Kitab Nərmini xilas edir...

Kitab Nərmini xilas edir...
26 fevral 2014
# 10:41

Knut Hamsun Nobel nitqində İsveç gəncliyi haqqında böyük ümidlə danışmışdı, onların şərəfinə badə qaldırmışdı. “Aclıq”ın, “Torpağın bərəkəti”nin müəllifi nitqini zala xitabən bu cümlələrlə bitirirdi: “Aramızda elə bir qoca adam yoxdur ki, öz gəncliyini xatırlamasın. Biz qocalar kənara çəkilib yolu təmizləməliyik və bunu şərəflə etməliyik. Mən bu badəni İsveç gəncliyinin şərəfinə, həyatda mövcud olan bütün gəncliyin şərəfinə içirəm”.

Bizim ölkəmizdə gəncliyin yolundakı daş-kəsəyi təmizləyən qocaların sayı az olsa da, buna görə ruhdan düşmək yox, mübarizə aparmaq lazımdır. Haqqında danışmaq istədiyim insanlar kimi...

Azərbaycanda yaradıcı qurumların, ictimai birliklərin gənclərin inkişafı üçün gördükləri işlərin əksərinin saxta, boğazdan yuxarı olduğu gün kimi aydındır. Ədəbiyyatdan tutmuş ağlınıza gələn bütün sahələrə qədər. İllik hesabatlarda, iclaslarda danışıb qayğıkeş rolunda çıxış etmək, gəncliyə “böyük qardaş məhəbbəti” göstərmək köhnə oxunan bayatının bir başqa adıdır ki, sözüm bunda deyil və belə bekara işlərə vaxt sərf etmək faydasızdır. Sözümün canı çağdaş Azərbaycan gəncliyinin adamın içini fərəh və qürurla dolduran ruhi birliyindədir. Bu günlərdə şahidi olduğum kampaniya bunun əyani sübutu oldu.

“Nərmini xilas edək” xeyriyyə aksiyası Azərbaycan gəncliyinin insan sevgisindən xəbər verdi. Və nə gözəl ki, bu maddiləşmiş dünyada içindəki təmizliyi, xeyirxahlığı qoruyub saxlayan bunca yaşıddaşımız var. Xərçənglə ölüm-dirim mübarizəsi aparan Nərminin – gəncliyinin ən gözəl çağını yaşayan bir Allah bəndəsinin sağlam həyata dönməyi üçün özünü oda-közə vuran bu adını bilmədiyim, özünü tanımadığım bir ovuc cavanın qol qoyduğu iş ibrətdən daha artıq nəsə varsa, ona tən gələn böyük işdir. Kitabla insan xilas etmək ideyası hər kimin ağlına gəlibsə gözəldir və özündə nə boyda məna daşıdığının fərqinə varmaq çətin deyil. Bəzən ədəbiyyatı, kitabı tərbiyə vasitəsi gözündə görməsək, qəbul etməsək də, ortada dipdiri həqiqət var: kitab, ədəbiyyat məhz insanı bəlalardan xilas etmək üçündür. Məsələn, o bəladan ki, 20 yaşında bir qız mübtəla olub. Məsələ hərfi mənada xəstəlikdə, yatağa düşməkdə deyil. Məsələ kitab satıb müalicə üçün pul toplamaqda da deyil. Bu kampaniyada sözün bütün mənalarında kitab insan həyatını xilas edir. Yadlaşan, özgələşən zamanda könüldən-könülə körpü salan, insan ürəyində mərhəmət hissi oyadan bir xeyirxah təşəbbüsün içində kitab da varsa, bundan qürur keçirməyib, nə edəsən?!

Bir neçə kitabla aksiyaya dəstək verdim. “Metro Park”ın girişində böyük şövqlə kitablarla əlləşən, oxucuları razı yola salmaq istəyən gənclərin həyat və insan eşqindən xeyli duyğulandım. Və nə qədər qəribə səslənsə də, mənə elə gəldi, bu adamlar təkcə Nərminin yox, bütün insanlığın xilası üçün can qoyurlar, yer-göylə əlləşirlər. Bunca həvəsin, sevginin, şövqün adı başqa nə ola bilər ki?!

Gəncliyin qaldırdığı bütün badələr Nərminin ağrısız, şikayətsiz kitab oxuyacağı o işıqlı günün şərəfinədir...

# 2335 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #