Kalaşnikov əfsanəsi: İjevskdən “Hizbullah”a qədər

"Orta məktəbdə şeirlər yazırdım. Hətta pyeslərimi məktəb teatrının səhnəsinə də qoymuşdular. Sonralar, lap sonralar başa düşdüm ki, mən yaxşı şair və ya dramaturq ola bilməyəcəyəm. Başqa yolu seçdim. Və əgər müharibə olmasaydı, yəqin ki kənd təsərrüfatı sahəsində yeni texnikaların layihəsini hazırlayırdım. Mənim nə günahım var ki, almanlar müharibəyə başladılar”.

 

Bunu Mixail Kalaşnikov deyəcəkdi. Udmurtiyanın kiçik Kurya kəndindən olan bəstəboy, sarışın bir oğlan. O oğlan ki, düz 65 ildir onun ixtira etdiyi və sayı 100 milyonu keçmiş bir silah milyonlarla adamın ölümünə fərman verir, dünyanın dörd bir yanına səpələnən bu silahlardan SSRİ milyonlar qazandı. İndi də Rusiya qazanır.

 

Bu bəstəboy, sarışın oğlan Moskvada yox, Udmurtiyada, İjevskdə, iki otaqlı mənzilə sığınıb düz on il idi ki, öz ölümünü gözləyirdi. O an dünən gəldi.

 

Kalaşnikov öldü…”Kalaşnikov”ların sayı isə on milyonlarladır və hələ də can almaqdadır.

 

1919-cu il noyabrın 10-da, kəndli ailəsində anadan olmuşdu. Kalaşnikovun böyüdüyü ailədə 18 uşaq dünyaya gəlsə də, onlardan yalnız 6-sı sağ qalıb, boya-başa çatmışdı. Onlardan da biri 17-ci uşaq Mixail idi.

 

Kalaşnikov 1938-ci ildə hamı kimi orduya çağırılıb, 1941-ci ilin oktyabr ayında yaralandıqdan sonra xəstəxanada müalicə aldığı dövrdə məşhur avtomatının ilk eskizlərini və ilk variantını yaradıb.

 

Xatirələrində yazır ki, avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə Silahlı Qüvvələrə götürülür.

 

Və o dövrdən dünyada baş vermiş irili-xırdalı bütün müharibələrdə Kalaşnikov avtomatından istifadə olunub. Anqola, Vyetnam, Əlcazair, Əfqanıstan, İraq, Suriya… Və bəlkə də bundan sonra baş verəcək neçə-neçə müharibədə, hələ “kalaş”lara ehtiyac olacaq.

 

Bayaq qeyd etdik; SSRİ və ondan sonra Rusiya “Kalaşnikov”lardan milyardlarla dollar qazanıb. Onu ixtira edən adam isə sadəcə orden və medallar, sonda isə təqaüdlə gün keçirib. Kalaşnikov “Lenin” ordeninə və Sosialist Əmək Qəhrəmanı ulduzuna layiq görülüb. 1987-ci ildə yaşadığı İjevsk şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

 

75 il tamam olması münasibətilə o zaman prezident Boris Yeltsin Mixail Kalaşnikova general-mayor hərbi rütbəsi verib. Vəssəllam!

 

Hə, bir də onun razılığı ilə son illər Kalaşnikov arağı istehsal olunmağa başlayır. 2001-ci ildə isə, Almaniyada mineral su və çətirlər istehsal edən şirkət konstruktorun dünya brendinə çevrilmiş adının istifadəsi hüququnu alır.

 

Kalaşnikov barədə maraqlı faktlara diqqət edək. Mozambikin gerbində süngü-bıçaqlı AK, Zimbabvenin, Burkina-Faso (1984-dən 1997-ci ilə qədər), Şərqi Timorun (2007-ci ildən) gerblərində AK rəsmləri yer alıb. Adıçəkilən silah Mozambik və “Hizbulla”nın bayraqlarında da əks olunub.

 

AK və onun modifikasiyaları dünyada atıcı silahların 15-dən çoxunu (100 milyondan artıq) təşkil etməklə Ginnesin rekordlar Kitabına da düşüb. “Playboy” jurnalının hazırladığı “Dünyanı dəyişdirmiş 50 məmulat” reytinqində AK “Apple Macintosh”, hamiləliyin qarşısını alan həb və “Sony Betamax” videomaqnitofonundan sonra dördüncü yerdə qərarlaşıb.

 

AK-nın ən geniş istifadə olunduğu Afrika qitəsinin bəzi ölkələrində uşaqlara avtomatın şərəfinə Kalaş (Keleş) adının verilməsi faktları var. Səddam Hüseynin göstərişi ilə avtomat formasında minarələri olan məscidlər inşa olunub. Yeni Zelandiyada 2 dollar nominalında, üzərində bu silahı daşıyan əsgərlər və M.Kalaşnikovun rəsmi olan gümüş sikkələr zərb olunub.

 

Lap yaddan çıxmamış, Kalaşnikov dekabrın 26-da elə vətənində, İjevskdə dəfn ediləcək. Həmyerliləri isə Rusiyada mətəm elan olunmasını təklif ediblər. Hər halda Yeltsinin ölümündən sonra Rusiya ölümündən sonra mətəm elan ediləsi çapında şəxsiyyət itirməmişdi.

LENT

22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017