Teatrın nəyinə nifrət edirsiniz?

Teatrın nəyinə nifrət edirsiniz?
21 fevral 2014
# 09:00

Kulis.az teatr adamları və tamaşaçılar arasında sorğu keçirdi: “Teatrda ən xoşunuza gəlməyən nədir? Teatrın nəyindən zəhləniz gedir?”

İlham Rəhimli (teatrşünas): “Peşəkarlığın zəif olduğu tamaşalara qıcıq oluram.”

Gülzar Qurbanova (aktrisa): “Soyuqla mübarizə apara-apara məşq etməyə nifrət edirəm. Teatrda qızdırıcılar işləmir. Rəsmən donuruq.”

Aydın Talıbzadə (teatrşünas): “Azərbaycan teatrında hamı bir-birinə oxşayır, məni bu qıcıqlandırır.”

Qurban İsmayılov (aktyor): “Teatrda hansı vəzifə tutmağından asılı olmayaraq öz işinə qarşı məsuliyyətsiz yanaşmaq!”

Yaqut Paşazadə (aktrisa): “Teatrı bütünlüklə sevirəm!!! Bir tək aldığımız məvacibin məbləğinə nifrət edirəm... hər dəfə alanda hətta utanıram”

Rasim Cəfər (aktyor): “Teatrların "zavod prinsipi" ilə, sifarişlə işləməyinin və teatrda yaradıcı baxımdan məcburiyyətin əleyhinəyəm. Və teatrı məktəb sayan teatr işçilərinin və tamaşaçıların fikirləri ilə razı deyiləm. Teatrın nəyi isə öyrətmək kimi və ya mentalitetin qoruyucusu kimi missiyası yoxdu, olmamalıdı. Teatr yaradıcılıqdı və o azad olmalıdır.

Tural Vaqifoğlu (rejissor): “Teatrda işləyən insanların məsuliyyətsizliyi, aktyorların cılızlığı, özünü ucuz satmaları, teatrın mexaniki sistemə çevrilməsi... O qədər nifrət olunmalı məqam var ki...”

İsrafil İsrafilov (teatr direktoru): “Cəmiyyətin teatra sevgisinin aşağı həddə olmasıdır. Bu, məni ruhdan salır, vətəndaş kimi də incidir. Bunun əlbəttə obyektiv səbəbləri var, ola bilər teatr da vaxtilə keyfiyyətsiz konyuktur tamaşalar təqdim edib və insanları teatrdan küsdürüb və ya bir çox başqa səbəblər. Bunlara baxmayaraq cəmiyyətin teatra, teatrın cəmiyyətə həmişə ehtiyacı var. İnsanlar ruhi qida almalıdırlar. Konsertlərdə fonoqram oxuyan müğənnilərlə ruhi tələbatı ödəmək olmaz”

Rasim Aşın (rejissor): “Teatr adamı olmayıb teatrda olmağa davam edənləri görəndə qıcıq oluram”

Seymur Baycan (yazıçı): “Qışqırtı və qışqırtılı gülüşdən qıcıqlanıram. Niyə normal danışmırlar, bilmirəm. Adamları qoyun yerinə qoyublar...”

Sevda Sultanova (kinoşünas): “Ümumiyyətlə, teatrın energetikasını sevmirəm, sıxılıram. Amma çalışıram, yeni tamaşaları buraxmayım. Pafos, yersiz uzunçuluq, yeni fənd və estetikaların olmamasından qıcıqlanıram.”

Fehruz Şamıyev (prodüser): “Əksər vaxtı tamaşalarda aktrisaların obrazdan çıxıb özlərini fərd olaraq tamaşaçıya sırıyırlar. Bundan qıcıq oluram.”

Aygün Aslanlı (kinoşünas): “Teatrın pafosundan nifrət edirəm. Bu da daha çox akademik teatra aiddi.”

Firudin Allahverdi (bəstəkar): “Aktyorların yersiz emosionallığına qıcıqlanıram. Bir də bəzən görürsən aktyor rolunu sanki özü kimi deyil, başqa (məşhur, ya da klassik) aktyor kimi oynayır. Qıcıq olduğum başqa bir məqam aktyorun davranışından növbəti replikanın, ya baş verəcək hadisənin bəlli olmasıdı. Yəqin bunun səbəbi əzbərçilikdi.”

Toğrul Abbasov (mühəndis): “Teatrın "məbəd", "məktəb" adlandırılmasına və teatr əhlinin də özünü "dərs öyrədici" kimi aparmasına (həm teatrda, həm də kənarda) nifrət edirəm.”

Reyhan İsayeva (fotoqraf): “Qaranlıqda oturub zövq ala bilməyəcəyim tamaşaya baxmağı sevmirəm. En əsası mədəniyyətsiz tamaşaçıdan qıcıq oluram.”

Sənubər Heydərova (sosial işçi): “Ən çox yer ola-ola qapıların bağlanması qıcıq edir. Açıq olsaydı, yaxşı olardı, kim istəsə gələ bilərdi. Yəni gec də olsa. Onsuz tamaşa gedir də”.

Elnarə Ağaoğlu (filoloq): “Teatrda tamaşaçıların düzgün davranmamalarına qıcıq oluram, telefon zəng çalır, danışırlar - bu kimi şeylər. Bəzən də olur ki, tamaşa bitən kimi qapıya “kim birinci qaçdı” davası gedir. Aktyorun qazancı alqışdır, bu isə, çətin məsələ deyil.”

Xəyalə Rəis (jurnalist): “Hər dəfə eyni tipli, köhnə mövzular gündəmə gətirirlər”.

Ülviyyə Heydərova (yazıçı): “Candərdi, kiminsə xətrinə teatra gələn tamaşaçıları görməyə gözüm yoxdur.”

Lalə Azəri (müxbir): “Tamaşaçı mədəniyyətinin formalaşmamasına. Hələ də tamaşa tam bitməmiş qarderoba qaçanlar var.”

Həmidə Rüstəmova (müxbir): “Teatrda ən nifrət etdiyim məqam aktyorların qışqırtısı və bu zaman üzlərinə hakim sönük ifadədir.”

Ziyad Quluzadə (yazıçı-tələbə): “Teatrda süni aktyor qışqırtısına, həyatın ancaq o teatrdan ibarət olduğuna inanan aktyorlara. İncəsənətdən, teatrdan xəbəri olmayan. A.D.M.İ.U -ya... Teatrşünaslıq kimi dünyanın ən absurd ixtisasına.”

Taleh Yüzbəyov (keçmiş aktyor, indi ofis işçisi): “Teatrın kulislərinin arxasında baş verən iyrəncliklərinə nifrət edirəm. Bəzi teatrların kulis səhnəsindən daha faciəvi və dramatikdir. Məncə bu, tərsinə olmalıdır. Və ya tamaşaçıları zala yox, səhnə arxasına buraxsalar daha maraqlı tamaşaya baxacaqlar. Ümumiyyətlə, Azərbaycan teatrı düz istiqamətdə getmir.”

Zərifə Quliyeva (həkim): “Aktyorların kustar oyununa, kasıbçılığa və boş zallara nifrət edirəm.”

Natiya Miqadze (dizayner): “ 50 yaşlı aktrisalar gənc qızları oynayıb, gənc qız ədaları edəndə qıcıqlanıram.”

Hüsniyyə Mürsəquliyeva (teatr işçisi): “Teatrlarda ən çox nifrət etdiyim tamaşaçı mədəniyyətinin formalaşmamasıdır. Tamaşaçı tamaşaya gecikir, hələ bu da azmış kimi zala girən kimi yanındakına tamaşanı uca səslə şərh edir. Bundan başqa qıcıq olduğum məqam tamaşanın ən maraqlı yerində mobil telefonların çalması və tamaşa bitər-bitməz qapının ağzında yaranan tamaşaçı "tıxac"ıdır. “

Dünya Mehdiyeva (tamaşaçı): “Məsələn, Musiqili Komediya Teatrında oynanılan “Bankir adaxlı” tamaşasındakı səhnədən səslənən bayağı ifadələr söyüşlər və qarğışlara çox qıcıqlanıram. Əgər teatr sahəsində çalışan insanlar onu doğrudan da məbəd hesab edirlərsə bir balaca diqqətli olsunlar.”

# 2812 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #