“Oskar”lı dramaturqun Bakıdakı kəllələri - RESENZİYA

“Oskar”lı dramaturqun Bakıdakı kəllələri - RESENZİYA
13 mart 2014
# 13:58

Açırıq televizoru, qətlləri, cəsədləri canlı-canlı görürük; açırıq Facebooku ürəkparçalayan bir foto ilə başqa bir dəhşətli xəbər. Saytlar da elə. “Şok-şok” başlığı təqdim olunan kriminal xəbərlər zombi yetişdirir. “Qardaş qardaşı bıçaqla öldürdü”, “Ata azyaşlı qızını zorladı”, “Ana övladını suda boğaraq öldürdü” tipli xəbərlər reytinq xətrinə pornoqrafik tərzdə çatdırılır. Oxuyuruq, laqeydcə kanalı dəyişirik, ya bir ah çəkirik. Bu xəbərlərin oxunma sayı rekordları qırır. Bizi bu xəbərlərdən bəzən bir ekran, bəzən bir zaman, uzaq məsafə, bəzən bir divar, bəzən bir monitor ayırır. “Artıq olub bitib…”, “Uzaq bir yerdə baş verib, iraq olsun...”, “Əlbəttə, günah öləndə imiş” və s. düşünürük. Nəyin necə baş verdiyinə bir süjet, bir-iki cümlə həsr olunur. Və növbəti xəbər əvvəlkini unutdurur. Gəlirik teatra… İlahi! Burada da!!!

Mədəniyyət və Turizm Nazirliyi və “British Council”in birgə layihəsi olan “Lineyn trilogiyası” Gənc Tamaşaçılar Teatrında hazırlanıb. Yan Vilem Van Den Boşun quruluş verdiyi tamaşa üzərində rejissorlar Sərvər Əliyev, Ayla Osmanova, Gülnar Hacıyeva işləyiblər. Tamaşanın quruluşçu rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyondur.

Dünyaca məşhur irland dramaturqu Martin MakDonaxın “Lineyn trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, “Yalqız Qərb” pyeslərinin hər üçündə kriminal xətt var – qətl, intihar, zorakılıq… Amma artıq bizi onlardan nə zaman, nə məkan, nə də monitor ayırır. Saytlardan oxuduğumuz o əhvalat “burada və indi” baş verir. Bu tamaşalar o xəbərlərdən artıq heç nə vermir. Heç günahkarın kim olduğu da bəlli deyil. Zatən rejissor da qütb yox, rakurs təyin edib: tamaşaçı əhvalata aydın, hərtərəfli, yaxından və uzaqdan (kənardan), üçüncü gözlə baxa bilir.

Qara komediya janrında olan bu tamaşalar üçün bir xarakterik cəhət də var: mətn hansısa sentimentalıqdan, pafosdan uzaqdır. Qətl, zorakılıq əhvalatı ağırlaşdıra bilmir. Bu, sadəcə oyundur. Ölənlər oyundan çıxır. Oynayanlarsa yaşından asılı olmayaraq infantil yeniyetmələrdir. Yəni anlayacağınız, məqaləni belə emosional girişlə başlamağa ehtiyac yox idi. Keçmiş olsun. Amma MakDonax belə etməzdi. Onun pyeslərində bir dənə də artıq söz yoxdur. Az qala hər söz situasiyanı hiss etməyə yönəlib. Yumor da situasiyanın içindən doğulur.

Hərçənd tərcümə (İlahə Hacıyeva) bəzən onun effektini öldürür, aktyorları çətinə salır. Dilin qanunlarını pozan cümlələr aktyorları da, tamaşaçıları da karıxdırır, mətn ağırlaşır, üstəlik ora “dublyaj monotonluğu” əlavə olunanda. “Konnomarada bir kəllə” tamaşasında Naibə Allahverdiyevanın ifasında Merriconi. Dedi-qodu edən Merriconinin danışığının yeknəsəq və yorucu olması təbiidir. Dublyajdan tanıdığımız monotonluq keyfiyyətsiz tərcümə ilə bir-birini tamamlayır. Tamaşanın məhz belə yerləri temporitmi salır. Yaxud aktyorlar bəzən bir birini dinləmir, sadəcə partnyorunun sözünün bitməsini, öz replikasını gözləyir. Bu isə aşkar görünür. Əlbəttə, bunlar xırda qüsurlardır, yazmamaq da olar. Amma bilməliyik: “Teatrda xırda heç nə yoxdur, o, xırdalıqlardan ibarətdir!”

“Konnemarada bir kəllə”nin qəhrəmanı Mik Daud (Qurban İsmayılov) məzarlıqdan köhnə ölüləri – sümükləri çıxarır. Bu işə görə ona pul verirlər. Onları çıxarıb gölə atır və məzarlıq yenilənir. Mikdaudun arvadı da bu məzarlıqdadır. Bir neçə il əvvəl Mik Daud maşını sərxoş idarə edərkən qəzadan dünyasını dəyişib. Amma şəhər sakinlərinin şayiələrinə görə, Mik Daud sərxoş halda arvadının başını yarıb. Qəza yalnız bundan sonra olub. İnsafən, Mik Daud da özünü bu şübhələrə layiq aparır. Tamaşaçı sonadək əslində necə olduğunu bilmir. Çünki arvadının ölümündə günahsız olduğunu deyən Mik Daud əhvalatın tən ortasında gənc bir oğlanı – Martini (Manaf Dadaşov) sərxoş halda öldürür. Oğlan təsadüfən sağ qalır. Bu da sizə şübhə üçün əsas.

Kimə inanasan? İnsanlar bir-birinə inanmır. İnam yoxdursa, insan onu əhatə edən situasiya qarşısında əliyalındır. İnsan vəziyyətin quludur. Tərtibatın bu təfərrüatlı dəqiqliyi əşyaların personajlarla üzvi bağlılığını göstərmək üçündür.

Məsələn, “Yalqız Qərb” tamaşasında Balin (Rasim Cəfərov) öz plitəsinə, şkafına daha çox bağlıdır, nəinki qardaşı Haulmenə. Elə Haulmenin (Vüsal Mehrəliyev) cinayəti barədə də bu əşyalara görə susur. Haulmen atalarını öldürüb, amma Balin susur. Ona görə yox ki, qardaşına yazığı gəlib, ona görə ki, qardaşı mirasdan əl çəkib.

Aktyor Rasim Cəfərlə Vüsal Mehralıyevin ifası tamaşanın temporitminin yüksəlməsinə böyük təsir göstərir. Rasimin Balini məkrli, kinlidir. Qardaşını yaralamaq üçün üstündə daim istehza, söyüş kimi vasitələr “gəzdirir”. Silaha da əl atır. Tamaşaçı qardaşların əsəbini, qəzəbini yaxından hiss edəndə rejissor rakursu dəyişir: onların əlbəyaxası fon musiqisi altında və rapid effekti ilə-yavaşıdılmış hərəkətlərlə təqdim olunur. Bu rakurs ona bayaqdan “uzaqgörənlik edən” (məs-tüfəngin patronunu boşaldan, araqa su qatan) qardaşları uzaqdan görməyə imkan verir. Məhz bu rakurs imkan verir ki, gülüşün içində bir anlıq düşünəsən: İlahi! Bu nə axmaqlıqdir? Yalnızca bir saniyə. Çünki nə pyes, nə tamaşa uzun-uzadı didaktikaya, katarsisə yer qoymur. Hətta keşişin intiharı da, əzabları da, məktubu da özünə inamsızlığın, uğursuzluğun faciəsi kimi görünür.

Eyni səhnəni “Konomarada bir kəllə”də görürük: Mik Daud patefonu qoşur və şən musiqinin sədaları altında stola düzdüyü kəllələri çəkiclə əzir. Bu musiqili mənzərənin önündə düşünməyə dəyər: insan nifrətinin həddi nə qədərdir? Öz ifrazatında boğulan insanı nə xilas edəcək? Bu sualı tamaşanın rejissoru Yan Van Den Boşa müsahibə zamanı dolayı şəkildə verdim. Əlbəttə belə sual vermək də bir növ axmaqlıqdır. Cənab Yanın nə dediyini müsahibədə oxuyarsınız. MakDonaxsa pyesində cavab verməyi sevmir . O, lap Tarantinosayağı aradan çıxır: Konnor qardaşlarına qoşulub pivə içməyə gedir: qoy bu zəhləmgetmiş bəşəri sualları tənqidçilər versin….

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #