Kafka və Şəhvət Muzeyi-Varis Praqadan yazır...

Kafka və Şəhvət Muzeyi-Varis Praqadan yazır...
22 yanvar 2014
# 09:00

Bu da görmək istədiyim və görmək qismətim olan növbəti şəhər – Praqa! Vaslov Havel adına Hava Limanında təyyarədən enən kimi saatımı 3 saat geriyə – Praqa vaxtına çəkirəm və kreditə götürdüyüm bu əlavə 3 saatdan maksimum istifadə etmək üçün dostum Faiq Hüsiyevlə şəhərin mərkəzinə tələsirik.

Şəhərin ortasıyla axan bol sulu Müqəddəs Vltava çayı (bu çayın müqəddəs sayılması səbəbini bir qədər sonra söyləyəcəyəm) dərhal diqqəti cəlb edir. Praqaya ilk gəlişində mütləq baş çəkməli olduğun yerlərdən biri də bu çayın üzərindəki 18 körpüdən ən gözəli – Karlov körpüsüdür.

Onlarca mifik və dini obrazların abidələri ucaldılmış bu körpünün giriş və çıxış məhəccərlərində saysız-hesabsız rəngbərəng qıfıllar görərsən. İnanca görə, arzu tutub bura qıfıl taxsan, uzağı bir ilə arzun çin olar. Üstəlik, körpüdə inancla bağla daha bir necə guşə var. Birinə ayağını toxunduraraq, birindən əllərinlə tutaraq, birinə sifətini sürtərək arzunu pıçıldayırsan.

Qəribədir ki, III minillikdə bizdəki “teleefirdə cin çıxarmaq” mövhumatına qəşş edib güləcək qədər ayıq olan statistik avropalı Karlov körpüsünə arzu söyləməyə böyük inamla gəlir. Hər dindən, irqdən olan insanlar Karlovun həyatlarına möcüzə gətirəcəyinə ürəkdən inanırlar.

Praqada mütləq baş çəkməli olduğun başqa bir yer Staromest meydanı və buradakı zınqırovla Orloy saat qülləsidir. Hər saatın tamamında yüzlərlə turist fotoaparatı, kamerası ilə qüllə eyvanındakı rəngbərəng insan və heyvan fiqurlarının musiqi sədaları altında dövrə vurmasına heyranlıqla tamaşa edir.

Burada heyranlıqla tamaşa ediləcək daha çox sayda yer var: Ginnesin Rekordlar Kitabına düşən dünyanın ən böyük qəsri – Qrad; orta əsr Vışeqrad qalası; dünyanın dördüncü ən böyük atlı abidəsi – Yan Jijkanın 9 metrlik tunc abidəsi; müasir dövrün ən ekstravaqant arxitektura şedevri sayılan modern-kubizm-funksionalizm üslublu rəqs edən bina; Barıt qülləsi; Avropa qotik arxitekturasının incisi hesab edilən 600 il ərzində tikilmiş Müqəddəs Vita kilsəsi; Barokko möcüzəsi olan Nikolay kosteli... Birdir, ikidir məgər?!

Praqa Avropa İttifaqının ən böyük şəhərlərindən biri, Avropanın ən böyük turist mərkəzlərindəndir. Bura il ərzində dünyanın hər bir guşəsindən 5 milyona yaxın turist gəlir. 1500 yaşı olan bu şəhərin köhnə və təzə Praqaya bölünməsi tarixiliyini qoruyub-saxlamağa xidmət edir. Keçmiş necə varsa, eləcə də qalıb. Yüzlərlə yaşı olan binalar, kilsələr, arkalar, qüllələr, daş döşənmiş yollar...

Şəhərin bu hissəsində bircə metal-şüşə konstruksiyalı müasir tikiliyə rast gəlməzsən. Bütün tikililər arxitektura şedevri elan edilərək mühafizə edilir, onlara eyvan çıxarmaq, onları yonub ağartmaq da heç kəsin ağlına gəlmir.

Praqa şəhərinin adı çexcə prah, rusca poroq kimi tərcümə edilən kandar sözündən götürülmüşdür.

Şəhərin mədəni həyatı çox zəngindir. 84 teatrı, 74 muzeyi, 160 rəsm qalereyası və 86 kütləvi kitabxanası – bu rəqəmlərə, sadəcə, həsəd aparmaq olar.

Vaxt məhdudiyyətindən cəmi bir neçə mədəniyyət tədbirinin tamaşaçısı ola bilirik: Müqəddəs Vita kilsəsində Vivaldinin əsərlərindən ibarət orqan musiqisi gecəsi məni məndən alıb ecazkar bir dünyaya aparır. Staromest rəsm qalereyasında Salvador Dalinin erkən sürrealist əsərlərinə təəccüb və heyrətlə baxıram. «Caz republika» klubunda yerli caz ulduzu Elizabeta Pozautovanın möhtəşəm ifasından həzz duyuram...

Çexlər çox sadədirlər. Praqa küçələrində bizdəki bahalı son model avtomobillərə rast gəlməzsən. İnsanlar bahalı xarici butiklərdən geyinməzlər. Qadınlar nə qır-qızıl taxarlar, nə də kosmetikaya meyl göstərərlər...

Çexlərin milli sərvəti Praqanın arxitektura şedevrləri olmaqla yanaşı, həm də Plzen pivəsi, Bohema bülluru, Şkoda avtomobilləri, Svarovski qaşları, Karlovı Varı kurortudur. Büdcəyə pulu məhz bunlar gətirir.

İmkan tapdıqca Praqa muzeylərinə baş çəkmək lazımdır. Burada Milli Muzey, Milli Texniki Muzey, Naprstek adına Asiya, Afrika və Amerika İncəsənəti Muzeyi, Orta əsr Cəza və İşgəncə Alətləri Muzeyi, Kimyagər və Cadugərlər Muzeyi, hətta Şəhvət Muzeyi də var.

Amma bu muzeylər şəhərində məni ən çox maraqlandıran bir ünvana tələsirəm: Dünya ədəbiyyatının tanınmış post-modernist yazıçısı Frans Kafkanın doğulduğu binaya tamaşa etdikdən sonra onun muzeyinə daxil oluram. Fransın uşaqlığı, gəncliyi, yaradıcılıq dövrü, əlyazmaları, kitabları, haqqında çıxmış qəzet yazıları, fotoları... XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Praqa barədə retrofilm, Fransın valideynləri, nəsli, şəcərəsi barədə bilgilər... Və xüsusi bir bölümdə Milena ilə yaşadığı sevgi yaşantılarını özündə əks etdirən məktublar, sənədlər...

Səsləndirilən xəfif simfonik musiqi səni həmin günlərin aurası ilə büsbütün əhatələyir. Maraqlıdır ki, muzeyin salonları da adi deyil, post-modernist tərtibatdadır.

Muzeyin qarşısındakı hovuz üzərində fiziki tələbatını yerinə yetirən iki kişiyə qoyulmuş heykəl isə mövcudiyyata, reallığa qeyri-ənənəvi baxışla seçilən yəhudi əsilli yazıçının bu kiçik dünyasını sanki büsbütün tamamlayır...

Praqada Kafka çox populyardır. Onun adına hətta şokoladlar, peçenyelər də istehsal olunur. Xüsusən yaşlı nəsil onu çox sevir. Ancaq gənclər Kafkanı elə də tanımırlar.

Bizim bələdçimiz olan gənc Yozef də Kafkanı tanımadığını etiraf edir. Az qalıram ona danışım ki, bizim Azərbaycanda yazarlar arasında bir Kafka epidemiyası yayılıb. Yetən «ən sevdiyim yazıçı» qrafasına bəlkə də səbrini basıb bircə əsərini belə axıradək oxuya bilmədiyi Frans Kafkanın adını yazır...

Praqa slavyan şəhəri olduğu qədər də bir yəhudi şəhəridir. Avropanın ən qədim sinaqoqu Staronovoy burada yerləşir. Ən məşhur yəhudi ravvini – əfsanəvi Yequda Lev Ben Besalel də Praqa vətəndaşı olub. Staronovoy sinaqoqunda ibadət zamanı ravvinin əyləşdiyi kürsü indiyə kimi qorunub-saxlanır.

Əfsanəyə görə, Adəmlə eyni vaxtda ilahi tərəfindən palçıqdan yaradılan və sonradan can verilən Qolem məhz burada – Vltava çayının sahilində dünyaya göz açıb. Vltavanın müqəddəslik sirri məhz budur.

Yəhudi məhəlləsi, yəhudi qəbiristanlığı, Süleyman peyğəmbərin guşəsi, üstü yəhudi əlifbasıyla yazılmış qədim tikililər və addımbaşı qulağına dəyən ivritcə danışıq...

Burada hər şey turistlərə hesablanıb. Küçələr boyu rəssamlar, dekorativ əl sənəti ustaları öz əl işlərini nümayiş etdirirlər.

Addımbaşı müxtəlif çalğı alətlərində ifa edən küçə musiqiçilərinə rast gəlirsən.

Meydanların birində bir neçə gənc xüsusi qurğudan havaya nəhəng sabun köpükləri buraxıb uşaqları əyləndirir.

Şəhərin Venetsiyaya bənzər kanallar hissəsində qışın bozluğunda itib-batarkən qəfildən rəngbərəng qiyafədəki klounların hay-küy qopara-qopara sürdükləri qondolaları görəndə ani olaraq dodaqların qaçır.

Öyrənirəm ki, burda hətta itlərə də adam kimi yanaşırlar. Yeni ildə Qeraldov bağçalarında itlər üçün xüsusi küknar bəzədilibmiş. Küknarın budaqlarından sümük oyuncaqlar asılmış, altına it yeməkləri düzülübmüş.

Bir ünvanda qələbəlik görüb ora yaxınlaşıram. Bir şəxs yerdə əyləşib. Əlində dəmir çubuq tutub. Başqa bir şəxs bir əliylə bu çubuqdan yapışaraq onun başı üzərində – havadaca əyləşib. Bəli, məhz havada.

Turistlər fotoaparatlarını və kameralarını işə salıb partapart bu möcüzəni lentə alırlar.

Yaxınlaşıb baxıram. Məhz elə bu cürdür: İnsan havadan asılı qalıb. Altında heç bir dayaq-filan gözə dəymir. Soruşuram, bu nə möcüzədir belə? Biri söyləyir ki, bu adam yoqa təlimiylə bədəninin kütləsini kənara çıxarıb. Odur ki, havanın üzərində beləcə rahat əyləşməyə müvəffəq olub.

Nə isə inanmağım gəlmir gördüklərimə. Məncə, burda nəsə bir gözbağlayıcılıq var.

Bu şəhərdə hətta dilənçilər də adi qaydada dilənmir, öz fantaziyalarını işə salırlar. Biri əlləri üstündə dayanıb başı ilə yoldan keçənlərə yerdəki papağına pul qoymağı işarə edir. Digəri isə alnını yerə dirəyib qəribə, quşabənzər bir duruşla ətrafdakılardan pul istəyir...

Praqada 500-ə yaxın hotel, yüzlərlə motel, pansion, hostel, yataqxana, apartament-hotel və kempinq turistlərə xidmət göstərir. Praqanın 2 hoteli - Riverside Hotel və Hotel La Palais isə dünyanın ən dəbdəbəli 10 hoteli sırasında yer alıb.

Biz Ramada hotelində yerləşmişik. Təsadüfə bir bax, sən demə, bu hotel Praqada yazıçılar hoteli kimi tanınır. Bu şəhərə gələn əksər yazıçılar burada qalır, burada hər həftə kitab təqdimatları keçirilir. Ramada hotelinə bitişik üçmərtəbəli nəhəng binada isə Kitab sarayı fəaliyyət göstərir.

Ümumiyyətlə, Praqada saysız-hesabsız kitab mağazası var. Çexlərin ədəbiyyata sevgisi çox böyükdür. Onlarda da ən çox oxunan müəlliflər müasir yazıçılardır: Paolo Koelyo, Dan Braun, Xalid Hüseyni... Kitablar çex, alman, ingilis, rus və yəhudi dillərindədir.

Praqada addımbaşı kitab mağazasına, muzeyə, teatra rast gələrsən. Amma şadlıq sarayları və apteklər heç rastına çıxmaz...

Burada yerli çexlərlə yanaşı yaşayan gəlmələr də çoxdur. Ukraynadan, Rusiyadan, Slovakiyadan və qəribə də olsa, Vyetnamdan gələnlər mühacirlər arasında üstünlük təşkil edir. Slovaklar daha çox fabrik və zavodlarda çalışırlar. Ukraynalılar və ruslar turistik sferalarda çörəkpulu qazanırlar. Rus mühacirləri arasında çoxlu pedaqoq, alim, incəsənət xadiminə də rast gələrsən. Çoxları öz həyatlarını təsadüfi gəlirlərlə qururlar. Küçələrdə dayanıb turistik ləvazimatlar satır, gidlik edirlər.

Vyetnamlılar isə daha çox qara-qura işlərlə məşğul olurlar. Bu işlərin əsası narkotika alveridir. Axşamlar vyetnamlıların muzdluları olan zəncilər küçədə sənin qarşını kəsib rahatca ucuz qiymətə marixuana təklif edə bilərlər.

Praqada azərbaycanlılar da yaşayır. Onların əksəriyyəti tələbədir, daimi yaşayanların isə fəaliyyət növü iaşə sahəsiylə məhdudlaşır.

Praqadakı azərbaycanlıların görüş yeri «Bakı» restoranıdır. Bura öz milli yeməkləriylə, kəklikotulu çayıyla, milli atributlarıyla əsl Azərbaycan guşəsidir.

Və ən maraqlısı: Praqadakı digər Qafqaz xalqları nümayəndələri (o cümlədən ermənilər) cibgirliklə, oğurluqla ad çıxarıblar...

Saysız-hesabsız kafedral kilsələri, katolik ibadətgahları, sinaqoqları olan Praqa əhalisinin 70 faizə qədərinin ateist olması, düzü adamı təəccübləndirir. Yerli mütəxəssislər bunu sosializm quruluşunun təzahürü kimi izah edirlər. Ancaq kütləvi olaraq Allaha inanmamaq mənə bir qədər vəhşilik kimi görünür. İbadət etməmək olar. Bu, günah sayılmaz. Ancaq Allaha – yaradana inanmamaq olmaz. Yalnız Allah sevgisi və Allah xofu insanları şərin daşıyıcısı olmaqdan xilas edir əslində!

Praqa küçələrində bütün məşhur brendlərin butiklərini görmək olar. Ən böyük ticarət pasajı Palladium adlanır. Burada 180 mağaza, 20 restoran və bar fəaliyyət göstərir. Gəzməyə bir gün belə kifayət etməz.

Mağazalardan birinin hindus satıcısının adı bizə lap ləzzət edir: Lenin. Atası ona bu adı qoyub, ancaq mənasını izah etməyib. Yazıq indus hələ də bilmir ki, Lenin nə deməkdir. Savab iş görüb ona proletariatın rəhbəri Vladimir İliç Lenin barədə məlumat veririk.

Qardaş, hinduslar hamıdan betər kommunist imişlər ki...

Rusca danışa bilirsənsə Praqada sənə zaval yoxdur. Çünki çexlərin əksəriyyəti rusca qol-qabırğanı sındırsalar belə, danışa bilirlər. Dillər çox yaxındır. Amma bəzən bu iki dil arasında kəskin fərqlər də hiss edilir. Məsələn, küçədə yol hərəkəti işarəsi görürsən. Yazılıb: «Pozor, deti!». Düşünürsən ki, axı bu binəva uşaqlar nə günah işlədiblər ki, onlarçün «ar olsun» yazılıb. Öyrənirsən ki, sən demə, «pozor» - «ehtiyatlı olun» deməkdir.

Yaxud iri ticarət mərkəzinin qabağına «Sleva» yazılıb. Düşünürsən ki, yəqin giriş soldandır. Sol tərəfə gedirsən, divara dəyib geri qayıdırsan. Deməzsənmiş, «sleva»nın tərcüməsi «endirim» demək imiş...

Potreteno Husa – Praqanın ən tanınmış restoranlar şəbəkəsidir. Qarşımıza çıxan ilk Husa-da nahar etmək istəyirik. Üçmərtəbəli restoranda bircə boş masa olmadığından xeyli gözləməli oluruq.

Çexiyaya gələsən, bunların milli kulinariya incisini – çexsayağı şnitseli və qızartma ördəyi yeməyəsən? Məhz bu qidalardan, bir də çex pivəsindən dadmasan Praqanı dərk edə bilməzsən.

Praqanın ən böyük restoranlarında pivəçəkən cihazlar quraşdırılıb. Pivə təptəzə çəkilib masalara gətirilir. Staropramen – turistləri ən çox cəlb edən yerli pivə növüdür.

Praqada hətta pivə vannaları da qəbul etmək mümkündür. Uzan pivənin içinə, bütün stressini at, bədənin də şlaklardan təmizlənsin. Bunun üçün cəmi-cümlətanı 1500 kron ödəyirsən ki, bu da bizim pulla təqribən 50 manat eləyir.

Praqa sözü son vaxtlar kino mərkəzi sözü ilə də qoşa hallanmaqdadır.

Burada kino sənayesi sürətlə inkişaf edir. “Barrandov” kinostudiyası son illər böyük uğurlara imza atıb. Üstəlik, həm də Praqa böyük bir kino çəkilişi pavilyonuna çevrilib. Şəhərin qədimi hissəsində bir çox Hollivud filmləri çəkilir. Avropa kinematoqrafı da tez-tez Praqaya üz tutur.

Bu şəhər dünyada üzdəniraq qey-pornofilmlərin istehsalına görə də liderlik edir. Şəhərin Bel Ami pornostudiyası çox məşhurdur.

Fenomenal bir şəxsiyyət – tanınmış fizik, filosof və rejissor, Ekrovision Cəmiyyətinin prezidenti, Vatikanın Mədəniyyət İşləri üzrə Komissiyasının məsləhətçisi, Polşa pen-klubunun başçısı, kino, teatr və TV sahəsində yorulmaz fəaliyyət göstərərək bir çox nüfuzlu beynəlxalq mükafatlar qazanmış Kşiştof Zanussidən ustad dərsləri almaq, razılaşın ki, böyük məmnuniyyətdir. Zanussinin ən çox xoşladığı məşğuliyyət Avropa paytaxtlarında master-klasslar keçməkdir. Praqada o tez-tez olur. Hər dəfə bir fərqli mövzuyla. Bu dəfə onun mövzusu «Müasir kinematoqraf. İnkişaf tendensiyaları»dır.

Bu insan həmişə mənimçün maraqlı olub. Öz savadı, dünyagörüşü, intuisiyası, çalışqanlığı və məqsədyönlülüyü ilə.

Şəxsən onun kinossenari yazmaq qaydalarını çox bəyənir, bu qaydalara riayət etməyə çalışıram.

Zanussinin yaxınlarda dilimizə çevirdiyim bir mətnindəki bu cümlələr isə tənəzzüldə olan müasir – XXI əsr mədəniyyətini rahatca xarakterizə edir: «XVIII əsrdə Motsart öz musiqisini təqdim edəndə zalda 60-70, uzağı 100 nəfər olurdu. Bununla belə, imperatorun, yepiskopun, hersoqun, knyazın alıcılıq qüvvəsi çox böyük idi. Buna görə də Motsart varlı idi. Həmin dövrün pop-müğənnisi isə hansısa bir yarmarkada oxuyur, dilənçi kimi papağına atılan qəpik-quruş hesabına yaşayırdı.

Əgər bugünkü oliqarxlar da Motsart dövründəki kimi mədəniyyət adamı olsaydılar əsl mədəniyyət xadimlərinə dəstək durardılar.

Nə yazıq ki, indikilərin əksəriyyəti kasıbdan imtiyaz yiyəsinə çevrilib. Sonradan gələn maddi zənginlik heç vaxt mənəvi zənginliyə gətirib çıxara bilməz».

Praqaya gələn turistlərin böyük əksəriyyəti rusdillidir. Bütün mağaza, restoran, hotel işçiləri rusca bilir. Hər yerdə menyular, turistik ləvazimatlar ruscadır. Amma bununla belə, çexlər rusları sevmirlər. Praqada nəyi müşahidə etdim? Hotellərin kabel televiziyası xidməti 28 telekanalın verilişini nümayiş etdirir. Çex, alman, ingilis, fransız, italyan, ispan, ərəb dillərində. Amma rus dilində bircə telekanal belə nümayiş olunmur. Bunlar 1968-ci ilin avqustuna görədir. Kommunizm diktaturası əleyhinə qalxan, oraq-çəkicli bayraqları yandıran, Leninin abidəsini aşağılayan çex üsyançılarının qiyamını o vaxt SSRİ ordusu tanklarla yatırmış, Praqanı qan gölündə boğmuşdu.

Bu hisslər 1990-cı ilin qanlı Yanvarına görə bizlərə də çox doğmadır.

Praqaya xüsusi gözəllik verən ikivaqonlu müasir tramvaylardır. Belədən belə, elədən elə şütüyən tramvaylar.

Bu gözəllikdə, bu rahatlıqda və ekoloji cəhətdən bu qədər əlverişli bir nəqliyyat vasitəsini sıradan çıxarmaqmı olar?..

Vltava çayındakı durnalar elə nizamla üzürlər ki. Bir-bir sahilə yan alıb insanların atdıqları çörəklə qidalanırlar. Heç bir durna digərinin növbəsinə girmir...

Lal axan sular günəşin şəfəqləri altında bərq vurur. Ancaq 10 il öncə eynən bizim dəli Kür kimi bu Vltava da dəlilik edərək öz məcrasından çıxmış, sahili qərq etmişdi. İndi sahilboyu tikililərdə lövhələr vurularaq 10 il öncə suyun hansı həddə çatdığını göstərir. İnanılmaz dərəcədə qalxıbmış çayın suyu...

İndi hər güclü yağış yağanda çexlər həyəcanlanırlar ki, birdən çay yenidən daşar...

P.S.

Günorta rastıma çıxmış «havada əyləşən şəxs» məni hədsiz maraqlandırdığından şər qarışanda yenidən həmin yerdən keçəndə ayaq saxlayıram. Hamı dağılışıb. Bir nəfər möcüzəli dostlara yaxınlaşır. Ətrafa baxıb tam diqqətdən kənar olduqlarına əminlikdən sonra həmin şəxs möcüzəli dostlardan yuxarıdakını qucağına alıb ehmalca yanpörtü yerə aşırır. Aşağıdakı dost da aşır. Hər ikisi cəld kofta və şalvarlarını çıxarıb dəmirdən qurtularaq ayağa dururlar. Sonra paltarlarını yenidən əyinlərinə geyinirlər.

Möcüzənin sirri açılır. Demək, bu dəmir çubuğun iki ucu var. Biri nazilib aşağıya, digəri nazilib yuxarıya istiqamətlənib. Hər iki ucda oturacaq var. Dostların paltarları çubuğun həmin hissələrinin üstünü örtdüyündən bu hissələr tam görünməzdir.

Gündəlik məşq və yüngül çəki dostlara saatlarla tərpənməz qalmaqla belə bir tryuk göstərmək vərdişi gətirib. Vəssalam.

Yaxınlaşıb onlara diqqətlə baxıram. Sakitcə çıxıb gedirlər.

Əslində, onlar doğrudan da alqışa layiqdirlər. İnsanlarda hələ də möcüzələrin baş verməsinə inam yaradırlar. Bunun nəyi pisdir ki?

Amma biz digərlərindən fərqli olaraq axı möcüzələrə heç vaxt inanmırıq?!

P.P.S.

Təyyarəyə oturan kimi saatımın əqrəblərini üç saat irəliyə çəkirəm. Kreditə götürdüyüm üç saatı geri qaytarmaq vaxtı yetişir.

# 4233 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #