Qab-qacaq məsələsi

İbrahim Nəbioğlu yazır...

 

23 aprel 1920-ci il Türkiyə Böyük Millət Məclisinin ilk toplandığı gündür. Bu tarixi hadisədən cəmi 16 gün sonra Mustafa Kamal Paşa Məclisə məktub yazaraq Maarif Müdürlüyü nəzdində “Türk Asar-ı Atikası”, yəni “Qədim Əsərlər Müdürlüyü” qurulmasını xahiş edir. Türkiyənin dövlət kimi olub-olmayacağı, türklərin isə millət kimi qalıb-qalmayacaqlarının həll edildiyi bir zaman idi. İngilis işğalçı qüvvələri “Meclis-i Mebusan”-dakı Heyət Təmsilçilərini həbs etmiş, İstanbul əldən getmək üzrə idi. Atatürk bir tərəfdən Böyük Millət Məclisinin açılması üçün gecə-gündüz çalışır, digər tərəfdən də “Mədəniyyət” deyirdi. O dərəcə önəm verirdi çünki.

 

1931-də Atatürk Baş nazir İsmət İnönüyə göndərdiyi teleqramda ölkənin hər tərəfində torpaq altında böyük bir mədəni irs olduğunu deyərək, bu mirasın mühafizəsi və təsnifi üçün gənc Cümhuriyyətin arxeoloqlara ehtiyacı olduğunu söyləyir, bunun üçün xaricə oxumağa göndərilən tələbələrin bir hissəsinin bu ixtisasa yiyələnməsini istəyir…

 

Marmaray layihəsi Türkiyə tarixinin ən böyük layihəsindən, AK parti iqtidarının da ən uğurlu icraatlarından biridir. Ərdoğan hökumətinin, xüsusilə də nəqliyyat və dənizçilik naziri Binali Yıldırımın haqqını vermək lazımdır, təbii olaraq.

 

Açılışdan əvvəl iki qitəni Bosforun altından birləşdirən bu fantastik tuneli gəzərkən B.Yıldırım demişdi: “Arxeoloqlar problem çıxartmasaydılar, layihəni 2009-da bitirəcəkdik. Onlara qalsa, heç 2023-də belə bitməzdi”.

 

İnanmaq olmur bu sözlərə, çünki bu arxeoloqlar inşaat zamanı neolit çağına aid 35 000 tarixi əsər taparaq, insanların İstanbula 8500 il əvvəl yerləşdiyini sübut etmişlər.

 

Nazirdən əvvəl isə baş nazir fikir bəyan etmişdi -”Yox, arxeolojik saxsı qab-qacaq çıxdı, yox, o çıxdı, yox, bu çıxdı deyə qarşımıza sürəkli əngəl qoydular. Bəsit qab-qacaq hekayəsi bizi 4 il geriyə saldı”…

 

“Vətənə sahib çıxmanın yolu o torpaqlarda yaranmış mədəniyyətləri tanımaqdan keçir” – belə demişdi böyük Atatürk…

 

***

 

31 oktyabr 2013-də başıörtülü dörd millət vəkili Türkiyə Böyük Millət Məclisinin işində iştirak etdi. Bununla da AK parti iqtidarı növbəti böyük hədəfinə çatmış oldu. Amma Şafak Paveyin o tarixi çıxışı “Hakim-i mütləqləri”, yəni hakimiyyəti əməllicə sarsıtdı. Günlərdir Youtube-da ən çox seyr edilən videolar arasındadır. Bir qəzetçinin diqqətini çəkib – məgərsə AK partili qadın millət vəkillərindən 5-i Məclis kürsüsündən bir dəfə də olsun çıxış etməyiblər. Digər tərəfdən iqtidarın 24 qadın millət vəkili kürsüdən cəmi 4 dəfə çıxış ediblər.

 

Bu durumda başını örtsən nə olacaq, örtməsən nə. Kürsüyə çıxmadığın üçün kimsə də sənin saçını-başını görməyəcək zatən. Elə danışmamaqda da düz eləyirlər. Danışanların başına nələr gəldiyini görmədilərmi? Bir də, sadəcə, danışanların deyil ki. Facebook, Twitter kimi sosial şəbəkələrdən yazanların da aqibəti eyni olmadımı?..

 

“Ayna” qəzeti

LENT

28 Mart 2017
27 Mart 2017
26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017