Oğru dünyasının gizli simvolları

Oğru dünyasının gizli simvolları
30 noyabr 2013
# 08:00

Kulis.Az Bəhram Çələbinin oğru dünyası haqqında yazısını təqdim edir.

Birinci yazını burdan oxuya bilərsiz.

Oğru ulduzunun tarixi

Oğru ulduzu elə əqidənin özü kimi bizlərə Fransadan gəlib. İlkin, yəni fransız variantında oğru ulduzu bir-birinə nisbətdə biri maili qoyulmuş iki xaçdan ibarət idi. Ağ xaç elitar mastlara, altdakı zolaqlı xaç isə yeri göstərilən mastlara aid idi. Zolaqlı xaçın ucları qapalı, ağ xaçınkı isə itidir. Ucun itiliyi hərəkət, inkişaf rəmzini verir. Deməli içəridə yerini tapan həmin o dörd mast daim inkişafda olmalıdır. Qapalı uc isə yolun başa çatdığını, bitdiyini göstərir. Yəni qapalı xaçla işarə edilmiş dörd mastın artıq inkişafından söz gedə bilməz. Bundan başqa zolaqlı xaçın ağın altında yerləşdirilməsi də rəmzi məna daşıyır, asılılığın ifadəsidir.

Rəmzin Rusiyaya gəlişi

Bu rəmz Rusiyaya gəldiyi dövrdə artıq müəyyən dəyişikliyə məruz qalmışdı. Ağ xaç qalxanın üstündə yerləşir. Xaçın ucları yenə də dörd elitar masta, qalxanın ucları isə dörd aşağı masta aiddir.

Rusiyada bu simvolu bir qədər reallaşdırmağa da cəhd göstərilmişdi. Oğru simvolu ölkənin qərbindən, yəni Sankt-Peterburqun Krestı türməsindən Sibir tərəfə getdikcə. Lakin bu forma çox az davam gətirdi. Nişanda qılınc təsviri olduğuna görə məqbul sayılmadı. Çünki qılınc hücum, cəza alətidir və bu kəsici alətin oğru əqidəsinə heç bir dəxli yoxdur. Oğru qılınc vurmaq üçün deyil. Oğru öz əqidəsinə söykənib hansısa bir həqiqəti xalqa açan şəxsə deyilir. Bu rəmz oğrulara təqdim ediləndə rəvayətə görə deyiblərmiş ki, qılınc yerinə dil çəkilsəydi, daha məqbul olardı. Həqiqətən də oğrunun yeganə silahı dilidir.

Sonuncu təsvir isə indi adını səkkizguşə oğru ulduzu qoyduğumuz nişandır. Bu nişan bir qədər də rəmzləşərək ilkin xaçdan tamam uzaqlaşıb, ulduz şəklinə düşüb. Onun tarixi 1908-ci ildən bizə bəllidir. Ulduz qara və ağ qollardan ibarətdir. Qara qollar qaranlıq dünyada gələcəyi olan, konkret mahiyyət kəsb edən mastlara, ağ qollar isə həmin o alçaq mastlara işarə idi. Onlar bu həyatın məlum adamları olduğu üçün şəffaf, yəni ağ rənglə göstərilirdilər.

Əqidə Rusiyaya gəldi

Oğru əqidəsinin Rusiya gəlişi də maraqlıdır. İlk dəfə 1710-cu ildə Sankt-Peterburqun Krestı türməsində dustaqlar arasındakı daxili toqquşma zamanı “Katorqalılar, oğruları döyürlər!” ("Katorjane, vorov byut!") nidası eşidilib. O vaxtadək Rusiyada oğruların mütəşəkkil bir qüvvə kimi formalaşması barədə heç bir məlumat yox idi. Həmin hadisə ərəfəsində, təxminən iki il yarım əvvəl o qazamata Fransadan xeyli məhbus göndərilmişdi. Əksəriyyəti inqilabçı olan bu şəxslərin arasında səkkiz nəfər oğru əqidəsinin nümayəndəsi də olub. Onların ikisi yolda dünyasını dəyişsə də, altısı məhz Krestıya salınmışdı. Bu adamların vəzifəsi oğru əqidəsini Rusiyada yaymaq idi.

Həmin dövrdə, yəni əqidə Rusiyaya gəlib çıxanda həbsxana elitası katorjanlar sayılırdı. Fransız oğruları ilə onların çox qısa bir zamanda ünsiyyətləri baş tutur və gəlmə fikirlər, əqidənin ilkin məsələləri katorjanlar tərəfindən bəyənilir. Amma həmin həbsxanada hələ mast kimi formalaşmamış elə qüvvələr də vardı ki, gələcəkdə onlardan həmin o dörd alçaq mast yaranacaqdı. Onlar elə ilk gündən oğru əqidəsinə düşmən münasibət göstərdilər. Çünki ideyanın əsas cəhətləriylə tanış olan kimi başa düşdülər ki, oğru əqidəsinə rəğbət artdıqca oğrular da çoxalacaq. Bir müddət ölçüb-biçəndən sonra qərara aldılar ki, oğruları kütləvi şəkildə məhv etsinlər.

İlk toqquşma 1710-cu ildə baş verdi. Alçaq mastların nümayəndələri, oğru əqidəsini tanımaq istəməyənlər oğruları suda batırmaq istəyirdilər. Bu hadisələr tarixi sənədlərlə sübuta yetir. Oğrulara qarşı onda törədilən cinayət əqidə adamlarına qarşı Rusiyada ilk cəza tədbiri sayılır.

Maraqlıdır ki, "vor" kəlməsi ilk dəfə Krestıda səslənmişdi, Peterburqdan kənarda, məsələn Moskvada bu ifadə ümumiyyətlə məlum deyildi.

"Vor v zakone", yoxsa "vor-zakon"?

Oğru iki cür olur. Bir var həyat tərzinə görə oğru, bir də var qununverici oğru. Bunların hər ikisi oğrudur, amma inkişaf baxımından biri daim oğrunun həyat tərzini yaşayan kimi qalır, digəri isə qanunvericiyə çevrilə bilir. Deməli həyat tərzini yaşayan oğru "Vor v zakone", yəni qanun çərçivəsində yaşayan oğru adlanır, o birinə isə "Vor-zakon" deyilir. Yəni özü qanun olan, qanun verə bilən oğru. Başqa sözlə desək birinci oğru icraçı, ikincisi isə qanunvericidir.

Bu iki növ oğrunu heç bir vəchlə bir-birindən ayırmaq, fərqləndirmək olmaz. Onların hər ikisi oğrudur, səsləri də, hüquqları da eynidir, lakin özlərinin daxili aləminə, əqidədə inkişaf səviyyəsinə əsasən başqadırlar. Onların eynilikləri göz qabağındadır, fərqləri isə gizlində.

Mastlar cəmiyyətə nə verdi?

Hər bir mast cəmiyyətə özüylə yaxşı və pis şeylər gətirməyə qadirdir. Kim deyirsə ki, cinayət aləminin sakinləri insanlara yalnız yaxşı şeylər verir, səhvdir. Biz indi hər bir mastın yaxşı və pis cəhətlərini araşdırmağa çalışacağıq.

Birinci mast, deyildiyi kimi, oğrudur. Oğru sırf əqidəyə bağlanan da ola bilər, yolu, həyat tərzini götürən də. Bu onun yaxşı tərəfidir. Bəs pis tərəfi hansılardır? Oğrunun pis tərəfi isə budur: Əlindəki toxunulmazlıq hüququndan, müxtəlif imtiyazlardan istifadə edərək, cəmiyyətə, rusca desək "zlo i nevejestvo", yəni pislik və bisavadlıq, kobudluq gətirər. İnsanlar oğrunun həmin bu cəhətlərindən əziyyət çəkərlər.

İkinci mast aferistdir. Onun yaxşı tərəfi "vsled za vorami", yəni oğrunun dalınca gedən olub, cinayət aləmində həqiqətən ikinci olduğunu sübuta yetirər, "melkiy i bestolkovıy", yəni əhəmiyyətsiz və faydasız adam olar. Belələrindən cinayət dünyasına çox xeyir gəlməsə də, yenə qanunlara riayət etdiklərindən mastın altında yaşamaq hüquqları var. Aferist dönük çıxsa nə ola bilər? "Xitrıy i alçnıy", yəni hiyləgər və acgöz.

Üçüncü mast oğlandır. Yaxşı tərəfi oğru olmağa can atmasındadır. Onun ada iddialı dövrü həddindən artıq uzansa, düşdüyü mühitdə hörmətli “paxan” kimi qəbul olunar. Amma, Allah eləməmiş, əqidəsinə sadiqliyini qoruya bilməsə, “baklan”a da çevrilə bilər, xuliqana da. Oğru gözündə “baklan” xuliqanın bir qədər zəif formasıdır. Xuliqan ictimai asayişi pozmağı, bıçaq və başqa kəsici alətlərlə insanların bədən əzalarını zədələməyi özünə yol seçibsə, baklan, yeri gəldi-gəlmədi, yumruğunu işə salır. Xuliqan üçün bədənində nə qədər şram çox olsa, onun qoyduğu çapıqlar başqa bədənlərdə nə qədər çox olsa, bir o qədər də özünü əhəmiyyətli sayır. Bunların hər ikisi kişi mastında yaşadığı halda, oğlan mastının dönük çıxan formalarıdır.

Özünü mast sayanlar

Sovet İttifaqı dağılandan sonra təbii ki, bütün həyatımız dəyişdi. Bu dəyişikliklər cinayət aləmindən də yan keçə bilməzdi. Yeni dövr bizim həyatımıza qabaqlar rast gəlmədiyimiz təzə cinayət növləri gətirdi. Məsələn, indi elə canilər var ki, kimsəsiz bir adamın evinə yaşamağa girir, sonra onu qətlə yetirir, lap axırda da dövlət məmurlarına rüşvət verib həmin evi mənimsəyirlər. Cinayətin belə forması ənənəvi oğruların heç ağlana da gəlməmişdi. Bu yüz faiz xaricdən gəlmiş bir cinayət növüdür.

Məsələn, puldan ötrü insanı qul kimi işlətmək. Belə bir anlayış da əvvəllər qətiyyən olmayıb. İndi müəyyən bir adamın əlindən pasportunu almaqla onun hərəkət imkanlarını məhdudlaşdırıb öz yanlarında saxlayırlar, müəyyən bir obyektdə əsl qul kimi əldən salanadək işlədirlər. Bu ən çox Moskvada yayılıb.

İqtisadi cinayətkarlıq. Cinayətin bu növü də bizə indiki miqyasda tanış deyildi. Və bu cinayətlərin cinayət aləminə qətiyyən aidiyyəti yoxdur, çünki onlar birbaşa siyasi dairələrin havadarlığı ilə həyata keçirilir.

Təyyarələrin qaçırılması. Bu da cinayət dünyasının qəbul etmədiyi bir şeydir. Biz onu heç oğurluq kimi də qəbul etmirik, çünki bu cür əməl siyasət sayılır.

Sərhədləri qanunsuz keçmək də bu qəbildəndir. Bunun da cinayət dünyasına aidiyyəti yoxdur. Belə əməllər terrorçuların işidir. Məsələn, sırf cinayət aləminin nümayəndəsi heç bir halda səfirliyin maşınını oğurlamaz. Lap həmin insan peşəkar maşın oğrusu olsa, oğurluğu pula görə yox, elə-belə etsə də, oğurlamaz. Yalnız ona görə ki, istənilən səfirlikdə baş vermiş hadisə artıq siyasi məsələdir. Ümumiyyətlə əsl cinayətkar bir başı siyasətə söykənən heç bir əmələ yol verməz. Əgər belə cinayətlər bu gün varsa, deməli xaricdəki meyllərin buralara təsirindəndir.

Bir məsələni də aydınlaşdıraq. Həmin bu, cinayət aləminin qəbul etmədiyi fəaliyyət növləriylə yanaşı oğru dünyasının özündə də seçdiyin ixtisasa uyğun verilən adlar da geniş yayılıb. Məsələn, slesar, medvejatnik, peçatnik və başqaları. Peçatnik saxta sənəd düzəldən cinayətkarlara deyilir. Onların çox böyük əksəriyyəti mujik mastının qollarıdır. Məsələn "qastrolyor". Bu da mast deyil, sadəcə olaraq cinayəti yaşadığı məkanda deyil, başqa şəhərlərdə törədən oğruları belə çağırırlar. Məsələn farmazon, katala, şuller də belə adlardandır.

Oğru qanunlarına sığmayan cinayət növləri də var ki, onların barəsində xüsusi söhbət açılmalıdır. Bunların arasında killer peşəsi xüsusi yer tutur. Killerləri də bizlər rəsmi tanımırıq. Məsələn vandallıq edən şəxslər. Vandallıq incəsənət əsərlərinə, abidələrə münasibətdə göstərilən vəhşiliyə deyilir. O da oğru qanunlarından kənar sayılır. Adam əti yeyənlər, vampirlər də eləcə...

Aferist

Cinayət aləminin sonuncu mastı "aferist"dir. Bu mast "kişi" mastından törənir. Oğru "oğlan" mastından törədiyi kimi "aferist" də "kişi" mastından doğur. Aferist kimlərdir? Hiylədən psixi və texniki vasitə kimi istifadə eləmək qabiliyyətinə malik cinayətkarlara aferist deyilir. Məsələn, cərrah öz alətlərindən necə ustalıqla istifadə edirsə, oğrunun qapı açmaq üçün cürbəcür alətləri olan kimi, aferist üçün hiylə də həmin o alət rolunu oynayır. O hiylə, qurğu ilə göz bağlayır. Bu qəbildən olan cinayətkarlar "aferist" mastına aiddir. Özü də bu mast cinayət aləmində sayılıb-seçilənlərdəndir. Onlara "Vsled za vorami" adı veriblər. Aferistlər həqiqətən də bu dünyanın hərəkətdə olan qüvvələri arasında oğrudan sonra ikincidirlər.

Xuliqan

Cinayət aləmində xuliqan deyilən bir anlayış da var. Onu az qala mast kimi sayırlar. Amma əqidənin ana xəttinə əsasən, bu ayrıca mastdan çox "oğlan" mastının bir qoludur. Heç cür mümkün deyil ki, xuliqana elitar xaçda yer verilsin. Xuliqan ən ağır söyüşün insanda təzahürüdür. Yəni bir insanı söymək istəyəndə ona sadəcə xuliqan desən, kifayət eləyir.

Kimin yeri hardadır?

Fikrimizi yekunlaşdırsaq, deməliyik ki, cinayət dünyasında cəmi səkkiz mast mövcuddur. Biz əvvəllər də söyləmişdik ki, səkkizguşəli ulduz bu aləmin ən mühüm simvolu olduğundan əqidədəki çox şey həmin bu səkkiz rəqəmiylə əlaqədardır. Bu ulduzun əcdadı 1530-cu ildə Fransada mövcud olub. Bu ulduzun küncləri həmin sadaladığımız səkkiz masta bağlıdır. Ulduzun dörd küncü qapalı, dörd küncü isə açıq xətlə göstərilib. Açıq xətt, yəni iti uc hərəkət və inkişaf simvoludur. Açıq xətlə göstərilən mastların nümayəndələri düşdükləri hər mühitdə, istər dustaqlıq, qazamat olsun, istərsə də lager, zon olsun, mütləq öz yerlərini tapırlar. Qalan dörd masta isə yer göstərilir.

Həmin o birinci dörd mast elitar sayılır. Bunlar Oğru, Aferist, Oğlan və Kişi mastlarıdır, özləri öz yerlərini tapırlar.

Antivor, suka, qreben və aktivist mastlarına isə içəridə yer göstərilir. Bu vaxtadək cinayət aləminin sirlərinə, hikmətinə və reallıqlarına bələd olmayan çoxları bu mastların hamısını aktivistə bərabər tuturlar. Bu qətiyyən düz deyil. Hərəsinin öz adı və adının tələbləri çərçivəsində davranışı var. Elə qreben, yəni üzdəniraq var ki, ona suka deyərsən, cavab qaytarar. Çünki heç bir insan bir əməldən ötrü iki cəza almamalıdır. Üzdəniraq da yalnız konkret bir hərəkətinin müqabilində ona verilən adı daşıyır. Ona başqa, əlavə bir ad vermək üçün isə gərək həm əsas ola, həm də hüquq.

Həmin bu dörd mast içəriyə girəndə daha yer iddiası eləyə bilməzlər, onlara yer göstərilir. Amma həmin bu dörd mastın da içərisində hər birinin öz çəkisi var. Aktivist ömründə özünü üzdəniraqla bir saymaz. Üzdəniraq isə özünü sukayla tən tutmaz. Antivor bunların heç birini ümumiyyətlə bəyənmir, mənəm-mənəmlikdə iddialı olur. Odur ki, onların birini o biriylə qarışıq salmaq qətiyyən olmaz.

Oğru xaçı

Oğru ulduzunun səkkiz qolunun hər biri bir mastdır. Səkkizguşəli ulduz bir-birinə nisbətdə müəyyən dərəcədə döndərilmiş iki xaçdan ibarətdir. Səkkizguşə ulduzu bölüb aralasan dörd qol bir çıxacaq, dörd qol isə ayrı. Ulduzdan aldığımız həmin o xaçların biri dörd elitar mastı özündə birləşdirir, ikincisi isə dörd aşağı mastları. Ulduzda düz dayanan xaç həmin o yerini tapanlardır, əyri dayanan isə yeri göstərilən.

Oğru xaçının baş tərəfi OĞRU, onunla üzbəüz OĞLAN, oğrunun sağ əli KİŞİ, sol əli AFERİSTdir. Nəyə görə oğrunun sağ əli Kişidir? Çünki Oğru kişilərin "priznaniye"sinə əsasən oğru olur. Kişi oğrunu tanımasa, o heç oğru sayılmaz.

Oğru xaçının gizli rəmzləri

Zaman keçdikcə əqidə adamları, yəni oğrular özlərinin xaçlarına yeni rəmzi mənalar da verdilər. Bu məna məhz oğruların öz düşüncə tərzindən, dünyagörüşündən doğurdu. Xaçın sağ qolu stremlyaşi, sol qolu kradun sayıldı. Xaçın aşağı qolu isə xlopets qaldı. Bunun gizli mənası belədir ki, xlopets, yəni oğlan oğru zirvəsinədək çox uzun, lakin dümdüz bir yol keçməlidir. Oğlan zirvəyə həmin bu düz yolla gəlir. Yan qollardan, yəni yaxın yoldan isə kradun və stremlyaşi gəlir.

Niyə onların yolu daha yaxın sayılır? Bunun xüsusi izahata ehtiyacı var. Kradun o adamdır ki, kiçik yaşlarından oğurluqla, cibgirliklə məşğuldur. Onun oğru zirvəsinə yüksəlməsi asandır. Elə buna görə də kradunlara "bez pyati minut julik" də deyirlər. Yəni ad almağın beş dəqiqəliyindədir. Əlbəttə bu beş dəqiqə özündə zamanı əks elətdirmir. Deməli bir tərəfdən kradun gəlir ana xəttə- əqidəyə, ordan da qalxır oğru olmağa. O biri yaxın qol, yəni stremlyaşilər o insanlardır ki, həyatda oğurluq eləməyiblər, lakin onu rəğbətlə qarşılayırlar.

Bu həyata rəğbət bəsləməklə yanaşı, bir şeyi bilmirdilər ki, zirvəyə tez qalxmağın yolu məhz oğurluqdur. Onlar bu həyatda öz mənliklərini, şəxsiyyətlərini göstərməklə yerlərini tapırlar. Hərdən bizimkilər stremlyaşiyə "cayıl" deyirlər, amma bu kökündən səhvdir. Cayıl əslində oğru olmaq şansını əldən vermiş adamdır, stremlyaşi isə oğru olmağa çalışır. Qarşısında həmin bu zirvəni görür və ora yüksəlməyə can atır. Stremlyaşi də əqidəyə gəlir və dönür oğru olmağa. Bu xaçda aşağıdan yuxarıya aparan bir yol da var ki, o yuxarıda qeyd etdiyim kimi oğlan mastına aiddir.

Onlar kənd-kəsəkdə böyümüş şəxslər olur əsasən. Oğru ideyası isə əksərən şəhər mühitinin bəhrəsidir. Odur ki, həmin bu kəndli cavan ideya ilə tanış olana kimi, onu anlayana kimi xeyli vaxt keçir. Bəlkə də o bu ideyanı bir təsadüf nəticəsində qazamata düşəndən sonra dərk eləyir.

Və yalnız onun mahiyyətini dərk eləyəndən sonra qərarını çıxarır. Demək kradun və stremlyaşiyə baxanda oğlanın zirvəyə yolu daha uzundur, daha əzablıdır. Mən uzun yol deyəndə yenə də zaman anlamını nəzərdə tutmuram. Oğlanın oğruya yolu zaman baxımından qısa olsa belə, fikir, düşüncə, məfkurə və ideya baxımından çox uzun, ağır yoldur.

Oğrunun elitar xaça verdiyi izah bundan ibarətdir.

# 17867 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #