İran teatrında əl-ələ tutmaq qadağandır

İran teatrında əl-ələ tutmaq qadağandır
26 noyabr 2013
# 08:30

İranda teatr sistemi necədir?

Noyabrın 22-də Akademik Milli Dram Teatrında İran İslam Respublikasının teatr xadimləri ilə birgə mətbuat konfransı keçirildi. Mətbuat konfransında İran Teatr İdarəsinin baş müdiri və heyətin rəhbəri Qader Aşna, baş müdirin müavini Mehdi Şafiei, Tehran Şəhər Teatrının direktoru Atabək Naderi iştirak edirdi. Görüşün məqsədi əlbəttə ki, Azərbaycan-İran teatr əlaqələri idi. İsrafilov bu əlaqələrdə perspektiv olaraq qastrol səfərləri, təcrübə mübadiləsi, ustad dərsləri, dəyirmi masalar və s. nəzərdə tutulduğunu, bunun rəsmi danışıqlarda dəqiqləşəcəyini söylədi. Və konfransda maraqlı bir boşluğa – informasiya boşluğuna toxunuldu: İran teatrı. Biz onun haqqında nə bilirik? Əvvəlcə bir balaca tarixə nəzər salaq

İran teatrının qısa tarixi

İran teatrının tarixindən danışırıqsa ilk növbədə nağılçıları qeyd etməliyik. Bazar meydanlarında nəqqallar, qissəxanlar, şahnaməxanlar, abdallar bazar meydanlarında çıxış edən nağılçıların növləri idi. Obrazları səsləndirənlərsə münadilər idi – onlar bazarda məhsulun reklamı ilə məşğul olurdular. Belələrini alverçi və tacirlər yanlarında saxlayırdılar. Bu mono ifalar bazarın özəyi olurdu. Kollektiv tamaşalarsa güman ki şəbehlər idi. İmam Hüseynin Kərbəla çölündəki şücaəti və şəhidliyindən bəhs edən şəbehlər Məhərrəm ayında təziyə (yas) mərasimlərində göstərilirdi. Rövzəxanlar, mərsiyəxanlar nohəxanlar bu əhvalatı bəlağətli şəkildə danışan ağıçılar idi. Şəbihgərdan şəbihin rejissoru deməkdir. İlk zamanlarda Hüseynin qatilləri olan mənfi personajları – Yezidi, Şümürü - oynayan aktyorların həyatı real təhlükə altında idi. Cuşə gəlmiş kütlə hər an onu öldürə bilərdi. Çox vaxt onları kafirlərdən-əsirlərdən seçirdilər. Zatən müsəlmanlar çox vaxt bu rolları ifa etməyə razı olmurdular...

Kukla tamaşaları

Fars teatrı mədəniyyətində, xüsusən İranda “Xeymeyi Şəbbazi”, “Çadır-xəyal”, “Keçəl Pəhləvan” kimi kukla tamaşaları hələ XV əsrdən məşhurdur. Bunlar farsların “Pənc” kukla teatrının İranda ən çox oynanılan tamaşalarıdır. Tamaşalar məişət həyatından siyasi satiralaradək janr və mövzu rəngarəngliyi vardı.

XIX-cu əsrin sonlarında İranda Teatr sənətinə maraq genişlənmişdi. Deyilənə görə, Nəsrəddin şahın sarayında Novruz tamaşaları oynanılırdı. 1890-cı ildə Darülfünunun (Universitetin) nəzdində dövlət teatrı yaradıldı. Onun təşkilatçısı və peşəkar İran teatrının banisi Mirzə Əli Əkbər xan idi. İran dramaturgiyasının banisi isə Mirzə Əli Mülküm xan hesab olunur. Onun hələ İstanbulda olarkən yazdığı “Ərəbistan qubernatoru Əşrəf xanın macəraları, ”Boruçerdən olan zaman xanın idarə qaydaları”, ”Şahqulu Mirzə” pyesləri İranda ilk pyeslər hesab olunur.

Hərçənd, bunlar daha çox oxu üçün idi. Bu zamanlar Şimali Azərbaycanda yaşayan dramaturq Mirzə Fətəli Axundovun pyesləri məşhur idi. 20-ci illərin əvvəllərində Təbriz və Tehranda geniş tamaşaçı qarşısına çıxarılan tamaşalar onun pyesləri əsasında hazırlanmışdı. Az sonra xeyriyyəçilərin təşəbbüsü ilə “Fehrəng” teatr səhmdar cəmiyyəti yarandı. Bunun ardınca “milli teatr təsis olundu. “İran komediyası” 1917-ci ildə yaradıldı. Bu, İranda ilk Avropa tipli teatr idi.

Seyid Əli Nəsra teatrın ən məşhur aktyoru idi. “İran komediyası”nda ilk aktrisalar oynadı. Buna qədər qadın rollarını kişilər ifa edirdi. 30-cı illərdə yalnız Təbriz və Tehranda deyil, Rəştdə, İsfahanda, Məşhəddə və Həmədanda teatrlar inkişaf etdi. Mövzunu təqribi olaraq iki hissəyə ayırmaq olar: İran Tarixindən bəhs edən tamaşalar; “Nadir Şah”, Şah Abbas kəbir”, Sasani” və sair. Və məhəbbət əfsanələrinin tamaşaları – “Leyli və Məcnun”, “Xosrov Şirin”, “Yusif Züleyxa” və s.

Bunun ardınca teatr xadimi Nuşinin fəaliyyəti önəm daşıyır. Sosial –siyasi mövzuda tamaşalar artır. Teatr xadimləri Milli partiyanın işində iştirak edirlər. 1949-cu ildən İranda repressiyalar başladı. Teatrda da senzura gücləndi. Teatrların çoxu bağlandı. 1953-cü ildə Tehranın ən böyük teatrı “Səədi” yandı. 50-ci illərdən sonra isə xırda özəl teatrlar yarandı. Bu İran teatrının yeni mərhələsinin başlanğıcı idi...

İranda balet də olub

Pəhləvilərin şah hakimiyyəti zamanında qərbtipli teatra meyl artdı. Hətta 1958-ci ildə Tehranda kökləri klassik iran rəqslərinə söykənbən klassik balet ansamblının əsası qoyuldu. Balet akademiyası təsis olundu. 1957-ci ildən 1965-ci ilədək Robert de Warren və onun arvadı Jacqueline de Warren adlı baletmeysterlərin Mili Balet Ansamblının inkişafında böyük əməkləri oldu. Rudaki-hall adlı teatr binasında on ilik fəaliyyəti ərzində rəqqaslar, simfonik ansambl, orkestr formalaşdı. 1968-ci ildə İran Mədəniyyət Nazirliyi tərəfindən İran Mili Balet Şirkəti yaradıldı. Şirkətdə İran, Avropa və ABŞ-dan olan 50-dən artıq rəqqas və rəqqasə çalışırdı. İlk Iran baleti isə Firdovsinin “Şahnamə”sinin motivləri əsasında Dəhləvinin yazdığı “Beycan və Manizə” idi. İran baletinin Cəmşid Sakabaşi, Hayde Çingizxan kimi solistləri var idi. Tamaşaların premyeralarında İran şahı özü də iştirak edirdi.

Yaxın Şərqin tanınmış rəqs kolektivindən olmasına baxmayaraq İran İslam İnqilabından sonra şirkət dağıldı. Balet ansamblı İsveçrəyə sürgün olundu və Nina Xanın rəhbərliyi ilə ansambl Les Ballet Persan adı altında fəaliyyətini davam etdi.

İranda teatr sistemi necədir?

Bəs indi Iranda teatr mədəniyyəti hansı səviyyədədir? Bu suala indilikdə yalnız İran Teatr İdarəsinin baş müdiri Qadər Aşna cavab verə bilər. Bir mətbuat konfransında bir mühazirəlik suala bir neçə cümlə ilə necə cavab vermək olarsa, elə bir cavab aldıq. Məlum oldu ki, İranda teatra maraq böyükdür. Sübut üçün yalnız bir fakt kifayət etdi: İranda Bir teatr binasında beş tamaşa zalı var ki, bunların ən böyüyünə beş yüz tamaşaçı yerləşir və bir şəhərdə onlarla belə bina var. Cənab Qadərin dediyinə görə dövlət və ya qeyri-dövlət teatrı kimi təsnifatlar yoxdur: “Dövlət teatr qruplarını himayəsinə götürmüşdür. İranda stasionar teatr binası yoxdur. Teatr qrupları dövlətin onlara buraxdığı teatr binalarında tamaşalar oynayırlar”. İran teatr adamlarının sözlərinə görə bu yaxşı effekt verən bir sistemdir. Yerlərdə, şəhərlərdə və əyalət mərkəzlərində teatr tamaşaları göstərmək üçün hər şəraiti olan binalar var. Teatr qrupları şəhərləri gəzərək tamaşalarını göstərə bilirlər. Bu karusel effekti prosesi çevikləşdirir və zəif teatr qrupları avtomatik olaraq kənarlaşır, dağılır. İranda onlarla belə teatr qrupları yəni, teatr truppaları vardır.

İranda teatrının favorit personası kimdir?

İran teatrı haqda cüzi təsəvvürləri aydınlatmaq üçün verilən bu sual ilk baxışda gülməli görünsə də, teatrın yaradıcı səviyyəsini öyrənmək məqsədli idi. Tamaşanın müəllifi kimdir? Tamaşalar kimə görə - dramaturqa, rejissora, ya aktyora görə seçilir? Atabək Naderinin cavabı belə oldu: “Əlbəttə ki, rejissor! Düzdü aktyorlara görə də tamaşalara baxmağa gedən çoxdur. Amma rejissorlar kifayət qədər məşhurdur”.

Onlar deyəni çatdırdıq. XXI əsrdə bu ifadə nə qədər köhnə səslənsə də yazaq: “biz qulaq şahidiyik”....

# 3070 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #