Antenna Dursun

Antenna Dursun
28 noyabr 2013
# 11:58

Dursunu 10 ildir tanıyıram. Bizimkilər ona “Antenna Dursun” deyirlər. Balaca bir iş yeri var Leventdə. İstanbulun zəngin səmtindəki tək otaqlı dükanı kabellər, resiver və “sputnik” antennaları ilə doludur. Dursunu əvvəllər dükanda görmək mümkün deyildi. Sifarişlər o qədər çox olurdu ki, axtarsan onu ancaq binaların damında – “tarelka” quraşdırarkən tapa bilərdin. Bir vaxtlar bütün həmyerlilərimiz Azərbaycan kanallarını seyr etmək üçün evlərinə bu antennalardan qurdururdular. Tələbatın artmasından Dursun sifarişləri çatdıra bilmirdi. Peykə çıxan kanallarımızın sayı artdıqca onun da işləri “bərk” gedirdi. İş o yerə çatırdı ki, dost-tanış məni devrəyə soxur, onları Dursuna tapşırmağımı xahiş edirdilər.

Son zamanlar isə nə vaxt ordan keçsəm onu darısqal dükanında qəzet oxuyan görürəm. İşləri əməllicə pozulub, dükanın kirəsini verməyə çətinlik çəkir. Son model “Ford”-nu satıb köhnə-köşkül bir “Vos-vos” alıb. Səbəbini də azərbaycanlıların öz kanallarına olan marağın azalmasında görür. Dursun İstanbula yeni yerləşən həmyerlilərimizin artıq peyk antennası sifariş vermədiklərini deyir. Hətta olanlar belə “tarelkaları” sökdürüb Dijitürk, Kabel TV və ya D-Smart-a keçirlər. Bir vaxtlar ayda 9-10 fərdi antenna (Bizim kanallarının hamısını ancaq fərdi peyk antennaları ilə seyr etmək mümkündür. Kabel TV-dən isə ancaq AzTV yayımlanır) quraşdıran Dursun, son 3 ayda bir dənə də olsun sifariş almayıb. Deyir kanallarınız baxılası deyil artıq, səhərdən-axşama çal-çağır, vurhavurdan başqa bir şey yoxdur, sonra da əlavə edir – “Ancaq bəsit əyləncə verilişləri yayımlayırsınız, onun da əlası türk kanallarında var”

Keçən həftə Leventdən keçərkən Dursunun dükanına baş çəkdim. Dursunu əzgin, yorğun gördüm. Üzündə, qollarında bir-neçə kiçik yaralar var idi. Taksim hadisələri zamanı yüngül xəsarət aldığını və bir həftə evdə yatdığını dedi. Olaylar başlayanda 2 oğlu evdən xəbərsiz aksiyalara qoşulublar. Gecə polisin sərt müdaxiləsini eşidən Dursun övladlarının dalınca Taksimə gedir. Meydana çatmamış yolda polisin qazlı müdaxiləsinə, arxasından da təzyiqli su atəşinə məruz qalır. Deyir, suyu elə şiddətlə sıxdılar ki, qaldırıb yerə çırpıldım. Zavallı adam yerə elə pis düşür ki, qabırğaları zədələnir, nəfəs almağa hələ də çətinlik çəkirdi. Güləndə isə daha çox ağrı çəkdiyini söylədi Dursun. “Əslində gülmək üçün elə də səbəb yoxdur” dedim.

Dursun milliyyətçi-mühafizəkardır. Oxumuşluğu olmasa da çox sərrastdır, baş verənləri düzgün təhlil edir. Deyir Türkiyədə hərbi çevrilişlər dövrü keçmişdə qalıb, iqtidarlar seçki ilə gəlib seçki ilə getməlidirlər. Türkiyənin növbədənkənar parlament seçkilərinə kökləndiyini söyləyir və əlavə edir-“Bu gərginliyi, qütbləşməni ancaq seçki azalda bilər”.

Birdən məndən Slavoj Jijeki tanıyıb-tanımadığımı soruşdu. Qulaqlarıma inanmadım, adını belə tələffüz etməkdə çətinlik çəkən bu zəhmətkeş insanın çağımızın ən tanınmış intellektuallarından biri sayılan Sloveniyalı filosof, marksist sosioloq Slavoy Jijeklə (Slavoj Zizek) maraqlanması son hadisələrdən sonra xalqın siyasi aktivliyinin nə qədər artdığını göstərir. “Axırda marksist olacaqsan” dediyimdə cavabı sərt olur- “Allah göstərməsin”.

Gezi Parkı hadisələrinin ilk günlərində S. Jijek Taksim dirənişçiləri ilə həmrəy olduğunu göstərən bir mesaj göndərmiş, onları dəstəklədiyini bildirmişdi. 27 iyun 2013-də isə London Review of Books-da “Cənnətdə sıxıntı” adlı məqalə dərc etdirdi (Slavoj Žižek on the protests in Turkey and Greece - Trouble in Paradise). 10 gündür oxuyan da, oxumayan da bu məqalədən danışır (türkcəsini www.radikal.com.tr saytında oxumaq olar). Bizim Dursunun da Jijek həvəsi burdan qaynaqlanır. Türkiyə və Yunanıstandakı etiraz aksiyalarından bəhs edən məqalə Jijekə xas şəkildə olduqca fərqli bir yanaşma ilə analiz edilmişdir. Amma bu analizin marksist bir sosioloqun marksist yanaşması olduğunu unutmamaq lazımdır. Jijek Taksimi doğru “oxumuşdur”, lakin məqsədi hər zamankı kimi kapitalizmi yıxıb-sürümək və iflasının yaxın olduğunu söyləməkdir. Bu baxımdan şəxsən mənim üçün məqalə obyektivlikdən uzaqdır.

Dursuna neoliberal iqtisadiyyatla klerikal avkokratiya arasındakı qaynaşmadan da nəsə demək istəyirdim, amma baxdım ki, masasının üstündəki resiver üçün yeni proqram yükləməyə girişib. Çox sevindim – Dursun özünə qayıdırdı, sevdiyi işinə, günlük qayğılarına, İstanbulun insanı sərsəmlədən ritminə. Amma dükandan çıxanda arxamca yenə “Seçkilər yaxınlaşır haaa...” dedi.

Dizi bərk adamdır Dursun. Türkiyə belə adamlarına görə Türkiyədir.......

(“Ayna” qəzeti, iyul 2013)

# 2485 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #