Çəkələk

Çəkələk
9 yanvar 2014
# 15:57

Rauf çoxdan idi bu evə gəlmirdi. Başı qarışıq idi. Uğurlar onu buralardan uzaq salmışdı. Yel vurub yengələr oynayan ətraf idi indi buralar. Arada keçən vaxtlardan bu günə qədər onu özünə çəkib saxlayan nəsnələr bu gün nədənsə birdən-birə onu azad buraxmışdılar. Qəfil yadına düşdü. Boşluqdan güzarını bu yanlara saldı. Amma bir vaxtlar...


***

Qapının astanasında bir xeyli durdu. Ustufca, həmişəki kimi, zəngi basmaq əvəzinə, təpiklədi. Bu, onun illərlə vərdiş etdiyi, öyrəşdirdiyi paroluydu. Həmişə bu evə girəndə təpiyini qapının o üzündə saxlayırdı. Əlini də. Evə ürəyiylə girirdi. Birinci təmasda olduğu Çəkələyiydi. Çəkələklə elə günlər olmuşdu saatlarla danışmışdı, elə günlər də olmuşdu bircə təbəssümlük “İ love you”nu görmək qədərincə hal-əhvallaşmışdı.

Arada-bərədə Səadət yubananda bu evdə sakitcə oturub gözləyəndə, hirsini-hikkəsini əritmək üçün Çəkələyə baxardı və anlayardı ki, Səadət, sadəcə, yubanır!

Elə də, belə də, o səadət də, bu Səadət də ömrünə gec gəlmişdi.
Səadəti sevəndə hirsiylə anlaşmışdı – Onun üçün hirs yoxdu, Səadət varsa.

Çılğın və əsəbi olsa da, vuran əlini də hardasa dəfn eləmişdi – əlini göndərdiyi uzaqlarda.

Səsinin tonunu almışdı – day Səadəti tapandan heç vaxt Onun zəhmli, zabitəli səsini eşidən olmamışdı.

Ətrafı onun mülayim, xoşrəftar olmağından, yaxşı mənada, narahat idilər – görəsən, nə olub ki, Raufun içi-içalatı, çölü-düzəni dəyişib?

Rauf heç kimə heç nə deməsə də, heç kim heç nə bilməsə də, bilirdi ki, Allah bilir hər şeyi. Və Rauf bu dünyada hər şeyin yalnız Səadətdən ibarət olmağını anlamışdı. İbadəti də, itaəti də oydu.
Yalnız Səadət ona əbədi unutdurmuşdu Allahın günah buyurduqlarını.


Yalnız Səadət ona stimul idi ən xeyirxah işləri görməkdə. Yalnız Səadətə görə hamıyla sakit, həlim xoşrəftar idi.


Üzündən küsdüyü dünyanın astarından yapışmışdı. Daha doğrusu, İlahidən belə olmuşdu-Allahın Yerinə, Göyünə biət etməyən Rauf əlinin dalıyla dünyanı özündən itələyəndə Səadətlə qarşılaşmışdı.

Qarşılaşmışdı deyəndə, nə o Səadətə bir söz demişdi, nə Səadət ona qaş-göz atmışdı. Anında Səadətin mərdliyinə şahid olmuşdu.
Sonra fədakarlığını görmüşdü.
Sonra sədaqətini.
Sonra...
Sonra...


... və bu sonralar sonra varından yox etmişdi onu. Anlamışdı insanların dilində olan sözlərin hərəsinin öz yükü var.


O indi Səadətin üstündə və Səadətin özü üçün əsirdi.

O indi adamların qəlbinə dəyməkdən, dava-dalaşdan çəkinirdi ki, Səadətin əhvalı dəyişə bilər.

Hər dəfə də Səadət üçün etirafı olurdu: “Sən Allahı mənim yadımdan çıxmağa qoymursan”.

***

Rauf indi qapıdan bu yandaydı. Parolunu dəfələrlə təkrarlasa da – qapını təpikləsə də, qapı açılmırdı.


İndi o unudurdu ki, onun hirsi yoxdu və olmamalıdı! O hirslənmişdi.


İndi o unudurdu ki, onun vuran əli hardasa dəfn olunub- əlini göndərdiyi uzaqlarda.

İndi o unudurdu ki, səsinin tonu çox yüksək idi.

İndi o unudurdu ki, Səadət sadəcə yubanır...

Qapı açılmadıqca, o özünü unudurdu. Unutduğu ən əsası oydu ki, səadət yubanır və belə davam etsə...

***

Yorulunca, adamlıqdan çıxınca, səsi eybəcərləşdikcə təpiklədi, təpiklədi qapını...

Qapı açıldı...

Səadət qapının o üzündəydi. Çəkələyinə baxdı...

“İ love you” oxunmurdu.

Solğun, ölgün və əzgin Səadət boylanırdı...

Çökdü və birdən ayıldı-anladı: Allahı unudanda hər şey solur, görüntüsünü itirir.

Anladı ki o, mərdliyi, fədakarlığı, sədaqəti sevəndə, mərd, fədakar, sədaqətli olanda Çəkələk ona xatırladırmış “İ Love You”-nu.

***

Dünyanın ən böyük faciəsiydi – Çəkələyin yaddaşından onu və sevgisini silməsi.

# 3272 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #