“Fahişə ola bilmərəm”

“Fahişə ola bilmərəm”
13 fevral 2014
# 13:00

Azərbaycan kinosunda ilk dəfə qadın evdən çıxıb arzusunun, sevgisinin ardınca bu qədər uzağa getmişdi. Filmin adından bəlli idi-bu kəpənək xoşbəxtliyi çox davam etməyəcəkdi. Elə ona görə də aktrisa Gülzar Qurbanova "Ölsəm, bağışla" filmində “Yusif-Gulya” sevgisini bacardıqca bir günə, daha doğrusu bir lentə sığdırmışdı. Özünü filmə qapdırıb “Bəs o Gulya necə oldu?” deyən tamaşaçılar üçün aktrisa Gülzar Qurbanova ilə görüşdük. Guya bir film çərçivəsində olacaq söhbətimiz böyüdü- Gülzar xanım çərçivələrə sığmayan adamdır. Arzularla, xəyallarla doludur....

“Ölsəm...bağışla”

- Gülzar xanım, sizcə, filmi bu günə bağlayan nədir? Aktuallıq baxımdan...

- Müharibənin fəsadları, onun insan taleyinə təsiri, sosial ədalətsizlik, mentalitet, sevgi... Bunlar bu gün da var. Müharibə insanlar üçün sınaqdı. Hərçənd film göstərir ki, bu sınaqdan nə qədər üzüağ çıxsa da qəhrəman xoşbəxt ola bilmir. Heç mənim qəhrəmanım Gulya da xoşbəxt ola bilmir. Hər şeyi atıb xoşbəxtliyinin ardınca gedir, amma olmur.

- Bir az filmə çəkilməyinizdən danışın...

- Bundan əvvəl iki filmdə oynamışdım: “Qəm pəncərəsi” filmində rəhmətlik Vaqif müəllimlə (Vaqif İbrahimoğlunu nəzərdə tutur), Xudayar bəyin qızı rolunda çəkilmişdim, bir də “İmtahan” adlı filmdə gənc qızı oynamışdım. “Ölsəm...bağışla”ya çəkiləndə 18 yaşım var idi. Moskvada kinematoqrafiya institutunda, ikinci kursda oxuyurdum. Bizim kursun tələbələri ilə hazırladığımız “Sevimli Yelena Sergeyevna” tamaşası ilə Bakıya festivala gəlmişdik. Rasim müəllim filminə aktyor heyəti axtarırdı. Məni bu tamaşadan tapdı. Mənə aktrisa İrina Kupçenkonun şərəfinə Kupçenko deyirdi. Bir yer var idi-Kislovodskda şirin pambıq yeyirik –Gulya və Yusif. Orada mən ağlamalı idim. Mən dönüb soruşdum Rasim müəllim, Kupçenko necə ağlayır? Rasim müəllim azca fikirləşib dedi: “Nə bilim, düyməsini basır, ağlayır”. “Bəs o düymə haradadır?” sadəlövhcə soruşdum. Rasim müəllim ürəyini göstərdi: “Burdadı”. Mən köynəyimi qurdalayanda Rasim müəllim təəccüblə soruşdu:

  • Neynirsən?

“Düyməni axtarıram” dedim. Rasim müəllim güldü, gəlib alnımdan öpdü və dedi:

- Neposredstvennıy mol (birbaşa deyim).

- Hər şeyi atıb xoşbəxtliyinin dalınca gedən qadın... Onun ardınca çox söz danışırlar. Siz nə düşünürsünüz?

- Gulyanın hər şeyi atıb gedəcək gücü varsa, yəqin ki, müstəqil düşüncəli bir qadındır. Həm də Gulyanın uşağı yox idi. Əgər olsa idi yalnız öz xoşbəxtliyini düşünüb, hər şeyi atıb getmək eqoistlik olardı. Bilirsiniz, bir şey də var. Quş qəfəsdə qalanda nə qədər azadlıq arzulasa da qəfəsi açıb buraxanda uzun məsafəni uça bilmir. Çünki, kiçik məsafələrə öyrəşib. O qadın da belədir.

- Sizcə, Yusif öldürüləndən sonra Gulyanın həyatı necə olacaq?

- O qadın öz zamanı üçün hər qadının edə bilməyəcəyini edibsə- bütün yaxınlarını, tanıdıqlarını qoyub yad bir yerə, ancaq sevgilisinə güvənib çıxıbsa, sonra da mübarizə aparar. Onun oxumaq arzusu vardı. Bəlkə də oxuyar, özünə sənət qazanar. Nə bilim...

- Filmdən sonra tamaşaçıların reaksiyaları necə oldu? Qınaqlar, iradlar...

- Ən çox kişilərin qınağından təngə gəlmişdim. Tapançanı Yusifdən aldığıma görə mənə acıqlı idilər: “Kişi arvadın ağlı ilə oturub-duranda elə olar” deyirdilər. Mənim oğlumun da adı Yusifdi. Bunu filmlə əlaqələndirməyin. Sadəcə babamın adı Yusif idi.

- Film bu gündən bəhs etsəydi o qadının sonrakı taleyini kriminal xəbərlərdən oxuyardıq yəqin...

- O vaxt üçün də bu qəbuledilməz idi. Onun əri sabah küçəyə çıxanda, onun haqqında nələr deyəcəklər? Necə yəni, arvadın çıxıb gedib? Onu buraxmamalı, ya da öldürüb həbsxanada yatmalısan... Bu düşüncə həmişə olub və indi də var: el qınağı, onun-bunun fikri ilə yaşamaq. İndi də azad deyilik. Daima kütlə haqqında düşünürük.

“Yəni qadın bu qədər məzmunsuzdur?”

- “Ölsəm...bağışla” filmində az da olsa buna vurğu var; qadın həmişə himayədə görünür, müstəqil ola bilmir, daim kiminsə bacısı, kiminsə qadınıdır...

- Bütün filmlərdə belədir. Hansı film göstərə bilərsən ki, qadın müstəqildir? Bir Bizim Cəbiş müəllim” filmidir, orada da əslində Cəbiş müəllim əsas qəhrəmandır. Müharibənin insanlara təsiridir. Bütün filmlərdə qadın ya anadır, ya bacıdır, ya kiminsə nəyidir...

- Bu, sizə toxunur?

- Əlbəttə. Ömrü boyu kinomuzda qadınları mətbəxdə, ya ana, ya nənə göstərirlər ki, arada gəlib desin “Balama alma saxlamışam”... Yəni qadın bu qədər məzmunsuzdur, kasaddır? Qadının açılmağı üçün heç bir mövzu olmayıb. İndi-indi bir az gözüaçıqlıq yaranıb...

- Sizcə, niyə rejissorlar qadını görmür, ya da görmək istəmir?

- Uzağa getməyək. Mənim yoldaşım rejissordur (kinorejissor Elxan Cəfərov-red). O mənim uzun mübarizəmdən sonra, belə deyək də, barışıb mənim sənətimlə... Mənə yaradıcılıqdan başqa heç nə maraqlı deyil. Axı, yalnız ev, məişət deyil, həyatını, ruhunu dolduran bir şey olmalıdır. Bu, mənim işimdir. Bu, ədəbiyyatla, ünsiyyətlə bağlı sahədir. Sən bölüşürsən və öz gərginliyini atırsan. Azad ola bilirsən.

Bilirsiniz, bizi Allaha bağlayan qorxu deyil, sevgidir. Bizim azadlığımız sevgidədir.

- Elxan müəllimlə siz bir-biriniz üçün yaradıcı şəxs olaraq nə qədər maraqlısız?

- .... (susur) Bu barədə danışmayım. Qoy bu sualın cavabı sükut olsun. (gülür)

- Aktyor peşəsi üçün hansı daha vacibdir, texnika, həyat təcrübəsi, müşahidə, ya nə?

- Hər işin texnikası var. Amma ən böyük təcrübə həyat təcrübəsidir. Ola bilər ki, insan hərtərəfli, bilgili adam olsun. Peşəsi ilə bağlı hər xırdalığı da bilsin. Amma yenə də tamaşaçının ürəyinə toxuna bilməsin. Yaradıcı adam hər rolda özündən nələrsə qoyur işinə. Bəzən qara tərəfini elə rolda göstərirsən. Bir növ tövbə kimi. Hamının qara tərəfi var. Kimsə bunu etiraf edər, kimsə yox. Özünü Kafka, Çexov, Axundov vasitəsilə ifadə edə bilərsən. İnsanın qara tərəfindən danışırıq. Nə bilirsiniz, bəlkə elə Vudi Allen filmlərilə o hərəkətinə (Vudi Allenin sonuncu qalmaqallı əhvalatını nəızərdə tutur-red.) tövbə edir? Əgər o hərəkəti həqiqətən o edibsə. Bəlkə vicdanlı adamdır? İnsanın yaradıcılığını öyrənmək üçün onun haqqında hər şeyi bilməlisən ki, o kodlar sənə açıq olsun.

- “Oynaya bilmərəm” dediyiniz olurmu?

- Bir fahişəni, bir də narkoman qadını oynaya bilmərəm. O halı anlamıram, hiss etmirəm. Yəni, bunları oynasam indi, bu oynamaq yox, göstərmək olacaq. Mənsə obrazı çoxqatlı təqdim etməyi sevirəm.

- Yuğ Teatrının “Naməlum Axundzadə” tamaşasındakı Şəhrəbanu kimi?

- Elə Şəhrəbanu da. Obrazın kişi-qadın, şəhvət qatını təqdim etmək asan məsələdir, səthi bir şeydir. Daha başqa qatlar var. Şəhrəbanuda həm günah var, həm qızına görə bu günaha girmək var, qorxu var, ikinci günah var... Elə bil bir zibilin içinə girirsən, lap dərininə girib alçaqlığı, mənəviyyatsızlığı tapırsan...

- Özünüzdən obraza köçürdüyünüz olur, dediniz. Bəs hansısa obrazın sizdə təsirləri olubmu?

- Ən çox Kafkadan olub. Əsərlərindən çox təsirlənmişəm. Bir var həyat təcrübəsindən yazanlar, biri də var müşahidə və texnikadan istifadə edənlər. Kafka birincilərdəndir. Onun həyatı faciəvidir, ziddiyyətlidir və bunu əsərlərində görürük. Özünə də o qədər inamsız imiş ki...

Bilirsiz, intiharlar niyə baş verir? İnsanlar özlərini gərəksiz, lazımsız hesab edirlər. Şəxsiyyət olaraq özlərini alçalmış sayırlar. Yaradıcı insan üçün vəziyyət başqadır. Paracanov həbsxanada olanda ən yaxşı ssenarilərini, esselərini yazdı. Baxmayaraq ki, orada insanları nəinki fiziki olaraq, mənən də təzyiq altında saxlayırlar. Amma yaradıcı adam bir şəkildə ondan çıxa bilir. Əlbəttə, yaradıcı adam da depressiyaya düşə, hətta intihar edə bilər. Amma onun öz yolları var. Bataqlığa düşəndə Münhaüzeyn kimi öz saçından yapışıb çıxa bilir...

“Kitab mağazasında satıcı işləyərəm”

- Nə isə soruşacaqdım, tamam unutdum...

- (gülür) Soruşun ki, dünyaya ikinci dəfə gəlsəniz, aktrisa olardınızmı?

- Soruşdum (gülürəm): Olardınız?

- Yox. Pianoçu olardım. Mən piano məktəbində oxumuşam. Bizim işimiz asılı sənətdir. Amma pianoçu bir piano ilə, ağ-qara klavişlərlə özünü ifadə edə, zövq ala bilir. Bir də, axır vaxtlar bu fikrə gəlmişəm ki, mütaliədən və ədəbiyyatdan yaxşı heç nə yoxdur.

- Teatr olmasa nə edəcəksiniz?

- Kitab mağazasında satıcı işləyərəm. Bu özü ziyalı bir işdir. Kitab insanlara xeyir verir. Orada da yaradıcılıq tapmaq olar. İnsan zibillikdə də yaradıcı ola bilər. Lap tutalım, iş yoxdu. Amma düşün ki, sən nəsil yetişdirirsən... Qızım üçüncü kursda oxuyur. Yaşlanacağam, nəvələrim olacaq. Nə gözəldir... Mən boş yerə gəlmədim bu dünyaya - nəsil yetişdirdim. İrs qoyub gedə bilmirəmsə, bir nəsil yetişdirdim. Bu hissləri yaşamaq istəyirəm. Qocalıqdan da qorxmuram. Adam hər şeyə hazırlaşır. Elə ölümə də.

- Gülzar xanım, “Çaqqal nəfəsi” maraqla qarşılandı. Teatrda, kinoda hansısa yeni layihələriniz varmı?

- Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” filminə çəkilmişəm, amma hələ tamamlanmayıb. İndi Vaqif Mustafayevin filminə çəkilirəm. Hava ilə bağlı çəkilişlər dayanıb. Teatrda işlər intensiv gedir. Yuğ Teatrında “Medeya”, Akademik Mili Dram Teatrında “Nadir şah” tamaşaları olacaq. Onlara hazırlaşıram...

Düzü, mənim üçün yazılan ssenarilər olub. Sadəcə Mədəniyyət Nazirliyi ilə iş görsən, ssenaridən heç nə qalmayacaq, filmdən hər dəfə bir şey itəcək. Dünya kinosuna çıxmaq üçün müəllif filmi çəkmək lazımdır. Kim Ki Duk, Pənahi, Kiarostami kimi rejissorları dövlət qəbul etməsə də, dünya qəbul edir...

# 9496 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #