Kinematoqrafiyanın ölümünü istəyən rejissor

Kinematoqrafiyanın ölümünü istəyən rejissor
23 noyabr 2013
# 08:15

Kulis.Az “Baxılası 50 film” layihəsində Dziqa Vertovun “Kinokameralı adam” filmini təqdim edir.

Bu dəfə sizi kino sənətinin ən maraqlı müəlliflərindən, dünya sənədli kino nəzəriyyəsinin əsasını qoyanlardan biri, sovet rejissoru Dziqa Vertovla (1895-1954) tanış edəcəyik.

Vertov kinonu çoxlu texniki fəndlərlə, “gizli kamera” (“gizli kamera” – “hidden camera” metodu zamanı çəkilən obyektin bu barədə xəbəri olmur) metodu ilə zənginləşdirib.


Montajın imkanlarını - hadisələrin şərhinin vasitəsi kimi açan rejissor rəhbərlik etdiyi “Kinokov” qrupu ilə yeni metodlar axtarır, eksperimentlər edirdi.

Tədrciən onun sənədli kino konsepsiyası formalaşırdı: sənədli ekran adi insanın gördüyünü kopiya etməməliydi. İnsan gözündən daha mükəmməl olan kino baxışı görünməyəni ekrana gətirməliydi. Vertov insanların fikirlərini, hərəkətlərini şəffaf etmək, dünyanı mikrogözlə öyrənmək istəyirdi. O, düşünürdü ki, kameranın müxtəlif texniki imkanlarından istifadə edərək həyatda insan gözündən qaçan prosesləri görmək olur, çəkilmiş materialın montajı həqiqəti daha dərin araşdırmağa imkan verir.

Vertov müəllifin əvvəlcədən planlaşdırdığı niyyətinin yox, real hadisələri fiksə eləməsinin tərəfdarı idi. Beləliklə, o, sənətin əsas məqsədini gerçəkliyin sənədləşdirməsində görürdü.

Rejissor “Kinogöz” filmi ilə poetik sənədli kinonun əsasını qoyub.

Kinoya səsin gəlməsiylə Vertov daha bir yenilik edir. Özünün ilk səsli “Donbas simfoniyası” filmində sənaye səs-küyləri ilə yanaşı fəhlələrin də bir neçə replikasını yazır.

Vertov montajı kinonun vacib spesifik elementi sayırdı. O, bədii və sənədli film montajı arasında prinsipial fərqi belə izah edirdi: material bütün istehsal müddətində - mövzunun seçimindən başlayaraq filimin ekrana çıxmasına qədər montaj olunur. Onun fikrincə, montaj quruluşunun elastikliyi, çevikliyi kinoetüdə istənilən siyasi, iqtisadi və başqa motivləri daxil etməyə imkan verir.

***

Bu gün Vertovun ən radikal filmi sayılan, bütün illərin 20 ən yaxşı sənədli filmləri siyahısında yer alan “Kinokameralı adam”(1929) əsərini təqdim edirik.

“Kinokameralı adam” zamanını qabaqlayan, sənədli kinonun metod və üslubuna təsir edən manifestdir.

Kiyevdə, Odessada, Moskvada, Yaltada çəkilən kadrlarda bir növ “kinoşəhər” qurulur.

Rejissor qatarlarla, insanlarla, zavodlarla, dükanlarla dolu, qaynayan şəhərlərin həyatlarından fraqmentləri bir araya gətirərək süjetsiz, eksperimental poetik film yaradır.

Kamera təkcə həyatı, ən xırda nüansları fiksə etmək vasitəsi yox, həm də onun əsas iştirakçısıdır. O, həyatın mərkəzindədi, şəhərin və insanların ritmini tutur, eşidir, birlikdə nəfəs alır.

Vertov qardaşı, operator Mixail Kaufmanla birlikdə uzun müddət ərzində onlara maraqlı gələn təsvirləri müxtəlif rakurslardan çəkiblər. Çəp bucaqlardan, iti və ləng çəkimlərdən, bir kadra bir neçə təsvirin yerləşməsindən istifadə ediblər.

Vertov titrləri, ədəbi nəqlin elementi kimi rədd edib və fikrini vizual müqayisələrin, assosiativ montajın mürəkkəb fəndləri vasitəsilə açıqlayıb.

Montaj həllinin qəlizliyi belə təəssürat qoyur ki, ekranda bir dəfəyə müxtəlif hadisələr baş verir.

Amerikalı kinotənqidçi Cim Hoberman Vertovun bu filmini “Uliss” əsərinin kinematoqrafik ekvivalenti adlandırıb.

Vertov əmin idi ki, kino dilinin imkanları teatr və ədəbiyyatdan daha genişdir. O, hər şeydən əvvəl montaj amilini nəzərdə tuturdu. Məsələn, gündəlik həyatın dərin analizi üçün o, montajla görüntüləri emal edir, təsvirlərin ritminin dəyişdirirdi. Məhz montaj “Kameralı adam” filmində obrazları anlamlı edir.

Vertov deyirdi: “Mən kinogözəm, müxtəlif ilkin çertyojlara və sxemlərə əsasən Adəmdən daha təkmil, minlərlə müxtəlif adam yaradıram. Birindən ən güclü, çevik əlləri, başqasından iti, düz biçimli ayaqları, üçüncüdən ən gözəl, ifadəli üzü götürürəm və montajla yeni mükəmməl insan yaradıram”.

Reallığın materiallarından istifadə edərək Vertov filmin kadrlarından kənarda mövcud olmayan gerçəklik yaradırdı. Bu, müəllifin subyektiv görməsinə əsaslanan xüsusi kinohəqiqət idi.

Vertov “Biz” manifestində yazırdı:

“Biz əski kinofilmləri romansist, teatrallaşdırlımış, cüzamlı elan edirik.

Yaxın durmayın!

Gözlərinizlə toxunmayın!

Həyat üçün təhküəlidir!

Yoluxucudur!

Biz gələcək kinosənətin indikinin inkarı olduğunu iddia edirik.

”Kinematoqrafiya”nın ölümü kinosənətinin həyatı üçün zəruridir. Biz onun ölümünün tezləşdirməsinə çağırırıq.

Biz kinonu ona yapışdırılmış musiqidən, ədəbiyyatdan və teatrdan təmizləyirik, öz, heç yerdən oğurlanmamış ritmimizi axtarırıq və onu şeylərin hərəkətində axtarırıq. Əsəbləri pozulmuş kinematoqrafiyaya sərt, dəqiq hərəkətlər lazımdır”.

Maraqlı faktlar

Vertovun qırıq, energetik montajının sayəsində klip estetikası meydana gəlib.

Çarli Çaplin “Donbas simfoniyası” filmi ilə bağlı teleqramda yazır: “Heç vaxt təsəvvür eləmizdim ki, sənaye səslərinin gözəl səslənməsini təşkil etmək olar. Mister Dziqa Vertov musiqiçidir. Professorlar onunla mübahisə yox, ondan öyrənməlidirlər.”

Repressiya illərində Vertov da təzyiqlərə məruz qalıb, təqib olunub.

Sonralar, unudulmuş rejissordan özünü necə hiss etdiyini soruşanda o, deyir: “Xahiş edirəm, mənə görə narahat olmayın. Dziqa Vertov ölüb”.

1953-cü ilin payızında Vertov ağır xəstələnir. Həkimlər ona mədə xərçəngi diaqnozunu qoyur. Və Vertov müalicədən imtina edir.

Əsl adı David Kaufman olan rejissor sonradan Dziqa Vertov təxəllüsünü götürür. Polyakcadan “dziqa” “fırfıra”, daim bir yerdə qərar tutmayan adam, “vertov” isə fırlanmaq anlamına gəlir. Bununla da o, öz sənətinin dinamikliyini nəzərdə tutub.

Onun fikirlərini kinematoqrafçılar birmənalı qarşılamırdı. Sergey Eyzenşteynlə mübahisə edən Vertov onun “Potyomkin zirehli gəmisi” filmini xronikaya bənzər lazımsız qəlp bədii kino adlandırmışdı.

“Dziqa Vertov” qrupu yaradan “Yeni dalğa”çılar Qodar başda olmaqla onun fəndlərindən istifadə edərək bir neçə film çəkiblər.

Filmə burdan baxa bilərsiz.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 2324 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #