Bu şəhərin Allahı yoxdu...

Bu şəhərin Allahı yoxdu...
23 yanvar 2014
# 13:35

Kənan Hacı yazır...

Növbəti yazılarımdan birini yazarkən qəfildən hiss etdim ki, artıq bu, yazı yazmaq deyil, beyni zorlamaqdır. Dəhşətli zehni yorğunluq məni bitirmək üzrədir.

Dünən gecə ölümlə əməlli-başlı çarpışırdım, üzümə ölümün həniri dəydi... Evə çatanda hiss etdim ki, daha bir addım da atmağa heyim qalmayıb. Bütün bədənim buza dönmüşdü, ayaqlarım tutulmuşdu, gördüm ki, boğuluram. Elə bildim iflic keçirirəm. Dünənəcən deyirdim ki, ölümdən qorxmuram. Amma dünən gecə əməllicə qorxdum. Əl-ayağım soyuyanda sonuncu ağlıma gələn fikir bu, oldu:

- Ölsəm, meyitimi hardan götürəcəklər?...

Sonra heç nə yadıma gəlmir...Bir vaxt ayıldım ki, başımın üstündə ağ xalatlı həkim dayanıb... Yazı masamın üstündə qalaqlanmış kitabları görüb başını bulayırdı:

- Ay kişi, bu qədər kitabı neynirsən? Kitablar otağının havasını ağırlaşdırır, at getsin. Sənə təmiz hava lazımdır.

Məni ən çox əsəbiləşdirən, sarsıdan, ümidlərimi üzən bir cümləni bu dəfə hayıma yetmiş həkim deyir. İstədim üstünə bozarıb deyəm ki, sənin nə borcuna qalıb, təzyiqimi ölçdün, iynəni vurdun, çıx get də. Amma dişimi dişimə sıxıb dözürəm. Həm də ki, dillənməyə heyim yoxdu, canımla əlləşirəm. Tibb bacısı çıxır, həkimsə gözləyir. Hörmət eləmək lazımdır. 10 qutu siqaretin pulu da həkimə getdi!..

Qonşu qadın otağa girir, ayaqlarımı, əllərimi ovxalamağı başlayır.

- Ay bala, doxtur düz deyir, bu kitabları sat getsin. Xəstə adamsan, nəyivə gərəkdi? Canıva yazığın gəlsin, bu qədər oxumaq, yazmaq olmaz. Gecə 3-də də evinin işığı yanır. Sənə dinclik lazımdır...

Bu adamlara kitabların mənim üçün nə demək olduğunu izah etmək artıqdır. Artıq nəyisə izah etməkdən yorulmuşam. Dinməzcə qadının üzünə baxıram, o elə bir ucdan hüdüləyir.

Qadın çıxıb gedəndən sonra yenə tək qalıram və düşünürəm: bu kitabların bircəsini də sata bilməyəcəm. Amma haçansa harasa gedəsi olsam, bu kitabları özümlə apara bilməyəcəm... Bu kitablar həyatda mənim üçün ən ağır yükə çevrilib. Yaşayış yerini tez-tez dəyişən adam üçün 3-4 min kitabı da özüylə daşımaq bilirsiniz nə deməkdi?! Son 3-4 ildə 5-6 ev dəyişmişəm və hara getmişəmsə, bu kitabları da sürüyüb özümlə aparmışam. Amma indi daha taqətim qalmayıb. Öz evini kürəyində daşıyan ilbizə dönmüşəm...

Bu şəhərin Allahı yoxdu!..

# 3475 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #