İntihar edəcək şəxs insanlardan nə istəyir?

Kulis.Az “Baxılası 50 film” layihəsində Abbas Kiarostaminin Albalı dadı” filmini təqdim edir.

 

Bu dəfə sizə İran yeni dalğasının liderlərindən biri Abbas Kiarostaminin (1940) Kann festivalında baş mükafata layiq görülmüş “Albalı dadı” (1997) filmini təqdim edəcəyik.

 

Tehran Universitetinin incə sənətlər fakültəsində təhsil alan Kiarostami dizayner, fotoqraf işləyib.

 

8 il reklam çarxları hazırlayıb və bədii filmlər üçün titrlər yazıb.  

 

Özünün təşəbbüsü ilə yaratdığı “Uşaqların və Yeniyetmələrin İntellektual İnkişaf Mərkəzi”ndə maarifləndirici lentlər çəkib və bu filmlərdəki didaktiklik İran kinosunda sonradan bədii fəndə çevrilib. 

 

Rejissorun kinoda debütü “Səyyah” filmi olub. 40-a yaxın filmin müəllifi olan Kiarostami (Reportaj”, ”Dostumun evi hardadır”, “Yaxın plan”, “Ev tapşırığı”, “Şirin”, “Surəti uyğundur” və s.) çoxsaylı mükafatların laureatıdı.

 

Tənqidçilər Kiarostamini müasir kinematoqrafiyanın son dahilərindən və İran kinosunun şairlərindən biri adlandırırlar.

 

Əxlaq, humanizm onun kino konsepsiyasının əsasında dayanır.

 

Əsas mövzuları uşaqlar, təbiət, fərdin ruhi çırpıntıları olan rejissorun əsərlərində “kino haqda kino” amili də qırmızı xətt kimi keçir. Və eyni zamanda neorealizmin emosional ab-havası sufiliklə birləşir.

 

 

Kiarostaminin “Zeytunludan keçərkən” filmi Kannda tənqidçilər tərəfindən müsbət rəy alsa da, mükafat almadı və rejissor festival zamanı infarkt keçirdi.

 

Süjet: Road movie janrında ekranlaşdırılan “Albalı dadı” filmindəki bütün hadisə demək olar ki, maşında baş verir. Sükan arxasındakı orta yaşlı kişi müxtəlif rayonları, şəhərləri keçərək təsadüfi adamlarla tanış olur. O, intihar etmək fikrindədir və tanış olduğu adamlardan birindən onu pul müqabilində dəfn etməyi xahiş edir. Çoxu ona kömək etməkdən boyun qaçırır.

 

Yalnız Təbiət Muzeyinin yaşlı işçisi bu qəribə təklifə razılaşır. Çünki onun övladı xəstədir və pula ehtiyacı var. Amma bununla belə intihar məsələsi onu biganə qoymur və özünün də nə vaxtsa intihar fikrinə düşdüyünü, hansı hisslər keçirdiyini anladır: ağacdan özünü asmaq istəyəndə yetişmiş albalının ətrini duyur, fikrindən vaz keçir və bu, onda yaşamaq arzusunu oyadır.

 

Finalda qəhrəman yuxu dərmanı içir. Onun öldüyü və ya sağ qaldığı bilinmir. Sonra isə kamera hiss olunmadan film çəkilişlərinə keçir. Və son bir neçə dəqiqə sənədli film çəkişlərini əks etdirir. Kadrda Kiraostami və çəkiliş aparatı görünür.

 

“Kino haqda kino” tendensiyası “Albalı dadı”nda da yer alır: Biz film izləyirik və həyat davam edir.

 

Sənədli kino manerasında çəkilən ekran əsərində qəhrəmanın intihar etmək istəyinin motivləri sonadək açıqlanmır və onun dünyası xarici aləmə qapalı qalır.

 

Rejissorun əsas niyyəti intiharın motivini anlatmaq deyil. Kiarostami intihar etmək istəyən insanın vəziyyətini, yaşantılarını göstərir, həyat və ölüm haqda polemika açır. O, istənilən halda ölümü yox, həyatı seçməyin vacibliyini vurğulayır.

 

Kamera tamaşaçını bir növ hadisənin iştirakçısına çevirir. Ətrafdakı mənzərələr sadəlik, harmoniya hissini verməklə yanaşı, eyni zamanda nəsə ruhi düşkünlük duyğusu aşılayır. Bu, həyata ikili münasibəti ifadə edir.

             

                                                            ***

 

İran senzurası bir müddət “Albalı dadı”nı qadağan etmişdi. Səbəb islamın fəlsəfinə zidd olan intihar motivi idi. Sonralar filmdən qadağa götürüldü. Rejissor bu haqda deyir: “İntihar islam ölkələrində tabudur. Hətta baxmayaraq ki, bizim ölkəmizdə hər gün yüzlərlə insan intihara cəhd edir. Məlum olanda ki, film intihar yox, həyatın dəyəri haqdadır, onda senzuranı götürdülər ”.

 

Filmə burdan baxa bilərsiz

 

Karl Dreyerin “Janna Darkı istirabları” filmi

Sidney Lumet  “On iki qəzəbli kişi” baxa bilərsiz.

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra”  filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

 Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın  “Oyun qaydaları” filmi.

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017