“11-ə qədər”in Vaxtı...

“11-ə qədər”in Vaxtı...
13 yanvar 2014
# 11:50

Neçə müddətdi ki, Mətləb Ağanın “11-ə qədər” kitabı yazı masamın üstündədir. Arada elə eynən qol saatı kimi o kitaba baxıram və içimdəki vaxtı nizamlayıram.

Bu kitab vaxtın maddiləşmiş formasıdır, vaxtdan oğurlanmış, vaxtın canından qoparılmış qəlpələrdir. Vaxt boşluğuna düşəndə əlimi atıb o kitabdan bir şeir oxuyuram. Bu kitab bir az da təzyiqölçən cihaz kimidi; əhvalım qarışanda gözüm Mətləbin kitabını axtarır, görəsən kədər neçəyə qalxıb?!

Biz Mətləblə yaşıdıq, eyni vaxtın uşaqlarıyıq. Onun şeirlərini oxuyanda vur-tut 18 yaşım vardı və bu yaşda Mətləb kimi bir şairin şeirlərini oxumaq bəlkə də mənim üçün bir xoşbəxtlik idi. Salam Sarvan, Qulu Ağsəs və Mətləb Ağa. Bu üç gənc ədəbiyyata eyni vaxtda təptəzə bir nəfəslə gəldi və şeirimizin ifadə imkanlarını xeyli genişləndirdi. Onlar Ramiz Rövşən və Vaqif Bayatlıdan sonra bir mərhələ yaratdılar.

Yadımdadır, Mətləbin 1997-ci ildə “Xəzər” jurnalında şeirləri çap olunmuşdu. Həmin jurnalı indi də qoruyub saxlayıram. Mətləb Ağanın imzası görünməyən çağlarda mən arada o jurnalı götürüb həmin şeirləri nislgilli, qəribə hisslər keçirə-keçirə oxuyurdum. Dostlardan həmişə soruşurdum: Bir Mətləb Ağa vardı, o şair necə oldu?... Onun ədəbi taleyindən həmişə nigaran idim. Onun şeirin daşını biryolluq ata biləcəyini heç cür təsəvvür edə bilmirdim və nə xoş ki, yanılmamışdım. Mətləb görünmədiyi çağlarda da yazırmış.

Onun ən çox sevdiyim şeirlərindən biri:

Bu da eşqlə yaxılıb

yaxanların nağılı...

bu da sözlə savaşa

çıxanların nağılı.

bu ayrılıq ərəfə,

yoldu – birlik tərəfə...

bu yas içində kefə

baxanların nağılı...

...gələn-gedən yanaşı,

Sevinc-kədər yanaşı...

uzaqlardan danışır

yaxınların nağılı...

Deyirlər Mətləb Sözə qayıtdı. Mətləb həmişə Sözlə yaşayıb. O, getməmişdi ki, qayıtsın. Bu kitaba toplanan şeirlərin yazılma tarixçəsinə baxıram və görürəm ki, o, həmişə yazıb. Şeirlərinin yazılma tarixçələri arasında uzun bir fasilə yoxdu. Sadəcə, Mətləb uzun müddət ədəbi mühitdə görünmədi.

Elə şeir yazanlar var ki, həmişə üzdədirlər, şeirlərinə hər yerdə rast gəlmək olar, hər il kitabları çıxır. Amma onların bir misrası yadda qalmır, üzdə olmasalar, çox rahatcasına unudulub gedəcəklər. Mətləbin nə özü, nə imzası on ildən çox ədəbi mühitdə görünmədi, amma onun adı, şeirləri həmişə xatırlandı. Bu imzanı zaman-zaman axtaranlar oldu, onun şeirlərinin hansısa bəndini, misrasını yada salanlar oldu. 90-cı illər ədəbi nəsli haqqında danışılanda Mətləb Ağanın da adı Salam Sarvan və Qulu Ağsəslə birlikdə çəkilirdi. Çünki özü demiş, o, “eşqi boş yerə axtaranlardan” deyildi, “eşq özü onun başına gəlmişdi”.

göydən enibdi eşq yerə,

bir xoş gündə bir xoş yerə...

eşqi axtarma boş yerə,

özü başına gələcək...

Mətləbin şeirləri mənə həm də yeniyetməliyimi, gəncliyimi xatırladır. Bu kövrək şeirlərin ilkin təəssüratı hələ də mənimlədir. Biz nələr arzulayırdım, nələr qismətimiz oldu... Göylə gedən vaxtlarımız idi, indi ayağımız heç Yerin nəbzini tuta bilmir... Amma Mətləbin yeni yazdığı şeirləri oxuyub görürəm ki, o, əvvəlki ritmi qoruyub saxlaya bilib. Axı Ruh heç vaxt qocalmır.

...günlər ötər özüyçün,

başımızı bişirər...

...bilirəm nə deyirsən,

Dilini sıx dişinə...

Bu, Mətləbin son şeirlərindəndir. Bilirəm Mətləb nə demək istəyir...

Divar saatına baxıram – saat 11-i çoxdan keçib... Amma Mətləbin kitabında hələ 11-ə çox var...

# 2295 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #