Xəyanət

Xəyanət
17 fevral 2014
# 11:59

Anar Gəraylı yazır

Etibar və xəyanət bir-birinə ən doğma, ən bağlı sözlərdir.

Etibar olmayan yerdə heç bir halda xəyanətdən söhbət gedə bilməz. Xəyanət özünü ancaq etibarın olduğu vəziyyətlərdə göstərə bilir. Etibar olmasa, xəyanətin heç bir əhəmiyyəti qalmır. Xəyanət etibarsız, bir heçdir, sadəcə. Etibar etmədiklərimizin heç bir sözü, davranışı xəyanət sayılmır. Xəyanət edənlərin hamısı etibarlılardır, etibar olunanlardır.

Elə etibarın qədrini də xəyanət var olduğu üçün bilir insan. Etibar etdiyin xəyanət edəndə, xəyanət etməyən etibarlıların qiyməti daha aydın dərk olunur. Ya da belə: Xəyanət mövhumu o zaman yaranır ki, kiminsə etibarına qəsd edilir. Bu iki söz arasında mənəvi bağlılığı izah etmək üçün müxtəlif variasiyalı cümlələr qurmaq olar. Ancaq məncə, bu qədəri etibar və xəyanət sözlərinin qardaşlığını tam mənada ifadə edir.

İlk xəyanət yəqin ki, elə, Allahın etibar etdiyi ilk insanın – Adəmin ona etibar edən yaradanının sözünə xilaf çıxaraq cənnət almasını yeməsi idi. Haqlısınız, etibara edilən xəyanətdən danışmaq üçün minilliklər öncəyə getməyə lüzum yoxdur, məncə də. Elə öz dövrümüzün etibarlılarından danışmaq yetərlidir.

**

Xəyanəti heç bir halda bağışlamayan və içində xəyanətdən bir zərrə belə olsa, heç vaxt sahibinə başucalığı, uğur gətirməyən yeganə şey ədəbiyyatdır, bəlkə də. Etibara xəyanət edən birinin ədəbiyyatdan danışması, ədəbiyyata meyllənməsi isə sadəcə mənəvi intihardır. Xəyanətkar ədəbiyyat əsrlərdir uğursuzluğa məhkum edilib. Xəyanətkarların ədəbiyyatları heç bir zaman və heç bir cəmiyyət tərəfindən qəbul olunmayıb.

Etibara xəyanət edənlərin ədəbiyyat, mədəniyyət və s. kimi humanist bəşəri dəyərlərə istinad etməyi, xəyanətlə çirklənmiş ruhlarının reabilitasiyası üçün bu insanpərvər sahələrdən mədət ummağı zəif xarakterlərinin köləsinə çevrilərək, mənəvi böhran keçirən zəlil şəxsiyyət sahiblərinin insanlığın gözündəki ən dərin uçurumlardan düşərkən etdiyi son çırpınışlar, son xilas cəhdlərdir. Xəyanəti ədəbiyyata sığınaraq arqumentləşdirmək isə artıq ən sonuncu həddir.

**

Bir ana üçün ən böyük fəlakət xəyanətkar övlada sahib olduğunu bilməkdir. Məncə, belə həqiqətləri analardan gizlətmək lazımdır. Övladlarının etibara xəyanətlərinin mənəvi əzabını analara ödətdirmək insani hisslərini itirmişlərə xas seçimlərdir. Mən bu qədər qəddar ola bilmərəm. Analar nə etsinlər ki, doğarkən övladlarına möhkəm xarakter bəxş etmək kimi özəllikləri yoxdur. Analar övladlarının həyatdakı seçimlərinə cavabdeh olmamalıdırlar.

Xəyanətkar övlad sahibi olduğu hissini yaşamasını anama arzulamıram.

**

Sevgilisinin, ərinin xəyanətkar olduğunu qəbul edən ilk qadın elə, sözün hərfi mənasında ilk qadındır. Dini kitablara görə Həvva. Elə o kitablar yazır ki, ilk xəyanət edən insanı – Adəmi xəyanətə təşviq edən də elə ilk qadın – Həvva olur. Təəssüf ki, bu ənənə zaman-zaman əsrlər sonra da yaşanır.

Qadınlar bəzən mənəvi yoxsul adamlarla olmağı seçirlər. Çətin hiss olmalıdır, yəqin ki. Təsəvvür edə bilmədiyim vəziyyətlər var. Bu hissin necə olduğunu xəyanət edənlərin xəyanətlərini bilib həzm edən güclü qadınlar təsvir edə bilər.

Etibar ləkə götürmür. Xəyanət sonsuzluğadək etibar üzərində ləkədir. Xəyanət ləkəsini heç bir bəşəri arqumentlə təmizləmək olmur, olmayacaq.

Xahiş edirəm, etibara toxunmayın! Onu qoruyun! Ona xəyanət etməyin!

# 3610 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #