“Mən pozğunam, amma cinayətkar deyiləm”

“Mən pozğunam, amma cinayətkar deyiləm”
1 fevral 2014
# 08:45

“Məni qəfəsə qapatmağı bacardız. Amma məni ya öldürün, ya da olduğum kimi qəbul edin. Çünki onsuz da məni dəyişə bilməyəcəksiz”.

Markiz de Sad

Fransız Markiz de Sad dünya ədəbiyyatının mübahisəli simalarından biridir.

Uzun müddət əsərləri qadağan edilən və Fransada bütün külliyyatının çapına yalnız keçən əsrin 60-cı illərində icazə verilən Sadın şəxsiyyəti, konsepsiyası fransız intellektualları arasında uzun müddət müzakirə olunub.

Fransız şairi Giyom Apolliner deyirdi ki, XX əsrdə onun ideyaları dominant olacaq.

Sad əsərlərində insan təbiətinin qaranlıq tərəflərini araşdırırdı.

Yazıçı hələ XVIII əsrdə deyirdi ki, insanın davranışları onun instinktləri, gizli arzuları, seksual istəkləri ilə bağlıdır.

İnsan davranışının əsas tənzimləyicisinin təhtəlşüurdakı istəklərlə əlaqəli olduğunu XX əsrdə Freyd elmi nöqteyi-nəzərdən araşdırdı və Apollinerin öncəgörməsi özünü doğrultdu.

Fransız yazıçısı Andre Bretona görə Sad sosial və əxlaq azadlığına çağırış edir.

Sürrealistlər üçün isə o, riyakar əxlaqa qarşı etirazın simvolu idi.

Simona de Bovuarın isə onun şəxsiyyətinə, ədəbi yaradıcılığına yanaşması fərqli idi: “Sad öz psixo fizioloji təbiətini şüurlu etik seçim kimi təqdim edir və bunu əsərlərində yazırdı. Məhz bu, onun həqiqi orijinallığı idi. Sad təkcə fəaliyyəti qanunla nizamlanan ictimai fiqur yox, həm də canlı insan olmaq istəyirdi. Real hakimiyyətə malik olmayan əksər aristokratlar simvolik şəkildə-yataq şəraitində öz suveren feodal-despot statusunu diriltməyə cəhd edirdilər. Sad istisna deyildi və illüzion hakimiyyətin hərisi idi. Tiranlıq onu birbaşa amansızlığa aparırdı. Sad yalnız bir yerdə özünü realizə edə bilərdi: itaətkar arvadının yatağında yox, məhz pulla öz fantaziyalarını gerçəkləşdirdiyi bordeldə”.

Sad əsərlərində əxlaqi məhdudiyyətlərə, doqmalara qarşı çıxırdı.

O, insan təbiətini, ondakı vəhşiliyi şər saymırdı, əxlaq, din, hüquqla sərhədlənməyən absolyut azadlığın tərəfdarı, ənənəvi əxlaq normalarının önə çıxmasına qarşı idi.

Yazıçı inanırdı ki, əsl cinayət təbiətin diktə etdiyi arzulara qarşı getməkdir.

Onun fikrincə din insanı əsarəti altına alır, buna görə də mövhumatı məhv etməli və insan öz təbiətinin vəhşi səsini, arzularını dinləməlidir. De Sad kilsəni riyakarlıqda günahlandırır və onun saxtalığını tənqid edirdi.

Sad əsərlərində ikili həyat sürən insanları - maska taxaraq özünü əxlaqlı göstərən, başqalarını əxlaqsızlığa görə ittiham edənləri hədəfə alırdı.

O, elədiyi cinayətlərə görə (Sad seksual zorakılıqlara görə həbs olunmuşdu) özünə haqq qazandırırdı və düşünürdü ki, Tanrı bizə bu təbiəti veribsə, onda biz ona əməl etməliyik: “Mən pozğunam, amma cinayətkar deyiləm”.

Yazıçıya görə, dünya amansızdır, hakimiyyət, despotizim qəddarlığa söykənir, seksual zorakılıqdan qaynaqlanır və burda yaxşılara yer yoxdur. Ona görə də onlar kimi davranmağı məcbursan.

...Sad haqda indiyədək müxtəlif bioqrafik filmlər ekranlaşdırılsa da, onların arasında yazıçının şəxsiyyətini araşdıran və anladan yeganə film Filip Kaufmanın “Lələklər” dramıdır.

“Lələklər” istisna olmaqla digər filmlərin heç biri Sadın şəxsiyyətini açmır, onun həyatının sadəcə bəsit təsviri ilə kifayətlənir.

Kaufman Sadın həyatının bir parçası-Şarantondakı psixi xəstəxanada keçirilən günlərinə fərdi baxışını, o dövrün Fransasının mənəvi dünyasını təsvir edir.

Filmin əsas qayəsi sənətkar, ifadə azadlığıdır.

Sadın əsərlərinin ekran variantı (“Jüstina”, “Yataq otağında” və s) isə Tinto Brassın ucuz, bayağı porno filmləri səviyyəsindədir.

Onlar içərisində yüksək sənətkarlıqla lentə alınan yeganə film şübhəsiz ki, Paolo Pazolininin “Sodomun yuz günü”dü.

Sadın böyük yazıçı olub-olmamağı mübahisəlidir. Amma onu əhəmiyyətli edən, mühafizəkar mühitdə axına, ənənələrə qarşı getməsi, qəlibləri qırması, cəsarəti və sonrakı yüzilliklərdə elmə, ədəbiyyata təsiridir.

Sadı oxumaq, bilmək ən azı alternativ, fərqli fikirlərə dözümlü olmaq, onlara silahla, zorakılıqla yox, polemika, soyuq analizlə yanaşmaq baxımından əhəmiyyətlidir.

# 4747 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #