22 ildən sonra, bir məktubun iziylə - REPORTAJ

…1992-ci ilin elə bu vədələrində Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Qobustan rayonunun Sündü kənd orta məktəbinə məktub daxil olur. Məktub nə direktora ünvanlanır, nə də hansısa müəllimə. Nazirlik bu əyalət məktəbinin 9-cu sinif şagirdlərinə elə beləcə də yazırdı. «Əziz uşaqlar! Xalqımızın bu haqq günündə heç kim bu mübarizədən kənarda qalmamaldır...”

 

Həmin məktubu həmin şagirdlərə heç göstərmirlər də. Elə bu günlərə qədər də görməyəcəkdilər. Əgər elə bu məktubun, 22 il əvvəl yazılmış əl boyda məktubun izi ilə Sündüyə gedib çıxmasaydıq… Əslində bu şəkildə gördüyünüz məktuba cavab idi nazirliyin yazdıqları.

 

Hə, Qobustan rayonunu Sündü kənd orta məktəbinin 9-cu sinif şagirdləri, o vaxt 15 yaşı olan bu uşaqlar müharibəyə, döyüşə getmək üçün Müdafiə Nazirliyinə müraciət edirlər. 11 yeniyetmə oğlan - baxmayaraq ki, sinifdə oğlan uşaqlarının sayı daha çox olub – bu qərara qəfil gəliblər. Təbii ki, heç kim 15 yaşlı bu uşaqları müharibəyə, cəbhəyə aparmayacaqdı. Elə nazirlik də cavabında onlara beləcə yazırdı: “Siz təhsilinizi davam etdirməlisiniz, məktəbi başa vurmalısınız. Çünki həm xalqımızı, həm də torpaqlarımızı qorumağa qadir olacaq Azərbaycan ordusunun sabahı savadlı, bacarıqlı gənclər olmadan mümkün deyil”.

 

***

 

…Həmin 11 şagirdin hamısı sağdır. Və maraqlıdır ki, onların hamısı sonradan hərbi xidmətdə, özü də cəbhə bölgələrində hərbi xidmətdə olublar. Və nəhayət həmin uşaqların övladları indi elə 15-16 yaşlarındadır. Biz Sündüdə həmin sinfin, cəbhəyə getmək üçün nazirliyə müraciət edən o uşaqlardan 3 nəfərini tapa bildik: Həmidi, Nahibi və Elnuru.

 

***

 

Kənd orta məktəbinin direktoru ilk öncə çaşıb qaldı. Nə məktub, nə ərizə? Zarafat deyil, üstündən 22 il keçib. Gəlişimizin məqsədini izah edəndən sonra həmin ərəfədə məktəbdə işləyən müəllimləri çağırır. İdris müəllimi və Fariq müəllimi. Az sonra bələdiyyə sədri Mehman Abuzərov və kənd icra nümayəndəsi Daşqın müəllimin köməkliyi ilə 1977-ci il təvəllüdlü həmin uşaqların yerini müəyyənləşdiririk. Məlum olur ki, onların hamısı kənddə qeydiyyatdadırlar. Amma əksəri Bakıda işləyir.

 

- Bəs hazırda kənddə olanı yoxdur?

 

- Tapacağıq, - deyir Mehman. Ora-bura edilən telefon zənglərindən sonra əvvəlcə Həmidi tapırıq. Sonra Nahibi. Az sonra isə Elnur gəlib çıxır. Özü də oxuduqları məktəbə. Əvvəl direktorun otağında yığışırıq. Sonra isə keçirik riyaziyyat kabinəsinə. Elə bu da təsadüfi deyil. Çünki 22 il öncə bu məktub elə bu kabinədə yazılıb.

 

- Onda belə deyildi bu otaq. İndi 2 yerə bölüblər sinfi. Elə deyəsən ikinci partada oturduq, hə? - Elnur dillənir. Nahiblə Həmid təsdiqləyirlər.

 

- Kimin ağlına gəldi ki, Müdafiə Nazirliyinə məktub yazasınız?

 

Dəqiq heç biri xatırlaya bilmir. Nahib deyir ki, hər şey qəfil oldu.

 

- Yadımdadı, Xocalı faciəsi baş vermişdi. Hər yerdə olduğu kimi bizim kənddə də camaat orduya yardım edirdi. Kimi corab toxuyurdu, kimi ərzaq yardımı edirdi. Bizdən böyüklərdən isə cəbhəyə gedənlər də vardı.

 

Bu arada İdris müəllim söhbətə qoşulur.

 

- Xatırlayıram, bu kənddən 25 nəfəri özüm orduya yola salmışam, həmin günlərdə. Şükür Allaha ki, sağ-salamat qayıtdılar. Elə bu uşaqlar da sonradan, əsgərlik vaxtına çatanda cəbhə bölgəsində xidmət etdilər. Hamı, bir nəfər kimi…

(Yeri gəlmişkən qeyd edək ki, Sündü kənd orta məktəbini bitirən 19 nəfər Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Onlardan 8 nəfərinin meyiti tapılmayıb.)

 

Ardını Həmid danışır:

 

- İndi yadıma düşür. Hə, Zaur dedi ki, gedək müharibəyə. Aramızda ən diribaşı o idi. (Gülür) Yüz faiz Zaur idi, çünki onun sözü bizim üçün qanun idi. Desəydi məktəbi dağıdın, dağıdacaqdıq.

 

- Hə, çox dəcəl sinif olub, bunların sinfi. - Bunu da digər ağsaqqal müəllim Fariq Həsənov deyir.

 

Sinifdə 16 oğlan olublar. Həmin gün, nazirliyə ərizə yazılan gün isə sinifdə 11 nəfər olublar. Ərizəni sinifdəki qızlardan biri yazıb.

 

Amma bu da mübahisə doğurur onlar arasında. Həmid israr edir ki, bunu Azər yazıb. Deyir sinifdə ən yaxşı xətti olan o imiş. Nahiblə Elnur isə qəti şəkildə qızlardan birinin yazdığını deyirlər. Amma az sonra mübahisə kəsilir. Əsas odur ki, 11 nəfər bunu imzalayıb. Hətta üstəlik xəyal da qurublar ki, kim harada döyüşəcək.

 

Sündü məktəblilərinə nazirliyin cavabı gecikmir. Məktəbə rəsmi məktub göndərən nazirlik, onların ərizələrinə, o vaxt Müdafiə Nazirliyinin orqanı olan «Xalq ordusu» qəzetində də cavab verilir. Elnur deyir ki, təxminən bir həftə əvvəl hansısa sənədi axtarırmış. Sənədlərin içində həmin qəzetə rast gəlib.

 

- Təsadüfə bax ki, indi də siz gəlib çıxmısınız. İndi həmin uşaqlardan kənddə 3 nəfər yaşayırıq. O biri uşaqlar Bakıda işləyirlər. Eşitsələr ki, jurnalist gəlib, neçə ildən sonra onların yazdığı məktubu tapıb, vallah elə sevinərlər ki. Az keçməyib qardaş, 22 il. İndi bizim uşaqlarımız elə biz yaşdadı. Güclə xatırlayırıq bu məktubu. Amma o biri uşaqlar da olsaydı, hərə bir şey xatırlayardı.

 

- Doğrudanmı yadınızda az şeylər qalıb?

 

- Niyə ki? Yadımdadı, elə bilirdik ki, bu məktuba görə evdə bizi danlayacaqlar. Amma güldən artıq söz deyən olmadı. Fikirləşdik ki, yəqin məktəbdə nəsə bir söz deyərlər. Amma əksinə, sinif rəhbərimiz rəhmətlik Xalis müəllim çox kövrəlmişdi, dedi ki, uşaqlar, sizinlə fəxr edirəm. Elə o biri müəllimlərimiz də.

 

Həmid deyir ki, məktubdan sonra artıq onlara çox ciddi yanaşırmışlar. Böyük sinfin uşaqları, kənd sakinləri belə onlara yuxarıdan aşağı baxmırmışlar.

 

Onları müharibəyə aparmasalar da, uşaqlar cəbhəyə öz töhfələrini veriblər.

 

Yay tətilində, sonra isə payıza yaxın məhsul yığımında iştirak ediblər.

 

- Bizi heç kim məcbur edə bilməzdi. Özü də bizim sinfi. Amma qərara aldıq ki, gedək çuğundur yığaq. Əvvəlcə çuğundur yığımında iştirak elədik. Aldığımız pulu poçtla ordunun hesabına köçürdük. Elə beləcə də yazdıq: “Qobustan rayonunun Sündü kənd orta məktəbinin 9-cu sinif şagirdləri adından”. Sonra isə üzüm yığımı başladı. Dərs qurtaran kimi evə gəlib yeməyimizi yeyib qaçırdıq sahəyə. Gecə-gündüz, üzüm yığırdıq. Sonda bizə çatan pulu da yenə poçta gedib orduya göndərdik.

 

Amma artıq 10-cu sinif şagirdləri kimi. Özü də təkcə biz, yəni 11 nəfər ərizə yazan yox ha? Bütün sinif, qızlı-oğlanlı üzüm yığırdıq. Nə qədər pul olduğu yadımda deyil. Amma bircə onu xatırlayıram ki, özümüzə əməlli əyin-baş, hətta başqa şeylər də almağa yetərli qədər pul idi”.

 

Bu uşaqlar orta məktəbi bitirib əsgərlik yaşına çatanda isə atəşkəs elan olunur. Və beləcə, düz 20 ildir. Amma deyirlər ki, təsadüfdənmi ya nədi, hamısı döyüş hazırlığı yüksək olan hərbi hissələrdə xidmət edib, arxa cəbhədə yox. Elə günü bu gün səfərbərlik elan olunsa, döyüşə getməyə hazırdılar.

 

- Yenə ərizə yazıb gedəcəksiniz?

 

- (Gülürlər) Yox, bu dəfə ərizəyə ehtiyac olmayacaq. Daha yekə kişilərik.

 

Kənddən ayrılanda belə qərara gəldik ki, yenidən bu kəndə qayıdaq. Amma Novruz bayramı günlərində.

 

- Onda bütün uşaqlar burada olacaq, sizi qonaq çağırırıq. Xoş bir xatirəni yada saldığınız üçün.

 

Dəvəti qəbul etdik. Novruz günlərində Sündüdə olacağıq. Elə bizim də o uşaqlara bir sürprizimiz var.

 

Səbuhi Məmmədli, Bakı-Qobustan-Sündü

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017