Ölkəni kinoya çevirdilər

Ölkəni kinoya çevirdilər
27 fevral 2014
# 11:39

Hər il yanvar ayının gəlməsi ilə İstanbul sinemaları şənlənir. Oskar həftəsinin yaxınlaşması ilə Oskara namizəd filmlərə olan marağı heç nə ilə ölçmək mümkün deyil. Amerika Kino Akademiyasının 10 nominasiyasında namizədliyi irəli sürülmüş “Düzənbaz” filmi Oskardan əvvəl Berlindən 3 Altın Qlobusla qayıdıb. Orjinal adı “American Hustler” olan film rus prokatına “Афера по американски” adı ilə girib. Günümüzün ən kult rejissorlarından olan David Russelin bütün qəhrəmanları da elə aferist, düzənbaz və fırıldaqçılardır….

Bizim tələbəlik illərimizdə Federal Kəşfiyyat Bürosunun (FBI) keçirtdiyi “Abscam” əməliyyatı bütün dünyada böyük əks-sədaya səbəb olmuşdu. Zarafatdırmı, Amerikan Konqresinin 7 üzvünün adı çox sayda rüşvət, qaçaqmalçılıq və korrupsiya olayına qarışmışdı. Sovet ideoloqları da əllərinə düşən bu fürsətdən istifadə edib, “çürüməkdə olan kapitalizmə” o ki var döşəyir, marksizm və leninizmin təntənəsindən danışırdılar. “Elmi kommunizm” dərsində (indiki gənc nəsil inanmayacaq, amma o vaxt belə bir səfeh fənn tədris olunurdu) mühazirə oxuyan professor “Abscam” əməliyyatından danışır, yavaşca təbəssüm edərək kapitalizmin çürüdüyünü qeyd edirdi. Təbəssümü isə söylədiklərinə özünün də inanmaması idi. Arxa sıralardan biri “Çürüyür, amma qoxusu belə əladır” demişdi tələbə yoldaşlarımdan biri…

Aradan xeyli zaman keçib. Bir vaxtlar Amerikanı silkələyən Watergate, Abscam kimi skandalların bənzərləri bu gün başqa ölkələrdə baş verir. Amerika katarsisdən keçib, mənəvi və əxlaqi olaraq arınıb. Mənim “Düzənbaz”-a olan bir başqa marağım da Türkiyədə baş vermiş rüşvət və korrupsiya qalmaqalı ilə 1980-lərdə amerikan federallarının əməliyyatı arasındakı bənzərlikdən irəli gəlirdi. Ancaq, birində konqresmenlər, digərində isə nazir övladları yaxalanmışdılar.

Bəyəndiyim ən yeni filmlərdən biri də Vudi Allenin “Mavi Jasmin” filmidir. O qədər bəyənmişəm ki, film haqda məqalə də yazmış, hətta Jasmin rolunun ifaçısı Keyt Blanşetin bu ilin ən yaxşı qadın oyunçu nominasiyasında Oskar alacağına iddiaya belə girmişəm. “Mavi Jasmin” filmi bir qadının hekayəsidir. Maliyyə fırıldaqçısı əri həbs olunur və türmədə intihar edir. Qadın hər şeyini itirir – evlərini, varidatını, kübar cəmiyyəti, Nyu-Yorkun gözqamaşdıran dəbdəbəli həyatını. Müflisləşir və yeni həyata başlamaq üçün özündə güc axtarmağa başlayır. Jasminlə 17 dekabr əməliyyatı zamanı həbs edilmiş iranlı iş adamı Rza Zərrabın həyat yoldaşı Ebru Gündeş arasındakı oxşarlıq necə də çoxdur.

Gezi parkı və 17 dekabr hadisələrindən sonra Baş nazir Ərdoğan yenə də bütün günahları mifik “xarici qüvvələrin” məkrli planlarında, çevriliş təşəbbüslərində və “finans lobbilərinin” təxribatlarında görür. Martin Scorsesenin 5 nominasiyada Oskara namizəd göstərilmiş “Uollstrit qurdu” (The Wolf of Woll Street) adlı qara komediyasının mövzusu da Türkiyənin indiki gündəmindən götürülüb sanki. Jordan Belfort (Leonardo DeCaprio) qurduğu birja şirkətində apardığı maliyyə maxinasiyaları və çirkli pulları yuma əməliyyatlarına görə yaxalanaraq azadlıqdan məhrum edilir. 10 il yatdıqdan sonra türmədən çıxır, sonra da kitab yazaraq uğur qazanmağın yolları haqda mühazirələr oxuyur. İlleqal maliyyə fırıldaqları, qaranlıq siyasi əlaqələr, müxtəlif trans-milli maxinasiyalar, dəyişən dəyərlər, anlamağa çətinlik çəkdiyimiz normalar və daha nələr. Hamısı da necə tanışdır, elə deyilmi?.

***

Bu ilki Oskar törəninin aparıcısı ecazkar Ellen DeGeneresdir. Bütün dünya böyük bir maraqla onun mart ayının 2-ni 3-nə bağlayan gecə səhnəyə çıxıb qalibləri elan etməsini gözləyir. Mən bu yazıda hansı filmin, hansı rejissor və aktyorların qalib gələcəkləri haqda təxminlər yürütmək istəmirəm. Zatən məqsədim də heç sinema yazısı yazmaq deyildi. Sadəcə olaraq bir vaxtlar Amerikada baş vermiş qaranlıq işlərin bu gün eyni ssenari üzrə “3-cü ölkələrdə” baş verməsi diqqətimi çəkmiş və yamanca düşündürmüşdü məni. Adlarını çəkdiyim filmləri seyr etdikdən sonra bugünkü Amerikanın gücünün onun katarsisdən keçə bilməsində olduğunu düşündüm. Nə qədər haqlı olduğumu bilmirəm, amma, sanki 3 filmin rejissoru da eyni şeyi deyir: “Biz bu gördüklərinizin kökünü kəsdik. Biz sizə röyalarınızdakı Amerikanı qurmağın, insan kimi yaşamağın, doğru yaşamağın yolunu göstəririk. Siz də bu yolla gedin”...

Adlarını çəkdiyim 3 filmi də seyr etdim. Ən nüfuzlu sinema tənqidçilərinin yazdıqlarına görə mükafatlar onların arasında paylaşacaq. Və bu ilki Oskarlar sizə Türkiyəni xatırladacaq. Çox təəssüf, bu gözəl ölkəni “kinoya çevirdilər”...

Ayna qəzeti

# 2416 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #