeranq effekti verdi. İllərdir Əkrəm Əylislini sevə - sevə oxuyanlar bir anın içində ondan üz döndərdilər. Soyuqqanlı yazıçı və qəzəblənmiş xalq toqquşdu.

Keçmiş Xalq yazıçısının adı üzərində dayanan 13 alim - mütəfəkkir Əkrəm Əylislinin Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi qənaətindədir: “Sülh prosesi dalandan çıxa bilmir, kövrək sülh hər zaman müharibəyə çevrilə bilər. Yalnız məşhur şəxsiyyətlərin çağırışları hər iki xalqı bir-birini bağışlamağa və razılığa gəlməyə təşviq edə bilər. Cənab Əylisli bu addımı hamıdan əvvəl atacaq və düşmənə əl uzadacaq qədər mərd adamdır. Biz əminik ki, Ermənistanda da eyni şəkildə cavab verməyə hazır olan insanlar var”.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi siyasi problemdir. Əkrəm Əylisli də siyasi problemdən qaynaqlanan olay barədə roman yazıb. Yazıçı ölkə üçün kövrək bir məsələyə, daha konkret desək siyasətə toxunub.

Bu zaman isə əbədiyaşar (ədəbiyaşar) “yazıçı və siyasət” birlikdə addımlaya bilərmi sualı meydana çıxır. Bu iki məfhumun birgə addımı ilə bağlı minlərlə nəticəsiz polemikalar açılıb. Hər halda yazıçı vicdanlıdır, yazıçı səmimidir və ən sonda yazıçı ictimai xadimdir.

1990 – cı ildə Peruda prezidentliyə namizəd olmuş Nobelli yazıçı Mario Varqas Lyosa yazıçının ictimai diskussiyalara qatılmağını mənəvi borc hesab edir.

Başqa bir yazıçı, fransalı Fransuaza Saqan isə Sartrın (yazıçının) siyasətlə məşğul olması barədə ona verilən suala belə cavab verib: “Yazıçı qəfəsə çəkilmiş heyvandır. O qəzəblənib hislərini büruzə də verə bilər və yaxud çəkilib bir küncdə sakitcə oturar”.

Kitabları yandırılanda da, Xalq yazıçısı fəxri adından məhrum olanda da Əkrəm Əylisli yazdığı əsərdən imtina etmədi, o, səbirlə dözdü. Ahıl yaşında bir insanı, hələ - hələ bir yazıçını mənəvi linç etmək qədər ağır heç nə yoxdur. Əkrəm Əylisli təpədən dırnağa kimi yazıçıdır. Bunu heç kim dana bilməz və danmır.

“Daş yuxular”ı oxuyan zaman məndə belə bir təəssürat yarandı ki, sanki Əkrəm Əylisli bunt adlandırdığı “Ətirşah Masan”ın ardını yazıb. Amma “Ətirşah Masan”dan fərqli olaraq “Daş yuxular”da ana xətti erməni məsələsi tutur. Əkrəm Əylisli eynən “Ətirşah Masan”da olduğu kimi real həyatda tanıdığı qəhrəmanları lağa qoyur, bir növ onları dolayır. 90 – cı illərdə “Bəyin yeri Kələki, mənim yerim isə Əylis olacaq” deyən Əkrəm Əylislinin “Ətirşah Masan”da Əbülfəz Elçibəyi “Keçibəy” kimi xatırlaması onun Elçibəy sevgisinin üzərindən xətt çəkmədi. Ancaq bununla bərabər, “Daş yuxular”da “Hər həlak edilmiş ermənidən ötrü bircə şam yandırılsaydı, bu şamların işığı Ayın nurundan daha parlaq olardı” yazmasını da rahatca qəbul etmək olmur. 1988 – ci ildən qızışan münaqişənin kulminasiya nöqtəsi olan Dağlıq Qarabağ müharibəsinə Ermənistan start verib. Və bu müharibədə Ermənistanla Azərbaycanın itkiləri müqayisə olunmazdır. Statistika müharibədə ermənilərdən iki dəfə artıq qurban verdiyimizi deyir. “Daş yuxular” qasırğasından sonra Əkrəm Əylisli səhvini etiraf etdi, əsərdə bəzi düzəlişlər edəcəyinə söz verdi. Məsələn, “Hər həlak edilmiş azərbaycanlıdan və ermənidən ötrü bircə şam yandırılsaydı, bu şamların işığı Ayın nurundan daha parlaq olardı” yazacağına inandırdı insanları.

Nəhəng Lev Tolstoy “Hacı Murad” povestində ruslara qarşı üsyan edən Şeyx Şamili və Hacı Muradı aşağılamır, hər şeyi olduğu kimi göstərir. Dağlılara qarşı müharibədə iştirak edən Lev Tolstoy hətta təhkiyədə “donuz ruslar”, “rus köpəkləri” yazmaqdan çəkinmir. Ədəbiyyatda bu cür faktlar saysız – hesabsızdır.

İllər öncə Moskva ilə bağlı yazdığı “Əlvida Moskva” xatirə yazısında keçmiş postsovet məkanı ölkələrindən olan yazıçıların yığıncağında Əkrəm Əylisli Dağlıq Qarabağla bağlı bir bəndin bəyanatda yer almasına çalışsa da, buna nail ola bilmir və buna görə təəssüfünü bildirir. Yazını qaldırıb baxa bilərsiniz, Əkrəm Əylislinin xatirələrində bu fakt var.

İstənilən halda bu olay Əkrəm Əylislinin uğurudur, bu onun yazıçı kimi uğurudur, əgər bu mükafatı alsa hələlik bu onun aktivinə yazılacaq. Bəs Azərbaycan Nobel Sülh mükafatını almağa hazırdırmı?

Bir anlıq düşünək ki, Nobel Sülh mükafatı Əkrəm Əylisliyə verilir. Donmuş münaqişənin fonunda bir yazıçı kimi o, necə hərəkət edəcək? Azərbaycan və Ermənistan arasından gəzişmələr, bir sözlə Əkrəm Əylislinin hərəkət trayektoriyası daralacaq. Görəsən, 76 yaşlı Əkrəm Əylisli bu ağır yükü də çiyinlərində daşıya biləcəkmi?

P. S. Xalq yazıçısı İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında maraqlı bir yer var. Buldozerçi Qəribi uzaq rayondan Bakıda xəstəxanaya gətirən Səriyyə evlərinin açarını unutduğu üçün onunla birlikdə gəlmiş erməni Siranuşun evində qonaqlamalı olur. Və bir gün iki rəfiqə xəstəxanaya Qəribin görüşünə gedir. Siranuş Qərib üçün dovğa hazırlaya biləcəyini deyir. Səriyyə isə ermənilərin azərbaycanlılardan fərqli olaraq dovğaya göyərti qatmadığını söyləyir. Qərib də deyir ki, eybi yox Siranuş beynəlmiləl dovğa hazırlayıb içinə göyərti qatar. (Kiril qrafikasında oxuduğum əsərin latın qrafikasında bu yeri çıxarılıb. Hətta “Siranuş” “Qız”a çevrilib)

P. P. S. Azərbaycanla Ermənistan nümayəndə heyətlərinin görüşü zamanı Azərbaycan tərəfi ermənilərə Aland adaları modelini təklif edir. Aland adaları Finlandiyanın tərkibində muxtariyyətdir və ada sakinləri isveçlilərdir. Bunu eşidən ermənilər “Axı siz fin deyilsiniz” deyərək etiraz edirlər. Azərbaycan Xarici İşlər naziri Tofiq Zülfüqarovun da cavabı özünü çox gözlətmir: “Heç siz də isveçli deyilsiniz”.

# 3680 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #