“Bir eybi vardı, kəndin bütün qızlarından gözəldi”

 “Bir eybi vardı, kəndin bütün qızlarından gözəldi”
12 dekabr 2013
# 08:45

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Cavidan üçün

qoca bir kişidi Bakı

qəlyan sümürür

tüstüsünə boğur adamları

əlində təsbehidi

neft daşıyan qatarları

"relsdən çıxmaq olmaz" deyinir

əmr edir elə durmadan...

mavigözlü Xəzər

qarımış qızdı

dünyadakı bütün dənizlərə çıxışsızdı

məktublar, öpüşlər

göndərir ancaq

okeanlara, dənizlərə...

başını qatmaq üçün Qız qalası tikib atası

bəyənməyib

çəkilib gedib durub o üzdə...

qoca bir kişidi Bakı

arvadı ölüb çoxdan

sevmir o üzdən qadınları

saçlarını daraqlı

üzlərini bəzəkli görmək istəmir

qısa ətəklərini başlarına çırpıb

onları kişilər önündə xar edir:

"bu nədir geyinmisən, get əynini dəyiş deyə"...

qoca bir kişidi Bakı

əlində aftafası

xəstələnib

ölüm yatağına düşür

bütün kəlmələri unudur

"aftafa"dan başqa

arvadı ölüb çoxdan

qoca bir kişidi Bakı

əlində təsbehidi

neft daşıyan qatarları

"relsdən çıxmaq olmaz" əmr edir durmadan

sənin

mənim

onun halı bu kişinin nə vecinədir

qapısına ayaqyalın gəlsən

çörək verməz

bir gecə qonaq saxlamaz

ağlayıb özünü didsən

əhvalını yoxlamaz

bu kişinin qaşqabağından

bu kişinin qorxusundan

bu şəhərdə

heç kim sənə yaxın durmaz

qəlyanının tüstüsünə boğur adamları

əlində təsbehidi

neft daşıyan qatarları...

Ehtiyaclar

avtobusla

uzaq yola çıxan

kişi və qadının dualarıydı

avtobusu yarı yolda qoyan

kişi tualetə getmək istəyini

utanırdı dilə gətirə

qadın qucağında acından

bar-bar bağıran uşağı

əmizdirməyə utanırdı

adamlar arasında...

hələ çox vardı yolüstü kafeyə çatmağa...

avtobus dayandı deyə

bir siqaret yandırmaq bəhanəsiylə endi kişi

qadın "uşaq hava alsın " deyə izahat verdi

səbəbini özü də bilmədən

heç kim izahat istəmirdi...

qadın arxasına sığındığı ağacın qulağına gileyləndi

kişilərin qarasınca:

"sən mənim sinəmə şəhvətlə baxacaqsan deyə

ac qalmalıdırmı körpəm?!"

kişi başını bulaya-bulaya xatırladı

çocuqkən də

tualeti gəldiyində

müəllimdən icazə almağa utandığını

hər dəfə bəhanə aradığını

bir dəfə də müəllimə izn vermədiyində

altını islatdığını...

bir dişləm çörəyi dövrələyən qarışqalar kimi

qaynaşırdı avtobusun ətrafında adamlar

uşaqlı qadınla

kişi geri qayıdanda...

***

qadınının getdikcə özünü

sevməyindən qorxdu kişi

evdəki aynaların

sayını azaltdı

qadına sezdirmədən...

***

sırğalara düşkündü Güllü

bacısıyla deyil

hicablı qonşusuyla gedir həmişə

bijuteriya dükanına

bilir ki

ancaq üzükləri seçəcək rəqibi...

Bir eybi vardı

kəndimizdə bir qız vardı

ağzı quş ağzından dardı

yanaqları aldı

gözləri gecələri işıl-işıl yanan

pişik gözləri kimi yaşıldı

və sairə...

xülasə qız nağıllardakı kimi gözəldi

amma bir eybi vardı

kəndin bütün qızlarından gözəldi

adını tez-tez çəkdilər

qulağı çaldı

uzun bir simfoniya oldu üst-üstə gəlincə

əvvəl adını çıxartdılar

sonra ağzından dilini

biləyindən əlini çıxartdılar

sonra gözlərini

bircə ürəyi qaldı

qız xeyli dözdü

axırda onu da çıxartdılar

qız kəndin tarlalarına oyuq oldu

yanından dimdik götürdülər qarğalar

dincəldi adamlar...

Dəlinin həkimə dedikləri

bütün mövzuları tükənmiş şair kimi

ayağım çuxura düşür qəfil

yəni, bütün dərdləri unutmuş kimi

hiss edirəm özümü

diksinirəm

dərd olmasa, şairlər nədən yazar?

yalan danışır dünyanı

güllük görmək istədiyini deyən şairlər...

düşün ki, hər kəs Allahı sevir

kimsə suç işləmir

günah da yox

qanunlar, dinlər də yox

hakimlər, qazilər para da almır o zaman

hər kəs azad sevişsə

qadınlar gizlincə bədənini satmasa

kişilər qadınlarına xəyanət etməsə

sevişmək ayıb olmasa başqaları baxarkən

eşq filmləri çəkilməz

porno videolar satılmaz

ciblərə para axmaz

eşq şeirləri gəzməz əldən-ələ

yasaq olmalı eşq

narkotik kimi

altdan və baha satılmalı

bədəli ağır olmalı

ayıb yerlər örtülməli

eşqin cazibəsi daha da artsın!

deyəcəklər ki, gözəl qadınlar sevilməyə layiq

gözəllik uğrunda yarış ola

həm gözəllik bir az da yasaq ola guya

gözəlliyi ürətən fabriklər

gözəllik salonları

paltar dükanları qazana

döllər abort olacaq

kosmetikalar düzəldiləcək

sonra hamı abort əleyhinə danışacaq

həbsxanalar dolacaq

edamlar olacaq ki,

zülm və cinayət artsın

heyvansevərlər dəriləri bahalı heyvanlar uğuruna

savaşacaqlar

şubaların dəyəri daha da artsın...

dünya cənnətə dönsə

kim getmək istəyəcək vəd olunan cənnətə?!

ürətdiyiniz anbar-anbar silahları

kim alacaq

nəhəng bir bankir kimi dünya

ancaq pullarını düşünür

yaxşılara pul buraxmır

maya vermir

şərtləri ağır qoyur

mütləq bir nacis adamı da zamin tələb edir...

xəzinə üstündə qıvrılıb yatan ilana bənzər

çox ağıllı və ələkeçməzdi

istəsə bir göz qırpımında

sahmana salar hər şeyi

amma istəmir

xeyrinə yaramayan heç nəyi

istəməz dünya

onu gözündən tanıyıram

ozon qatının deşilməsinə belə yalandan qarşı

orda da bir xeyri vardır kim bilir

hələ uzun zaman

boş-boş danışacaq

barış, gözəllik və sevgi adına

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #